Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-685/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB X6 X2 anestezist vəzifəsində çalışır. X3 baş direktorunun 222K nömrəli, xx.xx.2020-ci il tarixli əmrinə əsasən Azərbaycanın cəbhə bölgəsində yaranmış vəziyyət ilə əlaqədar olaraq işlədiyi tibb müəsisəssindən ezam edilmişdir. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əmaliyyatları zamanı Müdafiə Nazirliyinin tibbi hərbi hissə və müəsissələrinin fasiləsiz rejimdə təmin olunmasında yaralılara tibbi yardımın təşkilində iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əmaliyyatları zamanı yaralanmış hərbi qulluqçulara göstərdiyi tibbi yardım ilə vəzifə borcunu layiqincə yerinə yetirdiyi üçün Müdafiə Nazirliyinin Tibb Baş İdarə rəisi tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif edilmişdir. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixində Fəxri Fərmanla təltif edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı bir zamanda iddiaçı da xidməti vəzifələrini yerinə yetirdiyi üçün ona da “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsi üçün Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 127s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin yaratdığı X6lərə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də Vətən müharibəsi dövründə həmin ərazilərdə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlarının və mülki işçilərinin siyahısını təsdiqedici sənədlərlə birlikdə, həmin şəxslərin ön cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etmələri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahının və təsdiqedici məlumatların hazırlanması barədə tapşırıq verildiyi üçün rəsmi müraciət etsə də, iddiaçıya bu günə kimi müharibə veteranı statusu verilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə veteran adının verilməsi üçün müraciət etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində “veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2022-ci il tarixli iclasında müraciətinə baxılmış və ərizəsi rədd edilərək geri qaytarılmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Həmçinin İPM-in 13-cü maddəsinin tələblərinə əsasən iddiaçının ünvanına hüquqi yardım məktubu göndərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, “Müharibə veteranı” adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının X4 Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu inzibati işdə cavabdeh kimi götərilə bilməz. Çünki, İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti olmadığına görə, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçıya Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər). Hazırkı işin materiallarından müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı və məqsədi ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə yönəlmişdir. Lakin iddiaçı hazırkı tələbi irəli sürərkən qanunvericilikdə təsbit edilmiş və onun qoruma sferası ilə bağlı hədləri nəzərə almamış, hüquqi marağına nail olmaq üçün əlverişli iddia növündən istifadə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin bəndin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Əsasnamənin 2-ci bəndinə görə bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti və X4 Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Göründüyü kimi, mövcud qanunvericiliyin müddəalarında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək müvafiq ərazilərdə aparılmış döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara, eləcə də döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara və tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “müharibə veteranı” adı və vəsiqəsinin birbaşa verilməsi deyil, müvafiq inzibati orqan tərəfindən müəyyən edilən (şəxsin adı qeyd olunmuş) siyahının Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilməsi nəzərdə tutulur. Belə razılaşdırılma aparılmadan şəxsə, o cümlədən hazırkı halda iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması mümkün deyil. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Ali Məhkəmənin istinad olunan Plenum qərarında göstərilmişdir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Məhkəmə qeyd edir ki, istinad olunan müddəaların tələblərinə uyğun olaraq iddia ərizəsində göstərilmiş və yazışmaların aparılması xahiş olunmuş ünvana hüquqi yardım məktubu göndərilərək iddiaçıya tələbin yuxarıda qeyd olunan formada dəqiqləşdirilməsi təklif edilmiş və bunun üçün iddiaçıya müddət təyin edilmişdir. Lakin qeyd olunan məktub təhvil alınsa da iddiaçı ötən müddət ərzində iddianın dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə hər hansı ərizə təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. Məhkəmə xüsusi olaraq vurğulayır ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Beləliklə, aparılmış araşdırma ilə iddiaçı hüquqi marağına uyğun olmayan əlverişsiz iddia növündən istifadə etdiyindən və iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-685/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-685/2024
12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver