Məhkəmə qərarları › İş №2-1(112)-6831/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6831/2021

20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6831/2021 20.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 20A saylı evin yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının verdiyi izahardan göründüyü kimi iddiaçı hesab edir ki, İcra Hakimiyyəti tərəfindən verilmiş Sərəncam, istismara qəbul aktı, razılaşdırılmış eskiz layihəsi və torpaq sahəsinə dair icarə hüququnu təsdiq edən müqavilə mövcud olduğundan, onun qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmalıdır. İddiaçı müvafiq olaraq aidiyyəti üzrə inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı sözügedən imtinanı əsassız hesab edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş və qeyri-yaşayış binasının istismara icazə sənədi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən yerləşmə sxemində göstərilən məsafələri ilə faktiki məsafələr arasında uyğunsuzluq mövcuddur. Həmçinin qeyri-yaşayış binası ümumi istifadədə olmuş yaşıllıq ərazisində inşa edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, məhkəmə mübahisəsi gedən dövrdə o, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə icarə hüququ əldə etmişdir. İddiaçının qənaətinə görə o, şəhid ailəsi hesab edildiyindən və müvafiq güzəşt və imtiyazlardan istifadə etmək hüququ qazandığından, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti öz iradə ifadəsini nümayiş etdirərək, onun torpaq sahəsi üzərində iicarə hüququnun yaranmasına səbəb olan müqavilənin bağlanılması üçün şərait yaratnmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, mtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 4 əsas gətirir:

1. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin olmaması;

2. Qeyri-yaşayış binasının istismarına icazə sənədi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməməsi;

3. Elektron kadastr məlumatlarına əsasən yerləşmə sxemi ilə faktiki sahə arasında uyğunsuzluq mövcud olması;

4. Qeyri-yaşayış binasının ümumi istifadədə olmuş yaşıllıq ərazisində inşa edilməsidir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Bunun tənzimlənməsi isə Şəhərsalma və Tikinti Məcəlləsinin, ən əsası isə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun müddəalatı ilə həyata keçirilir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektləri müəyyən edilmişdir ki, hazırki idda üzrə mübahisə predmetini təşkil edən əmlak həmin maddədə səciyyələnmiş obyektlərə aid deyildir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dən) inşa edilən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə: -torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə; - müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərar; - istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Həmin Qanunun 8.0.10.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektlərinə münasibətdə: -torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, -müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, -tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Həmin Qanunun 8.0.10.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün: -torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd -tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi -sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Şərh olunan qanunvericilyin müddəalarından göründüyü kimi, 01.01.2013-cü il tarixdən əvvəl və sonra inşa edilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması tələb olunan tikililərə münasibətdə sənədlərin əhatə dairəsi göstərilmişdir. Məhkəmənin bunun müqabilində cavabdehin imtina üçün göstərdiyi birinci əsasa münasibət bildirir . Belə ki, cavabdehin qənaətinə görə, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinə dair iddiaçının hər hansı bir sənədi olmamışdır. Düzdür, iddiaçıya imtina məktubu verildiyi tarixdə onun torpaq sahəsinə dair sənədi olmamışdır. Lakin, məhkəmə mübahisəsi gedən dövrdə iddiaçı (icarəçi) ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyəverən) arasında torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə bağlanmış, həmin müqavilə münasibətləri zənnində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 20A ünvanındaki qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi icarəyəverən tərəfindən icarəçinin istifadəsinə verilmiş, icarəçi isə torpaq sahəsinin illik icarə haqqını icarəyəverənə ödənilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqavilə tərəfləri arasında müvafiq öhdəliklər yaranmışdır ki, bu öhdəliklər nəticəsində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinə münasibətdə, o, icarə hüququnu təsdiq edən sənəd əldə etmişdir. Bununla da, cavabdehin imtina məktubunda göstərdiyi birinci əsas aradan qalxmış olur. Cavabdehin müraciətinin ikinci hissəsinə münasibətdə məhkəmə bildirir ki, bu əsasın qanuni olub-olmamasının yoxlanılması üçün, mütləq qaydada qeyri-yaşayış sahəsinin tikintisinə hansı tarixdə başlanıldığı müəyyən olunmalıdır. Belə ki, məhkəmə sorğusu əsasında Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən təqdim olunmuş Xətai rayon İcra Hakimiyyəti Başçısının 17.05.2005-ci il tarixli Sərəncamı müəyyən olunur ki, həmin sərəncam ilə Gəncə prospekti 20A saylı evin yaxınlığında yerləşən vət. İddiaçı məxsus (3x5) m metal məntəqənin mövcud ölçüsündə yenidən daşdan tikilməsinə icazə verilmişdir. Göründüyü kimi, daşınmaz əmlakın yenidən tikintisi 17.05.2005-ci il tarixdən sonraki dövrdə başlanmışdır. Bu isə ona dəlalət edir ki, həmin əmlaka münasibətdə mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunvericilikdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dən) inşa edilən tikililərə münasibətdə nəzərdə tutulan sənədlər tələb olunmaldır. Nəzərə alınmalıdır ki, qeyri-yaşayış sahəsinə istismara qəbul aktınını verilməsi mübahisələndirilməyən haldır. Burada yeganə mübahisələndirilən hal, istismara icazə sənədinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməməsidir. Məhkəmə hesab edir ki, hazırki iddia üzrə qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər tələb olunduğundan, başqa sözlə desək, tikili 01.01.2013-cü il tarixədək inşa edilən tikili sayıldığından, istismara icazə sənədinin Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilməsi mübahisə doğurmamalıdır. Məhkəmə digər iki əsas ilə bağlı isə qeyd edir ki, cavabdeh qeyri-yaşayış binasının yaşıllıq zonasında yerləşdiyini və yerləşmə sxemi ilə faktiki sahə arasında uyğunsuzluq təşkil etdiyini iddia etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hallar barədə hər hansı əlavə araşdırmanın aparılmasına da məhkəmə hesab edir ki, zərurət mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilənhallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan qeyri-yaşayış binası üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçının əri X1 Xocalı faciəsi zamanı şəhid olmuş, iddiaçıya bununla bağlı şəhid ailəsi statusu təqdim edilmişdir. Məhkəmə işin qeyd olunan halının da qərar qəbul edilərkən nəzərə alınıb-alınmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər qeyd olunan faktiki halının iş üzrə düzgün nəticəyə gəlinməsi üçün hüquqi dəyərləndirmənin predmetinə aid olmadığı nəzərə alınsa belə, məhkəmə dövlətin ictimaisiyasi həyatında baş vermiş həm 90-cı illərin əvvəlləri, həm də 2020-ci ilin sentyabr-noyabr aylarında hadisələri nəticəsində şəhid olmuş şəxslərə dövlət dəstəyinin davamı kimi xüsusi qrup şəxslər qismində şəhid ailələri üçün nəzərdə tutulmuş dövlət tərəfindən güzəştləri ( o cümlədən mənzil və torpaq sahələrinin ayrılması ilə bağlı) vurğulamağı zəruri hesab edir. Ədalət mühakiməsinin həyata keçirilməsi baxımından hər-hansı qrup şəxsə qeyd olunan formada müvafiq güzəştin tətbiqi nəzərdə tutulmasa belə məhkəmə ailə üzvünü şəhid vermiş, şəhid ailəsi hesab edilən ailə başçısı torpaq uğrunda şəhid olmuş qadının ailəsinin qanuni əsaslarla dolanacağının təmini üçün yeganə dolanacaq yeri olan ölçüsü 20 kv.m-dən də aşağı olan daşdan tikilmiş sahəyə digər əsaslarla yanaşı, torpağa sənədinin olmaması, torpağın yaşıllıq ərazisi olması əsası ilə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmamasından imtinasını qəbul etmir. İş materiallarında olan 11 avqust 2021-ci il tarixdə iddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanılmış torpaq sahəsinin icarə müqaviləsi də Xidmətin şəhid ailəsinin torpağa olan hüququnu tanımış, hazırkı vəziyyətdə tikilmiş olan qeyri-yaşayış sahəsinin altında olan torpaq sahəsinin (sahənin yaşıllıq sahəsi olub-olmamasından asılı olmayaraq) iddiaçının icarəsinə verilməsində iradə ifadəsini nümayiş etdirmişdir. Göründüyü kimi qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət hüququnun qeydiyyata alınmasına mane ola biləcək əsas şərtlərdən biri məhkəmə icraatı gedişində aradan qalxmış, şəhid ailə üzvünün torpağa istifadə hüququ Xidmətin özü tərəfindən qəbuledilən edilmişdir. Digər faktiki əsaslarda məhkəmə tərəfindən araşdırılmış, faktiki şərtlərin iddianın təminini istisna etmədiyi, ailənin yeganə dolanacaq yeri olan qeyri-yaşayış sahəsində iddiaçının qanuni əsaslarla fəaliyyətinə mane ola biləcək hal kimi mülkiyyət hüququnun qeydiyyata alınmamasını qanuni edən halların müəyyən edilmədiyi aşkar edilmişdir. Eyni zamanda, qeyri-yaşayış sahəsindən istifadənin dövlətlə yanaşı, digər qrup şəxslərin də hüquq və mənafelərinə xələl gətirmədiyi də müəyyən edilmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 20 A saylı evin yaxınlığında yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 20 A saylı evin yaxınlığında yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar