Məhkəmə qərarları › İş №2-1(112)-6856/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6856/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6856/2023 31.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “polis idarəsinin inzibati binasına qeydiyyatın bərpası” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Ağa qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “polis idarəsinin inzibati binasına qeydiyyatın bərpası” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi və onların faktiki yaşayış yeri Bakı şəhəri, Maştağa qəsəbəsi, yeni yaşayış massivi adlanan ünvanda yerləşən fərdi özbaşına tikili ev üzrə qeydiyyata alınmaları, bu mümkün olmadıqda isə onların Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvan üzrə qeydiyyatlarının bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar bir ailə olaraq faktiki Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, yeni yaşayış massivi adlanan ünvanda inşa edilmiş, tam kommunal şəraitli özlərinə məxsus fərdi tikilidə yaşayırlar. Qeydiyyatda olduqları ünvan isə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasıdır. Hazırda isə onların inzibati binaya olan qeydiyyatları ləğv olunub, bunun səbəbi inzibati binaya qeydiyyat limitinin dolması ilə izah olunur və nazirliyin bununla əlaqədar qərarını olduğu bildirilir. Tərəflərindən cavabdehə müraciət edilərək faktiki yaşayış yeri üzrə qeydiyyata alınmaları üçün müvafiq işlərin görülməsini xahiş etmişlər, bu mümkün olmadığı təqdirdə isə inzibati binaya olan qeydiyyatlarının bərpa olunması xahiş edilmişdir. Lakin, hər iki hal üzrə tələbləri təmin olunmamış və imtinaya səbəb kimi yuxaıda qeyd olunan əsas yaşayış yerlərinə dair hüquqmüəyyənedici sənədin olmadığı göstərilmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

3. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvan üzrə pasport qeydiyyatına alınmalarının (qeydiyyatlarının bərpa edilməsi) cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər İddiaçı3 və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, cavabdeh məhkəməyə məktubla müraciət edərək işə onların iştirakları olmadan baxılaraq qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında digər İddiaçı3 və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən digər İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçıların müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3-13-49/2-A-1037/11/23 nömrəli imtina məktubuna əsasən iddiaçılara bildirilmişdir ki, onların qeydiyyatsız yaşadıqları ünvana qeydiyyata alınmaları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (order, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin, tərəflərindən göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından onların göstərilən ünvana qeydiyyat alınmaları imkan xaricindədir. Qeydiyyatla əlaqədar məhkəməyə müraciət etmələri məqsədəmüvafiqdir.

8. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvan 7 ünvanında qeydiyyatları olmuş, İddiaçı3 isə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasında heç vaxt qeydiyyatı olmamış, o daimi olaraq Suraxanı rayonu ərazisində müxtəlif ünvanlarda qeydiyyatda olmuş, yaşayış yeri üzrə sonuncu qeydiyyat ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Əmircan qəsəbəsi, 1-ci Mədən küçəsi., 22 olmaqla, hal-hazırda da həmin ünvanda qeydiyyatı aktivdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

10. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

13. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

14. Məhkəmə iddia ərizəsini araşdıraraq iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

15. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçılar faktiki olaraq onlara məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, yeni yaşayış massivi adlanan ünvanda inşa edilmiş fərdi yaşayış evində yaşasalar da, onların həmin ünvana dair hər hansı bir hüquqmüəyyənedici sənədləri mövcud deyildir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə əvvəllər qeydiyyatları olsa da, sonradan polis idarəsi onları qeydiyyatdan çıxarmışdır. İddiaçılar hazırki iddia tələbində faktiki yaşadıqları yer üzrə fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədləri mövcud olmadığından polis idarəsinə qeydiyyatlarının bərpa olunmasını xahiş edirlər.

16. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 faktiki olaraq yaşadıqları evə yaşayış yeri üzrə qeydiyyata düşmələri üçün qanunverciliyin tələblərinə uyğun olaraq hüquqmüəyyənedici sənədləri mövcud olmadığından, eləcə də, onların əvvəllər polis idarəsinə qeydiyyatları mövcud olduğundan, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalı olduğundan, həmçinin, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaq olduğundan, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımadığından və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bildiyindən, hazırda qeydiyyatsız qalmaları onların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacağından iddia tələbi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 münasibətdə təmin edilərək, onların polis idarəsinə qeydiyyatları bərpa edilməlidir.

17. Məhkəmə eləcə də, digər İddiaçı3 münasibətdə qeyd edir ki, hazırda İddiaçı3 aktiv yaşayış yeri üzrə qeydiyyatı mövcud olduğundan, beləliklə onun Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata düşməsini zəruri edəcək hər hansı bir əsas olmadığından iddia tələbi ona məxsus hissədə əsassız hesab edilməklə təmin edilməməlidir.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.

19. Həmin Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

20. Həmin Qanunun 5-ci bəndinin 2-ci yarımbəndinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.

21. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

22. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

23. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

24. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

26. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı4 Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasına qeydiyyatının bərpa edilməsi öhdəliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar