Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6849/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası X37 cəlb olunmaqla) “etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı etibarlı dövlət qulluğu münasibətlərinin tanınmasının cavabdeh Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1998-ci ildən 190/k/i saylı əmrlə Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti Televiziyanın “Xəzər” redaksiyasının "Den” informasiya proqramına redaktor vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixli, 053 k/i saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “a” bəndinə əsasən (müəsisənin ləğvi ilə əlaqədar) işdən azad edilmişdir. Sonra xx.xx.2005-ci il tarixli, 006 k/d saylı əmrlə Televiziyanın “Uşaq, Gənclər və idman redaksiyasının “Gənclər və İdman” şöbəsinə redaktor vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra xx.xx.2006-cı il tarixli, 261 k/d saylı əmrlə televiziyanın “Gənclik və Hərbi vətənpərvərlik” baş redaksiyasına redaktor vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu il tarixli, 231 k/d saylı əmrlə Televiziyanın “Gənclik və Hərbi vətənpərvərlik baş redaksiyasına redaktor vəzifəsinə keçirilmişdir. Televiziyanın “Müəllif proqramları və xüsusi layihələr” departamentinə redaktor vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu il tarixli, 322 k/a saylı əmrlə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) işdən azad edilmişdir. xx.xx.2010-cu il tarixli, 148 saylı əmrlə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin 2-ci Ərazi şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2013-cü il tarixli, 151/1ü saylı əmrlə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. Daha sonra xx.xx.2018-ci il tarixli, 019/lk nömrəli əmrlə Dövlət Komitəsində edilən struktur dəyişikliyi ilə əlaqədar Dövlət qulluğu haqqında AR Qanununun 29.2-ci maddəsinə uyğun olaraq 5-ci Ərazi şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixli, 164-k nömrəli əmrlə AR Diasporla iş üzrə Dövlət Komitəsinin yeni strukturunun və ştat cədvəlinin təsdiq edilməsi haqqında 11 dekabr 2018-ci il tarixli, 162-i saylı əmrinə əsasən 5-ci ərazi şöbəsinin (Gürcüstanda yaşayan azərbaycanlılarla iş) aparıcı məsləhətçi vəzifəsində 4-cü ərazi şöbəsinin (Gürcüstan və türkdilli dövlətlər) türkdilli dövlətlərlə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli, 72-k saylı əmrlə AR Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sturukturunun və ştat cədvəlinin təsdiq edilməsi haqqında 30 dekabr 2020-ci il tarixli 64 nömrəli əmrinə əsasən 4-cü Ərazi (Gürcüstan və Türkdilli dövlətlərlə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsindən 5-ci Ərazi (Gürcüstan və Türkdilli dövlətlər) şöbəsinin Türkdilli dövlətlərlə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. İddiaçı Azərbaycan Sovet Sosialist Respublikası dövründə də müxtəlif vəzifələrdə işləmişdir. 1983-1998-ci illər ərzində Naxçıvan şəhər Partiya Komitəsində “statist", Naxçıvan şəhər Komsomol Komitəsində "katib", Bakı Ali Partiya məktəbində dinləyici, “interstroyservis” təsərrüfat assosiyasiyasında “metodist”, "Şəfa” Tibb Kooperativində kadrlar şöbəsinin rəisi, Bakı şəhər mənzil sahəsinin uçotu və bölüşdürülməsi Baş idarəsində ümumi şöbənin müdiri, “Sultan" kiçik müəsisəsində menecer, “Dnepr" kiçik müəssisəsində komersiya şöbəsinin müdiri kimi müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli fərmanı ilə təsdiq edilmiş “X7inin aparılması Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində qulluğa qəbul edildiyi vaxtdan onun barəsində məlumatlar X7inə daxil edilmişdir. X45 üzrə Dövlət Komitəsində hal-hazırda dövlət qulluqçusu kimi çalışmasına baxmayaraq “X7 Sistemi”ndə şəxsi kartlar bölməsində adı inzibatı vəzifə üzrə qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilən şəxs kimi qırmızı rənglə qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydalarının 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin qaydaların 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Həmçinin İddiaçı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində 2010-cu ildən bu günədək işlədiyi dövr ərzində ona “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 16.2,6,17.1, 17.3 və 17.4 maddəsini rəhbər tutaraq xx.xx.2011-ci il tarixli, 007/u saylı qərarla dövlət qulluğunun 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi, həmin qanunun 17.3,16.2.4-cü maddələrini rəhbər tutaraq xx.xx.2013-cü il, 074/1u saylı qərarı ilə dövlət qulluğunun 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi və “Dövlət qulluğu haqqında” Qanunun 16.2.5 və 17.4-cü maddələrinə uyğun olaraq xx.xx.2016-cı il, 077/lü saylı qərarı ilə inzibati vəzifələrin beşinci təsnifatı üzrə dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcələri verilmiş və həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Bütun bunlar iddiaçının ixtisas səviyyəsinin, həmçinin peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının göstəricisi kimi qiymətləndirilməlidir. İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1, 17.1, 17.3-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası X37 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə yazılı münasibət təqdim etməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası X37 iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul qaydaları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən, dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Qeyd edilən Qanunun 33cü maddəsində dövlət qulluğuna xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin maddədə qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə dövlət qulluğuna xitam verilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Mərkəzin məlumat bazalarında iddiaçının hər hansı müsabiqədə (test imtahanında və müsahibədə) iştirakı qeydə alınmamışdır. Beləliklə, iddiaçı xx.xx.2010-cu il tarixində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 2-ci Ərazi şöbəsində aparıcı məsləhətçi vəzifəsinə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla birbaşa, yəni müsabiqədənkənar (test imtahanında və müsahibədə iştirak etmədən) inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilmiş və dövlət qulluqçusu statusunu qanunvericiliyin tələbləri pozulmaqla əldə etmişdir. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 2016-cı iİ 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış və 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X37 publik hüquqi şəxsin Nizamnaməsi" ilə Mərkəzin üzərinə dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək və bu barədə hesabat hazırlamaq (Nizamnamənin 2.1.28-ci yarımbəndinə uyğun olaraq), dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək (Nizamnamənin 2.1.29cu yarımbəndinə uyğun olaraq), dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək (Nizamnamənin 2.1.34-cü yarımbəndinə uyğun olaraq) kimi vəzifələrin icrası qoyulmuşdur. Qeyd edilən vəzifələrin icrası ilə əlaqədar Mərkəz dövlət orqanlarında dövlət qulluğuna qeyri-qanuni qəbul hallarını araşdıraraq yol verilmiş pozuntu halları ilə bağlı 2017-ci ildən etibarən mütəmadi olaraq müxtəlif dövlət orqanlarına məktublar göndərmiş, o cümlədən, eyni məsələ ilə bağlı xx.xx.2018-ci il tarixli 01/xx-xx/3566 nömrəli məktubla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişdir. Həmin məktubda dövlət qulluğuna dair qanunvericiliyin tələbi pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin siyahısında iddiaçıya dair məlumatlar da öz əksini tapmışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Qeyd edilən maddədən də göründüyü kimi, dövlət qulluqçusu statusunun əldə edilməsi üçün şəxs Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qulluğu vəzifəsini tutmalıdır. İddiaçı isə dövlət qulluğu vəzifəsini qanunvericiliklə müəyyən edilmiş qaydada tutmadığı üçün dövlət qulluqçusu statusunu da qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etməmişdir. Hansı ki, bu hal “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununda dövlət qulluğuna xitam verilmə əsaslarından biri kimi müəyyən edilmişdir. İddiaçının inzibati dövlət qulluğu vəzifəsinə birbaşa (müsabiqədənkənar) təyinatı eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.6-cı maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna qəbulun şəffaflığı, 4.1.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi və 4.1.8-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi prinsiplərinin tələblərini də pozmuşdur. İstər dövlət orqanı, istərsə də iddiaçı dövlət qulluğuna qəbul prosedurları və müsabiqədə iştirak etmədən inzibati vəzifə üzrə dövlət qulluğuna qəbulun qanunsuz olmasını bilməli idilər. Belə ki, ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X26 üzrə Komissiyanın xx.xx.2007-ci il tarixli 01/06/15DQ-S nömrəli məktubunda Azərbaycan Respublikasının nazirliklərinə, dövlət komitələrinə və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanlarına “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinin (Maddə 28. Dövlət qulluğuna qəbul) və Azərbaycan Respublikasının Dövlət X20 yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın 2005-ci il 2 may tarixli 3 nömrəli Qərarının 3.1-ci bəndinin (3.1. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramına və dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət orqanları bütün sahələrdə dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təmin etsinlər və görülmüş tədbirlər barədə 3 ay müddətində Komissiyaya məlumat təqdim etsinlər) icrasının təmin edilməsi məqsədilə inzibati vəzifələrin altıncı-doqquzuncu (hazırkı beşinci-yeddinci) təsnifatlarına uyğun olan bütün vakant vəzifələr barədə məlumatların və həmin vəzifələrə dair vəzifə təlimatlarının təqdim edilməsi tapşırılmışdır. Bu isə onu sübut edir ki, müvafiq dövlət orqanı dövlət qulluğuna qəbul prosedurlarından məlumatlı idi və qəbul etdiyi inzibati aktın qanunsuz olduğunu bilirdi...İddiaçı barədə məlumatlar hazırda qulluq keçdiyi orqan tərəfindən X7inə daxil edilmişdir. X37 Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış və dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında X26 üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Həmin Komissiya ləğv edildiyi və X16 hüquqi varisi olmadığı üçün iddiaçı haqqında məlumatların X7inə daxil edilməsi ilə bağlı sənədlərin ləğv edilmiş Komissiyaya təqdim edilib-edilməməsi, edildiyi halda nə zaman təqdim edilməsi barədə Mərkəzdə hər hansı məlumat mövcud deyil. Dövlət Reyestrinə dövlət qulluqçusu barədə məlumatlar onun qulluq keçdiyi dövlət orqanı tərəfindən daxil edilir və Dövlət Reyestrində dövlət qulluqçusu haqqında məlumatların həmin Reyestrə ilk dəfə daxil edildiyi tarix deyil, məlumatlarda edilmiş son dəyişiklik tarixi göstərilir. Bundan əlavə, yuxarıda qeyd edilən Qaydaların müddəalarından da göründüyü kimi, Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Yəni, şəxs dövlət qulluğuna qəbul edildikdən sonra onun haqqında məlumatlar qulluq keçdiyi dövlət orqanı tərəfindən Dövlət Reyestrinə daxil edilir. Beləliklə, iddiaçının inzibati dövlət qulluğu vəzifəsinə təyin edilməsi barədə məlumat Dövlət Reyestrinə daxil edilənədək artıq onun dövlət qulluğuna qeyri-qanuni təyin edilməsi faktı baş vermişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı xx.xx.2010-cu il tarixdən hazırkı iş üzrə məhkəmə qərarı çıxarılan günədək Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində inzibati vəzifələr üzrə iş stajı nəzərə alınmaqla həmin dövr üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia müəyyən etmə və ya tanınma haqqında iddia növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -iddiaçının ИТ-İ ******* №li əmək kitabçasının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 24 noyabr 2010-cu il tarixli, 148 saylı əmri ilə Komitənin 2-ci Ərazi şöbəsinə aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü il tarixli, 151/1ü saylı əmrlə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixli, 019/lk nömrəli əmrlə Dövlət Komitəsində edilən struktur dəyişikliyi ilə əlaqədar Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə uyğun olaraq 5-ci Ərazi şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixli, 164-k nömrəli əmrlə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin yeni strukturunun və ştat cədvəlinin təsdiq edilməsi haqqında 11 dekabr 2018-ci il tarixli, 162-i saylı əmrinə əsasən 5-ci ərazi şöbəsinin (Gürcüstanda yaşayan azərbaycanlılarla iş) aparıcı məsləhətçi vəzifəsində 4-cü ərazi şöbəsinin (Gürcüstan və türkdilli dövlətlər) türkdilli dövlətlərlə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020ci il tarixli, 72-k saylı əmrlə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sturukturunun və ştat cədvəlinin təsdiq edilməsi haqqında 30 dekabr 2020-ci il tarixli 64 nömrəli əmrinə əsasən 4-cü Ərazi (Gürcüstan və Türkdilli dövlətlərlə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsindən 5-ci Ərazi (Gürcüstan və Türkdilli dövlətlər) şöbəsinin Türkdilli dövlətlərlə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçı barəsində təqdim edilmiş sənədlər aşağıdakılardan ibarətdir: -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsin xx.xx.2010-cu il tarixli, 148 1/k saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin 2-ci Ərazi şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsin xx.xx.2013-cü il tarixli, 151/1ü saylı əmrinə əsasən Diasporla İş üzrə Dövlət Komitəsi şöbələrinin işinin təkmilləşdirilməsi məqsədilə struktur və ştat cədvəlində edilən dəyişikliklərlə bağlı İddiaçı Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsin xx.xx.2018-ci il tarixli, 019/lk nömrəli əmrinə əsasən Diasporla İş üzrə Dövlət Komitəsi şöbələrinin işinin təkmilləşdirilməsi məqsədilə struktur və ştat cədvəlində edilən dəyişikliklərlə bağlı İddiaçı Dövlət qulluğu haqqında AR Qanununun 29.2-ci maddəsinə uyğun olaraq 5-ci Ərazi şöbəsinin (Gürcüstanda yaşayan azərbaycanlılarla iş) aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsin xx.xx.2018-ci il tarixli, 164-k nömrəli əmrinə əsasən İddiaçı AR Diasporla iş üzrə Dövlət Komitəsinin yeni strukturunun və ştat cədvəlinin təsdiq edilməsi haqqında 11 dekabr 2018-ci il tarixli, 162-ü saylı əmrinə əsasən 5-ci ərazi şöbəsinin (Gürcüstanda yaşayan azərbaycanlılarla iş) aparıcı məsləhətçi vəzifəsində 4-cü ərazi şöbəsinin (Gürcüstan və türkdilli dövlətlər) türkdilli dövlətlərlə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsin xx.xx.2020-ci il tarixli, 72-k saylı əmrinə əsasən İddiaçı AR Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sturukturunun və ştat cədvəlinin təsdiq edilməsi haqqında 30 dekabr 2020-ci il tarixli 64 nömrəli Əmrinə əsasən 4-cü Ərazi (Gürcüstan və Türkdilli dövlətlərlə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsindən 5-ci Ərazi (Gürcüstan və Türkdilli dövlətlər) şöbəsinin Türkdilli dövlətlərlə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanan 17 mart 2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı Komitə Aparatının İV Ərazi şöbəsinin (Gürcüstan və türkdilli dövlətlər) aparıcı məsləhətçisi vəzifəsində dövlət qulluqçusu olaraq fəaliyyət göstərir və fəaliyyəti tərəfimizdən müsbət qiymətləndirilir. Əlavə olaraq bildirilmişdir ki, qurumun inzibati işlə bağlı heç bir etirazı yoxdur. -Azərbaycan Rerspublikası X37 tərəfindən məhkəmənin İddiaçı haqqında məlumatların ilk dəfə X7inə hansı vaxtdan daxil edilməsinə dair məlumatın təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, 2017-ci ilin fevral ayında “X7i" informasiya sistemi X37 tərəfindən əvvəlki Azərbaycan Respublikasının Prezidenti yanında X26 üzrə Komissiyadan təhvil alınarkən məlum olmuşdur ki, həmin dövrdə dövlət qulluqçuları haqqında məlumatların dövlət orqanları tərəfindən Reyestrə ilk dəfə daxil edilməsi tarixinin qeydiyyatı imkanı mövcud olmamışdır. İddiaçı 2017-ci ildən əvvəl dövlət qulluğuna qəbul edildiyinə görə onun barəsində məlumatların müvafiq dövlət orqanı tərəfindən “X7i" informasiya sisteminə ilk dəfə nə zaman daxil edilməsi ilə bağlı Mərkəzin verilənlər bazasında məlumat yoxdur. -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanan 03 may 2023-cü il tarixli sorğuya cavab məktubunda aşağıdakılar qeyd edilmişdir: Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində dövlət qulluğu keçən V Ərazi şöbəsinin (Gürcüstan və türkdilli dövlətlər) Türkdilli dövlətlərlə iş sektorunun aparıcı məsləhətçisi İddiaçı dair məlumatların işə girdiyi tarixdə X7i İnformasiya Sisteminə işlənilməsi ehtimal olunsa da (o zaman üçün SİNAM Proqramı mövcud idi və X26 üzrə Komissiya tərəfindən sistem kompyuterlərə yüklənilir, onlar tərəfindən nəzarət edilirdi, proqramda hər hansı problem yaranardısa və ya kompyuter yenilənərdisə bununla bağlı Komissiyaya müraciət olunardı) nəzərə çatdırılması zəruridir ki, İddiaçı dair məlumatlar 2015-ci ilin yanvar ayında artıq X7i İnformasiya Sistemində mövcud idi. O zaman üçün Reyestri həmin sistemə cavabdeh məsul şəxs idarə edirdi və sistemdə hər hansı problem yarandıqda həmin şöbənin aparıcı məsləhətçisi Şəfəq Binnətovaya müraciət etməsi ilə əlaqədar olaraq Ş.Binnətova qeyd edilən şəxslərlə bağlı məlumatların sistemdə mövcud olduğunu birbaşa olaraq görmüşdür. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının X37 dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması haqqında ilk dəfə Komitəyə xx.xx.2017-ci il tarixli 01/xx-xx/1674 nömrəli məktub ünvanlamış və həmin məktubda qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilən şəxslərin sırasında İddiaçı adı göstərilməmişdir. Komitəyə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının 2/484 nömrəli xx.xx.2018-ci il tarixli məktubu ilə X4 ünvanladığı xx.xx.2018-ci il tarixli 01/xx-xx/1323 nömrəli məktubu daxil olmuş, həmin məktuba əlavə olunmuş qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilən dövlət qulluqçularının siyahısında İddiaçı adı göstərilməmişdir. X2 ünvanladığı 520/1-7 nömrəli xx.xx.2018-ci il tarixli məktubunda Komitə tərəfindən E.Hacıyevə ilə bağlı məlumat verilərək dövlət qulluğu və diaspor sahəsində təcrübəsinin, bilik və bacarıqlarının nəzərə alınaraq daxili müsahibənin keçirilməsi ilə bağlı təklifimizə baxılması və münasibət bildirilməsi xahiş edilmişdir. Komitənin məktubuna hər hansı münasibət bildirilməmişdir. Daha sonra Komitəyə Azərbaycan Respublikasının Prezident Adminstrasiyasının 15/1720 nömrəli xx.xx.2018-ci il tarixli məktubu ilə X3 ünvanladığı xx.xx.2018-ci il tarixli 01/xx-xx/1699 nömrəli məktubu daxil olmuş, həmin məktuba əlavə olunmuş qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilən dövlət qulluqçularının siyahısında yenidən İddiaçı adı göstərilməmişdir. X2 ünvanladığı 465/1-7 nömrəli xx.xx.2018-ci il tarixli cavab məktubunda yenidən İddiaçı ilə bağlı məlumat verilərək onun da iştirakı ilə daxili müsahibənin keçirilməsi təklifinə baxılması və bu məsələyə münasibət bildirilməsi xahiş edilmişdir. Komitənin məktubuna hər hansı münasibət bildirilməmişdir. Komitənin İddiaçı AKP Naxçıvan Şəhər Komitəsindəki stajının dövət qulluğuna daxil edilib-edilməməsinin araşdırılması məqsədilə Mərkəzə ünvanladığı xx.xx.2019-cu il tarixli 227/1-7 nömrəli məktubuna Mərkəzin Komitəyə verdiyi xx.xx.2019-cu il tarixli 01/xx-xx/0756 nömrəli cavab məktubunda E.X9 dövlət qulluğuna müvafiq qanunvericiliyin tələbləri gözlənilmədən qəbul edildiyi ilə bağlı məlumat verilmişdir . -Azərbaycan Respublikası X37 tərəfindən verilən 18 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində inzibati vəzifədə çalışan İddiaçı dövlət qulluğuna qanunvericiliyin tələbləri pozulmaqla birbaşa qəbul edilməsi barədə onun çalışdığı dövlət orqanına X37 tərəfindən 2018-ci ilin avqust ayında məlumat verilmişdir. Dövlət orqanı qanunvericiliyin tələblərinin pozulması halının aradan qaldırılması ilə bağlı müvafiq tədbir görmədiyindən X37 əlavə olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış 01/xxxx/3566 nömrəli xx.xx.2018-ci il tarixli məktubda həmin şəxs barədə müvafiq məlumat təqdim etmişdir. -DİM tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış 01/xx-xx/3566 nömrəli xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, bir sıra dövlət orqanlarının fəaliyyətində dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinin pozulması halları aidiyyəti dövlət orqanları ilə birgə yenidən araşdırılmışdır. Araşdırma nəticəsində qanunvericiliyə uyğun olmayan hallardan bəzilərinin X7inə məlumatların səhv daxil edilməsi ilə bağlı olduğu müəyyən edilmişdir. Bu məlumatlarda dövlət orqanları tərəfindən müvafiq düzəlişlər aparılmış və səhvlər aradan qaldırılmışdır. Bəzi hallarda isə qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin dövlət qulluğuna xitam verilmişdir. Araşdırmanın nəticələrini və dövlət orqanlarının fəaliyyətində 80 nəfərə aid dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinin pozulması halları barədə dəqiqləşdirilmiş məlumatlar təqdim edilmişdir. -Azərbaycan Respublikası X37 tərəfindən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə ünvanlanan 04 dekabr 2017-ci il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir: “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin Aparılması Qaydaları”nın 5-ci hissəsinə uyğun olaraq, X7i vasitəsilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyəti öyrənilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci addəsinə əsasən, dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd edilən Qanunun tələblərinə zidd olaraq X17 xx.xx.2009-cu il tarixdə 3-cü Ərazi Şöbəsində məsləhətçi vəzifəsi, X32 isə xx.xx.2011ci il tarixdə 1-ci Ərazi şöbəsində məsləhətçi, xx.xx.2016-cı il tarixdə 3-cü Ərazi şöbəsində (Asiya və Qafqazyanı ölkələri) böyük məsləhətçi vəzifələri üzrə müsabiqədən kənar dövlət quğuna qəbul edilmişlər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.4-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsinin qanunvericiliyin tələbləri pozulmaqla tutulması dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Bundan əlavə, Komitədə müddətli əmək müqaviləsi əsasında çalışan aşağıda adları göstərilən şəxslər müsabiqə yolu ilə tutulmayan inzibati vəzifəyə təyin edilmiş, qısa müddət ərzində həmin vəzifədə qulluq keçdikdən sonra müsabiqə və ya müsahibə yolu ilə tutulan inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmiş və bununla da, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində sui-istifadə hallarına yol verilmişdir:- X12 xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək dövlət orqanı rəhbərinin köməkçisi vəzifəsində qulluq keçdikdən (1 ay 24 gün) sonra xx.xx.2017-ci il tarixdə aparıcı məsləhətçi, xx.xx.2017-ci il tarixdə isə müsabiqə və ya müsahibədən kənar baş məsləhətçi vəzifəsinə; X22 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək dövlət orqanı rəhbərinin köməkçisi vəzifəsində qulluq keçdikdən (1 ay 12 gün) sonra xx.xx.2016-cı il tarixdə 1-ci Ərazi şöbəsində məsləhətçi vəzifəsinə; X34 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək dövlət orqanı rəhbərinin köməkçisi vəzifəsində qulluq keçdikdən (2 ay 20 gün) sonra xx.xx.2016-cı il tarixdə 1-ci Ərazi şöbəsində məsləhətçi vəzifəsinə; X23 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək dövlət orqanı rəhbərinin köməkçisi vəzifəsində qulluq keçdikdən (3 ay 18 gün) sonra, xx.xx.2016- cı il tarixdə Təbliğat, informasiya və analitik şöbədə böyük məsləhətçi vəzifəsinə keçirilmişlər. Əlavə olaraq bildiririk ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən, birincibeşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilir. Birinci-beşinci kateqoriya dövlət orqanının rəhbəri inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir. X7inə daxil edilmiş məlumatlara əsasən, Komitədə 2 vakant dövlət qulluğu vəzifəsi mövcud olduğu halda, həmin vəzifələrin dövlət qulluğuna dair qanunvericiliyə uyğun olaraq tutulması ilə bağlı müvafiq qərar qəbul edilməmişdir. Belə ki, X30 daxil olmuş xx.xx.2017-ci il tarixli 05/1579 nömrəli məktubda Komitədə vakant dövlət qulluğu vəzifələrinin olmadığı qeyd edilmişdir. Bununla da, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin tələbləri pozulmuşdur. Göstərilən halların mövcud olması dövlət qulluğuna qəbulda şəffaflıq, obyektivlik, vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi prinsiplərinin tələblərini pozur və dövlət qulluğuna olan ictimai etimadı sarsıdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X37 publik hüquqi şəxsin Nizamnaməsi” nin 2.1.2-ci, 2.1.34-cü və 3.1.3 yarımbəndlərinə əsasən, qeyd edilənləri nəzərə alaraq fəaliyyətinizdə dövlət qulluğuna dair qanunvericiliyin düzgün tətbiqinin təmin edilməsini, eyni zamanda, qanunvericiliyin pozulması hallarının aradan qaldırılmasını, vakant dövlət qulluğu vəzifələrinin qanunvericiliyə uyğun olaraq tutulması ilə bağlı müvafiq qərar qəbul edilməsini, qəbul edilmiş qərar və vakant vəzifələr üzrə vəzifə təlimatları barədə X30 məlumat verilməsini Sizdən xahiş edirik.” -Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının X1 və kadr şöbəsinə ünvanlanan 10 iyul 2018-ci il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir: “Sizin 26 iyun 2018-ci il tarixli, 15/1720 nömrəli məktubunuzda göstərilmiş məsələlərlə əlaqədar bildiririk ki, dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı Azərbaycan Respublikası Dövlət X21 Komitəsinə 01/xx-xx/1674 nömrəli 4 dekabr 2017-ci il tarixli məktub daxil olmuşdur. X5 və X19 müsabiqədən kənar dövlət qulluğuna qəbulu və Komitədə müddətli əmək müqaviləsi əsasında çalışan X12, X22, X34, X13 müsabiqə yolu ilə tutulmayan inzibatı vəzifəyə təyin edilməsi, qısa müddət ərzində həmin vəzifədə qulluq keçdikdən sonra müsabiqə və ya müsahibə yolu ilə tutulan inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul edilməsi və bununla da dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində sui-istifadə hallarına yol verildiyi göstərilmişdir. Qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbulla bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Dövlət Komitəsinə 24 may 2018-ci il tarixli 2/484 nömrəli məktub daxil olmuş və X28, X10 və X19 dövlət qulluğuna qanunsuz qəbul məsələsinin araşdırılması tapşırığı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Dövlət Komitəsinə daxil olmuş 15/1720 nömrəli 26 iyun 2018-ci il tarixli məktubla “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilmiş daha 7 nəfər əməkdaşla bağlı məlumatlar daxil olmuşdur. Qeyd edilən məsələlərin Dövlət Komitəsində araşdırılması nəticəsində məlum olmuşdur ki, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri göznənilmədən X14, X6 və X15 dövlət qulluğuna qəbulu edilmiş, lakin bununla bağlı Dövlot Komitəsinə məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Dövlət X21 Komitəsinə daxil olmuş 01/xx-xx/1674 nömrəli 4 dekabr 2017-ci il tarixli məktuba Dövlət Komitəsinin 15 yanvar 2018-ci il tarixli 015/1-7 nömrəli məktubu ilə müvafiq cavab verilmişdir. Məktubda adı çəkilən X18 xx.xx.2009-cu il tarixində 3-cü Ərazi Şöbəsinin məsləhətçisi vəzifəsinə müsabiqədən kənar dövlət qulluğuna qəbul edilmişdir. X18 24 oktyabr 2016-cı il tarixindən 22 avqust 2019-cu il tarixinədək uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdədir. X34 və X11 öz arzuları ilə Dövlət Komitəsində dövlət qulluqlarına xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Dövlət Komitəsinə daxil olan digər iki (2/484 nömrəli, xx.xx.2018-ci il tarixli və 15/1720 nömrəli, 26 06.2018- ci il tarixli) məktubla bağlı bildiririk ki, məktubda qanunsuz qəbulla bağlı adları keçən işçilər diaspor sahəsində kifayət qədər bilik və təcrübəyə malik, öz işinin peşəkarı olan əməkdaşlarımızdır. Bu əməkdaşlar neçə illərdir dövlət qulluğunda çalışırlar Diaspora ilə işin xüsusi sahə olduğunu və bu sahə üzrə müvafiq mütəxəssislər yetişdirən alı təhsil ocaqlarının olmamasını nəzərə alaraq belə işçilərin dövlət qulluğundan kənarlaşdırılması Komitənin funksiyalarının həyata keçirilməsində çatışmazlığa səbəb olacaqdır. Qeyd edilənləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsində qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin dövlət qulluğu və diaspor sahəsində təcrübəsini, bilik və bacarıqlarını nəzərə alaraq həmin şəxslərin də iştirakı ilə daxili müsahibənin keçirilməsi ilə bağlı təklifimizə baxmanızı və münasibət bildirməyinizi Sizdən xahiş edirik. Əlavə olaraq bildirmək istərdik ki,göndərilmiş siyahıda adları qeyd edilmiş X35, ismayıl Məhəmməd oğiu Ənsərli və X29 haqqında Sizə əlavə məlumat təqdim ediləcəkdir.” İşin faktiki hallarından məlum olur ki, iddiaçı 2010-cu ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində dövlət qulluqçusu kimi müxtəlif vəzifələrdə çalışmış, X7inə daxil edilmiş, işlədiyi dövrdə dövlət qulluqçusunun hüquq və təminatlarından istifadə etmiş, ixtisas dərəcələri almış, vəzifələr daşımışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli fərmanı ilə təsdiq edilmiş “X7inin aparılması Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 2015-ci il tarixdən onun barəsində məlumatlar X7inə daxil edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.11-ci maddəsinə əsasən maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Həmin Qanunun 67.12-ci madddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin xx.xx.2010-cu il tarixli, 148 1/k nömrəli əmri iddiaçıya müvafiq hüquq verdiyindən, əlverişli inzibati akt hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində qeyd edildiyi kimi iddiaçının rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olması barədə işdə hər hansı sübut yoxdur və bu halla bağlı cavabdeh mübahisə açmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı barəsində qəbul edilən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 148 1/k nömrəli əmri qanunsuz əlverişli inzibati akt hesab olunsa da belə, həmin aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə müvafiq məlumatların ilk dəfə 2015-ci ildə daxil edildiyi nəzərə alınarsa Dövlət Reyestrini aparan dövlət qurumu (keçmiş DQMK, hazırkı Azərbaycan Respublikasının X37) tərəfindən müvafiq əmrin ləğv edilməsini şərtləndirən hal 2015-ci ildə məlum idi və 2015-ci ildən başlayaraq 1 il ərzində həmin əmr ləğv edilə bilərdi. Lakin həmin müddətdə bu səlahiyyətdən istifadə edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2010-cu ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlar əldə etmiş, müvafiq reyestrə daxil edilmiş, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan, işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçı uzun müddət ərzində Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən dövlət orqanında dövlət qulluqçusu kimi çalışdığından, onun maliyyələşdirilməsi də dövlətin bu məqsədə ayırdığı maliyyə vəsaiti hesabına cavabdeh təşkilat tərəfindən həyata keçirilmişdir. Mövcud büdcə qanunvericiliyinin tələblərinə görə aidiyyəti orqanlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görməlidirlər. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifələrində 12 ildən artıq çalışır və bu dövr ərzində ona müvafiq ixtisas dərəcələri verilmiş və həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr alır, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə edir, bu isə İddiaçı ixtisas səviyyəsinin, həmçinin peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının göstəricisi kimi qiymətləndirilməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Həmin Qanunun 17.3-cü maddəsinin 4-cü cümləsinə əsasən ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikasının X37 tərəfindən aparılır. Həmin Qaydaların 11-ci bəndinə əsasən Dövlət Reyestrindəki məlumatlar həmişəlik saxlanılır və heç bir halda məhv edilə bilməz. Həmin Qaydaların 12-ci bəndinə Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı xx.xx.2010-cu il tarixdən hazırkı iş üzrə məhkəmə qərarı çıxarılan günədək Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində inzibati vəzifələr üzrə iş stajı nəzərə alınmaqla Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə həmin dövr üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğu müəyyən edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2010-cu il tarixdən hazırkı iş üzrə məhkəmə qərarı çıxarılan günədək Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində inzibati vəzifələr üzrə iş stajı nəzərə alınmaqla həmin dövr üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğu müəyyən (təsdiq) edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-6849/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6849/2023
13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver