Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6831/2023 04.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən “1104e” saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, qeyd olunan bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmamışdır. Həmçinin, elektron kadastr məlumatlarına əsasən təqdim olunan torpaq sahəsinə dair yerləşmə cizgisində qonşu sahələr göstərilmədiyindən cizginin həmin əraziyə aid olub olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş xx.xx.2005ci il tarixli bağın icarəyə verilməsinə dair müqavilədə səlahiyyətli şəxsin möhürü yoxdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X3 İnkişiafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli 35695 saylı müqaviləyə əsasən Novxanı ərazisində 0.12 ha sahəsi olan 1104e saylı bağ sahəsinin mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla iddiaçının adına çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, X5 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli 35695 saylı müqaviləyə əsasən Novxanı ərazisində 0.12 ha sahəsi olan 1104e saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Həmin vaxtdan bağ sahəsi iddiaçının istifadəsindədir. Bağa dair iddiaçının mülkiyyət hüququnun tanınması və çıxarışın (plan ölçünün) verilməsi üçün cavabdehə müraciət edilmiş, iddiaçıya bildirilmişdir ki, torpaq sahəsi ümumi hasar daxilində yerləşir, bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. Bundan əlavə torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə dair digər fiziki şəxsin müraciəti olmuşdur. Cavabdehin bu imtinası əsassızdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və əlavə olaraq bildirmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2023-cü il tarixli, **********11 saylı cavab məktubu ünvanlanmışdır. Müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi ümumi hasar daxilində yerləşir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - xx.xx.2005-ci il tarixli aktdan görünür ki, Bakı şəhər bağlar İdarəsinin sahə mühəndisi X12, sahə mühəndisi X10, 1105 saylı bağın sahibi X2, 1106 saylı bağın sahibi X6, 1103б saylı bağın sahibi X13 aktı tərtib etmişdir, ona görə ki, Novxanı kənd sakini Salayev X1 olan 1104e saylı bağdan uzun müddətdir istifadə edir. - Novxanıdakı 1104e nömrəli bağ barədə arayışdan görünür ki, İddiaçı xahiş edir ki, uzun müddət istifadə etdikləri bu bağ sahəsini onun adına təhkim etsinlər. 1104e nömrəli bağdan istifadə olunur. İddiaçı bu bağdan uzun müddət istifadə etməsini bağ qonşuları və Bağlar Birliyinin sahə mühəndisləri tərtib etdikləri aktda təsdiq edirlər. 0,12 ha torpaq sahəsi olan Novxanı ərazisindəki 1104e nömrəli bağın İddiaçı adına təhkim edilməsindən ötrü sənədlər Bakı şəhər İcra Hakimiyyəti aparatının komissiyasında baxılmasına göndərilir. - Novxanı kənd sakini İddiaçı xx.xx.2005-ci il tarixdə ərizə ilə Bakı şəhər Bağlar İdarəsinə müraciət edərək, onun Novxanıdakı bağ sahəsindən uzun müddət istifadə etdiyini nəzərə alaraq həmin sahəyə aid sənəd verilməsini xahiş etmişdir. - “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” “təhkim etmə" barədə X7 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 101 nömrəli protokolundan görünür ki, Bakı şəhər İcra hakimiyyətinin 17.03.97-ci il tarixli 233 nömrəli Sərəncamına əsəsən vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilmişdir: 1.91. Novxanıdakı 1104e saylı bağ – İddiaçı. - “X7 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 222 nömrəli sərəncamından çıxarışdan görünür ki, barədə “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” “təhkim etmə" barədə X7 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 101 nömrəli protokolu təsdiq edilmişdir. - X7 və istismarı birliyi ilə İddiaçı arasında bağlanmış 35695 saylı, 24 avqust 2005-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 222 nömrəli Sərəncamı əsasında Binəqədi rayonunun Novxanı qəsəbəsində sahəsi 0,12 ha olan 1104e saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Müqavilənin müddəti xx.xx.2015-ci ilədək müəyyən edilmişdir. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, istifadəsindəki sahəsi 0,12 ha olan 1104e saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ayrılması barədə sərəncamı və icarə müqaviləsini təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 1104e saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. Belə ki, Bakı şəhər icra Hakimiyyəti tərəfindən iddiaçıya bağ sahəsinin ayrılması barədə protokol və sərəncamdan çıxarışı, cavabdeh isə icarə müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 1-ci hissəsində qeyd olunmuşdur ki, icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar X7 və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə Bağlar təsərrüfatı birliyinin nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə tədqim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq Protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokolda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Bakı şəhərində bağ sahələrinin verilməsi hazırkı Əsasnamə ilə həyata keçirilir. Vətəndaşlara bağ sahələri ya idarəyə, ya da bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində ayrılır. Dövlət imtiyazlı vətəndaşlar bağ sahələri ilə təmin edilmələrində müəyyən üstünlüklərə malikdirlər. Qeyd edilən Əsasnamənin 4-cü hissəsinə əsasən rəsmi sənədi olmadan 10 ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşların sənədlərinə Bakı şəhər İcra Hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq sərəncam qəbul edilir. Sərəncama əsasən ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda həmin bağ sahəsi (yaxud artıq olduqda 0, 12 hektarlıq hissəsi) aidiyyəti vətəndaşın adına təhkim edilir. Bunun üçün Bağlar Təsərrüfat birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: - Bağ sahəsini abadlaşdıran vətəndaşın ərizəsi; - Yaşayış yerindən 2№-li forma arayışı; - İş yerindən arayış, - Üç bağ qonşusunun təsdiq olunmuş qaydada ərizəsi; - Bağlar təsərrüfatı birliyinin mühəndisləri tərəfindən tərtib edilmiş yoxlama aktı; - Bağ sahəsinin planı Göründüyü kimi, 1997-ci ildən qüvvəyə minmiş qanunvericiliyə əsasən bağ sahəsinin rəsmi sənədi olmadan 10 ildən artıq müddət ərzində istifadə edən şəxsin ərizəsi və bağ qonşularının ərizəsi əsasında həmin şəxsin adına rəsmiləşdirilməsi mümkün olmuş və bu rəsmiləşmənin sərəncam vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşdən görünür ki, 1104e saylı bağ sahəsi iddiaçının ərizəsi, üç bağ qonşusu və Bağlar təsərrüfatı birliyinin mühəndislərinin aktı və Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında iddiaçının adına rəsmiləşdirilmişdir və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən:
1. qeyd olunan bağın nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmamasına;
2. elektron kadastr məlumatlarına əsasən təqdim olunan torpaq sahəsinə dair yerləşmə cizgisində qonşu sahələr göstərilmədiyindən cizginin həmin əraziyə aid olub olmadığını müəyyənləşdirməyin mümkün olmamasına;
3. texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsinə;
4. xx.xx.2005-ci il tarixli bağın icarəyə verilməsinə dair müqavilədə səlahiyyətli şəxsin möhürünün olmamasına istinad etmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki sahəsi 1200,0 kv.metr təşkil edir. Göstərilən torpaq sahəsi ümumi hasar daxilindədir. Belə ki, sahənin iki tərəfi hasar, iki tərəfi şərtidir. Ərazidə tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən bağ nömrəsi sxematik xəritədə qeyd olunmayıb. Arxiv cizgisi ilə perimetrik ölçü fərqləri var. Cizginin qeyd olunan əraziyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmır. Belə ki, birincisi, bu halların heç biri özlüyündə şəxsin qanunla yaranan hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmaması iddiaçının hüquqlarının qeydə alınmaması üçün əsas kimi qəbul edilə bilməz. Çünki, hamıya bəlli olan haldır ki, cavabdehin istinad etdiyi sxematik xəritə iddiaçıya bağ sahəsi ayrılan vaxtdan xeyli əvvəl tərtib edilmiş, həmin dövrlərdə bağ sahələrinin 0,25 ha ayrılması nəzərdə tutulmuş, sonradan həmin sahələr bölünərək digər vətəndaşlara verilmiş, bu zaman yeni verilmiş bağları fərqləndirmək üçün bağ sahələrinin nömrələrinə müvafiq hərflər əlavə edilmişdir. Sonradan bölünmüş, yaxud yeni nömrə əsasında digər bir vətəndaşa verilmiş həmin bağların sxematik xəritəsini tərtib etmək, yaxud mövcud sxematik xəritəni həmin vəziyyətə uyğunlaşdırmaq isə iddiaçının deyil, müvafiq səlahiyyətli dövlət orqanlarının məsuliyyətində olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsaslı sayıla bilməz. Cavabdeh elektron kadastr məlumatlarına əsasən təqdim olunan torpaq sahəsinə dair yerləşmə cizgisində qonşu sahələr göstərilmədiyindən cizginin həmin əraziyə aid olub olmadığını müəyyənləşdirməyin mümkün olmadığını bildirsə də, məhkəməyə təqdim edilən ortofoto xəritəsindən çıxarışdan görünür ki, iddiaçıya ayrılmış bağ sahəsinin qonşuluğunda yerləşən bağ sahələrinin nömrələri ona məxsus bağın nömrə ardıcıllığına uyğun gəlir. Belə ki, iddiaçıya məxsus bağ sahəsinin nömrəsi 1104e, onun qonşuluğunda yerləşən sahələr isə 1107g, 1107h, 1104f, 1105ğ saylı bağ sahələri olmuşdur. Digər tərədən, torpaq sahəsinə dair yerləşmə cizgisini iddiaçı deyil, torpaqayıran qurum tərtib etmiş, bu zaman cizgidə qonşu bağların nömrəsini göstərmək də həmin qurumun vəzifəsi olmuşdur. Hazırda X7 və istismarı birliyi fəaliyyət göstərmədiyindən iddiaçıya ayrılmış torpaq sahəsinin onun naturada göstərdiyi torpaq sahəsinə uyğun olmasını sübut etmək Birliyin sənədinin arxiv saxlayıcısı olan cavabdehin vəzifəsidir. Çünki Birliyin arxiv saxlayıcısı kimi bağ sahələrinə dair bütün sənədlər, o cümlədən onların yerləşməsinə dair cizgi sxemlər cavabdehə təhvil verilmişdir və mübahisəli ərazinin 1104e saylı bağın ərazisinə uyğun gəlmədiyi də məhz cavabdehin məhkəməyə təqdim edəcəyi sənədlər əsasında müəyyən edilə bilər, hansı ki, hazırda cavabdeh belə bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdeh mübahisəli torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyini bildirsə də, işdə olan xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, bağ sahəsi mərzlənməklə cavabdehə təqdim edilmiş, həmin torpaq sahəsinin ölçüsü 0,12 ha olmuş, cavabdeh torpaq sahəsinin koordinatlarını müəyyən etmiş, bağlar arasında keçid mövcud olmuşdur. xx.xx.2005-ci il tarixli bağın icarəyə verilməsinə dair müqavilədə səlahiyyətli şəxsin möhürünün olmamasına gəldikdə, məhkəmə qeyd edir ki, işdə olan Bakı Şəhər İcra Hakimiyyətinin protokol və sərəncamından çıxarış 1104e saylı bağ sahəsinin iddiaçıya ayrıldığını təsdiq edir, hansı ki, həmin sənədlər səlahiyyətli dövlət orqanlarında mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində isə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə hüququn qeydiyyata alınması üçün həmin torpaq sahəsinə dair verilən sənədlərdən icarə müqaviləsi, sərəncam və orderin hamsının birlikdə deyil, həmin sənədlərdən yalnız birinin təqdim edilməsi nəzərdə tutulmuş, iddiaçı da həmin sənədi təqdim etmişdir. Digər tərəfdən, iddiaçının təqdim etdiyi müqavilədə səlahiyyətli şəxsin həm imzası, həm də möhürü mövcud olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. Bakı şəhəri, Novxanı bağ massivində yerləşən 1200 kv.metr sahəsi olan 1104e saylı bağ sahəsinə dair (faktiki yerləşmə vəziyyətinə uyğun) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova