Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6846/2024 15.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Möhtəşən oğlunun cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “normativ xarakterli aktın hal-hazırda qüvvədə olub-olmaması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Möhtəşən oğlu cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “normativ xarakterli aktın hal-hazırda qüvvədə olubolmaması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia olunan normativ xarakterli aktın qüvvədə olub-olmaması ilə bağlı cavabdehlərə müraciət etmişdir. İddiaçı hesab edir ki, ona təqdim olunan məktublar arasında ziddiyyətli məqamlar yaranmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 64 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində ticarət, ictimai-iaşə və xidmət obyektlərinin yerləşdirilməsi tələbləri” xx.xx.2000ci il tarixli 210 nömrəli şəhadətnamə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş və hal-hazırda qüvvədədir. Bakı ŞİH Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş məktubun surətindən görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 64 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində ticarət, ictimai-iaşə və xidmət obyektlərinin yerləşdirilməsi tələbləri” haqqında normativ hüquqi sənədin AR Ədliyyə Nazirliyinin qanunvericilik bazasında qüvvədə olan normativ sənəd kimi qalmasının səbəbi onun qüvvədən salınmasına dair sənədləşdirmə prosedurlarının aparılması ilə əlaqədardır. Sonradan qəbul edilən normativ-hüquqi sənədlər daha yüksək statusa malik olduğu üçün əvvəlkilərdən üstün hesab olunur. Əlavə olaraq bildirilir ki, hal-hazırda “Lisenziyalar və icazələr haqqında” AR Qanunda nəzərdə tutulmayan hər hansı bir icazə, qeydiyyat şəhadətnaməsi və s. bu kimi sənədlərin verilməsi mümkünsüzdür. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Məhkəmə isə, hesab edir ki, hazırkı iddia üzrə iddiaçının “normativ xarakterli aktın qüvvədə olub-olmaması” ilə əlaqədar qaldırdığı iddia üzrə hüquqi marağın mövcudluğundan söhbət gedə bilməz. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 64 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində ticarət, ictimai-iaşə və xidmət obyektlərinin yerləşdirilməsi tələbləri” haqqında sənədin qüvvədə olub-olmaması ilə bağlı aidiyyəti üzrə həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, həm də Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq bildirilmişdir ki, “Bakı şəhərində ticarət, ictimai-iaşə və xidmət obyektlərinin yerləşdirilməsi tələbləri” haqqında normativ hüquqi akt hal-hazırda qüvvədədir. Nəzərə alınmalıdır ki, iddiaçının cavabdehlər qismində göstərdiyi qurumlar tərəfindən onun müraciətinə dair verilmiş cavablar arasında uyğunsuzluğun olması, həmin normativ xarakterli aktın qüvvədən düşdüyü mənasına gəlmək üçün əsas deyil. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. Onun tərəfindən təqdim olunmuş sorğuya cavab məktubunda isə qeyd olunan normativ xarakterli aktın qüvvədə olduğu bildirilmişdir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının qeyd etdiyi “Bakı şəhərində ticarət, ictimai-iaşə və xidmət obyektlərinin yerləşdirilməsi tələbləri” barədə sənədin qüvvədə olduğu halda, onun tərəfindən irəli sürülmüş iddia üzrə hüquqi marağı aydın deyil. Məhkəmə izah edir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 64 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində ticarət, ictimai-iaşə və xidmət obyektlərinin yerləşdirilməsi tələbləri”nin 1.7-ci bəndinin özünə münasibətdə tətbiqini arzuladığı halda, bununla bağlı həmin normativ xarakterli aktın qüvvədə olub-olmaması barədə məhkəmə qərarının qəbulu əvəzinə qüvvədə olan 1.7-ci bəndə istinadla aidiyyəti orqanlara və məhkəməyə müraciət etmək hüququna malikdir ki, həmin hüququn realizəsi üçün göstərilən məsələ üzrə münasibəti və ya mübahisəni tənzimləyən normativ xarakterli aktın hüquqi qüvvəsini inzibati qaydada məhkəmə qərarı ilə təsbit etməsinə zərurət olmamalıdır. Odur ki, iddiaçıya həmin bəndin tətbiqi baxımından uyğun tələblə məhkəməyə və ya aidiyyəti şəxs və qurumlara müraciət etmək hüququ izah edilir. Beləliklə, prosessual qanunvericiliyin aşkar tələbindən də göründüyü kimi məhz qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut edilməli, inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırılmalı, konkret halda hüquqi müdafiəyə ehtiyacının olub müəyyən edilməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb üzrə hüquqi marağının nədən ibarət olması aydın olmadığından, iddianın mahiyyəti üzrə baxılmasından söhbət gedə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6846/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6846/2024
15.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver