Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6849/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi(vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “kvalifikasiyasının tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2024-cü il tarixli NA 00035037 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarının ləğv edilməsinə və Rusiya Federasiyasının X5 Universiteti tərəfindən onun adına verilmiş “27.03.04. Texniki sistemlərdə idarəetmə” ixtisası üzrə xx.xx.2024-cü il tarixli 674 qeydiyyat nömrəli Diplomuma uyğun bakalavr ali təhsiliə aid kvalifikasiyanın tanınması öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) xx.xx.2024-cü il tarixli NA 00035037 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” Qərarı ilə Rusiya Federasiyası X5 Universitetindən “27.03.04. Texniki sistemlərdə idarəetmə” ixtisası üzrə adına verilmiş xx.xx.2024-cü il tarixli 674 qeydiyyat nömrəli diplom üzrə bakalavr kvalifikasiyasının tanınmasına dair ərizəsi təmin edilməmişdir. Cavabdeh TKT Agentliyinin xx.xx.2024-cü il tarixli NA 00035037 nömrəli qərarının rekvizitlərində “İmtina səbədi: Sərhəd xidmətinin məlumatı (qiyabi) bakalavriat)” göstərilmişdir. Cavabdehin qərarında göstərilir: "... Ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartları və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslnan formal təhsilin əldə olunması) tələb olunur. Cavabdeh Agentliyin yuxarıda sözügedən qərarının ləğv edilməsinə və xarici ali təhsilə aid kvalifikasiyasının tanınması öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Ona Rusiya Federasiyasının X6 Ali Təhsili Müəssisəsi olan X5 Universitetini “27.03.04. Texniki sistemlərdə idarəetmə” ixtisası üzrə bakalavr ali təhsil səviyyəsini bitirmişəm və mənə xx.xx.2024-cü il tarixli 674 qeydiyyat nömrəli bakalavr Diplomu verilmişdir. Təhsil aldığı, kvalifikasiya verilmiş X5 Universiteti (xarici ali təhsil müəssisəsi) Rusiya Federasiyasının qanunvericiliyi əsasında fəaliyyət göstərən dövlət büdcə təsisatlı ali təhsil müəssisəsidir. Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması üçün zəruri sənədləri cavabdeh Agentliyə müvafiq qaydada təqdim etmişdir. Onun təhsil müddətində təhsil aldığı ölkədə lazımi müddətdə olmadığına dair Qərarda göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, o qiyabi formada ali təhsil aldığı Universitetin olduğu Rusiya Federasiyasında lazımi müddətdə olmuş, formal tədris prosesində iştirak etmişdir. Yalnız bütün dünyada, o cümlədən, Rusiya Federasiyasında və Azərbaycanda yayılmış COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar sərhədlərin və bütün tədris müəssisələrinin qapandığı, yalnız onlayn formatda fəaliyyət göstərdiyi dövrdə, Azərbaycan Respublikasının ali təhsil müəssisələri kimi, X5 Universitetində də onlayn təhsil metodları tətbiq edilmişdir. Sərhədlərin bağlı olduğu 2020- 2022-ci illərdə onun Dağıstana getmək imkanın olmaması da hamıya bəlli olan haldır. Qiyabi təhsil müddətində xarici ölkədə sessiyalarda birbaşa iştirak etmək imkanının olmadığı nəzərə alınmalıdır. X5 Universitetinin rəhbərliyi bununla bağlı müvafiq əmr verərək, Rusiya Federasiyasından kənarda olan tələbələrin onlayn və distant qaydada təhsilinin davam etdirilməsini təşkil etmişdir. Təhsil müddətində onlayn qaydada olan dövr daxil olmaqla, o da digər tələbələr kimi, tədris proqramını tam mənimsəmiş və semestr imtahanlarını vermişdir. Ali təhsilin müvafiq ixtisası üzrə təhsilin tam kursunu (tədris proqramını) mənimsəməyi təqdim etdiyi diploma əlavədə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra-Agentlik) qarşı Rusiya Federasiyası X5 Universiteti tərəfindən verilmiş “Texniki sistemlərin idarə olunması" ixtisası (bakalavr/qiyabi) üzrə aldığı kvalifıkasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2024-cü il tarixində elektron ərizə sistemi vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2019/2020-cü tədris ili üzrə -1 ay 1 gün, İİ semestr pandemiya dövrü, 2020/2021-ci tədris ili üzrə - getməyib (pandemiya dövrü), 2021/2022-cı tədris ili üzrə -13 gün (pandemiya dövrü), 2022/2023-ci tədris ili üzrə- getməyib, 2023/2024-ci tədris ili üzrə -1 ay 28 gün. İnzibati orqan müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğunu müəyyən etmiş, bu səbəblərdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: -Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-959/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli, 2- 1(102)- 2377/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarlar v.s.) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydalan"na (bundan sonra - Qaydalar) uyğun olaraq həyata keçirilir. Bu Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında" Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Sözügedən Qaydaların 4.1.4-cü bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulmuşdur ki, bu da həmin dövrdə tələbənin hər il üzrə minimum 6-8 həftə xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri edir. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Oxşar hallarla bağlı Azərbaycan Respublikası Ali X1 2-1 (102)- 1776/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının 29-cu bəndində qeyd edilmişdir ki, "ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır". Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyası Ali Təhsilin Dövlət Büdcə Təhsil Müəssisəsi “X5 Universiteti tərəfinfən verilmiş xx.xx.2024-cü il tarixli 100534 ******* nömrəli bakalavr diplomunun surətindən müəyyən olunur ki, İddiaçı oğlu “Texniki sistemlərdə idarəetmə” hazırlıq istiqaməti üzrə bakalavriat programını mənimsəmiş və dövlət yekun attestasiyasından müvəffəqiyyətlə keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə bakalavr dərəcəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyası Ali Təhsilin Dövlət Büdcə Təhsil Müəssisəsi “X5 Universitetinin xx.xx.2024-cü il tarixli 335 nömrəli arxiv arayışında göstərilmişdir ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı həqiqətən X5 Universitetində təhsil alıb. 2019-cu ilin sentyabr ayında İddiaçı "Texniki sistemlərdə idarəetmə" ixtisası üzrə qiyabi təhsilalma forması ilə 1-ci kursa qəbul olmuşdur (30 sentyabr 2019-cu il tarixli, 1594-s nömrəli əmr). Təhsilini başa vuraraq Dövlət İmtahan Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə ona "Texniki sistemlərdə idarəetmə ixtisası üzrə bakalavr ixtisas dərəcəsi verilmiş və xx.xx.2024 il tarixdən 100534 ******* saylı, 674- qeydiyyat Ne-li diplom verilmişdir. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sanitarepidemioloji rifahının təmin edilməsi məqsədilə 2020-ci ildə "X5 Universiteti" Ali Təhsilin X6li Ali Təhsil Müəssisəsinin tələbələri təhsil texnologiyalarından istifadə etməklə distant təlimə keçirilib (universitetin xx.xx.2020-ci il tarixli 120 nömrəli əmri). Həmçinin obyektiv səbəblərə görə Rusiya Federasiyasının hüdudlarından kənarda olan universitetin əcnəbi tələbələri ilə bağlı iki tədris ili ərzində xx.xx.2022-ci il tarixli, 269 nömrəli, xx.xx.2022-ci il tarixli, 607 nömrəli əmrlərə əsasən elektron təhsil və distant təhsil texnologiyalarından istifadə etməklə təlim forması təşkil edilib. Distant təhsil texnologiyalarından istifadə etməklə təhsil alan İddiaçı R. tədris prosesində mütəmadi olaraq iştirak etmiş və bütün sessiyalardan müvəffəqiyyətlə keçmişdir. İş materiallarına əlavə edilmiş X5 Universitetinin xx.xx.2023-cü il tarixli 192 nömrəli əmrindən görünür ki, Rusiya Federasiyasında təhsil haqqında" xx.xx.2012-ci il tarixli 273- FZ M№-li (xx.xx.2022 il tarixli red.) Federal qanuna uyğun olaraq, obyektiv səbəblərdən Rusiya Federasiyasının hüdudlarından kənarda olan universitetin xarici tələbələri üçün elektron təhsil və distant təhsil texnologiyalarından istifadə etməklə yekun ixtisas dissertasiyalarının müdafiəsini təşkil etmək, əcnəbi tələbələri lazımi tədris-metodiki materiallarla təmin etməklə Universitetin professor-müəllim heyəti (PMH) üçün yüksək keyfiyyətli konsultasiyaların təşkilini təmin etmək; universitetin tədris prosesi va "Moodle" distant təhsilinə elektron dəstək sistemi və (və ya) Zoom onlayn təlim platforması vasitəsilə yekun ixtisas işinin müdafiəsini həyata keçirmək, müdafiə işlərinin gedişatının universitetin elektron informasiya sistemində qeyd olunmasını təmin etmək, kafedra müdirləri buraxılış ixtisası işinin müdafiəsini təşkil edilərkən professor-müəllim heyətinə və əcnəbi tələbələrə təşkilati-metodiki dəstəyi təmin etsinlər, təsdiq edilmiş cədvələ, iş proqramlarına və fənlərin (modulların) qiymətləndirmə fondlarına uyğun olaraq universitetin elektron tədris prosesinə dəstək və "Moodle" distant təhsil sistemi vasitəsilə buraxılış ixtisası işlərinin müdafiəsini təşkil etmək, mövcud tədris-metodiki sənədləşmənin koordinasiyası, planlaşdırılması və yenilənməsi və keyfiyyətinin qiymətləndirilməsi üzrə işi gücləndirmək, Fakültə dekanları və filial direktorları distant formatda buraxılış ixtisası işinin müdafiəsinin yerinə yetirilməsinə nəzarəti təmin etsinlər, sənədlərin Universitetin Elektron İnformasiya Sistemində yerləşdirilməsi üçün vaxtında və keyfiyyətli təqdim edilməsinə nəzarət gücləndirməlidirlər, Əcnəbi tələbələr yekun ixtisas dissertasiyalarını vaxtında hazırlamalı və nəzərdən keçirilməsi üçün rəhbərlərinə təqdim etməlidirlər,beynəlxalq əməkdaşlıq və marketinq şöbəsi bu sərəncam nəzərə alınmaqla dəyişikliklərin izahı baxımından əcnəbi tələbələrlə məqsədyönlü işin aparılmasını təmin etmək tapşırılması, bu əmrin icrasına nəzarəti universitetin beynəlxalq əməkdaşlıq və marketinq şöbəsinə və tədris-metodiki şöbəsinə həvalə edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş X5 Universitetinin xx.xx.2022-ci il tarixli 255 nömrəli əmrindən görünür ki, RF Hökumətinin "RF Hökumətinin xx.xx.2020 il tarixli 635-r Ne-li va xx.xx.2020 il tarixli 763-r №-li Sərəncamına dəyişikliklərin edilməsi haqqında" xx.xx.2021ci il tarixli 639-r nömrəli sərəncamına uyğun olaraq və Rusiya Təhsil və Elm Nazirliyinin "ali təhsilin təhsil proqramları üzrə dövlət yekun attestasiyasının keçirilməsinə dair Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin bəzi əmrlərinə dəyişikliklərin edilməsi haqqında" 27 mart 2020 il tarixli 490 №-li Əmrinin icrası məqsədilə: Universitet tələbələrinin və işçilərinin sanitar-epidemioloji rifahını təmin etmək məqsədilə elektron təhsil və distant təhsil texnologiyalarından istifadə etməklə Rusiya Federasiyasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlər çərçivəsində xaricdə yaşayan əcnəbi vətəndaşlar üçün müəyyən edilmiş müddətdə dövlət yekun attestasiyasını keçirmək; Dövlət yekun attestasiyasının təşkili və keçirilməsini tənzimləyən universitetin yerli qaydalarına uyğun olaraq buraxılış şöbələrinin müdirləri xaricdə yaşayan əcnəbi vətəndaşlar üçün elektron təhsil və distant təhsil texnologiyalarından istifadə etməklə dövlət yekun attestasiyasının aparılmasını təmin edilməsi; Fakültə dekanları və filial direktorları xaricdə yaşayan əcnəbi vətəndaşlar üçün elektron təhsil və distant təhsil texnologiyalarından istifadə etməklə dövlət yekun attestasiyasının təşkilinə və keçirilməsinə nəzarəti təmin edilməsi bu sərəncamın icrasına nəzarəti universitetin tədris-metodiki şöbəsinin öhdəsinə verilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş X5 Universitetinin xx.xx.2022-ci il tarixli 607 nömrəli əmrindən görünür ki, "Rusiya Federasiyasında təhsil haqqında" xx.xx.2012-ci il tarixli 273- FZ №-li (xx.xx.2022 il tarixli red.) Federal qanuna uyğun olaraq, elektron təhsil və distant təhsil texnologiyalarından istifadə edərək obyektiv səbəblərdən Rusiya Federasiyasından kənarda olan universitetin xarici tələbələri üçün qarışıq formatda tədris təşkil edilməsi, universitetin professor-müəllim heyəti (PMH) əcnəbi tələbələri zəruri tədris-metodiki materiallarla təmin etməklə tədris olunan akademik fənlərin (modulların) keyfiyyətini təmin etməlidir: Universitetin elektron tədris prosesi dəstəyi və distant təhsil sistemi "Moodle" və/və ya Zoom onlayn təlim platforması vasitəsilə aralıq attestasiyanı keçirilməsini təşkil etmək, tədris prosesinin gedişatının universitetin elektron informasiya sistemində qeydə alınmasını təmin etmək, kafedra müdirləri qarışıq tədris formatına keçid zamanı professormüəllim heyətinə və əcnəbi tələbələrə təşkilati-metodiki dəstək göstərilməsini təmin etməli, universitetinin tədris prosesi və "Moodle" distant təhsilinə elektron dəstək sistemi vasitəsilə təsdiq edilmiş cədvələ, iş proqramlarına və fənlər (modullar) üzrə qiymətləndirmə vasitələrinin fondlarına uyğun olaraq aralıq qiymətləndirməni təşkil etməli, mövcud tədrismetodiki sənədləşmənin koordinasiyası, planlaşdırılması qiymətləndirilməsi üzrə işi gücləndirməlidirlər. yenilənməsi va keyfiyyətinin qiymətləndirilməsi üzrə işi gücləndirilməsi, qarışıq təlim zamanı tədris prosesinin həyata keçirilməsinə nəzarəti fakültə dekanları və filial direktorları təmin etməlidirlər, sənədlərin Universitetin Elektron İnformasiya Sistemində yerləşdirilməsi üçün vaxtında və keyfiyyətli təqdim edilməsinə nəzarəti gücləndirmək, xarici tələbələrin kurs layihələri (işləri) və hesablama-qrafik işləri üzrə distant konsultasiyaların verilməsini təmin etmək, xarici tələbələr cari tədris ilinin sonuna kimi tamamlanmış bütün kurslar (modullar) üzrə akademik borclarını aradan qaldırması, bu əmri nəzərə almaqla dəyişikliklərin izahı baxımından əcnəbi tələbələrlə məqsədyönlü işin aparılmasını beynəlxalq əməkdaşlıq və marketinq şöbəsinə tapşırılması, bu əmrin icrasına nəzarət Universitetin Beynəlxalq əməkdaşlıq və marketinq şöbəsinə və Tədrismetodik şöbəyə həvalə edilməsi əmr edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli 3-38-33/2-747/25 nömrəli məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı 2019-2024-cü illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2019 Çıxış Rusiya xx.xx.2019 Giriş Rusiya xx.xx.2019 Çıxış Rusiya -xx.xx.2019 Giriş Rusiya xx.xx.2020 Çıxış Rusiya -xx.xx.2020 Giriş Rusiya xx.xx.2022 Çıxış Rusiya –xx.xx.2022 Giriş Rusiya xx.xx.2024 Çıxış Rusiya -xx.xx.2024 Giriş Rusiya xx.xx.2024 Çıxış Rusiya -xx.xx.2024 Giriş Rusiya İş materiallarına əlavə edilmiş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2024cü il tarixli, NA00032182 nömrəli qərarından görünür ki, Ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalan"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından görünür ki, iddiaçı 2019-2023-cü il tarixlərdə Rusiya Federasiyası X5 Universitetində üzrə qiyabi təhsilalma forması üzrə təhsil almış, ona həmin universitet tərəfindən xx.xx.2024-cü il tarixli 100534 ******* nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı aldığı ixtisas üzrə diplomun ölkə ərazisində tanınması ilə bağlı etdiyi müraciətə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə cavab verilmiş və məktubda iddiaçının ali təhsilin bakalavr səviyyəsi üzrə hər bir tədris ili ərzində kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmadığını, bununla da iddiaçının diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirmək üçün kifayət hesab edilmədiyini əsas gətirilərək imtina verilmişdir. Hazırkı iddiasında iddiaçı tərəf bakalavr diplomu üzrə ixtisasın tanınması barədə qərar qəbul edilməsini mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını əsaslı hesab edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun aşağıdakı maddələrinə əsasən: -13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). -22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. -29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; -44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: - 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən edir. -1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. -1.3.Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. - 3. Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. İlk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri, təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir. Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır. Ərizəçinin müraciətinə baxılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq aşağıdakı məlumatların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına sorğular edilir: ərizəçinin fərdi məlumatlarındakı (adı, soyadı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik; ərizəçinin təhsilalma tarixi; ərizəçinin hərbi mükəlləfiyyəti; ərizəçinin əmək fəaliyyəti; ərizəçinin sərhədkeçmə qeydiyyatı. -3.6. Agentlik tanınma üçün yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər. -3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. -3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. -3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. -3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. -4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta xtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” 1.6....Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2010-cu il tarixli, 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları” nın aşağıdakı bəndlərinə əsasən: -4. Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. -5.4. ali təhsil pilləsi üzrə: bakalavriat səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime); magistratura səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, rezidentura səviyyəsində - əyani; doktorantura səviyyəsində - əyani; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti"nin 1.5-ci bəndinə görə ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrıayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: -3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. -3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. -3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının bakalavriat pilləsində qiyabi təhsilalma formasında təhsil almışdır. İddiaçının qiyabi təhsil forması üzrə təhsili alması üçün hər bir tədris ili ərzində təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tələb olunduğu halda iddiaçının sərhədkeçmə məlumatlarından görünür ki, o təhsil aldığı müddət ərzində həmin ölkədə tələb olunan müddət çərçivəsində olmamışdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat və magistratura təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkədə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının vəziyyətində sözügedən tələbə riayət olunmamışdır. İddiaçınnın istinad etdiyi təhsil aldığı universitet tərəfindən distant təhsil texnologiyalarından istifadə edərək təhsil almasına gəlincə məhkəmə qeyd edir ki, distant texnologiyanın tətbiq edildyi illər pandemiya olan dövr olmaqla cavabdeh tərəfidən ölkədə olmamanın üzrlü səbəbi kimi qəbul edilmiş, mübahisələndirilməmişdir. İddiaçı təhsil dövründə pamdemiya dövrünə təsadüf etməyən 2022/2023-ci tədris ili üzrə ümumiyyətlə tədris prosesində iştirrak üçün sözügedən ölkdə olmamışdır. İddiaçının bakalavr diplomunun əlavəsində təhsilalma formasının məhz qiyabi olduğu qeyd edilmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımıından yetərli sayıla bilməz. Bu halda məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən halllar öz təsdiqini tapmadığından və cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən cavabdeh orqanın müraciətin təminindən imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Təhsildə X2rşı “kvalifikasiyasının tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6849/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6849/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver