Məhkəmə qərarları › İş №2-1(112)-6856/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6856/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6856/2020 04.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «mənzilə dair kirayə müqaviləsinin bağlanması» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Yasamal RİH) qarşı «mənzilə dair kirayə müqaviləsinin bağlanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilərək ondan iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1992-ci ildən Bakı şəhəri Yasamal Rayon MKTB-nin razılığı ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən 14 nömrəli evin 4 otaqlı, yaşayış sahəsi 58,99 kv.m, ümumi sahəsi 76,99 kv.m olan 103 nömrəli mənzilinə köçmüş və 30 ilə yaxındır ki, həmin mənzildə yaşayır. Mənzil dövlət mənzil fonduna daxildir və Yasamal RİH-in balansındadır, balanssaxlayıcı Yasamal Rayon MKTB, 19 nömrəli MKİS-in xidməti ərazisidir. Həmin mənzildə onunla birlikdə Şuşa şəhərindən məcburi köçkün olan qohumları X1 da öz ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər mənzil təmirsiz olduğundan, iddiaçı öz vəsaiti hesabına mənzili təmir etdirib yararlı vəziyyətə gətirmişdir. Yaşadığı uzun müddət ərzində mənzil qanunvericiliyində nəzərdə tutulan mənzil kirayəçisinin bütün öhdəliklərini yerinə yetirmiş, mənzili həmişə istifadəyə yararlı vəziyyətdə saxlamaqla, bütün mənzil haqlarını vaxtında ödəmişdir. Mənzildə yaşadığı 30 il ərzində mənzil qanunvericiliyində nəzərdə tutulan bütün hüquqları faktiki olaraq əldə etsə də, Yasamal RİH ilə yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmadığından, müvafiq hüquq və vəzifələrimi reallaşdıra bilmir. Ona görə də, hesab edir ki, həmin müqavilənin bağlanması üçün kifayət qədər əsaslar vardır. İlk növbədə qeyd olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 2247/2020 saylı qətnaməsi ilə onun həmin mənzildən istifadə hüququ tanınmışdır. Mənzilə dair hər hansı üçüncü şəxslərin iddia və tələbi mövcud deyildir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2 – 4, 8, 48.1-ci maddələrinə, İPM-in 2, 34-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının müddəalarına əsaslanaraq, məhkəmədən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən 14 nömrəli evin 4 otaqlı, yaşayış sahəsi 58,99 kv.m, ümumi sahəsi 76,99 kv.m olan 103 nömrəli mənzilinə dair sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Yasamal RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Nizami RİH-in iddia ilə bağlı məhkəməyə təqdim olunmuş xx xxxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2247/2020 saylı xx xxxx 2020ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən 12 nömrəli evin 103 nömrəli mənzilinə istifadəı hüququ tanınmışdır. Həmin qətnamədən başqa inzibati icraat materialları RİH-də aşkar olunmamışdır. Qətnamədən başqa iddiaçının hər hansı hüquq müəyyənedici sənədi yoxdur. İşin şifahi məhkəmə baxıçı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayındəsi (vəkili) Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə edərək mənzilə dair iddiaçı ilə kirayə müaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəısinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. x xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 85-ci maddəsinə görə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-büluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu maddənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatların evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin x xxxx 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3.9.6-cı bəndinə görə dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasının təşkili, 3.9.8-ci bəndinə görə müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirmək yerli icra hakimiyyəti başçısının vəzifələrindəndir. Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2247/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən 14 nömrəli evin 4 otaqlı, yaşayış sahəsi 58,99 kv.m, ümumi sahəsi 76,99 kv.m olan 103 nömrəli mənzilindən istifadən hüquq tanınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ tərəfindən verilmiş xx xxxxx 2009cu il tarixli AZE 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, x xxxxxx 1958-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı qeydiyyat ünvanı ünvan 3 Məhkəmə hesab edir ki, İddiaçı yaşayış sahəsində x xxxxxxx 2009-cu il tarixdən əvvəlki dövrdən yaşayan şəxs kimi orada təsərrüfat apardığından, mənzilin balans saxlayıcısı olan orqan Yasamal RİH-dən onun (İddiaçı) Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən 14 nömrəli evin 4 otaqlı, yaşayış sahəsi 58,99 kv.m, ümumi sahəsi 76,99 kv.m olan 103 nömrəli mənzilinin mənzilinin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etməkdə haqlıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2247/2020 saylı xx xxx 2020-ci il tarixli qətnaməsi ilə onun həmin mənzildə x xxxxxxx 2009-cu il tarixdən əvvəlki dövrdə yaşaması müəyyən edilmiş və istifadə hüququ tanınmışmır. Bu isə, iddiaçı həmin mənzilin x xxxxxxx 2009-cu il tarixədək həmin mənzilin qanuni istifadəçisi olmasını təsdiqləyir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Yasamal RİH-in “iddiaçı ilə mənzilə dair kirayə müqaviləsinin bağlanması”ndan imtinası qanunvericiliyin, o cümlədən «İnzibati icraat haqqında» AR Qanununun 12, 15, 24-cü maddələrinin tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı tərəfin ərizəsinə əsasən iddia tələbində “sosial kirayə müqaviləsi” ifadəsinin göstərilməsini məhkəmə formal xəta qismində qiymətləndirmiş və onu “kirayə müqaviləsi” kimi qəbul etmişdir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati atın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən 14 nömrəli evin 4 otaqlı, yaşayış sahəsi 58,99 kv.m, ümumi sahəsi 76,99 kv.m olan 103 nömrəli mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Yasamal RİH-in üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən 14 nömrəli evin 4 otaqlı, yaşayış sahəsi 58,99 kv.m, ümumi sahəsi 76,99 kv.m olan 103 nömrəli mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar