Məhkəmə qərarları › İş №2-1(112)-6826/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6826/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6826/2024 18.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “dövlət qeydiyyat nişanının avtomobilə təhkim edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “dövlət qeydiyyat nişanının avtomobilə təhkim edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə (bundan sonra mətndə Baş X1 İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası” haqqında və “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunlarına əsasən seriyası eyni hərflərdən ibarət olduqda dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 001, 002, 003, 004 005, 006, 007, 008, 009 olan kateqoriya üzrə "xxxx" ödəniş sistemi vasitəsi ilə З000 AZN məbləğində ödədiyi dövlət rüsumuna uyğun olaraq qeyd olunan kateqoriya üzrə dövlət qeydiyyat nişanının verilmə öhdəliyinin Baş X1 İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 15 dekabr 2023-cü il tarixdə “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası” haqqında və “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunlarına əsasən seriyası eyni hərflərdən ibarət olduqda dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 olan kateqoriya üzrə "xxxx" ödəniş sistemi vasitəsi ilə 3000 AZN dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Bu qeydiyyat nişanının alınması üçün ödəniş qəbzi ilə birlikdə 05 yanvar 2024-cü ildə Bakı şəhəri, Xırdalan-Binəqədi şosesi 4 ünvanında yerləşən qeydiyyat - imtahan məntəqəsinə yaxınlaşmışdır. Həmin vaxt yaxınlaşdığı vəzifəli şəxs ona bayramla əlaqədar olaraq işləmədiklərini və 08 yanvar 2024-cü il tarixdə müraciət etməli olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, bir daha ödəniş qəbzilə birlikdə həmin yerə gələrək göstərilən kateqoriya üzrə nömrə almaq üçün müraciət etmək istədiyini bildirmiş və xx.xx.2024-cü il tarixdə Baş X1 İdarəsinin rəhbərliyinə köməklik göstərilməsi ilə bağlı müraciət etmiş və lazımi sənədlərin surətlərini ərizəsinə əlavə etmişdir. Lakin Baş X1 İdarəsi müraciətinə xx.xx.2024-cü il tarixdə 3- 13-16/2-M-5169 saylı məktubla cavab verərək bildirmişdir ki, “Nəqliyyat vasitəsinə son rəqəmləri 001, 002, 003, 004, 005, 006, 007, 008 və 009 olan dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsi ilə bağlı Baş X1 İdarəsinə ünvanladığı elektron müraciətinə baxılmış və arzu etdiyi dövlət qeydiyyat nişanları hazırda sərfiyyatda olmadığından xahişinin istəyə uyğun həlli mümkün olmamışdır”. Hesab edir ki, cavabdehin bu imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: "xxxx" QSC-nin (Terminal – 4045 Ünvan: “Araz” market, Yasamal rayonu, İ.Qutqaşınlı küç., 80) xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən seriyası eyni hərflərdən ibarət olduqda dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasıyası 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 Dövlət qeydiyyat nişanlarının verilməsinə görə Baş X1 İdarəsinin hesabına 3000 (üç min) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Baş X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-13-16/2-M-55169/2 №li imtina məktubunda göstərilmişdir ki, arzu etdiyi dövlət qeydiyyat nişanları hazırda sərfiyyatda olmadığından xahişinin istəyinə uyğun həlli mümkün olmamışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Baş X1 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-49075/2024 №-li məktubunda göstərilmişdir ki, hazırda sərfiyyatda fərqli hərflərin kombinasiyasından ibarət son rəqəmləri 003 və 004 olan dövlət qeydiyyat nişanları mövcuddur. Tətbiq edilən hüquq. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun; 4-cü maddəsinin 21-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək yol hərəkəti sahəsində dövlətin vəzifələridir. 27-ci maddəsinin müvafiq olaraq qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 27-ci maddəsinin İV bəndinə görə, hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda: əldə edildiyi vaxtdan on gün ərzində; fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində; nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində; 4) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar. 27-ci maddəsinin İV bəndinin 7) yarımbəndinə uyğun olaraq dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəm və ya hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, habelə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsi ilə sərbəst seçmək və sifariş etmək, həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması qeydiyyatı aparan orqanın vəzifəsi olaraq müəyyən edilir. 29-cu maddəsinə əsasən, İİ-İ. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 20 dekabr tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”nın; 1.2-ci bəndinə əsasən, avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər. 1.3-cü bəndinə müvafiq olaraq dövlət qeydiyyat nişanının verilməsi üçün nişanda əks olunan rəqəmlərin və hərflərin kombinasiyasına müvafiq olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6-cı maddəsi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır. 2.1-ci bəndinə görə, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar və elektron müraciətlərin qəbulu üçün xidmətlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən və istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahanqeydiyyat məntəqələrində quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. 2.2-ci bəndinə uyğun olaraq dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 2.2.1. dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi; 2.2.2. dövlət qeydiyyat nişanının verilməsi işinin elektron idarəetmə sistemi əsasında, növbələrin yaranmasını istisna edən şəraitdə, fasiləsiz və “bir pəncərə” prinsipi ilə təşkili...; 2.2.4. dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəmlərin və hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması; 2.2.5. dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyalarını xüsusi elektron terminallar, o cümlədən internet vasitəsilə sərbəst seçmək və sifariş etmək imkanı Məhkəmənin mövqeyi. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının xx.xx.2012-ci il tarixli Q74-001-12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi üzrə inzibati reqlament”in 3.1-ci bəndinə əsasən, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə sifarişin verilməsi istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz. Həmin reqlamentin 3.2.1-ci yarımbəndinə müvafiq olaraq sorğunun formalaşdırılması: istifadəçi tərəfindən DİN BDYPİ-nin internet informasiya ehtiyatının elektron xidmət bölməsində rəqəmlərin və ya hərflərin kombinasiyalarının ardıcıllığı üzrə dövlət qeydiyyat nişanı sərbəst seçilərək sifariş verilməsi üçün ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərdən aidiyyəti olanlarla birlikdə həmin elektron ünvana təqdim edilir İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə qeyd etməyi zəruri hesab edir ki, avtonəqliyyat vasitəsinə dövlət qeydiyyat nömrəsinin verilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. İnzibati orqan dövlət qeydiyyat nişanlı nömrəni verdikdə, müvafiq olaraq bazada sərfiyyətdə olan eyni və fərqli kombinasiyaların olubolmamasını araşdırdıqdan sonra ərizəçəyə məlumat verir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Hazırkı işin hallarından müəyyən edilir ki, cavabdehə müraciət edərək avtomobilinə sonu “001”, “002”, “003”, “004”, “005”, “006”, “007”, “008” və “009” olan eyni hərflərin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh buna əsas kimi sərfiyyatda həmin nömrənin olmamasını göstərmişdir. İddiaçı cavabdehin imtinasının qanunsuz hesab edərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbini əsassız hesab edərək qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan da göründüyü kimi nəqliyyat vasitələrinin sahiblərinə onlara verilən dövlət qeydiyyat nişanlarının bununla bağlı müəyyən edilmiş dövlət rüsumunu ödəməklə rəqəm və hərf kombinasiyasını sərbəst seçmək hüququ nəzərdə tutulsa da, mövcud olan rəqəmlərin və hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması da daxil edilmişdir. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi dövlət qeydiyyat nişanının mövcudluğu barədə rəsmi məlumat açıqlanmadığı halda, iddiaçı ona məxsus nəqliyyat vastəsinə müvafiq seçim etdiyi dövlət qeydiyyat nişanının verilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının arzuladığı dövlət qeydiyyatı nişanının mövcudluğu açıqlanmadığından və qanunvericiliyə uyğun olaraq müvafiq dövlət qeydiyyat nişanı nəqliyyat vasitələrinə xronoloji ardıcıllıq qaydasında (sıra ardıcıllığı, rəqəm ardıcıllığı) təhkim edildiyindən cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar