Məhkəmə qərarları › İş №2-1(112)-6823/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6823/2025

13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6823/2025 13.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) müraciət edərək, 2011-ci ildən 2019-cu ilədək müharibə veteran statusuna görə almadığı sosial müavinətın ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Mərkəzləşdirilmiş elektron informasiya sistemində olan məlumatlara əsasən xx.xx.2011-ci il tarixindən əmək pensiyası aldığı üçün ona ərizəsində qeyd etdiyi dövr üzrə sözügedən müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən sizə xx.xx.2019-cu il tarixindən 80 manat məbləğində müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib, hazırda ödənişi davam etdirilir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 2011-2019-cu illər ərzində müharibə veteranı statusuna görə ödənilməmiş sosial müavinətin tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almışdır. Bununla bağlı iddiaçının hər ay üçün 80 manat məbləğində müavinət almaq hüququ qanunla müəyyən olunmuşdur. Hazırda həmin müavinət növü ona ödənilir. Lakin xx.xx.2011-ci il tarixində əsassız olaraq həmin müavinətin ödənilməsi dayandırılmışdır və 2015-ci ildən müavinətin ödənilməsi davam edilmişdir. İddiaçının hüquqları pozulmuşdur və cavabdeh tərəfindən ona 2011- 2015-ci illər ərzində verilməmiş müavinət tam şəkildə ödənilməlidir. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim olunmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus 004467 nömrəli pensiya işindən və Mərkəzləşdirilmiş elektron informasiya sistemində olan məlumatlardan görünür ki, ona xx.xx.2011-ci il tarixdən hərbi qulluqçu kimi pensiya təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun tələblərinə əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən əmək pensiyası aldığı üçün ona iddia ərizəsində qeyd etdiyi dövrlər üzrə kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. xx.xx.2019-cu il tarixdən qüvvəyə minən qanunvericilikdəki sözügedən tənzimləmələrə müvafiq olaraq müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə AR Prezidentinin təqaüdü təsis edilmiş, bununla da qeyd edilən tarixdən etibarən müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət deyil, təqaüd verilməyə başlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına müvafiq olaraq İddiaçı xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində müharibə veteranlarına prezident təqaüdü təyin edilmişdir və həmin təqaüdün ödənişi hazırda davam etdirilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 010751 nömrəli vəsiqəsindın görünür ki, iddiaçıya xx.xx.1997-ci ildə müharibə veteranı statusu verilmişdir. İddiaçı xx.xx.2019-cu ildə ərizə ilə cavabdehə müraciət edərək, Qarabağ müharibə veteranı olduğuna görə ona sosial müavinət (təqaüd) təyin edilməsini xahiş etmişdir. Cavabdehin müavinət və təqaüd təyinatı üzrə xx.xx.2019-cu il tarixli **********7 nömrəli qərarından görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən Qarabağ müharibə veteranı olduğuna görə 80 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 034453 nömrəli vəsiqədən görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya təkrar müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı hazırda ona 2011-xx.xx.2019-cu illərdə müharibə veteranı olmasına görə müavinət ödənilmədiyini bildirərək, həmin dövrə görə ödənilməmiş müavinətin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilmiş və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin doqquzuncu abzasının əvvəlinə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əlavə edilmiş, həmin Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minmişdir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2008-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən: - maddə 4.0. həmin Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; - maddə 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6. müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda. - maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. - maddə 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: 11.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikasının Prezidenti) müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 373 saylı Fərmanının 3-cü hissəsinə əsasən ...bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə ... müavinətlərin məbləği Azərbaycan Respublikası Prezidentinin ... “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ...ilə tənzimlənir. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 514 nömrəli Fərmanı ilə sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilmişdir: 1.9. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,.. - 15 manat. “Sosial müavinətlərin artırılması haqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 820 nömrəli Fərmanı ilə sosial müavinətlərin məbləği artırılaraq aşağıdakı kimi müəyyən edilmişdir: 1.1.5. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, ... müavinət - 25 manat; Həmin Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minmiş, Fərmanın 4-cü hissəsi ilə “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 514 nömrəli Fərmanının 1.1-ci, 1.2.1-ci, 1.3 - 1.9-cu bəndləri qüvvədən düşmüş hesab edilmişdir. Beləliklə, sadalanan qanunvericilik aktlarından görünür ki, xx.xx.2005-ci ildən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müavinət təyin edilmiş, xx.xx.2008-ci il tarixdə həmin müavinətin məbləği 25 manata çatdırılmışdır. Həm “Sosial müavinətlər haqqında” Qanunda, həm də istinad olunan Fərmanlarda həmin müavinətin əmək pensiyası almaq hüququ olmayan şəxslərə verilməsi və şəxs əmək pensiyası hüququ qazandıqda müavinətin dayandırılması təsbit olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2011-ci il tarixli qərarından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 maddəsinə müvafiq olaraq xx.xx.2011-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdən görünür ki, iddiaçının pensiya hüququ yarandığı 2011-ci il tarixdən ona müharibə veteranına görə ödənilən müavinət Prezident təqaüdü təsis edilən xx.xx.2019-cu il tarixədək dayandırılmış və bu yuxarıda istinad edilən qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamı iləAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakılarla bağlı normativ hüquqi aktların layihələrini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi qərara alınmışdır: 1.11. müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi; Həmin Fərmanın icrası ilə bağlı “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 640 nömrəli Fərmanın 1.7-ci bəndi ilə “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Fərmanın 3-cü hissəsinə əsasən həmin Fərman 2019-cu il 1 aprel tarixdən tətbiq edilməyə başlanmışdır. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Beləliklə, 2019-cu il 1 aprel tarixdən qüvvəyə minmiş yeni qanunvericiliyə əsasən qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi sosial müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Buna görə də, artıq həmin ödənişin verilməsinə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq edilmədiyindən, iddiaçının əmək pensiyası almasına baxmayaraq həmin tarixdən, yəni xx.xx.2019-cu il tarixdən etibarən (iddiaçının xx.xx.2019cu il tarixli ərizəsi əsasında) ona müharibə veteranı kimi təqaüd verilməsinə başlanmışdır və iddiaçı hazırda həmin təqaüdü alır. Belə olan halda, işin qeyd edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin 2011-2019-cu illərdə iddiaçıya müharibə veteranına görə sosial müavinət ödəməməsi əsaslı və qanuni olmuşdur. Bu səbəbdən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar