Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6840/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon polis idarəsinə qarşı X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon polis idarəsinə qarşı X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 saylı evin 9 saylı mənzilindən X8 və onun azyaşlı övladı X1 qeydiyyatdan çıxarılmaları öhdəliyinin Bakı şəhər Nəsimi rayon polis idarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən, 9 saylı 3 otaqlı mənzilin keçmiş mülkiyyətçisi X4 alqı-satqı yolu ilə almışdır. xx xxxx 2011-ci il tarixdə Bakı şəhəri notariusu E.Q.Əliyev tərəfindən Dövlət Notariat kontorunda AN-İ № ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsi tərtib olunmuşdur. Sözügedən mənzili aldığı vaxtdan üçüncü şəxs orada qeydiyyatda, olsalar da, orada yaşamır və yaşayış sahəsində ona aid heç bir əmlak yoxdur. Həmçinin sonuncunun harada yaşaması barədə məlumat yoxdur. Üçüncü şəxs qeydiyyatdan çıxmadığı üçün mülkiyyətçi kimi mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Müqavilənin predmeti olan əmlaka olan sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Müqavilə notariat qaydasında təsdiq olunduqdan sonra satıcı və əmlakın keçmiş sahibi X9 qeydiyyatdan çıxmağı öhdəsinə götürmüş, lakin üçüncü şəxs hazırki vaxta kimi qeydiyyatdan çıxmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin və üçüncü şəxsin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı, cavabdeh və üçüncü şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, onlar müvafiq olaraq məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının, cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Sabirabad RPŞ tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1956-cı ildə doğulmuş İmanov X5 rayonu, Osmanlı kəndində qeydiyyatdadır. AN-İ seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri məh., 26, ev 38/68, mənzil 4-də yaşayan xx.xx.1967-ci ildə doğulmuş Sumqayıt ŞPİ QŞVB tərəfindən xx.xx.2003-cü ildə verilmiş AZE 00993332 №-li şəxsiyyət vəsiqəsinin sahibi X9 (“satıcı”) ilə Sabirabad rayonu Osmanlı kəndində yaşayan, xx.xx.1956-cı ildə doğulmuş, Sabirabad RPŞ tərəfindən xx.xx.2008-ci ildə verilmiş AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin sahibi İddiaçı (“alıcı”) arasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci ildə verilmiş 11/21550 №-li arayışa əsasən Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən, 56 saylı evin 9 nömrəli mənzilinin 3 yaşayış otağını “alıcı”nın mülkiyyətinə verilməsi barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri Mir Cəlal küçəsi, ev 56, mənzil 9-da yaşayan X11 Bakı şəhəri notariat kontoruna ərizə təqdim edərək X7 məxsus Bakı şəhəri Mir Cəlal küçəsində yerləşən 56 saylı evin 9 nömrəli mənzilinin satılmasına etiraz etmədiyini bildirmişdir. Notarial qaydada təsdiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2011-cı il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 161 nömrəli reyestr kitabının 16392 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Mənzilin mülkiyyətçisi İddiaçı verilmiş Azərbaycan Respublikasının DİN-nin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li xx.xx.2020-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən, 9 saylı mənzildə xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.1971-ci il təvəllüdlü X11 daimi qeydiyyatdadırlar. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2020-ci il tarixli 082-27855İ-3220 saylı məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmiş və göstərilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi,ev 56, mənzil 9-da qeydiyyatda olan şəxsin (şəxslərin) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Eyni zamanda ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmənin icraatında olmuş və sonradan iddiaçı tərəfindən iddiası geri götürülmüş (İddiaçı cavabdehlər X10 və X2 qarşı qeydiyyatdan çıxarılma tələbinə dar) 2- 1(112)-5225/2020 saylı iş üzrə məhkəmənin müvafiq sorğusuna (X11 və X1 mübahisəli ünvana qeydiyyata düşmələrinə əsas olan sənədlərin təqdim olunması barədə) cavab olaraq Bakı şəhəri, Nəsimi rayon polis idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 082-29641-1220 №li məktubda göstərilmişdir ki, qeyd olunmuş şəxslərin qeydiyyata düşməsi üçün əsasverici sənədlər “DİN-nin sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə” DİN-nin xx.xx.2015-ci il tarixli Q36-001-15 nömrəli qərara əsasən arxivdə saxlandıqdan sonra yandırılaraq məhv edilmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia, həmçinin əsaslıdır. İddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 2-ci maddəsinin 3-cü yarımbəndində göstərilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı X8 və xx.xx.2016-cı il təvəllüdlü X1 İddiaçı məxsus ünvan 4 ünvanında qeydiyyatda olmaları müəyyən olunsa da, onların həmin ünvana qanuni əsaslarla (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında) qeydiyyata alınmasına dair nə cavabdeh orqan, nə də ki üçüncü şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim ounmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). Göründüyü kimi, X11 və xx.xx.2016-cı il təvəllüdlü X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanuni əsas (qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı aşkar edildikdə) mövcuddur ki, cavabdeh sonuncuları qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərini pozmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs X11 və xx.xx.2016-cı il təvəllüdlü X1 İddiaçı məxsus ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon polis idarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6840/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6840/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver