Məhkəmə qərarları › İş №2-1(112)-6835/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6835/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6835/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Maştağa bağlar sahəsində, 0,1136 ha ərazisi olan 269/11 № li bağ sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli 1/16 saylı qərarına əsasən X3 və İstismarı Birliyinin 50 № BTK tərəfindən Sabunçu rayonu, Maştağa bağlar sahəsində, 0,12 ha ərazisi olan 269/11 saylı bağ 20 № li order əsasında iddiaçının xx.xx.1999-cu il tarixdə vəfat etmiş atası, X1 adına ayrılmışdır. Qeyd edilən bağ hal-hazırda mübahisəsiz olaraq iddiaçının istifadəsindədir. iddiaçı xx.xx.1999cu il tarixdə vəfat etmiş həmin bağ sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsi barədə xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, məktubu ilə mahiyyəyt üzrə cavab verməmiş, mülkiyyət hüquqnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsindən imtina etmişdir. Cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən naturada yerləşməsinin düzgünlüyünü müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin iddiaçı tərəfindən göstərilən hissədə sxematik xəritəyə əsasən bağ nömrəsi qeyd edilməmişdir. Bundan başqa, torpaq sahəsi sənəd üzrə 0,12 ha qeyd edilsə də, faktiki sahə 0,1136 ha təşkil edir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin X3 və istismarı birliyi tərəfindən verilmiş 50 nömrəli orderə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarına əsasən X2 Maştağa bağlar sahəsində, 0,1136 ha ərazisi olan 269/11 № li bağ sahəsi ayrılmışdır. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 1/16 saylı qərarının arxiv çıxarışından görünür ki, X2 Maştağa bağlar sahəsində, 0,1136 ha ərazisi olan 269/11 № li bağ sahəsi ayrılmışdır. ünvan ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubunda xx.xx.1999-cu ildə vəfat etmiş X1 adına olan Maştağa bağlar sahəsində, 0,1136 ha ərazisi olan 269/11 № li bağ sahəsinə dair çıxarışın onun vərəsəi olan iddiaçıya verilməsi xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(0085)-4742/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı qərarının və X3 və İstismarı Birliyinin 50 № BTK-nın 20 nömrəli orderinin X2 məxsus olması faktı müəyyən edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilmişdir ki, bağ sahəsinin sərhədləri şimal tərəfdən bir hissəsi 4-5 sıra mişar daşı ilə hörülüb, digər hissəsi isə şərtidir. Qərb, şərq və cənub hissələri isə hasarlanmışdır. Bağ sahəsində həyət tikilisi və hovuz var. Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmadı. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, 269/11 saylı bağ sahəsi kimi göstərilən torpaq sahəsi sənəd üzrə 0,12 hektar olsa da, faktiki olaraq 0,1136 hektar təşkil edir. bağ sahəsinin sərhədləri şimal tərəfdən bir hissəsi 4-5 sıra mişar daşı ilə hörülüb, digər hissəsi isə şərtidir. Qərb, şərq və cənub hissələri isə hasarlanmışdır. Torpaq sahəsində köməkçi tikililər mövcuddur. Torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən əks olunmadığından yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmadı. Bundan əlavə göstərilən hissədə sxematik xəritəyə əsasən bağ nömrəsi qeyd edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində X3 və İstismarı Birliyinin orderinə əsasən ona ayrılmış Maştağa bağlar sahəsində, 0,1136 ha ərazisi olan 269/11 № li bağ sahəsinin mərhum atası, X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin X3 və istismarı birliyi tərəfindən verilmiş 50 nömrəli orderə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı nəzərə alınmaqla X2 Maştağa bağlar sahəsində, 0,1136 ha ərazisi olan 269/11 № li bağ sahəsi ayrılmışdır. X4 xx.xx.1999-cu il tarixində vəfat etmiş, onun vərəsəsi olan iddiaçı bağ sahəsinin ölən şəxsə məxsusluğu barədə aryışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Həm imtinanın, həm də etirazın əsası kimi qeyd edilmişdir ki, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən naturada yerləşməsinin düzgünlüyünü müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq, iş üzrə obyektiv həqiqətə nail olmaq üçün mütəxəssis rəyini verilməsi ilə bağlı cavabdeh müraciət etmişdir. Cavabdehin mütəxəssis rəyində göstərilmişdir ki, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən əks olunmadığından yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmadı. Bundan əlavə göstərilən hissədə sxematik xəritəyə əsasən bağ nömrəsi qeyd edilməmişdir. Göründüyü kimi iddiaçının istifadəsində olan torpaq sahəsi hər hansı digər torpaq sahəsi ilə üst-üstə düşmür və digər şəxsə məxsus torpaq sahəsi zəbt edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin torpaq sahəsinin X2 ayrılmış sahəyə uyğun olub-olmamasının müəyyən edilməsinin cavabdeh tərəfindən mümkün olmaması iddiaçının təqsiri deyil və hal iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər-hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Maştağa bağlar sahəsində yerləşən, 0,1136 hektar ərazisi olan 269/11 № li bağ sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın İddiaçın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar