Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6824/2021 27.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 mart 1960-cı ildə Ermənistan SSRİ, Sisian rayonu, Sofulu kəndində doğulmağı, ata adı X2, milliyəti-azərbaycanlı, ana adı X3, milliyəti azərbaycanlı barədə Ermənistan SSRİ, Sisian rayon VVAQ İdarəsində qeydə alınmış 21 mart 1964-cü il tarixli 32 saylı nömrəli doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 mart 1960-cı il tarixdə Ermənistan SSRİ-nin Sisian rayonu, Sofulu kəndində anadan olmuşdur. Bu barədə müvafiq doğum haqqında şəhadətnamə almışdır. Ermənistanda qeydə alınmış doğum haqqında akt qeydinin bərpa edilməsi barədə cavabdeh orqana müraciət etmiş, lakin orqan imtina etmişdir. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə bildirişinə cavab olaraq nümayəndəsini iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05 mart 2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, 10 mart 1960-cı il təvəllüdlü İddiaçı 25884/m nömrəli, 01 mart 2021-ci il tarixli müraciətinə baxılaraq onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir; İddiaçı aid doğum haqqında şəhadətnamənin əslinə məhkəmə iclası zamanı baxış keçirilmiş surətindən görünür ki, İddiaçı 10 mart 1960-cı ildə 10 mart 1960-cı ildə Ermənistan SSR, Sisian rayonu, Sofulu kəndində doğulmuş, atası X2, milliyyəti azərbaycanlı; anası X3, milliyyəti azərbaycanlı, doğumu Ermənistan SSR, Sisian rayonu, Sofulu kənd soveti tərəfindən 21 mart 1964-cü il tarixdə doğum haqqında akt qeydləri kitabında 32 nömrə ilə qeydə alınmışdır; Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsinin 05/15-411 nömrəli, 27 aprel 2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, şəxsiyyəti təsdiq edən şəxsiyyət vəsiqəsi olmadığından doğum haqqında akt qeydinin bərpa edilməsi şöbədə mümkün deyildir; Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, X1 Reyestri Xidmətinin 30 iyul 2021-ci il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar öyrənilərkən İddiaçı doğumu barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X1, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X1 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X1 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 13-cü bəndinə əsasən, X1 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən X1 qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya X1 itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur. Məhkəmə qeyd edir ki, iddiaçının doğumu barədə akt qeydinin əvvəllər mövcud olması əslinə məhkəmə iclası zamanı baxış keçirilmiş doğum haqqında şəhadətnamənin surəti ilə öz təsdiqini tapmışdır və həmin sənəd əsasında iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi mümkündür. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən onun şəxsiyyət vəsiqəsinin olmamasına istinad etmişdir. Lakin nəzərə alınmalıdır ki, doğum haqqında akt qeydinin olmaması səbəbindən iddiaçı şəxsiyyət vəsiqəsi ilə təmin edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Xəzər Rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, 10 mart 1960-cı ildə Ermənistan SSR, Sisian rayonu, Sofulu kəndində doğulmuş İddiaçı (atası X2, milliyyəti azərbaycanlı; anası X3, milliyyəti azərbaycanlı) Ermənistan SSR, Sisian rayonu, Sofulu kənd soveti tərəfindən 21 mart 1964-cü il tarixdə doğum haqqında akt qeydləri kitabında 32 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 10 mart 1960-cı ildə Ermənistan SSR, Sisian rayonu, Sofulu kəndində doğulmuş İddiaçı (atası X2, milliyyəti azərbaycanlı; anası X3, milliyyəti azərbaycanlı) Ermənistan SSR, Sisian rayonu, Sofulu kənd soveti tərəfindən 21 mart 1964-cü il tarixdə doğum haqqında akt qeydləri kitabında 32 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-6824/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6824/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver