Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6849/2021 15.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi X5, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “elekrik xəttinin çəkilməsi üçün texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə "xxxx" ASC”) qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) maraqlı şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “elekrik xəttinin çəkilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik xəttinin çəkilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsi, mədən 4 ünvanında yerləşən, fərdi yaşayış evinin X2 qoşulması üçün 09.01.2020-ci il tarixdə 2 saylı Bakı “ASAN Kommunal'' mərkəzi vasitəsi ilə "xxxx" ASC-yə müraciət etmiş, müraciəti qeydiyyata alınaraq ona bildiriş verilmişdir. Həmin bildirişdə “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə (0.4kV-luq şəbəkədən 1 fazalı, 5kVt gücündə) 24 gün müddətinə qoşulması məbləği"-nə uyğun olaraq 160 azn, yük hesabatının hazırlanması üçün isə 7.50 azn, ümumi rüsum 167,50 manat hesablanmışdır. Bir neçə gün sonra "xxxx" ASC-nin əməkdaşları tərəfindən yaşayış evinin yerləşdiyi əraziyə baxış keçirilmiş, ölçü işləri aparılmışdır. 17.01.2020-ci il tarixdə “Azərişıq" ASC-i tərəfindən ona AXM 20/0063 saylı cavab məktubu ünvanlanmışdır. Cavab məktubunda Nazirlər Kabinetinin (NK) 24.07.2018ci il tarixli 326 nömrəli Qərarının 1.2.6-cı bəndinə istinad olunaraq evinin elektrik enerjisi ilə təchiz edilməsinin mümkünsüzlüyü, yaşayış evinin 0.4 kV-luq 235 saylı transformatordan 570 metr, sonuncu işıq dirəyindən isə 70 metr məsafədə yerləşməsi göstərilmişdir. Həmin 70 metr məsafə üçün istifadə ediləcək mal- materiala görə 1.343 manat smeta dəyəri hesablanmış və ödənilməsi ona (sifarişçiyə) həvalə edilmişdir. 70 metr məsafəyə 1.343 manat smeta hesablanması qanunsuzdur. 70 metr olan məsafəyə 1.343 manatın hansı bazar qiymətinə, hansı qanuna nisbətdə hesabladığlarını belə açıqlaya bilmirlər. "xxxx" ASC-i cavab məktubunda "sizin yaşayış evinizin elektrik enerjisi ilə təchiz edilməsi mümkünsüzdür" deməklə, "verilmiş texniki şərtin 1 ay müddətində etibarlıdır" qeyd etməklə qanunsuz qərar vermişdir. Bununla da "Azərişıq” ASC-i NK-nin 24.07.2018-ci il tarixli 326 nömrəli Qərarının 1.3-cü və NK- nin 27.08.2013-cü il tarixli 234 nömrəli Qərarının 1.6-cı, 2.3-cü bəndlərinin tələblərini və onun hüquqlarını kobud şəkildə pozmuşdur. Sadaladığı bəndlərdə "hər bir sifarişçinin X2 (ETŞ-yə) qoşulma hüququ vardır" tələbi qeyd edilir. Amma "xxxx" ASC "mümkünsüzdür " deyir. Belə ki "xxxx" ASC-nin istinad etdiyi 326 nömrəli Qərarın 1.2.6 - cı bəndində qeyd edilən 400 metr məsafə - "mövcud Q.4kV-luq şəbəkə" sinin olduğu yerdir, qoşulma nöqtəsi deyildir. NK-nin 326 nömrəli qərarın 1.2.12-ci və 3.2-ci , 234 nömrəli qərarın isə 2.26.1-ci və 2.27.3-cü bəndlərində qoşulma nöqtəsi kimi yarımstansiya, transformator, paylayıcı lövhə və elektrik xətləri göstərilmişdir. Buna görə də yalnız transformator yaşayış evinə qoşulma nöqtəsi kimi qəbul edilə bilməz. Çünki yaşayış evinə qərarlarda qeyd edildiyi kimi ən yaxın məsafədə (70 metr) elektrik xətti, ən uzaq məsafədə isə (570 metr) transformator yerləşir. Buna görə də qoşulma nöqtəsi kimi ən yaxın məsafə elektrik xətti qəbul edilməlidir. Məişət abonentlərinin NK-nin 326 nömrəli qərarın 1.4-cü bəndində göstərilən müddətdə elektrik şəbəkəsinə qoşulma haqqı (istifadə edilən mal-material xərcləridə daxil olmaqla) - 326 nömrəli qərarın 1.2.5-ci, 1.10-cu, 2.2-ci, həmçinin 327 nömrəli qərarın 1-ci bəndində göstərilmişdir. Texniki şərtlərin tələbləri ilə razı olmadığı üçün NK-nin 24.07.2018-ci il tarixli 326 nömrəli Qərarının 1.6-cı bəndində məsələyə məhkəmə qaydasında baxılması qeyd edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Azərbaycan Respublikası İnzbati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunan maddənin tələblərinə əsasən məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) təklif olunmuşdur. Bundan sonra iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, yaşayış evinə elektrik xəttinin çəkilməsi üçün texniki şərtin verilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin və üçüncü şəxsin iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə öhdəliyin icrası haqqında iddia onunla xarakterizə olunur ki, iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 26.11.2020-ci il tarixli qərardadı ilə iddia iddiaçının subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamışdır. İddiaçının apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 26.11.2020-ci il tarixli qərardadı ləğv olunaraq, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq hazırki tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncudan imtina məktubunu aldıqdan sonra isə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia düzgün cavabdeh inzibati orqana qarşı yönəldilmiş, iddia tələbi aydındır və iddia ərizəsi iddiaçı tərəfindən imzalanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. İddianın mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı Sulu-təpə qəsəbəsi özbaşına tikilmiş özünəməxsus evdə qeydiyyatsız yaşayır (Bakı şəhəri Binəqədi rayon İHB Xocəsən İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07.01.2020-ci il tarixli arayış). Cavabdeh orqan tərəfindən 16.01.2020-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 4-cü mədən küçəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik təchizatına dair smeta tərtib olunmuş, qeyd olunan smeta hazırki iş üzrə iddiaçının iddiasına əsasən Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli 2(001)- 4310/2020 saylı qətnaməsi ilə etibarsız hesab edilmişdir (Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli 2(001)-4310/2020 saylı qətnaməsi). İddiaçının hazırki tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, sonuncu tərəfindən verilmiş 17 yanvar 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, mədən 4-də yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi, həmin ərazidə "xxxx" ASC-yə məxsus 0,4 kV-luq şəbəkənin olmaması səbəbindən mümkün deyil (Nazirlər Kabinetinin 326 saylı 24.07.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq” şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” nın 1.2.6 bəndinə əsasən). Fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması məqsədil ilə yuxarıda göstərilən “Qaydaları”n 1.3 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 234 №li Qərarı ilə təsdiq olunmuş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın tələblərinə uyğun olaraq texniki şərt və smeta verilir. Məhkəmə araşdırması zamanı tərəflərin nümayəndələrinin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçı ona təqdim olunmuş smetada göstərilmiş məbləği ödəməkdən imtina etdiyi üçün sonuncuya texniki şərt verilməmişdir. Halbuki iş materiallarından da göründüyü kimi, qeyd olunan smeta məhkəmə qətnaməsinə əsasən etibarsız hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.07.2018-ci il tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın: - 1.2.5-ci bəndinə görə, qoşulma haqqı – ETM tərəfindən layihə sənədlərinin hazırlanmasına, ETŞ-nin gücləndirilməsinə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə, elektrik qurğularının ETŞ-yə fiziki qoşulmasına (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla) görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu Qaydanın 1.10-cu bəndinə uyğun olaraq müəyyən etdiyi vahid məbləğdir. - 1.2.6-cı bəndinə əsasən, mövcud 0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir. - 1.3-cü bəndinə əsasən, bu Qaydaya uyğun olaraq, hər bir sifarişçinin ETŞ-yə qoşulma hüququ vardır. - 1.4-cü bəndinə əsasən, sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulması ümumilikdə 24 (iyirmi dörd) gündən gec olmayaraq təmin edilməlidir. - 1.7-ci bəndinə əsasən Texniki şərtlərin hazırlanması üçün haqq ödənilmir. - 1.10-cu bəndinə görə, qoşulma haqqının məbləğini sifarişçilərin tələb olunan elektrik enerjisinin gücünə mütənasib olaraq diferensiallaşdırılmış qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulmasının 24 (iyirmi dörd) gün müddətində və daha az müddətdə həyata keçirilməsinə görə fərqli məbləğlərdə müəyyən edilir. - 2.1-ci bəndinə əsasən Texniki şərtlərin və layihə sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə ETM-in mərkəzlərdəki nümayəndəsinə (bundan sonra - ETM-in nümayəndəsi) müraciət edir. - 2.2-ci bəndinə əsasən Sifarişçi bu Qaydanın 2.1-ci bəndinə əsasən texniki şərtlərin və layihə sənədlərinin alınması üçün müraciət edərkən, ETM-in bank hesabına tələb etdiyi elektrik enerjisinin gücünə uyğun olaraq qoşulma haqqı ödəyir. - 3.1-ci bəndinə görə, tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan qoşulma haqqından əlavə heç bir haqq ödəmir. - 3.2-ci bəndinə əsasən, qoşulma nöqtəsi tikinti obyektlərinə ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə olmalıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2018-ci il tarixli 327 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazalı) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği” nə əsasən, güc 5 kVt-a qədər (5 kVt da daxil olmaqla) olduqda qoşulma haqqının məbləği (ƏDV ilə) 160 manat təşkil edir. Sadalanan normalardan görünür ki, tələb olunan gücü 5 kVt-dan artıq olmayan məişət abonentlərinin mövcud 0,4 kV-luq şəbəkəyə (1 fazalı) qoşulması üçün ödənilməsi tələb olunan qoşulma haqqının məbləği 160 manat təşkil edir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə iddiaçının müraciətinə münasibət bildirməlidir. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 maddəsinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması qoyulmalıdır. İddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək, yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə İddiaçı Sulu-təpə qəsəbəsində inşa olunmuş özünə məxsus fərdi yaşayış evinə elektrik xəttinin çəkilməsi üçün texniki şərtin verilməsi müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəlik qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə İddiaçı Sulu-təpə qəsəbəsində inşa olunmuş özünə məxsus fərdi yaşayış evinə elektrik xəttinin çəkilməsi üçün texniki şərtin verilməsi müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6849/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6849/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver