Məhkəmə qərarları › İş №2-1(112)-6838/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6838/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6838/2021 19.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X4 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğunlaşdıraraq, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarış və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin yanında keçmiş “ X2 və İstismarı Birliyi” ilə iddiaçı arasında bağlanmış 11 avqust 2003-ci il tarixli “Bağın istifadəyə verilməsi haqqında” 31780 saylı müqavilə üzrə uzun müddət iddiaçının ailəsinin istifadsinə verilmiş və faktiki istifadəsində olan Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən, ümumi sahəsi 0.12 ha olan 6136 saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb, adına daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti Yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyətinin yanında keçmiş “X2 və İstismarı Birliyi” ilə iddiaçı arasında bağlanmış 11 avqust 2003-ci il tarixli “Bağın istifadəyə verilməsi haqqında” 31780 saylı müqaviləyə əsasən istifadəsinə verilmiş və faktiki istifadəsində olan Sabunçu rayonu, Ləhiş bağ massivindəyerləşən, ümumi sahəsi 0,12 ha olan 6136 saylı bağ sahəsinin yerləşmə ərazisini Ləhiş massivinə aid sxematik xəritəyə uyğunlaşdıraraq həmin bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, adına daşınmaz əmlakın dövlət reyestrindən çixarışın və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6838/2020 saylı, 19 oktyabr 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin yanında keçmiş “ X2 və İstismarı Birliyi” ilə iddiaçı arasında bağlanmış 11 avqust 2003-ci il tarixli “Bağın istifadəyə verilməsi haqqında” 31780 saylı müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən və ümumi sahəsi 0.12 ha-dan ibarət, 6136 saylı bağ sahəsi iddiaçının ailəsinin istifadəsinə verilmişdir. Elə həmin vaxtdan da bağ sahəsinin ətrafı iddiaçı tərəfindən daş hasara alınaraq, təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirilmişdir ki, hal-hazıra qədər həmin bağ sahəsi iddiaçının ailəsinin istirahət məkanı kimi daimi olaraq istifadələrindədir. İstifadəyə verilmiş 6136 saylı bağ sahəsi üzərində öz mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar iddiaçı rəsmi qaydada DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, həmin idarənin xx.xx.2021-ci il tarixli, **********71 saylı məktubu ilə "Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsi ilə bağların sxematik xəritəsi arasında uyğunsuzluğun olduğu aşkar edildiyi, göstərilən ərazidə sxematik xəritəyə əsasən 6136 saylı bağ sahəsi aşkar edilmədiyi, "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2188 saylı Sərəncamına uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təhvil verilmiş arxiv sənədlərində 6136 saylı bağ sahəsi göstərilmədiyindən, faktiki faktiki istifadədə olan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması istiqamətində tədbirlərin həyata keçirilməsi ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığı qeyd olunaraq müraciətin təmin olunmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciətinə edilmiş imtina əsassız və qanunsuzdur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6838/2021 saylı sərəncamının icrası ilə əlaqədar bildirilir ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin yanında keçmiş “X2 və İstismarı Birliyi” ilə arasında bağlanmış 11 avqust 2003-cü il tarixli “Bağın istifadəyə verilməsi haqqında” 31780 saylı müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən yerləşən, ümumi sahəsi 0,12 ha olan, 6136 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb, adına daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması ilə bağlı iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 6136 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən ərazi qeydiyyatdan keçmiş qonşu bağ nömrələri ilə uyğusuzluq təşkil edir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. “Yerli İcra Hakimiyyəti orqanları nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə”Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə Yerli İcra Hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcrab Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək,onların yalnnız arxivlərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünü) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti “X2 və İstismarı Birliyi” ilə İddiaçı arasında bağlanmış “Ləhiş ərazisindəki 6136 nömrəli bağın istifadəyə verilməsi haqqında” 11 avqust 2003-cü il tarixli 31780 saylı müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan 6136 saylı bağ sahəsi müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə İddiaçı istifadəsinə verilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya verilmiş 26 aprel 2021-ci il tarixli, **********71 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 6136 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, araşdırma zamanı bağ sahəsi ilə bağların sxematik xəritəsi arasında uyğunsuzluğun olduğu, göstərilən ərazidə sxematik xəritəyə əsasən 6136 nömrəli bağ sahəsi aşkar edilmədiyi, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təhvil verilmiş arxiv sənədlərində 6136 nömrəli bağ sahəsi göstərilmədiyindən, faktiki istifadədə olan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması istiqamətində tədbirlərin həyata keçirilməsi ərazi idarəsinin səlahiyyətlərinin daxilində olmadığı bildirilmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti “X2 və İstismarı Birliyi” ilə İddiaçı arasında bağlanmış “Ləhiş ərazisindəki 6136 nömrəli bağın istifadəyə verilməsi haqqında” 11 avqust 2003-cü il tarixli 31780 saylı müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan 6136 saylı bağ sahəsi müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə İddiaçı istifadəsinə verilmişdir. İddiaçı ona ayrılmış bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, lakin cavabdeh tərəfindən bağ sahəsi ilə bağların sxematik xəritəsi arasında uyğunsuzluğun olduğu, göstərilən ərazidə sxematik xəritəyə əsasən 6136 nömrəli bağ sahəsi aşkar edilmədiyi, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təhvil verilmiş arxiv sənədlərində 6136 nömrəli bağ sahəsi göstərilmədiyindən, faktiki istifadədə olan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması istiqamətində tədbirlərin həyata keçirilməsi ərazi idarəsinin səlahiyyətlərinin daxilində olmadığı əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə zərurət yarandığından Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 11 avqust 2003-cü il tarixli 31780 saylı bağın istifadəyə verilməsi haqqında müqavilənin, 6130-6140 nömrəli bağ sahələrinin göstərildiyi sxematik xəritədən çıxarışın təsdiq edilmiş surəti sorğu əsasında cavabdehdən tələb edilmişdir. Sorğuya cavab olaraq 11 avqust 2003-cü il tarixli, 31780 saylı müqavilənin təsdiq edilmiş surəti və sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilmişdr. Məhkəmə araşdırması zamanı həmçinin cavabdeh tərəfindən təqdim olunan etirazda qeyd olunan bağ sahəsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi arasında uyğunsuzluğun mövcud olduğu, göstərilən ərazinin qeydiyyatdan keçmiş qonşu bağ nömrələri iə uyğunsuzluq təşkil etməsi barədə olan mülahizəsinin araşdırılması məqsədilə qeyd olunan uyğunsuzluğun nədən ibarət olması, o cümlədən faktiki sahənin hansı sahə ilə uyğunluq təşkil etməsi, qeyd olunan sahənin kimin adına qeydiyatdan keçməsi barədə məlumatın təqdim edilməsi barədə sorğu cavabdehdən tələb edilmişdir. Sorğuya cavab olaraq xx.xx.2021-ci il tarixli məktub əsasında bidirilmişdir ki, göstərilən bağ sahəsinin üçtərəfli mişar daşı ilə hasarlandığı, bir tərəfinə isə mişar daşının düzülərək sərhədləndiyi, bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluğun mövcud olduğu, qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmədiyi qeyd edlmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.1-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - 8.0.9. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İşin hallarından göründüyü kimi, iddiaçı torpaq üzərində hüququnun yaranmasının əsası kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti “X2 və İstismarı Birliyi” ilə İddiaçı arasında bağlanmış “Ləhiş ərazisindəki 6136 nömrəli bağın istifadəyə verilməsi haqqında” 11 avqust 2003-cü il tarixli 31780 saylı müqavilənin mövcudluğuna istinad etmişdir. Həmin dövrə münasibətdə icra hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması qaydası qanunvericiliyin aşağıdakı müddəalarında əks olunmuşdur. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpalara da şamil edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, icra hakimiyyəti orqanı tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsaslardan biri sayılır ki, bu əsas vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tənzimləyən Qanunun 8.0-ci maddəsi ilə səciyyələnmişdir. Qeyd olunanlarla bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi baxımından bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. Məhkəmə imtinada və etirazda qeyd olunan halların araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 11 avqust 2003-cü il tarixli 31780 saylı müqavilə əsasında iddiaçının istifadəsinə ayrılmış 6136 saylı bağ sahəsinə tərəflərin iştirakı ilə yerli baxış keçirmiş və sözügedən bağ sahəsinin üçtərəfli mişar daşı ilə hasarlandığı, digər tərəfinin isə başqa sahələrdən mişar daşı düzülməklə sərhədlərinin ayrıldığı və faktiki olaraq naturada hər hansı qonşu bağ sahəsi ilə yerləşməsində uyğunsuzluğun olmadığı aşkar edilmişdir. İddiaçının istinad etdiyi sənəd bağ sahəsinə xx.xx.2003-cü il tarixli, 31780 nömrəli Ləhiş ərazisindəki 6136 nömrəli bağın istifadəsinə verilməsinə dair müqaviləsidir, hansı ki hüquqmüəyyənedici sənəd kimi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin həm imtina məktubunda, həm də etiraz məktubunda mübahisələndirdiyi hal bağ sahəsinin nömrəsi və sxematik xəritə ilə bağlı uyğunsuzluqdur. Buna dair məhkəmə qeyd edir ki, cavabdehin imtinada göstərdiyi əsaslar formal mülahizələrə söykənir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Qeyd edilən bağ sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh bağ sahəsinin faktiki yerləşməsi ilə elektron baza məlumatları arasında uyğunsuzluğun olmasını kimi arqumentlərə istinad etməklə əslində texniki səbəblərdən qaynaqlanan əsaslarla iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Göründüyü kimi, sözügedən bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydaları əsasında müəyyən etmək cavabdehin birbaşa vəzifəsidir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 11 avqust 2003-cü il tarixli 31780 saylı müqavilə əsasında iddiaçının istifadəsinə ayrılmış 6136 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Həmin müqavilənin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, müqavilə sübut kimi mötəbər qiymətləndirilir və iddiaçı həmin bağ sahəsinin qanuni istifadəçisidir. Göstərilənlər nəzərə alınmaqla, habelə hazırkı İddiaçı həmin bağ sahəsinin qanuni istifadəçisi kimi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən sözügedən bağ sahəsinə mülkiyyət hüququ əldə etdiyindən, məhkəmə sonda belə qənaətə gəlir ki, cavabdehin hərəkətləri qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin yanında keçmiş “X2 və İstismarı Birliyi” ilə İddiaçı arasında bağlanmış 11 avqust 2003-ci il tarixli “Bağın istifadəyə verilməsi haqqında” 31780 saylı müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş və faktiki istifadəsində olan Sabunçu rayonu, Ləhiş bağ massivindəyerləşən, ümumi sahəsi 0,12 ha olan 6136 saylı bağ sahəsinin yerləşmə ərazisini Ləhiş massivinə aid sxematik xəritəyə uyğunlaşdırılaraq, həmin bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, adına daşınmaz əmlakın dövlət reyestrindən çixarışın və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar