Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6842/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı məktubun ləğv edilməsinə dair inzibati işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin Nəsimi rayon İcra Hakimiyyətinə ünvanladığı məktubun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qyoulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 99 ünvanında yerləşən, 46.9 kv.m qeyri-yaşayış sahəsi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 164 nömrəli, 28 oktyabr 2019-cu il tarixli sərəncamı ilə ona məxsusdur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 99 ünvanında yerləşən, 46.9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubu əsasında sökülərək əvvəlki vəziyyətinə qaytarılması barədə xəbərdarlıq edilmişdir. Sözügedən qeyri-yaşayış sahəsi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 117 nömrəli, 19.06.2014-cü il tarixli sərəncamı ilə 26.12.2018-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X1 adına sənədləşdirilmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə ünvanladığı məktub qeyri-qanunidir və heç bir əsası yoxdur. Uzun müddətdir ki, mövcud olmuş tikili 19.06.2014-cü ildə X1 adına rəsmiləşdirilmişdir. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə Bakı şəhər Memarlıq və Şəhəsalma Baş İdarəsi tərəfindən ünvanlanmış məktub heç bir əsası olmadan mülkiyyət və istifadə hüquqlarının pozulması mənasına gəlir. Belə ki, sözügedən qeyri-yaşayış sahəsindən o, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq həm vergi ödəyir, həm də, ailəsinin gündəlik tələbatını təmin edir. Hesab edir ki, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı şəhəri Nəsimi rayon icra Hakimiyyətinə ünvanladığı məktub qanunsuz olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə qarşı etiraz (münasibət) bildirilməsi üçün sərəncam göndərilmiş, həmin sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 99 ünvanında diametri 18 santimetr, hündürlüyü 8 metr olan sərv ağacının şüşə tikilidən azad olunması üçün sökülərək əvvəlki vəziyyətinə qaytarılması barədə 11.03.2021-ci il tarixli, 26/281 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilmişdir. Müəyyən edilmişdir ki, göstərilən ünvandakı binanın həyətində, ünvan 9şən və X2 istifadəsində olan daş qarajda müvafiq icazə sənədləri olmadan yenidənqurma işləri aparılaraq qarajın təyinatı dəyişdirilməklə həmin tikiliyə bitişik 12 m2 sahədə qeyri-qanuni artırma işlərinin aparılması nəticəsində 1 ədəd ağac həmin tikilinin daxilində qalmışdır. Bununla əlaqədar olaraq, qarajın məqsədli təyinatı dəyişdirilməklə qeyri-yaşayış sahəsinə keçirilməsi və mərhum X2 həyat yoldaşı İddiaçı adına sənədləşdirilməsi barədə Nəsimi Rayon İcra Hakimiyyətinin 28.10.2019-cu il tarixli 164 nömrəli sərəncamına yenidən baxılması, həmçinin sözügedən ərazidəki özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəl Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərindən irəli gələn zəruri tədbirlərin görülməsi üçün Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 03.10.2019-cu il tarixli 03/Bİ-521 nömrəli, 24.10.2019-cu il tarixli 03-Bİ/571 nömrəli, 13.12.2019-cu il tarixli 03/Bİ-709 nömrəli, 03.04.2021-ci il tarixli XO-02-04-2021-00776 nömrəli, həmçinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 06.10.2020-ci il tarixli 05/09-PA/A-66-4336 nömrəli məktublarla müraciət olunmuşdur. Məlum olduğu kimi, “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.08.2018-ci il tarixli 226 nömrəli Fərmanına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19.03.2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə”nin 1.1-ci yarımbəndinə əsasən Baş İdarə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. Azərbaycan Respublikası Prezidentinin 09.11.2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.16-cı yarımbəndinə əsasən respublika səviyyəsində şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılmasını təşkil etmək və bütövlükdə dövlət şəhərsalma kadastrı fondunu yaratmaq və aparmaq vəzifələrini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yerinə yetirir. Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəl Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarının 1.2-ci yarımbəndinə əsasən dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli səviyyədə yerli icra hakimiyyəti orqanları bu Qaydalara uyğun olaraq həyata keçirirlər. Tərəflərindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. İş üzrə hazırlıq iclası 13.10.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə hesab edir ki, işə iddiaçının iştirakı olmadan baxıla bilər. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırki iddia tələbində cavabdeh qismində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsini cavabdeh qismində qoyaraq, həmin inzibati orqan tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubun ləğvini tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 saylı qərarının 4.1-ci bəndinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 5.1-ci və 5.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İş materiallarına baxış keçirilən zaman, iddiaçı tərəfindən mübahisələndirilən, iddia tələbinin predmeti olan məktub iş materiallarında aşkar edilməmiş, bununla bağlı, iddiaçıya 2-1(112)-6842/2021 saylı, 06.07.2021-ci il tarixli hüquqi yardım məktubu göndərilərək, həmin xüsusatlar iddiaçının diqqətinə çatdırılmış və iddiaçıya, iddiasının mümkün sayılması üçün hansı inzibati aktın qəbul edilməsi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun müəyyən edilməsi məqsədilə, mübahisəli məktubun qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Lakin, iddiaçı tərəfindən həmin məktub məhkəməyə təqdim edilməmişdir. İddiaçıya sadalanan xüsusatların bir daha diqqətə çatdırılması məqsədilə məhkəmə iclası təyin edilərək, yenidən rəsmi qaydada məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq (iş materiallarında olan poçt xəbərnaməsinə əsasən) o, məhkəmə iclasında da, özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Göstərilən hallar isə, iddianın əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslarının mövcud olması, yəni iddiaçının qanunla qorunan hansı hüquqlarının pozulması halının baş verdiyini müəyyən etmək mümkün olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa ididaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Alki Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə prses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yuxarıda qeyd edildiyi kimi, həmin Qərarda qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı idida ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “Tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, fərz edilsə ki, iddiaçı tərəfindən cavabdehin iddia ərizəsinə qarşı etirazda göstərdiyi məktublardan (03.10.2019cu il tarixli 03/Bİ-521 nömrəli, 24.10.2019-cu il tarixli 03-Bİ/571 nömrəli, 13.12.2019-cu il tarixli 03/Bİ-709 nömrəli, 03.04.2021-ci il tarixli XO-02-04-2021-00776 nömrəli, 06.10.2020-ci il tarixli 05/09-PA/A-66-4336 nömrəli) hər-hansı biri mübahisələndirilir, onda mövcud iddia tələbinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində göstərilmiş (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddiaya -(mübahisələndirmə haqqında iddia)) aid edilməsi də, mümkün olmazdı, belə ki, sözügedən maddədən görünür ki, həmin maddə inzibati aktın mübahisləndirilməsi (ləğv olunması və ya dəyişdirilməsi) ilə şərtləndirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun)“inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasəninzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanmış yuxarıda qeyd edilən məktublar deyil, həmin məktublar əsasında Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aparılmış inzibati icraat üzrə qəbul edilmiş inzibati akt iddiaçıya münasibətdə hər hansı bir hüquqi nəticə yaradacağından, həmin məktublar mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6842/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6842/2021
13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver