Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-684/2025 25.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 2 nömrəli evin məhkəmə tərəfindən ona ayrılmış 38.27 kv.m hissəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasını və bu barədə çıxarışın verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı X5 və X6 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə məhkəməyə müraciət etmişdir. İddia tələbi təmin edilməklə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilin 13/28 hissəsi-56,87 kv.m hissəsindən 18.6 kv.m kənara çıxarılmaqla, yəni 38.27 kv.m hissəsi naturada ayrılması barədə 2(008)-182/2023 nömrəli xx.xx.2023-cü il tarixində Sabunçu Rayon Məhkəməsi tərəfindən qiyabi qətnamə qəbul edilmişdir. Qiyabi qətnamə qanuni qüvvəsini almışdır. ünvan 2 nömrəli evin məhkəmə tərəfindən ona ayrılmış 38.27 kv.m hissəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasını və bu barədə çıxarışın verilməsini cavabdehdən xahiş edilmişdir. Lakin cavabdeh onun müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** saylı ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il, **********46 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-182/2023 saylı qətnaməsi İdarəyə rəsmi qaydada daxil olmamış və müvafiq qətnamə ilə İdarə üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5173/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 2 nömrəli evin məhkəmə tərəfindən iddiaçıya ayrılmış 38,27 kv.m hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” formasında icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5173/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilməsi qərara alınmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin 13/28 hissəsi İddiaçı, 13/28 hissəsi X3 adına qeydiyyata alınmış, 2/28 hissəsi isə X4 adındadır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-182/2023 nömrəli qiyabi qətnaməsi ilə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin 13/28 hissəsi - 56.87 kv.m hissəsindən 18.6 kv.m kənara çıxılmaqla, yəni 38.27 kv.m hissəsi naturada ayrılması; iş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh X2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-182/2023 nömrəli qiyabi qətnaməsinin icrası ilə əlaqədar verilmiş icra vərəqəsindən və icra mərhələsində tərtib olunmuş aktdan görünür ki, icra sənədinin icrası mərhələsində mübahisə predmetini təşkil edən əmlaka baxış keçirilmiş və qeyd edilən mənzilin 13/28 hissəsi – 56,87 kv.m hissəsindən çıxılmaqla 18,6 kv.m kənara çıxılmaqla, yəni 38,27 kv.m hissəsi naturada ayrılmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, ərizəyə əlavə olunmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-182/2023 saylı qətnaməsi İdarəyə rəsmi qaydada daxil olmamış və müvafiq qətnamə ilə İdarə üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına və ona əlavə edilmiş texniki pasporta əsasən müəyyən edilir ki, ərazidə ayrı-ayrılıqda yerləşən tikililər mövcuddur, mənzillər ayrıayrılıqda, hasarla ayrılmış vəziyyətdə yerləşir. Bir-birinə aidiyyəti yoxdur. Həmçinin aktda göstərilmişdir ki, bu səbəbdən mənzilin bölünməsi məqsədə uyğundur. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanununun 8.0.4-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Məhkəmə qeyd edir ki, paylı mülkiyyət mülki hüquq münasibətlərində xüsusi əhəmiyyət kəsb edən institutlardan biridir. Paylı mülkiyyətin mahiyyəti ondan ibarətdir ki, mülkiyyətçilər əmlaka ümumi hüquq sahibi olsalar da, hər biri yalnız öz payı həddində sərbəst şəkildə mülkiyyət hüquqlarını həyata keçirə bilər. Bu isə o deməkdir ki, mülkiyyət hüququ yalnız əmlakın konkret payına dair sərbəst şəkildə icra edilir, bütövlükdə əmlakın digər mülkiyyətçilərə məxsus hissəsinə müdaxilə etmək mümkün deyil. Paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması isə ya mülkiyyətçilərin qarşılıqlı razılığı, ya da məhkəmə qaydasında həyata keçirilir. Hazırkı mübahisə üzrə xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 1 saylı mənzil paylı mülkiyyət əsasında İddiaçı (13/28), X3 (13/28) və X4 (2/28) adına qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-182/2023 saylı qətnaməsi ilə mənzilin naturada bölünməsi təmin edilmiş, icra mərhələsində icra məmurunun iştirakı ilə mənzilin 13/28 hissəsindən 18,6 kv.m çıxılmaqla 38,27 kv.m hissəsi iddiaçının istifadəsinə ayrılmışdır. İddiaçı hazırda ona məxsus olan 38,27 kv.m sahənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir. Lakin cavabdeh Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsində onun üzərinə hər hansı öhdəlik qoyulmadığını əsas gətirərək qeydiyyatdan imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu imtinası əsassızdır. Çünki iddiaçının mülkiyyət hüquqları artıq dövlət qeydiyyatına alınmışdır. Sadəcə olaraq, həmin hüquqlar paylı mülkiyyət çərçivəsində təsbit edilmiş, lakin məhkəmə qətnaməsi ilə əmlakın naturada bölgüsü həyata keçirilmişdir. Burada əsas məqam ondan ibarətdir ki, mübahisəli əmlakın fiziki bölünməsi və konkret sahələrin mülkiyyətçilərə ayrılması artıq hüquqi qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiqlənib və icrası təmin olunub. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, əmlakın naturada ayrılması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-182/2023 saylı qiyabi qətnaməsində cavabdehin üzərinə öhdəliyin qoyulması isə istisna olunur. Çünki bu qiyabi qətnamə ilə mülki iş üzrə məhkəmə əmlakın naturada bölgüsünü həyata keçirmişdir ki, cavabdehin üzərinə həmin əmlakın bölgüsünə dair hər hansı öhdəliyin qoyulması həmin işin predmeti olmamışdır. Bundan əlavə, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi preyudisial əhəmiyyət daşıyır. Hüquqi nəzəriyyədə preyudisiallıq anlayışı əvvəlki məhkəmə aktının hüquqi qüvvəyə minməsi ilə onun sonrakı işlər üçün məcburi xarakter daşımasını ifadə edir. Yəni, əgər qətnamə qüvvəyə minib və icra olunmuşdursa, həmin qətnamədə təsbit olunmuş hüquqi vəziyyətə dair yeni mübahisə qaldırmaq və ya icra orqanlarının bunu nəzərə almaması hüquqi baxımdan mümkün deyildir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə və inzibati praktikaya zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 2 nömrəli evin məhkəmə tərəfindən İddiaçı ayrılmış 38,27 kv.m hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8.
Məhkəmə qərarları › İş №2-1(112)-684/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-684/2025
25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver