Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6813/2023 05.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Üçüncü şəxslər Abdullayeva (Seyidova) Gövhər Əbülfəz qızı, X25, X14 “paylı mülkiyyətdə olan daşınmaz əmlakın ayrıca əmlak kimi qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxslər Abdullayeva (Seyidova) Gövhər Əbülfəz qızı, X25, X14 cəlb edilməklə “paylı mülkiyyətdə olan daşınmaz əmlakın ayrıca əmlak kimi qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 5 iyul 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 226 nömrəli bağ sahəsi icarə müqaviləsi əsasında X20 mülkiyyətində olmuşdur. 03 mart 2006-cı il tarixli AN-İ № ******* alqı-satqı müqaviləsinə əsasən X30 (satıcı) Bakı şəhəri Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 08.02.06-cı il tarixli, 30/205 arayışına əsasən ona məxsus olan “A” tikili hissəsində 52,35 kv.metr yaşayış sahəsi, 41,89 kv.metr olan bağ evini İddiaçı (bundan sonra – iddiaçı) satmışdır. 03 mart 2006-cı il tarixli AN-İ № ******* alqı-satqı müqaviləsinə əsasən X30 (satıcı) Azərb. Resp. DTXK-nın Bakı şəhər şöbəsinin 01.03.06.il t-li, №-li 12076 №-li arayışa əsasən Bakı şəhəri Şüvəlan bağ massivində yerləşən 0,1026 hektar torpaq sahəsini iddiaçıya satmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* №-li, xx.xx.2006-cı il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində istifadədə olan 0,13 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 4 otaqlı, 88,73 kv.m yaşayış, 37,13 kv.m köməkçi sahədən ibarət 226 nömrəli bağ evi paylı mülkiyyət hüququ üzrə İddiaçı - 2 otaq, X7 - 2 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X21 xx.xx.2014-cü il tarixdə ölmüş, onun ölümündən sonra mülkiyətində olan 226 nömrəli bağ evinin 2 otağına Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmiş, onun vərəsələri X22, X15 və X26 müəyyən edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX, ******* № li Çıxarışa əsasən, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivində yerləşən 226 saylı bağ evi paylı mülkiyyət hüququ üzrə iddiaçının (2 otaq), X8 (2/10 hissə açıq saxlanılmışdır), digər 2 otağı isə X4 (6/10 hissə), X5 (1/10 hissə), X11 (1/10 hissə) paylı mülkiyyətindədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1589/2021 №-li, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X16, X28 və X17 qarşı fərdi yaşayış evinə dair payların naturada bölgüsünə dair iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 226 saylı bağ evinin “A” literli yaşayış evi və “İİ” literli köməkçi tikilidən ibarət olmaqla hasara alınmış hissəsi İddiaçı verilməklə naturada bölünməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1589/2021 №-li, xx.xx.2021-c il tarixli Qətnaməsi qanuni qüvvəsini aldığı üçün 12 noyabr 2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********33-11301 reyestr № li Çıxarışa əsasən, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivində yerləşən 226 saylı bağ evinin 2 otağı iddiaçıya, 2 otaqdan 6/10 hissə X9, 2 otaqdan 1/10 hissə X2, 2 otaqdan 1/10 hissə X12, 2 otaqdan 1/10 hissə X18, 2 otaqdan 1/10 hissə X6 məxsus olmaqla paylı mülkiyyətdədir. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivində yerləşən 226 saylı bağ evinin “A” literli yaşayış evi, “İİ” literli köməkçi tikililərinin və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2022-ci il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “… Texniki pasportda qeyd olunan “A” literli yaşayış evinin bir hissəsi paylı mülkiyyətdədir. Odur ki, konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamışdır”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, keçmiş Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivində yerləşən 1026,0 kv.m torpaq sahəsinin və üzərində olan 226 saylı bağ evinin “A” literli yaşayış evi tikilisinin və “İİ” literli köməkçi tikili hissəsinin ayrıca vahid daşınmaz əmlak obyekti kimi adına tam (digər payçılar olmadan) mülkiyyət hüququ ilə qeydiyyata alınaraq müvafiq çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, 226 saylı bağ sahəsində iki tikili olmuşdur - "A"və "B". 226 saylı bağ sahəsində iki tikilinin - "A"və "B" tikilisinin olması X27 və İstismarı Birliyinin tərtib etdiyi sxemdə də öz əksini tapmışdır. İlkin qeydiyyat zamanı tikililər faktiki olaraq ayrı-ayrı olsalar da vahid əmlak kimi qeydiyyata alınmışdılar. 2003-cü ildə X30 "B" tikilisini həyətyanı sahəsi ilə birlikdə X23 ad-soyadlı şəxsə satmış, lakin "B" tikilisi vahid əmlakın tərkib hissəsi olduğundan və müstəqil əmlak kimi qeydiyyata alınmadığı üçün özünün yaşadığı və özünə məxsus olan evin 1/2 hissəsini X10 adına keçirməklə rəsmiləşmə aparmışdır (Qeydiyyat vəsiqəsi seriya BM,N-001289). Yəni faktiki olaraq X13 "A" tikilisi (və ya bu tikilinin hansısa hissəsi) deyil, "B" tikilisi satılmışdır. X23 və ailə üzvləri həmin zamandan da "B" tikilisində yaşamışlar, indi də yaşamaqda davam edirlər. Onlar "A” tikilisində heç vaxt yaşamamışlar və "A" tikilisi ilə heç bir bağlılıqları olmamışdır. 3 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi ilə X30 özünə məxsus olan bağ sahəsi hissəsindən "A” tikilisini tam şəkildə - 52,35 kv.m. yaşayış sahəsi, 41.89 kv.m. köməkçi sahəsi olan tikilini iddiaçıya satmışdır. Bu, yəni alqısatqı obyekti olan tikili hissələri və ölçüləri alqı-satqı müqaviləsində də öz əksini tapmışdır. 3 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi ilə X30 özünə tam mülkiyyət hüququ ilə məxsus olan bağ sahəsinin torpaq sahəsi hissəsini - Bakı şəhəri, Şüvəlan bağ massivində yerləşən 0,1026 hektar torpaq sahəsini (10,26 sot) iddiaçıya satmışdır. Bağ sahəsinin "A" tikilisi məhz həmin 0,1026 hektar torpaq sahəsində (10,26 sotda) yerləşir. "B” tikilisinin bu sahəyə heç bir aidiyyəti yoxdur. xx.xx.2006-cı il tarixində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır (Reyestr nömrəsi **********72-11301, qeydiyyat nömrəsi 1********). Hüququnun qeydiyyatı ilə bağlı ona verilmiş MH seriyalı, ******* nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ümumi istifadədə olan 0,13 ha torpaq sahəsində yerləşən 2 ədəd tikili ("A"və "B" tikililəri) - bir mərtəbəli 4 otaqlı, 88,73 kv.m. yaşayış, 37,13 kv.m. köməkçi sahədən ibarət 226 nömrəli bağ evi paylı mülkiyyət hüququ ilə 2 otaq onun, 2 otaq isə X7 adına göstərilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Burada göstərilən otaqlar bir tikilinin deyil, "A" və "B" tikililərinin otaqlarıdır. Yəni "A "tikilisi otaqları ona, "B"' tikilisi otaqları isə digər payçıya aid olmuşdur. Ona faktiki olaraq məxsus olan və qanuni istifadəsində olan "A "tikilisinin 0,1026 ha-lıq torpaq sahəsi hissəsini də 2006-cı ilin iyul ayında daşınmaz əmlakın dövlət reyestrində adına tam (payçısız) mülkiyyət hüququ ilə qeydiyyata aldırmışdır (Reyestr nömrəsi **********72, Qeydiyyat nömrəsi 110618063, qeydiyyat tarixi xx.xx.2006). Hüququnun qeydiyyata alınması ilə bağlı ona MH seriyalı, ******* nömrəli çıxarış da verilmişdir. Həmin Çıxarışdan görünür ki, Bakı şəhəri, keçmiş Əzizbəyov (indiki Xəzər) rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivində yerləşən 0,1026 ha torpaq sahəsi üzərində iddiaçının tək və tam xüsusi mülkiyyət hüququ **********72 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 226 nömrəli bağın ona aid olan hissəsi - "A" tikilisi və köməkçi sahədən ibarət rum rəqəmli "2" literinin ("İİ” literli köməkçi tikili hissəsinin) yerləşdiyi 0,1026 ha-lıq torpaq sahəsini alqısatqı yolu ilə əldə etdiyi dövrdən indiyə kimi hasarda olmuşdur. Digər payçıya aid olan hissə isə "B” literi və ona məxsus olan yardımçı sahədən, o cümlədən də həyətyanı sahədən ibarətdir. 2020-2021-ci illərdə paylı mülkiyyətindən olan tikilini ayırmaq qərarına gəlmişdir. Daşınmaz əmlakın dövlət reyestrində ona bildiriblər ki, bunun üçün məhkəməyə müraciət etməli və 226 nömrəli bağın ona aid olan hissəsi - "A” tikilisi və köməkçi sahədən ibarət rum rəqəmli "2” literinin (”İİ” literli köməkçi tikili hissəsinin) yerləşdiyi 0,1026 ha-lıq torpaq sahəsinin ayrıca və təcrid vəziyyətində ona məxsus olmasına, sahiblik və istifadəsində olmasına dair məhkəmə aktı təqdim etməlidir. 2021-ci il tarixində fərdi yaşayış evinə dair payların naturada bölgüsünə dair iddia ərizəsi ilə ümumi iddia icraatı qaydasında, yəni cavabdehlər cəlb edilməklə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(003)-1589/202 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 226 saylı bağ evinin "İİ" literli yaşayış evi və "İİ” literli köməkçi tikilidən ibarət olmaqla hasara alınmış hissəsinin naturada bölünərək ona verilməsi qət edilmişdir. Məhkəmə aktından şikayət olunmamış və qətnamə mübahisələndirilməmişdir. Lakin cavabdeh orqan əsassız olaraq qətnaməni icra etməkdən, onun müraciətini təmin etməkdən yayınır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1589/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin nəzərə alınmasını, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Şüvəlan Qəsəbəsi, 226 saylı bağ evinin “A” literli yaşayış evi və “İİ” literli köməkçi tikilidən ibarət olmaqla yerləşdiyi 0.1026 ha torpaq sahəsi ilə birlikdə iddiaçının tam (paysız) rnülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak kimi qeydiyyata alınması və elektron çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Üçüncü şəxslərə məhkəmə iclasınının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən 226 saylı bağ evi iddiaçının və üçüncü şəxslərin paylı mülkiyyətindədir. Həmin bağ evinin yerləşdiyi 0.1026 ha torpaq sahəsi isə iddiaçının mülkiyyətindədir. İddiaçı 226 saylı bağ evinin onun istifadəsində olan “A” literli yaşayış evi və “İİ” literli köməkçi tikilidən ibarət olmaqla hasara alınmış hissəsinin naturada ayrılması üçün Xəzər Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin xx.xx.2021-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh göstərilən qaydada dövlət reyestrindən iddiaçıya ayrıca Çıxarışın verilməsindən imtina edir və imtinaya əsas kimi texniki pasportda qeyd olunan “A” literli yaşayış evinin bir hissəsinin paylı mülkiyyətdə olmasına, konstruktiv cəhətdən vahid olan binanın iki əsas tikiliyə bölünə bilməməsinə və Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdeh İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamasına istinad edir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, qanuni qüvvəsini almış Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli qətnaməsindən müəyyən edilir ki, həmin işə baxılarkən məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmış, ekspert qarşısında paylı mülkiyyətdə olan bağ sahəsinin naturada ayrılmasının mümkünlüyü barədə sual qoyulmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “...226 saylı bağ evi iddiaçı və cavabdehlər arasında faktiki vəziyyətdə təcrid şəkildə bölünmüşdür. Bölgü zamanı torpaq sahəsinin yol ilə həmsərhəd olan hasarından perpendikulyar olaraq yerləşən və “İİ” literli tikiliyə birləşən sərhəd hasarı çəkilmişdir. “A” literli yaşayış evi və “İİ” literli köməkçi tikili bötüvlükdə İddiaçı istifadəsində, “B” literli yaşayış evi X19 və ailə üzvlərinin istifadəsində qalmışdır. Faktiki vəziyyətdə olan bölgünün təcrid şəkildə olmasını, bağ evinin iki ayrı-ayrı yaşayış evlərindən ibarət olmasını, tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolunun olmasını, bağ evinin yerləşdiyi torpaq sahəsinin təcrid şəkildə iki hissəyə bölünməsini nəzərə alaraq faktiki vəziyyətdə olan bölgünün “Yaşayəş evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə və “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərində göstərilən tələblərə uyğun olduğu müəyyən edilir”. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə mübahisəli bağ evinin iddiaçının istifadəsində olan 2 otaq, “A” literli yaşayış evi və “İİ” literli köməkçi tikilinin naturada ayrılması müəyyən edilmiş, həmçinin göstərilən qaydada bölgünün “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə və “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərində göstərilən tələblərə uyğun olması qeyd edilmişdir. Belə olan halda cavabdehin imtinası əsassız olmaqla heç bir faktiki və hüquqi əsasa söykənmir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqimüəyyənlik əlamətlərinə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni quvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. MPM-ə görə də qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların yaranma əsaslarından biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı təsbit edilmişdir. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qərarı Azərbaycan Dövləti adından çıxarılır və icrası bütün Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Hazırkı işdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə, aparılmış ekspetiza tədqiqatının nəticələrinə əsasən paylı mülkiyyətdə olan 226 saylı bağ sahəsinin iddiaçının istifadəsində olan “A” literli yaşayış evi və “İİ” literli köməkçi tikilinin naturada ayrılmasının mümkünlüyü müəyyən edilmişdir. Məhkəmə cavabdehin imtinasının əsası kimi istinad etdiyi hal, yəni mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsində cavabdeh İdarənin üzərinə hər hansı bir öhəliyin qoyulmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin qətnamədə cavabdeh İdarənin üzərinə hər hansı bir öhdəliyinin qoyulub-qoyulmamasından asılı olmayaraq cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnamnəsi ilə yaranmış hüquqi (və ya dövlət reystrində qeydə dəyişikliyi) qeydə almalıdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüququnun yaranması əsasları kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yanaşı Qanunun 8.0-cı maddəsinə digər əsaslar da sadalanmışdır. Cavabdeh istinad etdiyi bu dəlildən belə məntiqi nəticə hasil olur ki, həmin normada göstərilən hər hansı bir hüquq faktı baş verən zaman (misal üçün Müvafiq İcra Hakimiyyəti orqanları qərar qəbul edən zaman, order verən zaman, bələdiyyə qərarı ilə torpaq sahəsi ayrılan zaman, hərracda müqavilə bağlanan zaman, mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı verilən zaman və s.) cavabdehin üzərinə qeydin aparılması barədə öhdəlik qoyulmalıdır. Məhkəmə qeyd edir ki, digər əsaslar kimi qanuni qüvvəsini almış məhkəmə qərarı da daşınmaz əmlaka hüquqların yaranma əsasıdır və qətnamədə cavabdeh İdarənin üzərinə öhdəlik qoyulub-qoyulmasından asılı olmayaraq cavabdeh qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüququ qeydə almalıdır. Əks yanaşma qanuni qüvvəsini almış, məhkəmə qətnaməsinin yuxarıda sadalanan məcburilik, təkzibolunmazlıq, icra edilənlik və s. prinsiplərinə ziddir. Həmçinin hazırda olduğu kimi, cavabdehin imtinasından yaranan digər bir məhkəmə mübahisəsinin yaranmasına səbəb olur. Qeyd edilənlərə əsasən cavabdehin formal əsaslara söykənərək iddiaçının müraciətini təmin etməkdən imtina etməsi əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Buraya dövlət qeydiyyatı barədə müraciət olunan hüququn bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmununun qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxsin müraciət etməsi, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunması, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxsin həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmaması, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmaması göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan hallardan hər hansı biri müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Şüvəlan Qəsəbəsi, 226 saylı bağ evinin “A” literli yaşayış evi və “İİ” literli köməkçi tikilidən ibarət olmaqla yerləşdiyi 0.1026 ha torpaq sahəsi ilə birlikdə İddiaçı tam (paysız) rnülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak kimi qeydiyyata alınması və elektron çıxarış və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6813/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6813/2023
05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver