Məhkəmə qərarları › İş №2-1(112)-6848/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6848/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6848/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) X5, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı «müayinəyə göndərişin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı «müayinəyə göndərişin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 1966-ci il təvəllüdlüdür. O, 1992-ci ildə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində işləmişdir. Orada işlədiyi dövrdə – 1992-ci ilin sentyabr ayının 8-də 15 günlük Ağdam rayonunun Əliağalı kəndinə göndərilmiş və həmin ərazidə gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək 17 sentyabr 1992-ci il tarixdə ağır yaralanmışdır. Ona “müharibə veteranı” vəsiqəsi verilmişdir. Halhazırda səhhətində ciddi problemlər var və ağırlaşır, ağrıları dözülməz hala gəlib çıxmışdır. Buna baxmayaraq, haı-hazıradək ona əlillik təyin olunmamışdır. Səhhətində olan problemləri nəzərə alaraq, iddiaçının həkim komissiyasından keçməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına (bundan sonra – TSEK) göndəriş verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Fövqəldə Hallar Nazirliyinə müraciət etsə də, sözügedən qurumdan müraciətinə bugünədək cavab verilməmişdir. Göstərilənlərə və İPM-in 2.2.2, 34.1-ci maddələrinə əsaslanaraq, həkim komissiyasından keçməsi üçün TSEK-ə göndəriş verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh nümayəndəsi iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.2-ci bəndinə əsasən şəxsə göndəriş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir. Həmin Qərarın 1.3-cü bəndinə görə isə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilmişdir. Cavabdeh Tibb Xidməti və onun struktur bölmələri qeyd olunan tibb müəssisələrinin siyahısında olmadığından, habelə Nazirlikdə hərbi-həkim komissiyası fəaliyyət göstərmədiyindən, iddiaçının tələb etdiyi “göndərişin verilməsi Cavabdeh səlahiyyətində deyil. Azərbaycan Rüspublikasının Cavabdeh 2005-ci ildə yaradılmışdır və iddiaçının ərizədə bildirdiyi döyüş əməliyyatlarında yaralandığı dövr onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı olaraq xidmət keçdiyi dövrə təsadüf edir və bunun Cavabdehnə heç bir aidiyyəti yoxdur. Eyni zamanda, iddiaçının xidmətkeçməsinə öz arzusu ilə 2008-ci ildə xitam verilmişdir və o, ərizəsində təqaüdə çıxmaq məqsədilə işdən çıxmaq istədiyini bildirmişdir, səhhəti ilə əlaqədar isə, həkim müayinəsindən keçməyə və ya şəhadətləndirilməyə ehtiyacının olması barədə müraciət etməmişdir. Məhkəmədən iddianın təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X7 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim edilmiş yazılı etirazda götərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.1-ci bəndinə əsasən bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən verilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 1.1ci bəndinə əsasən bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. Həmin Əsasnamənin 1.2-ci maddəsinə əsasən hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Cavabdeh, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X2 Xidməti, X3 Dövlət Agentliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və gömrük orqanlarında Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini təyin etmək məqsədi ilə keçirilir. Göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi imperativ qaydada göndərişin mövcudluğu ilə şərtləndirilir. Nəzərə alınmalıdır ki qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə görə əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsi aşağıdaki komissiyalar tərəfindən həyata keçirilir: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları. Məhkəmə diqqətə çəkir ki, iddiaçı hazırkı iddia tələbi ilə həkim komissiyasından keçməsi üçün TSEK-ə göndəriş verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə həvalə edilməsini arzulayır. Lakin cavabdeh tələbin təmin edilməsindən imtina edir və bu halı onunla əsaslandırır ki, Nazirliyin Tibb Xidməti və onun struktur bölmələri təsdiq olunmuş tibb müəssisələrinin siyahısında olmamış, eyni zamanda Nazirlikdə hərbi-həkim komissiyası fəaliyyət göstərməmişdir. Məhkəmə cavabdehin irəli sürdüyü dəlillərə münasibətdə bildirir ki, doğrudur ki, Cavabdeh nəzdində olan Tibb Xidməti və onun struktur bölmələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda əks olunan tibb müəssisələrinin sırasında göstərilməmişdir. Baxmayaraq ki, cavabdeh orqanın nəzdində olan tibb müəssisəsi həmin sırada yer almasa da, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini təyin etmək məqsədi ilə hərbihəkim komissiyasının yaradılması nəzərdə tutulur ki, bu zaman cavabdeh orqan da həmin komissiyanın təşkilində çıxış edən mərkəzi icra hakimiyyəti orqanlarından biridir. Hazırda Nazirlikdə hərbi-həkim komissiyası fəaliyyət göstərilməməsi imtina əsası qismində çıxış edə bilməz. Çünki bu hal iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasına aid deyil. Başqa sözlə desək Cavabdeh tərəfindən hərbi-həkim komissiyasının yaradılması mümkün olduğundan, hazırda həmin orqanda bu komissiyanın fəaliyyət göstərməməsi, bu səbəbdən də iddiaçıya göndərişin verilməməsi bilavasitə onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı həkim komissiyasından keçməsi üçün Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdehnə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı həkim komissiyasından keçməsi üçün Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar