Məhkəmə qərarları › İş №2-1(112)-685/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-685/2020

21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-685/2020 21.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi, vəkil İbrahimov Qanqa Cavanşir oğlunun, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı pul tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi”nə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə mövcud bazar qiyməti, indeksləşmə və əldən çıxmış faydaya görə illik faizlər nəzərə alınmaqla əmlakın özəlləşdirilməsi üçün iddiaçı tərfindən ödənilmiş pul vəsaitinə görə 260000 (iki yüz altmış min) manat, əmlaka görə icarə haqqı kimi ödənilmiş 178559 (yüz yetmiş səkkiz min beş yüz əlli doqquz) manat, əmlakın əsaslı təmiri üçün ödənilmiş 399048 (üç yüz doxsan doqquz min qırx səkkiz) manat, ümumilikdə isə 837607 (səkkiz yüz otuz yeddi min altı yüz yeddi) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə növbəti məhkəmə hazırlıq icraatı iclası 21 sentyabr 2020-ci il tarixə təyin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbələrindəki 343,8 m2 qeyri-yaşayış sahəsi iddiamının icarəsində olmuş, xx.xx.2004-cü il tarixli 1098 №-li “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin əmlak onun tərəfindən əldə edilmiş, bu məqsədlə dövlət büdcəsinə 70135000 (yetmiş milyon bir yüz otuz beş min) manat pul köçürülmüş, ona mülkiyyət üzərində hüququnu təsdiqləyən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında №003993 saylı, xx.xx.2005-ci il tarixli şəhadətnamə verilmiş və bu 7 №-li reyestr kitabının 4-cü səhifəsində 3993 nömrəsi ilə qeydiyyata alınmışdır. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli, A-0602/07 saylı hökmü ilə ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli 343,8 m2 qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Depar- tamenti ilə mənim aramda bağlanmış xx.xx.2004-cü il tarixli 2379 №-li icarə müqaviləsi, xx.xx.2004- cü il tarixli 1098 №-li alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, lakin həmin əmlakın alqı-satqısı müqaviləsi üzrə tərəfindən dövlət büdcəsinə ödənilmiş 70135000 (yetmiş milyon bir yüz otuz beş min) manat vəsait iddiaçıya geri qaytarılmamışdır. Qeyd edilən qeyri-yaşayış sahəsi 12 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikasının ƏMDK-nın yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 11 iyul 2017-ci il tarixli protokolu ilə 260000 (iki yüz altmış min) manata satılmışdır. xx.xx.2017-ci il tarixdən 2018-ci ilin sonunadək yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən onun faktiki sahibliyində və istifadəsində saxlanılmışdır, yəni xx.xx.2007-ci ildə formal olaraq həmin əmlaka mülkiyyət hüququm ləğv edilmiş olsa da, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin razılığı ilə icarəsində qalmışdır, kağız üzərində olmasa da, aralarında faktiki icarə münasibətləri olmuşdur. Buna görə iddiamı tərəfindən 2007-ci ilin noyabr ayından 2018-ci ilin sonunadək hər ay icarə haqqı qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə 600 (altı yüz) manat, ümumilikdə 80400 (səksən min dörd yüz) manat məbləğində vəsait ödənilmişdir. 12 il ərzində Əmlak Məsələləri Dövlət Komitəsi bu pul vəsaitini ondan qəbul etməklə, yəni konkludent hərəkətə yol verməklə yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsinin mənim sahibliyimdə və istifadəmdə olmasını qəbul etmiş, bununla da aralarnzda faktiki icarə münasibətlərinin olmasını tanımışdır. Eyni zamanda həmin qeyri-yaşayış sahəsinə görə aylıq kommunal xərcləri (elektrik enerjisi, qaz, su və s.) tərəfindən ödənilmişdir ki, bu hal da onun faktiki sahibliyimdə və istifadəmdə olmasını bir daha təsdiqləyir. Qeyd olunan qeyri-yaşayış sahəsi 2000-ci ildən faktiki istifadəsində olduğuna görə (əvvəl formal olaraq yaxın qohumumun adına, 2004-cü ildən isə öz adına olan icarə müqavilələrinə, daha sonra isə yuxarıda qeyd etdiyi alqı-satqı müqaviləsinə əsasən) tərəfindən 3 dəfə - 2000-ci, 2004-cü və 2008-ci illərdə əsaslı təmir olunmuş, sonuncu dəfə 2008-ci ildə bu işlərə 140000 (yüz qırx min) manat vəsait xərclənmişdir. Göstərilən müddət ərzində qeyd edilən qeyri-yaşayış sahəsinin icarəsi ilə əlaqədar onunla cavabdeh arasında faktiki müqavilə münasibətlərinin olması, həmçinin həmin əmlakın onun sahibliyimdə və istifadəsində olmasının cavabdehin tam razılığı ilə baş tutması həm də onunla təsdiq olunur ki, 2015-ci ildə tərəfindən əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciətinə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş cavabda (xx.xx.2015-ci il tarixli **********86 nömrəli məktub) əmlakın “Anar” KB-nın Bakı filialının xeyrinə ipoteka ilə yüklü edilməsi səbəbindən mümkünsüzlüyü bildirilmiş, bununla da onunla həmin əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün ipoteka yüklülüyündən savayı başqa bir maneənin olmamasını etiraf etmişdir. Bununla yanaşı hesab edir ki, 2007-ci ildən hal-hazıradək yuxarıda qeyd etdiyi vəsaitin ona qaytarılmaması, ondan icarə haqqı kimi əsassız olaraq alınmış aylıq ödənişlərin qaytarılmaması, qeyri-yaşayış sahəsinin əsaslı təmirinə xərclədiyim pul vəsaitinin qaytarılmaması nəticəsində o adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirləri də itirmişdir, yəni əldə edə biləcəyi fayda əlindən çıxmışdır. Belə ki, həmin vəsaitlər ona vaxtında qaytarıldığı halda tərəfindən bir neçə daşınmaz əmlakın alınması və onların kirayəyə verilməsi hesabına ən azı ildə 10-20% əlavə gəlir əldə edə bilərdi. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə dair etiraz təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən 343,8 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2004-cü il tarixli, 1098 nömrəli alqı-satqı müqaviləsinə əsasən 70 135 000 köhnə Azərbaycan manatına (14 027 yeni Azərbaycan manatına) İddiaçı satılmışdır. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli, A- 0602/07 nömrəli hökmü ilə qeyd edilən alqı-satqı müqaviləsi və həmin əmlaka dair tərəflər arasında bağlanılmış xx.xx.2004-cü il tarixli, 2379 nömrəli icarə müqaviləsi etibarsız hesab edilmiş, qeyd edilən qeyri-yaşayış sahəsinin qanunsuz sahiblərindən geri alınması, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sahibliyinə və istifadəsinə qaytarılması, həmin əmlak üzərində dövlətin mülkiyyət hüququnun bərpa edilməsi qərara alınmışdır. Beləliklə, iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı dövlət büdcəsinə 14 027 manat ödəmişdir. Qeyd edilən qeyriyaşayış sahəsinə dair iddiaçı ilə bağlı bağlanılmış alqı-satqı müqaviləsi Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə etibarsız hesab edildiyindən, iddiaçı bir il ərzində həmin müqavilə üzrə ödədiyi pulun geri qaytarılmasını tələb edə bilərdi. Lakin, iddiaçının heç bir üzrlü səbəb olmadan əqdin etibarsız hesab edilməsindən 12 ildən artıq bir müddət keçdikdən sonra həmin əqdin etibarsızlığının nəticələrinin tətbiqi barədə iddia qaldırmışdır. İddiaçının digər tələbləri də əsassızdır. Belə ki, iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinin hazırkı bazar dəyərinin 260 000 manat olduğunu bildirir. Halbu ki, iddiaçı müvafiq qeyri-yaşayış sahəsini özəlləşdirərkən onun qiyməti bazar dəyərinə əsasən deyil, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 23 nömrəli Qərarı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallar"a uyğun olaraq hesablanmışdır və iddiaçının əmlakın hazırkı bazar dəyərinin ona qaytarılmasını tələb etməsi əsassızdır. Digər tərəfdən iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsini 3 dəfə təmir etdiyini və buna 140 000 manat pul xərclədiyini qeyd edir və buna görə də indeksləşmə və əldən çıxmış faydaya görə illik faizlər nəzərə alınmaqla 399 048 manat pul vəsaiti tələb edir. İddiaçının bu tələbi də əsassızdır. Belə ki, iddiaçı qeyri-yaşayış sahəsini təmir etdiyini və buna 140 000 manat sərf etdiyini qeyd etsə də, buna dair heç bir sübut məhkəməyə təqdim edə bilmir. Digər tərəfdən, iddiaçı qeyri-yaşayış sahəsinin təmirinə razılıq verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə rəsmi müraciət etməmiş və Komitə buna razılığını bildirməmişdir. Qeyd edilənlərdən əlavə iddiaçının əldən çıxmış faydaya və indeksləşməyə görə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən əlavə vəsaitlər tələb etməsi də hüquqi əsas malik deyildir. Belə ki, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 17 iyun 1992-ci il tarixli Qanunun preambulasına əsasən həmin Qanun Azərbaycan Respublikasında istehlak mallarının qiymətlərinin və pullu xidmətlərin tariflərinin artması ilə əlaqədar vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir. Həmin Qanunun 3-cü maddəsinə əsasən aşağıdakılar indeksləşdirilməlidir: müəssisələrin, idarələrin və təşkilatların işçilərinin əmək haqqı; birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, işsizliyə görə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər); vətəndaşların Azərbaycan Respublikasının Əmanət Bankında olan əmanətləri; Azərbaycan Respublikasının dövlət istiqrazları və digər dövlət qiymətli kağızları; Azərbaycan Respublikasının dövlət sığorta orqanlarına verilən haqlar; aliment. Beləliklə, Qanunun 3-cü maddəsi ilə vətəndaşların indeksləşdirilməli olan pul gəlirlərinin dairəsi konkret olaraq müəyyənləşdirilmiş və həmin maddəyə əsasən indeksləşdirmə vətəndaşların mütəmadi əldə etdikləri gəlirlərinə (əmək haqqı, pensiya, təqaüd, müavinət, aliment) münasibətdə tətbiq olunur. Göründüyü kimi yuxarıda qeyd edilən qanun vətəndaşların gəlirlərinə şamil olunur. İddiaçı tərəfindən əmlakın özəlləşdirilməsi ilə bağlı dövlət büdcəsinə ödədiyi və onun təmirinə çəkdiyini iddia etdiyi vəsaitlər onun gəliri deyil, xərcləridir və bu vəsaitlərin indeksləşdirilməsi qanunvericiliklə müəyyən edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Əmlak Məsələləri Dövlət Komitəsi iddiaçının özəlləşdirmə ilə bağlı dövlət büdcəsinə ödədiyi pulu qanunsuz saxlamamış və Mülki Məcəllənin 449.1-ci maddəsi ilə müəyyən edilmiş digər hərəkətləri etməmişdir. İddiaçı hərəkətsizlik göstərərək, özəlləşdirmə barədə əqd məhkəmə hökmü ilə etibarsız hesab edilsə də, dövlət büdcəsinə ödədiyi vəsaiti tələb etməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçının tələbləri hüquqi əsasa malik deyildir və təmin edilə bilməz. İddiaçının nümayəndəsi və vəkili İbrahimov Qanqa Cavanşir oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edib, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 etiraza uyğun olaraq iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Nümayəndə əlavə olaraq bildirdi ki, iddiaçıların tələbləri hüquqi əsasa malik deyildir. Məhkəmə iddianın mümkünlüyü məsələsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qannsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya hazırkı iddia tələbinin inzibati icraat qaydasında baxılmasının mümkün olmadığı izah edilmişdir. Göründüyü kimi, iddiaçının tələbi üç hissədən ibarətdir: - əmlaka görə icarə haqqı kimi ödənilmiş 178559 (yüz yetmiş səkkiz min beş yüz əlli doqquz) manatın ödənilməsi; - indeksləşmə və əldən çıxmış faydaya görə illik faizlər nəzərə alınmaqla əmlakın özəlləşdirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinə görə 260000 (iki yüz altmış min) manatın ödənilməsi; - əmlakın əsaslı təmiri üçün ödənilmiş 399048 (üç yüz doxsan doqquz min qırx səkkiz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması; Məhkəmə qeyd edir ki, iddia tələbləri bir-biri ilə bağlı olduğu, hazırkı cavabdeh publik hüquq şəxs hesab edilən Əmlak Məsələləri Dövlət Komitəsinə yönəldilsə də mahiyyət baxımıdan mübahisə mülki xarakter daşıyır. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli, A-0602/07 nömrəli hökmü ilə ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli 343,8 m2 qeyriyaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə iddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli 2379 №-li icarə müqaviləsi, xx.xx.2004cü il tarixli 1098 №-li alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı etibarsız hesab olunan müqavilə üzrə ödədiyi pulun geri qaytarılmasını tələb etməkdədir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Məhkəmə iddia tələbinin digər hissəsi olan - əmlakın əsaslı təmiri üçün ödənilmiş 399048 (üç yüz doxsan doqquz min qırx səkkiz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsinə dair münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən əmlakın özəlləşdirilməsi ilə bağlı dövlət büdcəsinə ödədiyi və onun təmirinə çəkdiyini iddia etdiyi vəsaitlər onun gəliri deyil, xərcləridir və bu vəsaitlərin tələb edilməsinin qanuni əsası olduğu halda belə mübahisə mülki qaydada araşdırılmalıdır. Digər tələb üzrə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbi baxımından indeksləşmə və əldən çıxmış faydaya görə illik faizlər nəzərə alınmaqla əmlakın özəlləşdirilməsi üçün tərəfindən ödənilmiş pul vəsaitinə görə 260000 (iki yüz altmış min) manat məbləğində vəsaitinin tələb edilməsi birmənalı olaraq mülki məhkəmə icraatının predmetinə aiddir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya müvafiq hərəkətləri (hərəkətsizliyi) nəticəsində kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədiyi halda iddianın mümkünlük şərtləri mövcud təşkil edərdi. Hazırkı iş üzrə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı işlərin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası MPM-in 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Beləliklə işih araşdırılan halları ilə iddia tələblərinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən müəyyən edilmiş iddia tələblərindən hər hansı birinin təsirinin altına düşməsi müəyyən edilmir. Bu səbəbdən də, hazırki iddia tələblərinəinə inzibati icraat qaydasında baxılması mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalı, iddiaçıya yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 17-ci maddəsində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “mövcud bazar qiyməti, indeksləşmə və əldən çıxmış faydaya görə illik faizlər nəzərə alınmaqla əmlakın özəlləşdirilməsi üçün iddiaçı tərfindən ödənilmiş pul vəsaitinə görə 260000 (iki yüz altmış min) manat, əmlaka görə icarə haqqı kimi ödənilmiş 178559 (yüz yetmiş səkkiz min beş yüz əlli doqquz) manat, əmlakın əsaslı təmiri üçün ödənilmiş 399048 (üç yüz doxsan doqquz min qırx səkkiz) manat, ümumilikdə isə 837607 (səkkiz yüz otuz yeddi min altı yüz yeddi) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinə” tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya iddiaçıya aidiyyəti məhkəmədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar