Məhkəmə qərarları › İş №2-1(112)-6843/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6843/2021

01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6843/2021 01.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 23.04.2021-ci il tarixli, **********1 nömrəli imtinası əsassız sayılaraq, İddiaçı xüsusi şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının 57 yaşının tamam olduğu 02 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 03.10.1983-cü il tarixindən 25.12.2008-ci il tarixədək rabitə sahəsində çalışmışdır. Belə ki, 03.10.1983-cü il tarixdən 01.02.1993-cü il tarixədək 3 saylı X7 Qovşağının X10 böyük elektrik mexanik vəzifəsində işləmişdir. 01.02.1993-cü il tarixdə X11 Qovşağı yaradıldıqdan sonra köçürmə yolu ilə ora keçirilmiş və 01.01.1998-ci il tarixinə kimi 6 nömrəli X10 böyük elektrik mexanik, elektrik mexanik vəzifələrində işləmişdir. 01.01.1998-ci il tarixində MRRXQ-nin ləğvindən sonra köçürmə yolu ilə Teleradio İB-nin 6 nömrəli RR-na 8-ci dərəcəli elektrik mexanik vəzifəsinə işə qəbul edilmişdir. 01.02.1998-ci ildə Teleradio İB-nin tərkibində yaradılmış Cənub X1 Kürdəmir stansiyasında 6 nömrəli RRS-ə köçürmə yolu ilə keçirilmiş və orada 01.11.2000ci il tarixə kimi 8-ci dərəcəli elektrik mexanik vəzifəsində işləmişdir. 01.11.2000-ci ildə həmin Mərkəzin ləğvindən sonra Teleradio İB-nin X8 Yayım müəssisəsinin Kürdəmir RRX və RTS-nda 5-ci, 4-cü, 3-cü dərəcəli elektrik montyor vəzifələrində fəaliyyətini davam etdirmişdir. 25.11.2008-ci il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. Sonradan 01.12.2008-ci il tarixdən, 25.12.2008-ci il tarixədək Bakı Teleqüllə müəssisəsinin (sonradan Bakı Radio- X9) Kürdəmir RRS-nda 3-cü dərəcəli elektrik montyor vəzifəsində çalışmışdır. Beləliklə, 03.10.1983-cü il tarixdən 25.12.2008-ci tarixinədək X14 Tezlikli şüalanma mənbələri olan istehsalat sahələrində işlə daim məşğul olmuşdur. Buna görə iddiaçı, bütün işlədiyi dövr ərzində 8% zərərli işə görə əlavə əmək haqqı almış və əmək məzuniyyətinə 6 gün əlavə edilmişdir. İddiaçının yuxarıda sadalanan vəzifələrdə işləməyi Teleradio İB Bakı X2 04 nömrəli, 25.10.2019-cu il tarixli məktubu ilə də təsdiq edilir. Yuxarıda göstərilən işlərdə işlədiyinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23.01.2007-ci il tarixli qərarının “Ümumi peşələr” bölməsinə əsasən güzəştli pensiyaya çıxmaq hüququ olduğundan, iddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün müraciət etmişdir. Lakin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 23.04.2021 -ci il tarixli, **********1 nömrəli imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir. İmtinanın əsası kimi, idarə tərəfindən iddiaçının pensiya kapitalının sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləğinin pensiya təyinatına imkan verməməsi göstərilmişdir. İdarənin imtinası əsassızdır. Belə ki, İdarə tərəfindən pensiya kapitalı hesablanarkən düzgün hesablanmamışdır. Əmək pensiyası kapitalının yığımına 01.01.2006-cı ildən başlanmışdır. Həmin dövrdə iddiaçının əmək haqqısı az olduğundan, DSMF ödənişləri az olmuşdur. Xüsusi Şərtlərlə Təyinat İdarəsi onun ümumi işlədiyi dövr üçün pensiya kapitalını hesablayarkən 2006-ci ildən iddaçının işdən çıxdığı 2008-ci ilədək olan dövr üzrə mövcud olan əmək haqqından ödənilmiş ödənişləri əsas götürmüşdür. Halbuki, 1983-cü ildən 2006-cı ilədək iddiaçının əmək haqqı kifayət qədər yüksək olmuş və əgər İdarə həmin dövrün əmək haqqını əsas götürmüş olsaydı, bu zaman onun pensiya kapitalı hal-hazırda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verəcəkdi. Cavabdehin 23.04.2021-ci il tarixli, **********1 nömrəli imtinası əsassız sayılmalı və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması öhdəliyi İdarənin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilmişdir ki, iddiaçı iddia edir ki, 01 yanvar 2006-cı il tarixinədək 25 ildən artıq ümumi, 12 il 6 aydan çox güzəştli iş stajı toplamışdır. Ona görə də, “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddələrinə əsasən, ona 57 yaşdan, yəni 02.04.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməldir. Mərkəzi Filialın 23.04.2021-ci il tarixli, **********1 nömrəli imtina məktubu onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 40.800 manat təşkil edir, lakin iddiaçının fərdi hesabının sığorta hissəsində, cəmi 28.390,79 manat qeydə alınmışdır. Filialın imtinası ƏPQ-nin 9.1-ci maddəsinə əsaslanmaqla qanunidir. Həmin maddəyə görə, “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır”. Göründüyü kimi, ƏPQnin 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. ƏPQ-nin 1.0.8-ci maddəsinə görə, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. ƏPQ-nin 1.0.10-cu maddəsinə görə, pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Odur ki, İddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan hər 3 şərt reallaşmadığından onun tələbi əsaslı deyildir. Filialın imtinası həm də ƏPQ-nin 6.2, 6.3 və 45-ci maddələrinin tələblərinə uyğundur. ƏPQ-nin tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11- ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. İddiaçı ona pensiya təyin edilməsini tələb etdiyi tarixdə (2018-ci ilin aprelində) kişilər üçün pensiya yaşı 63 il 6 ay olmuşdur. Dolayısı ilə, iddiaçı baxımından gözlənilən pensiya ödənişi müddəti daha 6 il 6 ay (78 ay) artırılır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçıya məxsus AZE 0******* saylı şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Azərbaycan Respublikasının Kürdəmir rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23.04.2021-ci il tarixli **********1 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 20 aprel 2021-ci il və 22 aprel 2021-ci il tarixlərində daxil olmuş müraciətlərinizə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28390,79 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İB-nin Bakı X2 04 saylı 25.10.2019-cu il tarixli arayışından görünür ki, iddiaçı 03.10.1983-cü il tarixindən 25.12.2008-ci il tarixinədək rabitə sahəsində çalışmışdır. 03.10.1983-cü il tarixindən 01.02.1993-cü il tarixinə kimi 3 saylı X7 Qovşağının X10 b.el.mexanik vəzifəsində işləmişdir. 01.02.1993-cü ildə X13 Xətləri Qovşağı yaradıldıqdan sonra köçürmə yolu ilə ora keçirilmiş və 01.01.1998-ci il tarixinə kimi 6 nömrəli X10 b.el.mexanik, el.mexanik vəzifələrində çalışmışdır. 01.01.1998-ci il tarixində MRRXQ-nın ləğvindən sonra köçürmə yolu ilə Teleradio İB-nin 6 nömrəli RR-na 8-ci dərəcəli el.mexanik vəzifəsinə işə qəbul edilmişdir. 01.02.1998-ci ildə Teleradio İB-nin tərkibində yaradılmış Cənub X1 Kürdəmir stansiyasında 6 nömrəli RRS-ə köçürmə yolu ilə keçirilmiş və orada 01.11.2000-ci il tarixinə kimi 8-ci dərəcəli el.mexanik vəzifəsində işləmişdir.01.11.2000-ci ildə həmin Mərkəzin ləğvindən sonra Teleradio İB-nin X8 Yayım müəssisəsinin Kürdəmir RRX və RTS-nda 5-ci, 4-cü, 3-cü dərəcəli el.montyor vəzifələrində fəaliyyətini davam etdirmişdir. 25.11.2008-ci il tarixində AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisarı) işdən azad edilmişdir və 01.12.2008-ci il tarixindən 25.12.2008-ci il tarixinədək Bakı Teleqüllə müəssisəsinin (sonradan Bakı X4) Kürdəmir RRS-nda 3-cü dərəcəli el.montyor vəzifəsində çalışmışdır. 03.10.1983-cü il tarixindən 25.12.2008-ci il tarixinədək o, HAYT (X14 Tezlikli) şüalanma mənbələri olan istehsalat sahələrində işlə daim məşğul olmuşdur. Kürdəmir RRS-da istismarda oian avadanlıqlar HAYT şüalanma mənbəyidir və öz mənfi təsirinə görə digər şüalanma mənbələrindən daha təhlükəlidir (ona görə 8 % zərərli işə görə əlavə əmək haqqı alıb və məzuniyyətinə 6 gün əlavə edilib). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23.01.2007-ci il tarixli qərarının “Ümumi peşələr" bölməsinə əsasən güzəştli pensiyaya çıxmaq hüququ vardır. - İddiaçıya məxsus 20 iyul 1977-ci il tarixli 01888 saylı diplomdan görünür ki, o, 01.09.1976 - 18.07.1977-ci illərdə Kürdəmir kənd texniki peşə məktəbindən üzümçü usta peşəsi üzrə təhsil almışdır. - İddiaçıya məxsus 16.08.1982-ci il tarixli 690635 saylı diplomdan görünür ki, o, 01.01.1982 - 15.08.1982-ci illərdə Bakı şəhəri 86 №-li texniki məktəbində tokar peşəsi üzrə təhsil almışdır. - İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, o, 20.10.1979cu il tarixdən 04.12.1981-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - Kürdəmir rayon Dövlət Arxivinin 18 saylı 27 may 2021-ci il tarixli arayışından görünür ki, iddiaçı 19 mart 1983-cü il tarixli, 147 N-li əmrlə Kürdəmir rayonu Atakişili kənd tam orta məktəbinə gecə gözətçisi təyin edilmiş və 01 oktyabr 2015-ci il tarixli, 38 N-li əmrlə həmin işdən ərizəsinə azad edilmiş, 1983-cü ilin aprel, 1984-cü ilin noyabr, dekabr aylarında, 1985 – 2015-ci illərdə həmin vəzifəyə aylıq əmək haqqı almışdır. - Kürdəmir rayon İcra Hakmiyyəti Başçısının Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndliyinin 613 saylı 17 iyun 2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı Kürdəmir rayonu Atakişili kənd tam orta məktəbinə gecə gözətçisi vəzifəsində çalışmış və 2011 – 2015-ci ilin sentaybr ayının əhatə edən dövrdə əmək haqqı almışdır. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MA-113 saylı 31.05.2021-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı 3 №-li X3 və Televiziyası üzrə Texniki Qovşaq, “Aztelekom” İB MRRXQ-də işlədiyi 1983-cü ilin oktyabr, noyabr, dekabr ayları üçün, 1984-1988-ci illərdə əmək haqqı almışdır. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MA-114 saylı 31.05.2021-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı 3 №-li X3 və Televiziyası üzrə Texniki Qovşaq, “Aztelekom” İB-MRRXQ-də işlədiyi 1989, 1991-1995-ci illərdə onun əmək haqqısından sosial sığortaya tutulmalar olmuşdur. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MA-115 saylı 31.05.2021-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı “Aztelekom” İB- MRRXQ, “Teleradio” İB, CRTVM-də işlədiyi 1996 - 2000-ci illərdə onun əmək haqqısından sosial sığortaya tutulmalar olmuşdur. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MA-116 saylı 31.05.2021-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı MRTYM-də işlədiyi 2001-2005-ci illərdə onun əmək haqqısından sosial sığortaya tutulmalar olmuşdur. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MA-117 saylı 31.05.2021-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı MRTYM, Bakı Teleqüllə Müəssisəsində işlədiyi 2006-2008-ci illərdə onun əmək haqqısından sosial sığortaya tutulmalar olmuşdur. - İddiaçıya məxsus ИТ-İ № ******* saylı 16.09.1977-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənərək tərcümə edilmiş surətindən görünür ki, iddiaçı 16.08.1977ci il tarixdən (Əmr № 128-a 23.08.1977) 10.10.1979-cu il tarixə qədər (Əmr №139 10.10.1979) “Şirvanmeleatorstroy” trestinin PMK-27-də birinci dərəcəli fəhlə, 15.09.1982-ci il tarixdən (Əmr № 261/k 13.09.82) 10.01.1983-cü il tarixə qədər Bakı Aqreqat Zavodunda 86 saylı TM-nin istiqaməti üzrə 1 saylı sexə 3-cü dərəcəli xarrat, 03.10.1983-cü il tarixdən (əmr №22 28.09.1983) 01.02.1993-cü il tarixədək 3 saylı X7 Qovşağının X10 böyük elektrik mexaniki, 01.02.1993-cü il tarixdən (əmr № 1 23.01.1993) 01.01.1998-ci il tarixinə kimi 6 nömrəli X10 böyük elektrik mexanik, 01.01.1998-ci il tarixindən (26.01.1998-ci il tarixli əmr № 28) MRRXQ-nin ləğvindən sonra köçürmə yolu ilə Teleradio İB-nin 6 nömrəli RR-na 8-ci dərəcəli elektrik mexanik, 01.02.1998-ci ildən (əmr № 28 26.01.1998) 01.11.2000-ci il tarixə kimi Teleradio İB-nin tərkibində yaradılmış Cənub X1 Kürdəmir stansiyasında 6 nömrəli RRS-də 8-ci dərəcəli elektrik mexanik, 01.11.2000-ci ildən (əmr 70, 27.10.2000) 25.11.2008-ci il tarixə qədər Teleradio İB-nin X8 Yayım müəssisəsinin Kürdəmir RRX və RTS-nda elektrik montyor vəzifəsində işləmiş, 25.11.2008-ci il tarixində AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisarı) işdən azad edilmiş, 01.12.2008-ci il tarixindən 25.12.2008-ci il tarixinədək Bakı Teleqüllə müəssisəsinin (sonradan Bakı X4) Kürdəmir RRS-nda 3-cü dərəcəli el.montyor vəzifəsində çalışmışdır. İş materiallarından məlum olur ki, iddiaçı 12 il 06 aydan artıq güzəştli iş stajının, 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda, 02.04.2018-ci il tarixdə 57 yaşının tamam olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin sonuncu əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının az olmasını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, 01.01.2006-cı il tarixədək İddiaçı oğlu pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən müvafiq iş stajını topladığından və müvafiq qanunla tələb olunan yaşa çatdığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu 02.04.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000 XXXİİİ. Ümumi peşələr bölməsində UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT (X14 tezlikli) şüalanma, mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) peşələri təsbit olunmuşdur. İddiaçı da işlədiyi 03.10.1983-cü il tarixindən 25.12.2008-ci il tarixinədək o, HAYT (X14 Tezlikli) şüalanma mənbələri olan istehsalat sahələrində işlə elektrik mexaniki və montyor vəzifələrində işləmişdir. İddiaçı 03.10.1983-cü il tarixdən 01.01.2006-cı il tarixdək 22 il 2 ay 29 gün işləməklə tələb olunan 12 il 6 aydan artıq güzəştli stajı toplamışdır. İddiaçının ümumi iş stajı isə iş materiallarında sənədlərə (attestat, diplom, hərbi bilet və əmək kitabçaları) əsasın 01.01.2006-cı il tarixdə qədər tələb olunan 25 ilin qarşılığında 26 il 5 ay 11 gün olduğu müəyyən edilmişdir. Ümumiyyətlə, isə cavabdeh tərəfindən iddiaçının ümumi və güzəştli iş stajı nə imtina məktubunda, nə də ki məhkəməyə təqdim edilmiş etirazda mübahisələndirilməmişdir. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddaçıya münasibətdə tətbiq edilməli olan normativ hüququ aktın düzgün realizə etməmişdir. Belə ki, cavabdehin imtina məktubundan da göründüyü kimi o özü də hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbayacan Respublikasının Qanunun 9.1-ci maddəsinə istinad edərək, onun fərdi hesabının sığorta hesabında qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verilmədiyi bildirilmişdir. Halbuki, cavabdeh tərəfindən hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbayacan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən, əvvəllər qüvvədə olan, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiq edilməli idi. İddiaçıya münasibətdə tətbiq edilməli olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin “b” bəndinin hipotezasında cavabdehin istinad etdiyi şərtlər göstərilməmişdir. Həmin maddənin tələbləri iddiaçıya münasibətdə yarandığı üçün ona cavabdeh tərəfindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməməsi əsassızdır. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiq baxımından qiymətləndirildikdə iddiaçının güzəştli şərtlətlə əmək pensiyası ala bilmək üçün “Əmək pensiyaları haqqında» Qanununda tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur. Məhkəmə cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 57 yaşının 02.04.2018-ci il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu 02.04.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 02.04.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar