Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6838/2022 07.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “tikilinin sökülməsinin qanunsuz hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi faktının qanunsuz hesab edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 1938-ci il təvəllüdlü İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Həmin evdə ancaq özü yaşamaqla qeydiyyatdadır. Bakı şəhər İcra Başçısı tərəfindən həmin evin sökülməsinə sərəncam verilmiş, həmin məsələ icra hakimiyyətinin mənzil komissiyasına həvalə edilmişdir. Lakin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ədalətli kompensasiya ödənilmir. İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, sökülən evin yerində ona mənzil verilməyəcək, müqabilində ona 2200 manat kompensasiya təklif edilir. Bununla əlaqədar o, İcra Hakimiyyətindən kompensasiya tələb etmişdir, belə ki, ona məxsus mənzil birinci mərtəbədə yerləşməklə kommersiya mağazası kimi istifadə olunurdu. Bu səbəbdən icra hakimiyyəti tərəfindən təklif olunan kompensasiya ədalətli deyil. Hesab edir ki, tərəflər arasına ədalətli kompensasiya ödənilməsi ilə bağlı saziş bağlana bilər, o isə bunun müqabilində mənzili boşaltmağa hazırdır. İddiaçı bildirir ki, evlə qırılmaz bağlılığı var. xx.xx.2022-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti, eləcə də Nəsimi rayon mənzil istismar sahəsinin nümayəndələri tərəfindən ona məxsus mənzili kompensasiya ödəmədən sökməyə başlayıblar.
3. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən nömrəsiz mənzil İddiaçı xüsusi mülkiyyətindədir.
4. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Bununla əlaqədar iddia tələbinin zərərin əvəzinin ödənilməsi kimi dəqiqləşdirməklə həmin tələblə bağlı inzibati orqana müraciət barədə məhkəməyə məlumat vermək təklif olunmuş, bununla bağlı müddət təyin edilmiş, lakin qeyd edilən müddətdə iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilməmişdir.
II. İddianın mümkünlüyü
5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
8. İPM-in 36.4-cü maddəsinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.
9. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağına uyğun olan iddia kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.
10. Məhkəmə hesab edir ki, iddiaçının məqsədi qeyd edilən mənzilə görə kompensasiya almaq olduğundan bu məqsədə kompensasiya ödənilməsi barədə iddia qaldırmaqla daha sadə yolla nail ola bilər.
11. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
13. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva