Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6831/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun bərpa edilməsi və vəsiqənin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun müharibə veteranı vəsiqəsinin bərpa edilməsi və axırıncı 3 ilin kompensasiyasının verilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin (bundan sonra cavahdeh) qəbul edilməsini, onun müharibə veteranı statusunun bərpa edilməsi və vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi iştirak etmişdir. Bu fakt onun hərbi biletində 7-ci səhifədə qeyd olunub və möhürlə təsdiqlənmişdir. Ona bunu təsdiq edən 042499 nömrəli, xx.xx.2000-ci il tarixli müharibə veteranı vəsiqəsi verilmişdir. Hal-hazırda vəsiqə ondan alınıb. Səbəb olaraq ona bildiriblər ki, məhkəmə onu fərari olaraq cəzalandırıb. Lakin, belə bir hal olmayıb. İddiaçı döyüşlərdə komandir olmuşdur və bunu tabeliyində olan əsgərlər də təsdiq edə bilərlər. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1. Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 1026 nömrəli arxiv məktubundan da göründüyü kimi iddiaçının xx.xx.1994-cü tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi qeyd olunsa da, onun sonrakı hərbi xidməti həmçinin qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, ona əvvəllər müharibə veteranı statusu və vəsiqəsi verilmişdir. Lakin, sonradan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlər Xidmətinin yerli idarəsinə çağırılaraq onun veteranlıq vəsiqəsi ondan alınmışdır. Buna səbəb kimi vəsiqədə qeyd aparılacağı bildirilmişdir. Bundan sonra isə vəsiqə ona qaytarılmamışdır. Vəsiqəni tələb etdikdə isə onun müharibə veteranı statusundan məhrum edildiyi bildirilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus ГЗ seriyalı, 044649 nömrəli hərbi biletdə aparılmış qeyddən görünür ki, iddiaçı 16 yanvar 1994-cü il tarixdən 19 may 1994-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarına iddiaçıya verilmiş M/V seriyalı, 042499 nömrəli müharibə veteranı vəsiqəsinin kserosurəti əlavə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 2026 saylı məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 11 №-li əmrində (əsas: səh-10, sıra-1, əmrdə atasının adı “Əliislam”, hərbi rütbəsi “kiçik leytenant” yazılmışdır, vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) Binəqədi RHK-dan həqiqi hərbi xidmət keçmək üçün N №-li hərbi hissəyə göndərilmiş və bütün növ təminatlara qoyulmuş hərbi vəzifəlilərin siyahısında, kiçik leytenant İddiaçı Əliislam oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin fevral-may 1994cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin, zabit və gizir heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının şəxsi işindəki müvafiq məlumatlar təqdim edilmişdir. Həmin sənədlər arasında olan Lənkəran qarnizonu hərbi prokurorunun “Amnistiya aktına əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında” 28 noyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, ehtiyatda olan leytenant İddiaçı Əliislam oğlu xx.xx.1994-cü il tarixdə Binəqədi rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə çağrılıb N saylı hərbi hissəyə göndərilmiş, N saylı hərbi hissənin şəxsi heyəti tərkibinə daxil edilmiş, N saylı saylı hərbi hissənin şəxsi heyəti tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, ailə vəziyyəti ilə əlaqədar olaraq 1995-ci ilin may ayının əvvəllərində hərbi hissəni tərk edib getmiş və bir daha xidmət yerinə qayıtmamışdır. Leytenant İddiaçı əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243-cü maddəsinin tərkibi vardır. Lakin o, hərbi prokurorluğa ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə, Sovet Ordusu sıralarında iki il xidmət etməsinə, habelə hazırda 42 yaşının olmasına görə haqqında amnistiya barədə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli qərarının tətbiq olunmasını xahiş etmişdir. Toplanmış materiallardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş,1979-cu illərdə keçmiş Sovet Ordusu sıralarında iki il xidmət etmiş, 1958-ci ildə anadan olmuş və hazırda 42 yaşı vardır. Buna görə də onun amnistiya haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli qərarının təsiri altına düşür. Göstərilənlərə əsasən, hərbi cinayət törətmiş şəxslər barəsində Dövlət Müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli qərarının 1-ci bölməsinin 1ci maddəsinin 1.1, 1.6 və 1.7-ci bəndlərinə əsasən N saylı hərbi hissənin hərbi qulluqçusu, leytenant İddiaçı Əliislam oğlu haqqında cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli, 2/2-591 saylı imtina məktubunda bildirilmişdir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü tarixli, 11 nömrəli əmri ilə şəxsi heyət siyahısına bütün növ təminatlara daxil edilmişdir. Lakin, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi xidməti barədə məlumat olmadığı üçün “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi mümkün deyil. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində onun müharibə veteranı statusunun bərpa edilməsi və vəsiqənin verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnamənin qeyd edilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə və həmin tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Eyni zamanda qeyd edilən əsasnamənin 1-ci bəndinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda inayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Göründüyü kimi CPM-də cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi halları müəyyən edilmişdir ki, Məcəllənin 39.1.12-ci maddəsi (amnistya aktına əsasən cinayət işinin icraatına xitam verilməsi) həmin hallara aid edilməmişdir. Yəni, iddiaçının barəsində hərbi xidmət əleyhinə cinayət törətməyə görə başlanmış cinayət təqibnə bəraətverici əsas olmadan xitam verilmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hərbi biletində onun 16 yanvar 1994-cü il tarixdən 19 may 1994-cü il tarixədək hərbi xidmətdə olduğu qeyd olunsa da, N №-li hərbi hissə komandirinin fevral-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin, zabit və gizir heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı statusunun bərpa edilməsi və vəsiqənin verilməsi" tələbinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı statusunun bərpa edilməsi və vəsiqənin verilməsi" barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6831/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6831/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver