Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6812/2021 08.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 12 il əvvəl yol qəzası nəticəsində ayağından ciddi xəsarət almışdır. Nəticədə, əmək qabiliyyətini itirmişdir. Bu səbəbdən əsas bədən üzvlərindən olan ayağı tam işləmir və iddiaçı fiziki və əməli işlər görə bilmir. Əmək qabiliyyətini itirdiyindən dövlətin sosial təminat sistemindən yararlanmaq məqsədi ilə müvafiq əlillik dərəcəsinin təyin edilməklə ona əlilliyə görə pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmişdir və uzun müddətdir ki, əlilliyə görə pensiya alırdı. Bir neçə ay əvvəl əlillik müddəti bitdiyindən yenidən müayinədən keçmiş və tam əsassız olaraq cavabdeh orqan elektron sms vasitəsilə əlillik təyin edilməsindən imtina etmişdir. İmtinanın əsası odur ki, müalicə alsa, ayağı bərpa oluna bilər. Bildirir ki, bu mümkün deyil, axsaqdır. Ayağının bərpa olunması tibbi baxımdan mümkünsüzdür. Bu səbəbdən cavabdehin imtina məktubu əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti 31 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının 04.03.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bəzi erkən ağırlaşmaları => T79.9 - Travmanın dəqiq..., Diaqnozun mətni: sağ bud sümüyünün zəif bitişməkdə olan sınığı.metal ştiftli osteosintez.sağ baldır sümüklərinin zəif bitişməkdə olan sınığı, Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: sağ bud sümüyünün zəif bitişməkdə olan sınığı.metal ştiftli osteosintez.sağ baldır sümüklərinin zəif bitişməkdə olan sınığı” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Daha sonra həmin poliklinikanın 06.03.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bəzi erkən ağırlaşmaları => T79.9 - Travmanın dəqiq..., Diaqnozun mətni: sağ bud sümüyünün zəif bitişməkdə olan sınığı.metal ştiftli osteosintez.sağ baldır sümüklərinin zəif bitişməkdə olan sınığı, Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ bud sümüyünün zəif bitişməkdə olan sınığı.metal ştiftli osteosintez.sağ baldır sümüklərinin zəif bitişməkdə olan sınığı” səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Bakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 06.03.2015-ci ildə 0034003AAA8F saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.2 - Ağ ciyər vərəmi, histoloji təsdiq edilmiş, Diaqnozun mətni: Bud sümüyün cisminin sınığı.Sağ bud sümüyünün orta 1/3-nin bitişməyən sınığı. Sağ diz oynağının bükücü kontrakturası. Sağ a/ə 5 sm qısalığı, Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: bud sümüyü cisminin sınığı” səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Elektron təyinatla 07.03.2016-cı ildə göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.2 - Ağ ciyər vərəmi, histoloji təsdiq edilmiş, Diaqnozun mətni: Bud sümüyün cisminin sınığı. Sağ bud sümüyünün orta 1/3-nin bitişməyən sınığı. Sağ diz oynağının bükücü kontrakturası. Sağ a/ə 5 sm qısalığı, Meyar: 22.3. Üçüncü dərəcə əlillik => DİGƏR: bud sümüyü cisminin sınığı” səbəbi ilə beş il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Bakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 22.03.2021-ci ildə 0034003AADZP saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - Aşağı ..., Diaqnozun mətni: Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyü orta 1/3-nin kobud döyənəkli bitişmiş sınığı, kilidləyici stiftlə osteosintezindən sonrakı vəziyyət. Oynaqların kontrakturası, Sağ diz oynağın kontrakturası.(açma 170 dərəcə, bükmə 85 dərəcə), Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ aşağı ətrafın 5 sm qısalığı, Əzələ distrofiyası, Əzələ atrofiyası, hərəkət məhdudluğu ilə, Qamış sümüyünün distal şöbəsinin sınığı, Sağ qamış sümüyünün orta 1/3 bitişmiş sınığı, ekstramed osteosintezinden sonrakı vəziyyət” səbəbi ilə imtina verilmişdir, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-əlavə bərpa müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aidiyyəti sənədləri təqdim edərək müraciət etməsi tövsiyə edilir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə 31 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının 05.03.2014-cü il tarixli göndərişi əsasında 06.03.2014cü ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bəzi erkən ağırlaşmaları => T79.9 - Travmanın dəqiq...; Diaqnozun mətni: sağ bud sümüyünün zəif bitişməkdə olan sınığı.metal ştiftli osteosintez.sağ baldır sümüklərinin zəif bitişməkdə olan sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ bud sümüyünün zəif bitişməkdə olan sınığı.metal ştiftli osteosintez.sağ baldır sümüklərinin zəif bitişməkdə olan sınığı” səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə Bakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 02.03.2015-ci il tarixli göndərişi əsasında 06.03.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.2 - Ağ ciyər vərəmi, histoloji təsdiq edilmiş; Diaqnozun mətni: Bud sümüyün cisminin sınığı. Sağ bud sümüyünün orta 1/3-nin bitişməyən sınığı. Sağ diz oynağının bükücü kontrakturası. Sağ a/ə 5 sm qısalığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: bud sümüyü cisminin sınığı” səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Daha sonra elektron təyinatla 07.03.2016-cı il tarixli göndəriş əsasında eyni tarixdə iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.2 - Ağ ciyər vərəmi, histoloji təsdiq edilmiş; Diaqnozun mətni: Bud sümüyün cisminin sınığı. Sağ bud sümüyünün orta 1/3-nin bitişməyən sınığı. Sağ diz oynağının bükücü kontrakturası. Sağ a/ə 5 sm qısalığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: bud sümüyü cisminin sınığı” səbəbi ilə beş il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 12.03.2021-ci il tarixli 0034003AADZP saylı göndərişi əsasında 22.03.2021-ci il tarixdə baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - Aşağı ...; Diaqnozun mətni: Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyü orta 1/3-nin kobud döyənəkli bitişmiş sınığı, kilidləyici stiftlə osteosintezindən sonrakı vəziyyət. Oynaqların kontrakturası, Sağ diz oynağın kontrakturası. (açma 170 dərəcə, bükmə 85 dərəcə). Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ aşağı ətrafın 5 sm qısalığı. Əzələ distrofiyası, Əzələ atrofiyası, hərəkət məhdudluğu ilə. Qamış sümüyünün distal şöbəsinin sınığı, Sağ qamış sümüyünün orta 1/3 bitişmiş sınığı, ekstramed osteosintezindən sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-əlavə bərpa müalicə məsləhət görülür” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 03.11.2020-ci il tarixli **********2 saylı əmri ilə yaradılmış komissiyanın 24.08.2021-ci il tarixli **********6 nömrəli protokolundan görünür ki, protokola əlavə olunmuş siyahıda adları qeyd edilmiş vətəndaşlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 2 nəfərə əlillik dərəcəsinin təyin edilməsi, 1 nəfərin isə tam reabilitasiya edilməsi və bu barədə qərar qəbul edilərək əlillik altsisteminə daxil edilməsi qərara alınmışdır. Protokola əlavə edilmiş əyani müayinədən keçən şəxslərin siyahısına əsasən İddiaçı tam reabilitasiya edildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Elmi-Tədqiqat Travmatologiya və X2 Müşfiq Ağamməd oğlunun adına tərtib edilmiş 05.08.2021-ci il tarixli, **********/4363 nömrəli arayışda qeyd edilmişdir: Diaqnoz - Sağ bud sümüyünün orta 1/3-nin kobud döyənəklə qəlpəli defektli zəif bitişmiş sınığı, fraqmentlərin bloklayıcı ştiftlə osteosintezi. Bu hissədə sümüyün postravmatik deformasiyası. Budun bayır səthi və baldırın ön səthində postoperasion kobud çapıqlar. Sağ diz oynağının bükücü-açıcı kontrakturası (açma 165°, bükmə 85°). Aşıq-baldır oynağının açıq kontrakturası. Ətrafın 5 sm qısalığı və əzələ atrofiyası. Daimi ağrılar, axsama və yerişin pozulması. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6812/2021 nömrəli, 14.07.2021-ci il tarixli qərardadı əsasında Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş T 208/2021 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı canlı müayinə olunmaqla ona 0034000AADZP forma 88-də qoyulmuş “bud sümüyü cisminin (diafizinin) sınığı, sağ bud sümüyünün 1/3-nin kobud döyənəkli bitişmiş sınığı, kilidləyici ştiftlə osteosintezindən sonrakı vəziyyət, oynaqların kontrakturası, sağ diz oynağının kontrakturası (açma 170°, bükmə 85°), ətrafların müxtəlif uzunluğu (qazanılma), sağ aşağı ətrafın 5 sm qısalığı, əzələ distrofiyası və atrofiyası hərəkət məhdudluğu ilə, qamış sümüyünün distal şöbəsinin sınığı, sağ qamış sümüyünün orta 1/3-nin bitişmiş sınığı, ekstramed osteosintezindən sonrakı vəziyyət” diaqnozu instrumental müayinələrlə öz təsdiqini tapır. Vətəndaş İddiaçı hal-hazırda sağ bud sümüyünün orta 1/3-nin kobud döyənəkli, qəlpəli, zəif bitişmiş sınığı, fraqmentlərin bloklayıcı ştiftlə osteosintezi, bu hissədə sümüyün postravmatik deformasiyası, budun bayır səthi və baldırın ön səthində postoperasion kobud çapıqlar, sağ diz oynağının bükücü-açıcı kontrakturası (açma 165 dərəcə, bükmə 85 dərəcə) aşıq-baldır oynağının açıq kontrakturası, ətrafın = 5 sm qısalığı və əzələ atrofiyası, daimi ağrılar, axsama və yerişin pozulmasından əziyyət çəkir. Qeyd edilən xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə əlillik dərəcəsi verilməsi üçün yetərli deyil. Vətəndaş İddiaçı xəsarətləri sümük tamlığının pozulması ilə müşayiət olunduğundan bərpa müalicəsindən sonra onun tam reabilitasiyası mümkün deyildir. Beləliklə, iş üzrə cavabdeh sonuncu dəfə iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməli olmasını əsas gətirərək əlillik dərəcəsinin təyinatından imtina etmişdir. Hazırkı iddiasında iddiaçı əllillik dərəcəsinin təyin olunmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyəti üzrə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. -4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində tərtib edilmiş Bakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 12.03.2021-ci il tarixli 0034003AADZP saylı göndərişi 88 nömrəli formada diaqnozu “Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyü orta 1/3-nin kobud döyənəkli bitişmiş sınığı, kilidləyici stiftlə osteosintezindən sonrakı vəziyyət. Oynaqların kontrakturası, Sağ diz oynağın kontrakturası. (açma 170 dərəcə, bükmə 85 dərəcə). Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ aşağı ətrafın 5 sm qısalığı. Əzələ distrofiyası, Əzələ atrofiyası, hərəkət məhdudluğu ilə. Qamış sümüyünün distal şöbəsinin sınığı, Sağ qamış sümüyünün orta 1/3 bitişmiş sınığı, ekstramed osteosintezindən sonrakı vəziyyət” olmuşdur. İddiaçı barəsində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 05.08.2021-ci il tarixli, **********/4363 nömrəli arayışında, eləcə də məhkəmə icraatı dövründə keçirilmiş Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən keçirilmiş ekspertiza zamanı canlı müayinə nəticəsində iddiaçıya qoyulmuş qeyd edilən diaqnoz öz təsdiqini tapmışdır. İddiaçının qeyd edilən diaqnozunu qiymətləndirən cavabdeh orqan “əlavə bərpa müalicə məsləhət görülür” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina etmiş, eyni zamanda məhkəmə icraatı gedişində komissiyasının əyani müayinəsi nəticəsində sonuncunun tam reabilitasiya edildiyi barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı diaqnozu onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtina əsaslı olmuşdur. Göstərilən diaqnoz üzrə xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Belə ki, iddiaçı barəsində “Bud sümüyü cisminin [diafizinin] sınığı, Sağ bud sümüyü orta 1/3-nin kobud döyənəkli bitişmiş sınığı, kilidləyici stiftlə osteosintezindən sonrakı vəziyyət. Oynaqların kontrakturası, Sağ diz oynağın kontrakturası. (açma 170 dərəcə, bükmə 85 dərəcə). Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sağ aşağı ətrafın 5 sm qısalığı. Əzələ distrofiyası, Əzələ atrofiyası, hərəkət məhdudluğu ilə, qamış sümüyünün distal şöbəsinin sınığı, Sağ qamış sümüyünün orta 1/3 bitişmiş sınığı, ekstramed osteosintezindən sonrakı vəziyyət” xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlillik dərəcəsi verilməsi üçün yetərli deyildir. Adıçəkilən meyarlarda 2.5.10. bir aşağı ətrafın 7 sm qısa olması (M84.1, M96.0) göstərildiyi halda, iddiaçıda aşkar olunan patofunksional dəyişikliklər, bud sümüyünün deformasiyası nəticəsində əmələ gələn ətrafın qısalığının 7 sm-dən az olması, yəni 5 sm qısalıq əlillik dərəcəsi verilməsinə əsas verməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, cavabdehin imtinası ümumilikdə normativ hüquqi aktlara əsaslandığı üçün qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda, iddiaçıya 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsi barədə tələb təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6812/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6812/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver