Məhkəmə qərarları › İş №2-1(112)-6816/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6816/2021

07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6816/2021 07.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh “xxxx (Azərbaycan)” ASC-yə qarşı “pul tələbi” iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək ona vurulan ziyana görə “xxxx (Azərbaycan)” ASC-dən 1.200.000 (bir milyon iki yüz min) manat pul tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra hakimiyyəti ilə aralarındada bağlanmış 387 saylı 29.12.2005-ci il tarixli Torpaq İcarı müqaviləsi və müvafiq hüquqi sənədlər əsasında hazırda Bakı şəhəri Qaradağ rayon ərazisində yerləşən 7 (yeddi) hektar "Sahə" adlanan ərazi ona uzun müddətə icarəyə verilmişdir. Onun istifadəsində və ixtiyarında olan sahədə daş karxanası (yer-mədən) fəaliyyət göstərərək istehsalatla məşğuldur. Həmin sahədə "xxxx" (Azərbaycan) ASC onun razılığı və məlumatı olmadan fiziki partlayış keçirərək qazıntılar aparmışdır. Nəticədə, istifadəsinə verilmiş həmin sahədə torpaq və yer-daş örtüyü tam yararsız hala gəlmişdir. Ona məxsus ərazinin istehsal üçün yararsız hala düşməsinin səbəblərini müəyyən etmək üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib, hər iki nazirliyin keçirdiyi yoxlama və müayinə nəticəsində ona məxsus ərazinin yararsız hala düşməsinin səbəbi kimi "xxxx" (Azərbaycan) ASC-nin ona məxsus ərazidən xammal götürmək məqsədi ilə partlayış işləri müəyyən edilmişdir. Əlavə olaraq bildirir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsirlin 2-1(81)184/18 nömrəli iş üzrə 10.07.2018-ci il tarixli qərarı ilə onun xxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbləri təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin "Yerin təkinin istismarına razılıq verilməsi haqqında" 03a saylı 23 yanvar 2012-ci il tarixli Sərəncamı Qaradağ rayonunun inzibati ərazisində yerləşən "Şahqaya" əhəng daşı yatağında tam istismar olunmamış ərazidə yerin təkindən səmərəli istifadə olunması məqsədi ilə "X2 və X1 Quarry" Tam Ortaqlı müəssisəsinin istifadəsində olan 6,24 ha torpaq sahəsinin istismarının davam etdirilməsinə verilmiş razılıq ləğv edilmişdir. Qeyd edir ki, "X2 və X1 Quarry" Tam Ortaqlı müəssisəsi xxxx (Azərbaycan) ASC-nin tərkib müəssisəsidir. 2-1(81)184/18 saylı iş üzrə Məhkəmə ekspertizası təyin olunub və 20.06.2018-ci tarixli 9207 nömrəli ekspertiza rəyinə əsasən ona məxsus 6,24 hektar torpaq sahəsi Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti tərəfindən "X2 və X1 Quarry" Tam Ortaqlı müəssisəsinə ayrılmış 14,6 hektar torpaq sahəsinin cizgisi ilə üst-üstə düşmüşdür. Cavabdeh ona məxsus ərazidən xammal çıxarılması məqsədi üçün istifadə etmişdir. Cavabdehin qanunsuz hərəkətləri və özbaşınalığı nəticəsində ilkin hesablamalara görə ona 1.200.000 (bir milyon iki yüz min) manat dəyərində maddi ziyan vurmuşdur. Cavabdehə rəsmi qaydada pretenziya ilə müraciət edərək ona vurduğu 1.200.000 (bir milyon iki yüz min) manat miqdarında ziyanı ödəməsini tələb edib, lakin onun müraciəti təmin edilməyib.

3. Məhkəmə iclasının vaxtı və yeri qaydada lazımi qaydada xəbər edilmiş iddiaçı məhkəmə iclasında iştirak etmir.

4. “xxxx (Azərbaycan)” ASC tərəfindən məhkəməyə göndərilən ərizədə işin adiyyəti üzrə Abşeron rayon məhkəməsinə göndərilməli olduğu bildirilmişdir.

II. İddianın mümkünlüyü

5. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

7. “xxxx (Azərbaycan)” ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına əsasən inzibati orqan deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin açıq məlumat bazasına əsasən, “xxxx (Azərbaycan)” ASC-nin dövlət qeydiyyat nömrəsi (VÖEN) ********** olmaqla olduğu yer AZ1083, Bakı şəhəri Qaradağ rayonu, Sahil ŞTQ, Salyan şossesidir.

8. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

9. Məhkəmə müəyyən edir ki, hazırki iş üzrə tələb mülki xarakterlidir. Odur ki, iddiaçıya müvafiq tələblə ümumi məhkəməyə (Qaradağ Rayon Məhkəməsinə) (fərdi sahibkar olduğu təqdirdə Bakı Kommersiya məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.

10. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

11. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar