Məhkəmə qərarları › İş №2-1(112)-6835/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6835/2020

13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6835/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, o (iddiaçı) xx xxxxxx 2008-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətində mühafizəçi vəzifəsində fəaliyyətə başlamışdır. Fəaliyyəti dövründə nizam-intizama riayət etməklə daxili heyətdə qüsursuz xidmət keçmiş, rəhbərlik tərəfindən heç bir töhmət almamışdır. Məlum olmayan səbəblərdən xidmət dövründə sağ gözündən xəsarət almış, sol gözündən isə qlaukoma diaqnozu qoyulmaqla əməliyyat olunmuşdur. Əməliyyatdan sonra Penitensiar xidmətin xx xxxxxx 2020-ci il tarixli 66/k saylı əmri ilə xdmətdən «Ədliyyə orqanlarında xidmət keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 40.1.5-ci maddəsinə uyğun olaraq xəstəliklə əlaqədar vəzifənin yerinə yetirilməsi qeyri-mümkün hesab edilərək həkim komissiyasının rəyi əsas götürülməklə həmin tarixdən tutduğu vəzifədən azad olunmuşdur. Bundan sonra o, qanunvericiliyə müvafiq olaraq rəsmi şəkildə ona sığorta məbləğinin verilməsi üçün hazırkı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxx 2020-ci il tarixli məktubla ona bildirmişdir ki, «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasınınm x xxxxxxx 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən sığortalı məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidməti vəzifələrin icrası ilə bağlı həlak olması (vəfat etməsi), zədələnməsi, yaralanması, xəsarət alması sığorta hadisəsi hesab edilir. Həmçinin bildirilir ki, guya o, xəstəliklə əlaqədar ədliyyə orqanlarından xidməıtdən azad edilmişdir. Hansı ki, Hərbi Həkim Komissiasının xx xxxxxx 2020-ci il tarixli 29 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən o, xidmət dövründə xəsarət almış hesab olunur. Cavabdehin hərəkətləri qanunsuz və ədalətsiz hesab olunur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə, «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə, İPM-in 14.3, 33, 45, 46, 68.2-ci maddələrinə əsaslanaraq, imtinası qanunsuz hesab edilərək ona (iddiaçıya) sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. Cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkəti iddia ilə bağlı məhkəməyə vəsatət ünvanlamışdır. Vəsatətdə AR Mülki Prosessual Məcəlləsinin 25.1, 31.1, 35.1, 35.2-ci maddələrinə əsaslanaraq, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüy məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiı etdi və hesab etdi ki, işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. AR Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçının hazırkı iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Çünki, hazırkı mübahisə publik deyil, mülki xarakterlidir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə cavabdehin vəsatətinə münasibətdə vurğulayır ki, vəsatət mahiyyətcə iddianın inzibati məhkəmə baxılmasının mümkünsüzlüyü barədədir, lakin cavabdeh tərəf “məhkəmə aidiyyətinin müəyyən edilməsi” məqsədilə işin ümumi məhkəməyə göndərilməsini istəyir ki, bu da İPM-də nəzərdə tutulmur və inzibati məhkəmə icraatının prinsiplərinə ziddir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar