Məhkəmə qərarları › İş №2-1(112)-6850/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6850/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6850/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı şəhəri, Yeni Yasamal ev 5, mənzil 55) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdehlər - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “müvafiq siyahıya daxil edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 4440 ədəd səhmə görə 2100 (iki min yüz ) AZN Əmlak Məsələləri Dövlət Komitəsi hesabına və 6630 (altı min altı yüz otuz ) AZN Dövlət büdcəsi (Maliyyə Nazirliyi) hesabına İddiaçı ödənilməsi və həmin vəsaitin iddiaçının adına qeyd etdiyi hesaba (Bank Respublika ASC Nəsimi filialı, Kod:508472 VÖEN:**********; Müxbir hesab № AZ80NABZ********************; SWİFT: BRESAZ22; Alan: İddiaçı; İBAN: AZ33BRES********************) köçürülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2888/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2888/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-844/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2888/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün məhkəməyə göndərilmişdir. İş məhkəməyə qaytarıldıqdan sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5849/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icratında olan 2- 1(112)-5849/2021 saylı (İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pulun ödənilməsi”) inzibati iş hazırkı 2-1(112)-6850/2021 saylı (İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pulun ödənilməsi” tələbinə dair) inzibati işlə birləşdirilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Xətai rayon Məhkəməsinin 20 iyun 2003-cü il tarixli qətnaməsi ilə X1 Azərbaycan Respublikası İİN-nin Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamentinə qarşı “X4” ATSC-nin yaradılması haqqında sərəncamı etibarsız hesab edilməklə Cəmiyyətin ləğv edilməsi barədə iddiası təmin olunmuşdur. İddiaçının da 4440 ədəd səhmləri bu qətnamə ilə ləğv olunmuşdur. Maraqlı şəxs qismində həmin məhkəmə prosesinə dəvət olunmadığı və bu məhkəmə prosesindən xəbərsiz olduğu üçün öz maraqlarını müdafiə edə bilməmiş və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə tələb irəli sürə bilməmişdir. Artıq bir neçə səhmdarlar dəymiş zərərin ödənilməsi tələbi ilə məhkəmələrə müraciət edərək hər səhmə görə 2 AZN (bir səhmin nominal dəyəri iki AZN-dir) və ümumi məbləğin 25 faizini Əmlak Məsələləri Dövlət Komitəsi hesabına, 75 faizini isə Dövlət (Maliyyə Nazirliyi) hesabına ödənilməsinə nail olmuşlar. Analoji məhkəmə Qətnaməsi (iş № 2(011)- 5530/2017, Xətai rayon məhkəməsi) qüvvəyə minmiş icra olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 27 yanvar 2000-ci il tarixli 2782/2-209 saylı qətnaməsi ilə "xxxx" ASC-nin yaradılması barədə Azərbaycan Respublikası Dövlə Əmlak Komitəsinin 27 oktyabr 1997ci il tarixli, 930 sərancamı, 14-27 noyabr 1997-ci il tarixində keçirilmiş ixsaslaşdırılmış hərracının nəticələri etibarsız hesab edilmişdir. Hal-hazırda bazar dəyəri 13920 manatdan dəfələrlə çox olan 348 ədəd səhmləri bu qətnamə ilə ləğv olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Əmlak Məsələləri Dövlət Komitəsi dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyətinə malik deyildir. Qeyd edilən səbəbdən, iddiaçıya məxsus olmuş səhmlərin dəyəri qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən iddiaçıya ödənilə bilər. Eyni zamanda, iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati icraat qaydasında baxılır. İş materiallarında olan məhkəmə qərarlarının surətlərindən müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İİN-nin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi Departamentinə qarşı “Gəncə Pambıq-Əyrici” ATSC-nin yaradılması haqqında sərəncamın etibarsız hesab edilməklə cəmiyyətin ləğv edilməsi barədə iddiası təmin olunmuşdur. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 08 aprel 2004-cü il tarixli qətnaməsi ilə Xətai rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli **********20 nömrəli məktubla bildirmişdir: “Məhkəmə işi ilə əlaqədar vətəndaş İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin ixtisaslaşdırılmış çek hərracında satışı nəticəsində əldə etdiyi səhmlər və həmin səhmlərin nominal dəyəri ilə bağlı məlumatların təqdim edilməsi barədə məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, 17.01-xx.xx.2001-ci il tarixlərində keçirilmiş, 046 saylı ixtisaslaşdırılmış çek hərracında vətəndaş İddiaçı 120 ədəd çek təqdim edərək ümumi nominal dəyəri 8880 manat olan 4440 ədəd səhm əldə etmişdir. Məlumat üçün bildiririk ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-1187/03 nömrəli Qətnaməsi ilə “X4” Açıq Səhmdar Cəmiyyətinin yaradılması barədə keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 262 nömrəli sərəncamı etibarsız hesab edilmiş və cəmiyyətin səhmlərinin satışına dair keçirilmiş hərracların nəticələri ləğv edilmişdir.” İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli **********20 nömrəli məktubla bildirmişdir: “İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Maliyyə Nazirliyinə qarşı pul tələbinə dair iddiasına baxılması ilə əlaqədar olaraq, "xxxx" ASC-nin səhmlərinin özəlləşdirilməsi ilə bağlı keçirilmiş ixtisaslaşdırılmış hərraclara dair sənədlərin iddiaçıya aid hissədə təqdim edilməsi barədə xx.xx.2020-ci il tarixli, 2-1(112)-3928/2020 nömrəli məktubunuza Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Bununla əlaqədar olaraq, müvafiq sənədlər təqdim edilir. Eyni zamanda bildiririk ki, məhkəməyə təqdim edilən 019 saylı (16-29 mart 1998) ixtisaslaşdırılmış çek auksionu üzrə daimi auksion komissiyasının xx.xx.1998-ci il tarixli, 019/41 nömrəli yekun protokoluna əsasən X2 tərəfindən alınmış 348 ədəd səhmin ümumi nominalı 3 480 000 köhnə Azərbaycan manatı olmaqla 696 yeni Azərbaycan manatıdır. İddiaçı onun tərəfindən özəlləşdirilmiş 348 ədəd səhmə görə ümumilikdə 13 920 manat olmaqla 3480 manatın Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına və 10 440 manatın dövlət büdcəsi (Maliyyə Nazirliyi) hesabına iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir ki, bu da səhmlərin dəyərindən (696 manatdan) bir neçə dəfə artıq olduğuna görə iddia əsassızdır.” Həmçinin, iş materiallarında olan imtina məktublarından və iddiaya dair təqdim edilmiş yazılı etirazlardan müəyyən edilir ki, “Gəncə Pambıq-Əyrici” ATSC və "xxxx" ASC ləğv edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.9-cu maddəsinə əsasən maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübühisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 98.1-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır. Həmin Məcəllənin 98.8-ci maddəsinə əsasən dövlət müəssisələri özəlləşdirilərkən səhmdar cəmiyyətlərinin yaradılması xüsusiyyətləri həmin müəssisələrin özəlləşdirilməsinə dair qanunvericiliklə müəyyənləşdirilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirilə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Həmin Məcəllənin 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanların eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən, alınan əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunmaqla), onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.9-cu maddəsinə əsasən əsasən maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikası dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə Qaydaları”nın 2-ci bəndinə əsasən özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13-cü bəndinə əsasən özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti AR dövlət büdcəsinə daxil olur. Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Göründüyü kimi, qeyd olunan normativ hüquqi aktların tələblərinə əsasən özəlləşdirmə nəticəsində əldə edilən pul vəsaitinin 25 faizinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Xidməti) hesabına, 75 faizinin isə dövlət büdcəsinə keçməsi nəzərdə tutulmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən İddiaçı "xxxx" ASC-nin ləğv edilməsi nəticəsində 348 səhmə görə 696 manat pul vəsaitinin 25%-i cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabından, 75%-i Azərbaycan Respublikasının dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə, “X4” ATSC-nin ləğv edilməsi nəticəsində isə 4440 səhmə görə 8880 manat pul vəsaitinin 25%-i cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabından, 75%-i Azərbaycan Respublikasının dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə tutularaq ödənilməsi hissəsindən təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC-nin ləğv edilməsi nəticəsində 348 səhmə görə 696 manat pul vəsaitinin 25%-i cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabından, 75%-i Azərbaycan Respublikasının dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə, “X4” ATSCnin ləğv edilməsi nəticəsində isə 4440 səhmə görə 8880 manat pul vəsaitinin 25%-i cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabından, 75%-i Azərbaycan Respublikasının dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar