Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6855/2021 09.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və üçüncü şəxs X1 qarşı «iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi RPİ-yə və üçüncü şəxs X1 qarşı onun ünvan 1 ünvana qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddia ərizəsində qeyd edilir ki, İddiaçı Arif Bayramovla 2011-ci ildə faktiki nikaha daxil olmuş və ailə qurmuşdur. Ailə qurduqdan sonra A.Bayramovun anasına məxsus özbaşına tikili olan ünvan 1 evə gəlin köçmüş, onun cehiz əşyaları qeyd olunan ünvana gətirilmişdir. Həmin evdə onların 2 övladı – 10 oktyabr 2012-ci il tarixdə X3 (doğulduğu vaxtdan beta-talasemiya xəstəliyinə tutulmuşdur), 10 sentyabr 2015-ci tarixdə X4 doğulmuşdur. 2014-cü ilin mart ayında o, 2 yaşlı xəstə övladı ilə birlikdə evdən qovulmuşdur. O, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə evə köçürülməsi tələbinə dair iddia ilə müraciət etmiş və həmin məhkəmənin 2(006)-1805/2014 saylı iş üzrə 29 aprel 2014-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4174/2014 saylı iş üzrə 15 avqust 2014-cü il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin qərarı ilə onun kassasiya şikayətini təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin sözügedən 15 avqust 2014-cü il tarixli qətnaməsini ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1539/2015 saylı iş üzrə 23 fevral 2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1805/2014 saylı mülki iş üzrə qəbul etdiyi 29 aprel 2014-cü il tarixli qətnaməsi qismən, yəni onun (iddiaçının) və azyaşlı qızı Şəfəqin mübahisəli, yəni ünvan 1 evə köçürülməsi barədə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, onun azyaşlı qızı ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya məhkəməsinin 23 fevral 2015-ci il tarixli sözügedən qətnaməsi qanuni qüvvəsini almış və o (iddiaçı), azyaşlı övladı Şəfəqlə birlikdə ünvan 1 evə köçürülmüşdür və bu günədək orada yaşayır. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli mənzildə onların ikinci övladı (10 sentyabr 2015-ci il tarixdə doğulmuş) X4 doğulmuşdur. Mübahisəli mənzildə əri və uşaqları ilə yaşamasına baxmayaraq, cavabdeh onun həmin evə pasport qeydiyyatına alınmasından imtina etmişdir. Həmin ünvanda pasport qeydiyyatında olmamağı özünün, beta-talasemiya xəstəsi olan qızının hüquqlarının, o cümlədənm sağlamlıq, təhsil və s. sahədə hüquqlarının həyata keçirilməsinə mane olur. Bu səbəbdən də, o, qeydiyyata alınmaları üçün Bakı şəhəri Nəsimi RPİ-yə müraciət etmişdir. Cavabdeh onun müraciətinə 15 oktyabr 2020-ci il tarixli məktubla imtina cavabı vermiş və bildirmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 5-ci maddəsinin tələblərinə əsasən onun ünvan 1 ünvana qeydiyyata alınması məqsədəmüvafiq deyil, bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququ var. Göstərilənlərə və İPMin 33-cü maddəsinə əsaslanaraq, onun (iddiaçının) özbaşına tikili olan ünvan 1 ünvana pasport qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi RPİ-yə həvalə edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf və üçüncü şəxs gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayındəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1539/2015 saylı iş üzrə 23 fevral 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı və onun azyaşlı qızı Şəfəqin mübahisəli ünvan 1 evə köçürülməsi qət edilmişdirş Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. Bundan sonra İddiaçı Əlisab qızı həmin evdə yaşayan şəxs kimi sözügedən ünvana qeydiyyata alınması ilə bağlı cavabdeh Bakı şəhəri Nəsimi RPİ-yə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mənzilə dair hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. «İnzibati icraat haqqında» AR Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsas kimi təkcə mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə və ya kirayə müqaviləsini deyil, həm də vətəndaşa yaşayış sahəi verən şəxsin ərizəsini nəzərdə tutur. Hazırkı işin halları üzrə məhkəmə qeyd edir ki, İddiaçı “yaşayış sahəsi verən şəxs” olmasa da, onun yaşayış sahəsinə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması, elə yaşayış sahəsi verən şəxsin ərizəsi ilə eyni mahiyyətlidir. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 3cü Alatava, 84a ünvanına köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunduğundan, iddiaçı yaşayış yeri kimi həmin mənzilə qeydiyyat alınmasını tələb etməkdə haqlıdır və cavabdeh inzibati orqan Bakı şəhəri Nəsimi RPİ-nin “mənzilə dair hər hansı hüquq müəyyənedici sənədin təqdim edilməməsi” səbəbi ilə imtinası formal mülahizələrə əsaslanmış qərar kimi qanuna zidd və iddiaçının hüquqlarının pozulmasna səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Əlisab qızının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava, 84a ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaq və İPM-in 23.1, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Əlisab qızının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava, 84a ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6855/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6855/2021
09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver