Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6853/2021 01.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, Üçüncü şəxs X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsinə (üçüncü şəxs X3) qarşı sərəncamın etibarsızlığının tanınması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsinə (üçüncü şəxs X3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 126 nömrəli Sərəncamının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1221/2020 saylı 27 fevral 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərərək qərardadın ləğv edilməsini xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-754/2021 saylı Qərardadı əsasında İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1221/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilərək, inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2009-cu ildə təsdiq edilmiş topoqrafik plana əsasən SOCAR-ın “Azneft" İstehsalat Birliyinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin bir hissəsi yəni 1200 kv.m torpaq sahəsi - Bakı şəhəri,Əzizbəyov (indiki Xəzər) rayonu Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 126 nömrəli Sərəncamına əsasən fərdi ev tikintisi üçün (koordinatlar: 40.468526 və 50.119584) vətəndaş X3 ayrılmışdır. Mübahisəli torpaq sahəsi ayrılarkən Xəzər rayon Qala Bələdiyəsi tərəfindən qanun pozuntusuna yol verilmişdir. Belə ki, ayrılan torpaq sahəsi SOCAR-ın İddiaçı (İB) H.Z.Tağıyev adına NQÇİ-nin neft-qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinə aiddir. Başqa sözlə, Xəzər rayon Qala Bələdiyəsi özünə məxsus olmayan sənaye təyinatlı torpaq sahəsinə dair qanunsuz sərəncam vermişdir. Göründüyü kimi, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində SOCAR-ın “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-si istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuş, göstərilən torpaq sahələrinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuşdur. Qeyd edilən torpaq sahəsi SOCAR-ın “Azneft” İB-nin H. Z.Tağıyev adına NQÇİ-nin müstəsna istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşdiyindən, Qala Bələdiyyəsinin sözügedən sərəncamı müvafiq Qanunvericiliklərin tələblərinə görə qüvvədən düşmüşdür və heç bir hüquqi qüvvəyə malik deyildir, etibarsızdır. Lakin vətəndaş həmin bu hüquqi qüvvəsini itirmiş qərara əsaslanaraq torpaq sahəsindən istifadə etməklə “Azneft” İB-nin neft-qaz əməliyyatları aparmasına ciddi maneçilik törətdiyindən və hüquqlarını kobud şəkildə pozduqlarından, hüquqi qüvvəsini itirdiyi üçün sərəncamın etibarsızlığı məhkəmə qaydasında tanınmalıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs X5 iş üzrə izahat verərək bildirmişdir ki, 24 iyun 2005-ci ildə Qala Bələdiyyəsinin 126 nömrəli sərəncamı ilə ona ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Torpağın dəyəri Bələdiyyələrin BUSB Əzizbəyov rayon şöbəsinə ödənilmişdir. Həmin ərazidə SOCAR-a məxsus heç bir neft-qaz və ya digər kommunikasiya xəttləri yoxdur. Neft-qaz təyinatlı digər qurğular yerləşmir. Həmin sahədə SOCAR sənaye təyinatlı heç bir iş görmür. Həmçinin, ona verilən sahənin sağında və solunda Qala Bələdiyyəsinin sərəncamı əsasında evlər tikilib. Əgər Neft Şirkətinin torpağıdırsa onda bu evlər necə tikilib? Uzun müddətdir ki, Qala Bələdiyyəsi Bakı şəhər icra hakimiyyətinə, bu torpaqların SOCAR-ın balansından çıxardılıb Bələdiyyənin balansına verilməsi haqqında müraciət etmişdir. Amma bu haqda sərəncamın olub-olmaması məlum deyil. Üçüncü şəxs həmçinin bildirmişdir ki, ona verilən ərazidə bu gün özəl yol şirkəti olan "xxxx" MMC müvvəqqəti yerləşdirilmişdir. Üşüncü şəxs həmin şirkətin ərazidən çıxardılması və Bələdiyyənin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət etmişdir. Bundan sonra SOCAR-ın İddiaçı iddia qaldırmışdır. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri, Əzizbəyov rayonu, Qala Bələdiyyəsi tərəfindən verilmiş 186 saylı xx.xx.2005-ci il tarixli Sərəncamdan görünür ki, ünvan 1 ünvanında yaşayan X3 Qala qəsəbəsində ev tikmək üçün 1200 kv/m torpaq sahəsi ayrılmışdır. Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Qala blədiyyəsinin sədri X4 bələdiyyəsinin 126 saylı qərarı əsasında Bakı şəhəri Əzizbəyov rayon yeni massiv küçəsində yerləşən 1200 kv.m torpaq sahəsini fərdi ev tikmək üçün X1. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi 09/3-13 nömrəli xx.xx.2019-cu il tarixli cavab məktubu ilə bildirmişdir ki, Əzizbəyov rayonu Qala bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli 126 saylı sərəncamı Bələdiyyələrlə iş Mərkəzində aşkar olunmamışdır. Məlumat üçün qeyd edilmişdir ki, Xəzər rayonu Qala bələdiyyəsi tərəfindən təqdim olunmuş arayışda 24 iyun 2005-ci il tarixli 126 saylı sərəncamla Allahverdi Ələkbərova ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsi 31 nömrəli xx.xx.2019-cu il cavab məkrubu ilə bildirmişdir ki, Qala Bələdiyyəsi üzrə vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabında X3 hər hans bir məqsədlə hər hansı bir ölçüdə torpaq sahəsinin ayrılmasına dair qeydiyyat yoxdur. Aparılan araşdırma zamanı Qala bələdiyyəsinin arxivində X3 torpaq sahəsinin ayrılmasına dair xx.xx.2005-ci il tarixli 126 nömrəli sərəncam və müvafiq sənədlər aşkar olunmadı. Əlavə olaraq qeyd edilmişdir ki, vətəndaş X5 bu günədək Qala bələdiyyəsi üzrə torpaq sahəsinə görə vergi ödəyicisi kimi qeydiyyata alınmamış və qeydiyyata alınması barədə müraciət etməmişdir. Sözügedən torpaq sahəsi Qala bələdiyyəsinin inzibati ərazisində yerlşsə də Qala bələdiyyəsinin mülkiyyətinə daxil deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli **********96 nömrəli cavab məktubu ilə bildirmişdir ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 126 nömrəli sərəncamı əsasında X2 adına Xəzər rayonu Qala qəsəbəsi ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak haqqında məlumat İdarənin arxivində aşkar edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1388/2019 saylı xx.xx.2019-cu il tarixli məktubu ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 207.1-ci maddələrini rəhbər tutaraq, Bakı şəhəri Cavabdeh 24 ouin 2005-ci il tarixli 126 saylı sərəncamı ilə X3 ayrılmış Bakı şəhəri Xəzər tayonu Qala qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsinin SOCAR-ın İddiaçı neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olubolmamasını müəyyən etmək məqsədilə GPS aparatı vasitəsilə yerində ölçmə işləri apararaq mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə tapşırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 17 sentybr 2019-cu il tarixli **********96 nömrəli məktubla, tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Arayışda qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir). İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi elektron kadastr məlumat bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft" İstehsalat Birliyinin neft və qaz əməliyyatlrının aparılması üçun daimi istifadəsinə (H.Z.Tağıyev adına NQÇİ- Qala bloku) ayrılmış sənaye təyinatlı torpaq sahəsidir. Beləliklə işin hallarından görünür ki, hazırkı iddia tələbi üzrə iddiaçı Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 126 nömrəli sərəncamın etibarsızlığının tanınmasını istəyir. İddiaçı iddiasının əsası olaraq Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2009-cu ildə təsdiq edilmiş topoqrafik plana əsasən SOCAR-ın “Azneft" İstehsalat Birliyinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin bir hissəsi, yəni 1200 kv.m torpaq sahəsi SOCAR-ın İddiaçı H.Z.Tagıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) neft-qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahəsinə aid olduğuna istinad edərək tələbinin təmin olunmasını xahiş edir. İddiaçı o cümlədən mübahisələndirdiyi torpaq sahəsinin SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olduğunu və həmin torpaq sahəsi üzərində Əzizbəyov (indiki Xəzər) rayon Qala bələdiyyəsinin torpaq sahəsi ayırmaq səlahiyyətinin olmadığını qeyd edərək, buna görə haqlı olaraq bələdiyyənin qeyd olunan ərazidən torpaq sahəsinin ayrılması ilə bağlı qəbul etdiyi sərəncamın etibarsızlığının tanınmasını tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 10-cu maddəsinin 5-ci bəndinə əsasən torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, torpaq üzərində hüquqları təsdiq edən dövlət aktlarında, şəhadətnamələrdə, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur.http://e-qanun.az/framework/46942 Həmin Məcəllənin 11-ci maddəsinin 4-cü bəndinə əsasən Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar;dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci bəndinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 56-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Göründüyü kimi qanunvericiliyin sadalanan normalarının tələblərinə müvafiq olaraq cavabdeh, sənaye təyinatlı torpaq sahəsini yaşayış məntəqələrinin torpaq sahəsi təyinatını dəyişməklə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər kabineti) tərəfindən həyata keçirilməli olduğu halda, cavabdeh tərəfindən qanunun sözügedən tələbinə riayət edilməmişdir. Həmçinin torpağın kateqoriyası Qala Bələdiyyəsinin torpaq sahəsinin ayrılması haqqında sərəncamında əks olunmalı olduğu halda bu barədə heç bir qeyd aparılmamışdır. O cümlədən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borclu olduğu halda, Qala Bələdiyyəsinin neft təhlükəsizliyi qaydalarına riayət etmədiyi müəyyən edilməkdədir. Məhkəmə eyni zamanda qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilməsinə baxmayaraq, Qala Bələdiyyəsi tərəfindən belə bir rəy alınmamış və torpaqayırma qaydasına əməl edilməmişdir. Halbuki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazıranmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir; 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 6.5ci maddəsində nəzərdə tutulmıış «müvafıq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini DTXK-nın yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsələri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən, torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Ona görə də, Maştağa Bələdiyyəsi tərəfindən satılan (ayrılan) torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün etibarsız sayılmalıdır. “Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının 02 noyabr 1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 94 nömrəli 10 may 2000-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə törədə biləcək potensial təhlükəli strateji obyektlər kateqoriyasına aid edilmişdir. Hazırkı iddia ilə inzibati aktın etibarsızlığının tanınmasına dair iddia tələbi irəli sürüldüyündən məhkəmə həmçinin aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsində inzibati aktların etibarsız sayılması əsasları göstərilmişdir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3-cü maddəsinə əsasən qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4-cü maddəsinə əsasən maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6-cı maddəsinə əsasən kimə ünvanlandığı aydın olmayan inzibati akt. Göründüyü kimi Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsi tərəfindən qəbul edilən xx.xx.2005-ci il tarixli 126 nömrəli sərəncam məhkəmə tərəfindən tədqiq edilərkən, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt olduğu iş materialları ilə sübuta yetirilmişdir. İnzibati İcraat haqqında Qanunun 53.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanda icraat bu fəslin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 53.2-ci mddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş ərizəyə dair qərar yalnız kollegial orqan tərəfindən qəbul edilir. Məhkəmə qeyd edir ki, Bələdiyyə qərarları “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla kollegial qərar qəbul olunur. Sərəncam isə təkbaşına qəbul edilən aktdır. Göründüyü kimi qanunda, bələdiyyə torpaqlarına müvafiq hüququn qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi sərəncamın deyil, kollegial qaydada qəbul edilən bələdiyyənin qərarı nəzərdə tutulur. O cümlədən məhkəmə onu vurğulayır ki, qeyd olunan torpaqlar Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən SOCAR-ın “Azneft" İstehsalat Birliyinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmasına baxmayaraq, bələdiyə ona aid olmayan torpaqlar üzərində sərəncamverici qərar qəbul edərək yuxarıda istinad olunan qanunların tələblərini pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, etibarsızlığı tələb olunan sərəncam iddiaçının maraqlarına toxunmaqla, onun etibarsızlığı üçün «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla yanaşı, həmçinin qanunvericiliyin yuxarıda sadalanan müddəalarının pozmaqla qəbul olunduğundan iddia əsaslıdır, təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, “Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsinin 126 saylı xx.xx.2005-ci il tarixli Sərəncamının etibarsızlığı tanınmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPMin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı iddia tələbi təmin edilsin. Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsinin 126 saylı xx.xx.2005-ci il tarixli Sərəncamının etibarsızlığı tanınsın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6853/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6853/2021
01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver