Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6829/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx xxxxxxx 1965-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun təmin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1965-ci ildə anadan olmuşdur. Hal-hazırda güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququna malikdir. Azərbaycan Dəmir Yolu 9 saylı Mincivan yol distansiyasına 1-ci dərəcəli yol montyoru kimi daxil olaraq 08.10.1982-ci ildən əmək fəaliyyətinə başlamış, 03.03.1993-cü il tarixdən öz xahişi ilə həmin işdən azad olunmuşdur. 10.11.1994-cü ildən 26.11.2005-ci ilədək Azərbaycan Dəmir Yolu Körpü Təmiri Dəstəsində xadimə vəzifəsində çalışmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Lakin oradan ona 01.02.2021-ci il tarixli məktubda bildirilmişdir ki, əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Əmək kitabçasının 44-45-ci səhifələrinin qeydində həmin tarixdə mövcud olmayan SSRİ-yə aid etibarsız möhürlər vardır. Əgər o möhürlər etibarsızdırlarsa, o möhürlərin etibarsızlığını sübut etmək yükü Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakılar diqqətinizə çatdırılır. İddiaçı 22.12.2020-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 04.06.1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 44-45-ci səhifələri həmin tarixdə mövcud olmayan SSRİ-yə aid etibarsız möhürlə təsdiqlənmişdir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16453,76 manat təşkil edir. Bununla əlaqədar olaraq qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda, ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına, məsələn Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular verə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda, ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Bununla bağlı olaraq, həmçinin nəzərə alınmalıdır ki, lazımi məlumatların əldə edilməsini təmin etmək üçün verilən belə sorğular mütləq zəruri fərqləndirici və eyniləşdirici məlumatları aydın və dürüst şəkildə özündə əks etdirməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi və güzəştli stajını müəyyənləşdirmək mümkün olmadığına görə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş idiaçıya məxsus ИT-İ № ******* nömrəli, 04.06.1985ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı 08.10.1982-ci il tarixdə Az. Dəmir yolu 9 saylı Mincivan distansiyasına 1-ci dərəcəli yol montyoru vəzifəsinə qəbul edilmişdir. 04.06.1985-ci il tarixdə İdarə rəisinin 27 saylı protokolu əsasında 2-ci dərəcəli yol montyoru vəzifəsinə keçirilmişdir. 06.10.1989-cu il tarixdə 3-cü dərəcəli yol montyoru vəzifəsinə keçirilmişdir. 03.03.1993-cü il tarixdə ərizəsi əsasında Az. Respublikası Əmək Qanunçuluğunun 37-ci maddəsi əsasında işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş idiaçıya məxsus ******* nömrəli, 27.12.1998-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı 10.02.1994-cü il tarixdə Az. X7 MRK Körpü təmiri bərpa dəstəsinə xadimə vəzifəsinə qəbul edilmişdir. 26.11.2005-ci il tarixdə Az.Respublikası Əmək qanunçuluğunun 69-cu maddəsi əsasında işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Az Respublikası Azərbaycan Dəmir Yolu QSC MRK körpü təmiri bərpa dəstəsinin 08.11.2014-cü il tarixli, 164 nömrəli arayışında qeyd edilmişdir ki, verilir, İddiaçı ondan ötəri ki, o həqiqiətən 10.02.1994-cü il tarixdən 26.11.2005-ci il tarixə qədər MRK körpü təmiri bərpa dəstəsində xadimə vəzifəsində işləmişdir. İşlədiyi müddət 10 illik orta əmək haqqı yeni azərbaycan manatı ilə cədvəl əsasında göstərilir. İşlədiyi müddət ərzində məzuniyyətdə olmamış, hər ay əmək haqqı almışdır. Ümumi cəmi: 23793 (iyirmi üç yeddi yüz doxsan üç) manat. Arayış MRK körpü təmiri bərpa dəstəsi Kadrlar şöbəsinin və Baş mühasibin imzası və Kadrlar şöbəsinin möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC Arxiv Bölməsinin İddiaçı ünvanlanmış 27.02.2018-ci il tarixli, NÜA 1/N nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 9 saylı Mincivan yol distansiyasının 1993-cü ilə qədər olan idarəçilik sənədləri torpaqların işğal altında qaldığına görə Cəmiyyətin arxiv bölməsinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 Sevda Musa qızına ünvanladığı 01.02.2021-ci il tarixli, **********1 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filial tərəfindən təqdim etdiyiniz 04.06.1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanız araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçanızın 44-45-ci səhifələrinin qeydində həmin tarixdə mövcud olmayan SSRİ-yə aid etibarsız möhürlə təsdiqlənmişdir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16453,76 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibatı orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiaysının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyinə şübhələrin olması, eləcə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının pensiya təminatına imkan vermədiyini əsas götürərək müraciətin təminindən imtina etmişdir. Hazırkı halda iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyəti üzrə əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixədək 20 il ümumi iş stajı toplamalı, bunun 10 ilini zərərli işlərdə işləməli, həmçinin 52 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlərdən iş stajı ilə bağlı şərt iddiaçıya münasibətdə ödənilmir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. İddiaçı ümumi iş stajını təsdiq edən sənədlər sırasında 2 əmək kitabçasını təqdim etmişdir. İddiaçının birinci əmək kitabçası ИT-İ № ******* nömrəli olmaqla 04.06.1985-ci ildə doldurulmuşdur. Məhkəmə icaatına təqdim edilmiş qeyd edilən əmək kitabçasındakı (məhkəmə iclasında əslinə baxış keçirilmiş) əmək qeydlərindən görünür ki, iddiaçı 08.10.1982-ci il tarixdə Az. Dəmir yolu 9 saylı Mincivan distansiyasına 1-ci dərəcəli yol montyoru vəzifəsinə qəbul edilmişdir. Əmr N 126, kadrlar üzrə inspektor T.Mənmədov. 04.06.1985-ci il tarixdə İdarə rəisinin 27 saylı protokolu əsasında 2-ci dərəcəli yol montyoru vəzifəsinə keçirilmişdir. Əmr N 64, kadrlar üzrə inspektor K.Hüseynov. 06.10.1989-cu il tarixdə 3-cü dərəcəli yol montyoru vəzifəsinə keçirilmişdir. Əmr N 110, kadrlar üzrə inspektor K.Hüseynov. 03.03.1993-cü il tarixdə ərizəsi əsasında Az. Respublikası Əmək Qanunçuluğunun 37-ci maddəsi əsasında işdən azad edilmişdir. Əmr N 47, 9 saylı distansiyanın rəisi C.Hacıyev. Əmək kitabçası qeydləri SSRİ-yə aid möhürlə təsdiqlənmişdir. İkinci əmək kitabçası ******* nömrəli olmaqla 27.12.1998-ci il tarixdə doldurulmuşdur. Məhkəmə icaatına təqdim edilmiş adıçəkilən əmək kitabçasındakı (məhkəmə iclasında əslinə baxış keçirilmiş) əmək qeydlərindən görünür ki, iddiaçı 10.02.1994-cü il tarixdə Az. X7 MRK Körpü təmiri bərpa dəstəsinə xadimə vəzifəsinə qəbul edilmişdir. 26.11.2005-ci il tarixdə Az.Respublikası Əmək qanunçuluğunun 69-cu maddəsi əsasında işdən azad edilmişdir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçalarındakı əmək fəaliyyəti qeydləri ilə bağlı "xxxx" QSC-yə müvafiq sorğular verilmişdir. Belə ki, "xxxx" QSC-yə ünvanlanmış sorğuda 1982-1993-cü illərə aid dövrlərdə Azərbaycan X7 9 saylı Mincivan yol distansiyasının rəhbər vəzifəli şəxslərin siyahısında vətəndaş İddiaçı məxsus ******* saylı əmək kitabçasındakı qeydləri imza edən kadrlar üzrə inspektor T.Məmmədov, K.Hüseynov və 9 saylı yol distansiyasının rəisi C.Hacıyev adlı şəxslərin olub-olmaması barədə məlumatın, eləcə də Azərbaycan X7 İdarəsinin idarələrində, distansiyalarında hansı dövrdən etibarən keçmiş SSR-yə məxsus möhürlərin istifadə edilmədiyi və ya hansı dövrdən başlayaraq Azərbaycan X7na məxsus möhürdən istifadə edilməyə başlanıldığı barədə məlumatın 10 gün müddətində məhkəməyə təqdim edilməsi xahiş edilmiş, sorğuya İddiaçı məxsus ИT-İ № ******* nömrəli, 04.06.1985-ci il tarixli əmək kitabçasının surəti əlavə edilərək göndərilmişdir. "xxxx" QSC-yə ünvanlanmış sorğuda İddiaçı Azərbaycan X7 İdarəsində əmək fəaliyyəti barədə məlumatın, həmçinin işə qəbul və işdən çıxma barədə əmrlərinin qeyd olunduğu əmrlər kitabından çıxarışın, əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətlərinin, eləcə də iş materiallarında olan Azərbaycan Respublikası Azərbaycan Dəmir Yolu QSC-nin blankında tərtib olunmuş, Azərbaycan Dəmir Yolu İdarəsi Kadrlar Şöbəsinin möhürü ilə təsdiqlənmiş və MRK körpü təmiri bərpa dəstəsi kadrlar şöbəsinin rəhbəri və baş mühasib tərəfindən imzalanmış 08.11.2014-cü il tarixli, 164 nömrəli arayışın mötəbərliliyi barədə məlumatın təqdim edilməsi xahiş olunmuş, sorğuya ******* nömrəli, 27.12.1998-ci il tarixli əmək kitabçasının və 08.11.2014-cü il tarixli, 164 nömrəli arayışın surəti əlavə edilərək göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 20.10.2021-ci il tarixli, 109823 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığınız 27.09.2021-ci il tarixli 2-1(112)-6829/2021 nömrəli sorğunuza cavab olaraq bildirilir ki, 1982-1993-cü illərə aid dövrlərdə Azərbaycan X7 9 saylı Mincivan yol distansiyasının rəhbər vəzifəli şəxslərinin siyahısında distansiyanın rəisi vəzifəsində C.Hacıyev, kadrlar üzrə inspektor vəzifəsində isə T.Məmmədov və K.Hüseynov adlı şəxslərin işləməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin qeyd edilir ki, ADYdə keçmiş SSRİ-yə məxsus möhürlərin hansı tarixdən etibarən istifadə edilmədiyi və ya hansı dövrdən Azərbaycan X7na məxsus möhürdən istifadə edilməyə başlanılması barədə məlumatın ADY-nin arxiv sənədlərindən müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 20.10.2021-ci il tarixli, 110012 nömrəli məktubunda qeyd edilmişdir ki, araşdırma nəticəsində ADY-də “MRK Körpü təmir bərpa dəstəsi” adında təsisatın mövcud olmadığı, lakin İnfrastruktur departamentinin struktur tərkibində “Körpü Təmir Dəstəsi” adlı struktur vahidinin fəaliyyət göstərdiyi və ADY-nin 12.06.2013-cü il tarixli 56/S nömrəli əmri ilə ləğv edildiyi müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, “MRK” hərf birləşməsi kiril əlifbası ilə “MPK” abreviaturasında istifadə edilir və “Мосто Ремонтная Коллона” (Körpü Təmir Dəstəsi) mənasını nəzərdə tutur. Bu baxımdan 08.11.2014-cü il tarixli 164 nömrəli arayışın rəsmiləşdirilməsi, o cümlədən onun yenidən təşkili nəticəsində ləğv edilmiş Azərbaycan X7nun struktur bölməsinin möhürü ilə təsdiq olunması qeyri-mümkün hesab edilir və hər hansı hüquqi nəticələrə səbəb ola bilməz. Eyni zamanda, sözügedən arayışda əməyin ödənilməsinə dair göstərilən məlumatların yoxlanılması ilə əlaqədar arxiv sənədlərinə yenidən baxılmış və 1996-2005-ci illər üzrə müəyyən dövrə münasibətdə İddiaçı dair hər hansı məlumat və qeyd aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyəti sədrinin 12.06.2013-cü il tarixli 56/S nömrəli əmrinə əsasən Körpü Təmir Dəstəsinin 1 avqust 2013cü il tarixindən ləğv edilməsi, Ləğvetmə ilə əlaqədar KTD-nin cari hesabının bağlanması qərara alınmışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Eyni Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eyni Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə icaatına təqdim edilmiş adıçəkilən ИT-İ № ******* nömrəli əmək kitabçasının əslinə baxış keçirilərkən əmək kitabçasının içərisindəki səhifələrinin, üzərindəki yazıların rənginin kitabçanın doldurulduğu 1985-ci il tarixindən bu günədək saxlanma müddəti (keçən 36 il) nəzərə alındıqda aydın əks olunması (solmaması) adi gözlə müşahidə olunur. Bundan əlavə, məhkəmə araşdırması nəticəsində ИT-İ № ******* nömrəli əmək kitabçasındakı qeydlər 1982-1993-cü illəri əhatə etsə də, kitabçanın hər səhifəsi, qeydlərin hər biri eyni möhürlə təsdiqlənmiş, sonuncu 03.03.1993-cü il tarixli qeyd həmin dövrə uyğun olmayan SSR möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda "xxxx" QSCnin məhkəmənin sorğusuna cavab məktublarında həmin əmək qeydlərini imzalayan Azərbaycan X7 9 saylı Mincivan yol distansiyasının rəhbər vəzifəli şəxslərinin siyahısında kadrlar üzrə inspektor vəzifəsində isə T.Məmmədov və K.Hüseynov adlı şəxslərin, distansiyanın rəisi vəzifəsində C.Hacıyevin işləməsi müəyyən olunmadığından məhkəmə həmin şəxslərin imzaları ilə edilmiş qeydlərin də mötəbərliyini qəbul etmir. Eyni zamanda təqdim olunmuş ******* nömrəli ikinci əmək kitabçasında 10.02.1994- 26.11.2005-ci il tarixədək qeydlər, eləcə də həmin dövrlə bağlı "xxxx" QSC “MRK Körpü təmir bərpa dəstəsi”nin verdiyi 08.11.2014-cü il tarixli arayışın mötəbərliyi öz təsdiqini tapmamışdır. Belə ki, adıçəkilən arayış Azərbaycan Dəmir Yolu İdarəsinin Kadrlar şöbəsinin möhürü ilə təsdiqlənmiş, məhkəmənin sorğusuna cavablardan müəyyən olunmuşdur ki, ADY-də “MRK Körpü təmir bərpa dəstəsi” adında təsisat mövcud olmamışdır. Yalnız İnfrastruktur departamentinin struktur tərkibində “Körpü Təmir Dəstəsi” adında struktur vahidi fəaliyyət göstərmiş, lakin həmin müəssisə də ADY-nin 12.06.2013cü il tarixli 56/S nömrəli əmri ilə ləğv edilmişdir. Arxiv sənədlərində 1996-2005-ci illər üzrə İddiaçı dair hər hansı məlumat aşkar edilməmişdir. Beləliklə, iddiaçının əmək kitabçası və arayışa əsasən işlədiyi qeyd edilən “MRK Körpü təmir bərpa dəstəsi” adında təsisat mövcud olmamışdır. İddiaçının işlədiyi müəssisənin İnfrastruktur departamentinin struktur tərkibində “Körpü Təmir Dəstəsi” adlı struktur vahidi olduğu qəbul edilsə belə 2013-cü ildə ləğv edilmiş həmin müəssisə tərəfindən 2014-cü il tarixdə arayış verilməsi, üstəlik bu arayışın müəssisənin özü tərəfindən deyil, Azərbaycan Dəmir Yolu İdarəsinin Kadrlar şöbəsinin möhürü ilə təsdiq edilməsi mümkün hesab edilmir. "xxxx" QSC özü təqdim olunmuş 08.11.2014-cü il tarixli, 164 nömrəli həmin arayışın hər hansı hüquqi nəticələrə səbəb ola bilmədiyini bilavasitə məhkəməyə bildirmişdir. Belə olan halda iddiaçının 10.02.1994-26.11.2005-ci il tarixədək işləməsi barədə təqdim olunmuş arayış və buna müvafiq əmək kitabçası qeydləri də mötəbər sübut qismində qəbul olunmur. Məkəmə işin yuxarıda sadalanan hallarını nəzərə alaraq iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçalarında qeydlərin mötəbərliliyi sübut olunmadığından, iddiaçının əmək fəaliyyəti müvafiq əmrlər, əmək haqqı cədvəlləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sənədlərlə öz təsdiqini tapmadığından iddiaçının ümumi iş stajına, eyni zamanda güzəştli iş stajına daxil etmir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajı və güzəştli iş stajı yetərli deyildir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6829/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6829/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver