Məhkəmə qərarları › İş №2-1(112)-6856/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6856/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6856/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı nikah haqqında akt qeydində düzəliş olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ata adının “Almaz”-dan “Allaz”-a dəyişdirilməsi və bu barədə nikah haqqında akt qeydində düzəliş edilməsi öhdəliyininin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək barəsində olan Bakı şəhəri “Səadət” sarayında qeydə alınmış 18 noyabr 1987-ci il tarixli, 2233 №-li nikahın bağlanması haqqında akt qeydiyyatında düzəliş edilərək ata adının “Allaz” kimi qeyd edilməsi vəzifəsinin cavabdeh Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Şəmkir rayonun İrmaşlı kəndində doğulmuşdur. Nikah şəhadətnaməsində ata adı texniki yalnışlığa yol verilərək “Allaz” kimi yox, “Almaz” kimi qeyd olunmuşdur. 01.03.2022-ci il tarixdə Nərimanov rayon Qeydiyyat şöbəsinə nikah haqqında akt qeydində ata adının “Almaz”dan “Allaz”-a dəyişiklik edilməsi barədə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi qaydaları”nın 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) yol verilir. Nərimanov rayon Qeydiyyat şöbəsi 01.03.2022-ci il tarixli, 32 nömrəli məktubunda sözügedən müddəalarda nəzərdə tutulan istisna halların onun tələbinə uyğun tətbiq edilməsinin mümkün olmadığını bildirmişdir. Hesab edir ki, onun ata adının Səadət Sarayının aktında yalnış yazılması, sonra isə nikah şəhadətnaməsində düzgün yazılmış kimi dəyişdirilməməsi ona və ailəsinə mənfi təsir edir. Hesab edir ki, nikah haqqında akt qeydində dəyişikliklərin aparılmasına maneə yoxdur. Məhkəmə iclasında iştiark edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. - Şamxor rayon VVAQŞ tərəfindən verilmiş ИЕ 502106 №-li, 14.11.1950-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X2, anası X4 olan X6 12.12.1934-cü ildə Şamxor rayonunda doğulmuşdur. - Bakı şəhəri, Nərimanov rayon VVAQŞ tərəfindən verilmiş İ-ИЕ 465553 №-li, 25.11.1964-cü il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X1 arasında 25.11.1964-cü ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qarayev, arvada Qarayeva soyadı verilmişdir. - Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli, AZ-T 186512 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X6, anası X7 olan İddiaçı xx.xx.1958-ci ildə Şəmkir rayonu İrmaşlı kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1959-cu ilin iyun ayının 29-da 699 bərpa № ilə qeyd edilmişdir. - Bakı şəhəri, Səadət Sarayı tərəfindən verilmiş İV-ЖГ 406638 №-li, 18.11.1987-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X11 arasında 18.11.1987-ci ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qarayev, arvada Qarayeva soyadı verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 13.04.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı nikahı və 3 (üç) övladının doğumu haqqında akt qeydının kserosurətləri məhkəməyə təqdim edilmişdir. həmin illərdə qüvvədə olan “VVAQ idarələrinin nümunəvi nomenklatura işinə əsasən doğumun qeydə alınması haqqında vətəndaşların ərizələrinin saxlama müddəti 1 (bir) il müəyyən edilmişdir. Bu sənədlər məhv edildiyindən İddiaçı doğumunun qeydə alınmasına əsas olmuş sənədlərin verilməsi mümkün deyildir. - Həmin məktuba əlavə edilmiş 1761 №-li, 01.08.1991-ci il tarixli doğum haqqında akt qeydinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası İddiaçı, anası X7 olan X12 16 iyul 1991-ci ildə doğulmuşdur. - Həmin məktuba əlavə edilmiş 015 №-li, 3.01.1990-cı il tarixli doğum haqqında akt qeydinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası İddiaçı, anası X7 olan X13 15 dekabr 1989-cu ildə doğulmuşdur. - Həmin məktuba əlavə edilmiş 1865 №-li, 23.08.1988-ci il tarixli doğum haqqında akt qeydinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası İddiaçı, anası X7 olan X14 09 avqust 1988-ci ildə doğulmuşdur. - Həmin məktuba əlavə edilmiş 699 №-li, 29.06.1959-cu il tarixli doğum qeydlərinin bərpa aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X6, anası X7 olan İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. - Həmin məktuba əlavə edilmiş 2333 №-li, 18.11.1987-ci il tarixli nikahın bağlanması haqqında akt qeydinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Almaz (Алмаз) oğlu ilə X11 arasında 18.11.1987-ci ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qarayev, arvada Qarayeva soyadı verilmişdir. Evlənənlərin imzaları qrafasında “Караев Вагиф Аллаз оглы” qeyd edilməklə imza edilmişdir. - Bakı Şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14.04.2022-ci il tarixli, 078-10077 №-li məktubdan görünür ki, İddiaçı 15.05.2005-ci il tarixdə ünvan 2 ünvanına pasport qeydiyyatına alınaraq şəxsiyyət vəsiqəsi almışdır. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən tərəflərindən məhv edilmişdir. Ona görə də məhkəməyə göndərilməsi mümkün deyildir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 01.03.2022-ci il tarixli, 32 №-li məktubdan görünür ki, 01.03.2022-ci il tarixli ərizəsinə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03 2001-ci il tarixli, 52 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Təqdim olunan sənədlərdə ziddiyyət olduğu üçun aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, atası X6, anası X7 olan İddiaçı xx.xx.1958-ci ildə Şəmkir rayonunda doğulmuşdur. İddiaçı aid müvafiq sənədlərdə, yəni özünün doğumu haqqında akt qeydində, doğum haqqında şəhadətnaməsində, uşaqlarının doğum haqqında şəhadətnamələrində və müvafiq akt qeydlərində, həmçinin nikah haqqında şəhadətnaməsində ata adı “Allaz” kimi qeyd edilsə də nikahın bağlanması haqqında akt qeydində ata adı “Almaz” kimi qeyd edilmişdir. İddiaçı akt qeydində dəyişikliklər edilməsi barədə müraciəti cavabdeh tərəfindən əsaslı sənədləri olmaması əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. - 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. -189-cu maddəsinin tələbinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. - 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində VVADQ orqanları və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirdikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; qanunvericilikdə müəyyən edilən digər hallarda edilir. Məhkəmə qeyd edir ki, iddiaçının müvafiq nikah haqqında şəhadətnaməsində ata adı “Allaz” kimi qeyd edilsə də həmin şəhadətnamənin verilməsinə əsas olan nikahın bağlanması haqqında akt qeydində ata adı qeydiyyat orqanı tərəfindən “Almaz” kimi qeyd edilmişdir. Bu faktın iddiaçının iradəsindən asılı olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, kifayət qədər əsaslar olduğundan Bakı şəhəri “Səadət” sarayında qeydə alınmış 18 noyabr 1987-ci il tarixli, 2233 №-li nikahın bağlanması haqqında akt qeydində düzəliş edilərək İddiaçı ata adı “Allaz” kimi qeyd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri “Səadət” sarayında qeydə alınmış 18 noyabr 1987ci il tarixli 2233 №-li nikahın bağlanması haqqında akt qeydinə düzəliş edilərək İddiaçı ata adının “Allaz” kimi qeyd edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri “Səadət” sarayında qeydə alınmış 18 noyabr 1987-ci il tarixli, 2233 №-li nikahın bağlanması haqqında akt qeydində düzəliş edilərək İddiaçı ata adının “Allaz” kimi qeyd edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar