Məhkəmə qərarları › İş №2-1(112)-6857/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6857/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6857/2023 02.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 1 ünvanına qeydiyyata alınma” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü il tarixdən ünvan 2 ünvanında yaşayırlar. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə müraciəti əsasında 30 iyun 2006-cı il tarixli 889 №-li sərəncamla 250 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Ünvan üzrə kommunal xidmətlər barədə müqavilələr adına rəsmiləşdirilmişdir. Əvvəllər qeydiyyatı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə idi. Lakin hal-hazırda isə sözügedən inzibati orqan onların qətiyyətlə qeydiyyatdan çıxmaqlarını tələb edir. Əks halda özlərinin qeydiyyatdan çıxaracaqlarını bildirmişlər. Qonşuları onların qeyd edilən ünvanda yaşadıqlarını təsdiq edirlər və hər bir zəruri halda bu halı təsdiq edə bilərlər. Həmçinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən onların Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi G.Ramazanov küçəsi ev 37 ünvanında yaşadıqları arayışla təsdiq edilmişdir. ünvan 1 ünvanına qeydiyyata alınmaq üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Cavabdeh tərəfindən İddiaçı1 qızına ünvanlanmış 3-13-46/2-S-48xx/xx/2023 saylı tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onun və İddiaçı2 ünvan 4 ünvanına qeydiyyata alınmaları üçün müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin qeydiyyat məsələləri bölməsinə müraciət edilməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə, göstərilən ünvana qeydiyyata alınmaları qanunamüvafiq deyil. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququ var. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 889 saylı xx.xx.2006-cı il tarixli X2 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında sərəncamına əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudlan daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 250 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X1 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Ayrılmış ərazidə kommunikasiya xətlərini gözləmək şərti ilə fərdi yaşayış evinin tikintisinin eskizi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlanması vətəndaşın nəzərinə çatdırılmışdır. Vətəndaşa qanunvericilikdə müəyyən olunmuş qaydada aldığı torpaq sahəsini rayon X3 Xidmətinə, fərdi yaşayış evinin tikintisinin qeydiyyatı üçün isə Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etmək tapşırılmışdır. Bu qərarın icrasına nəzarət Bələdiyyənin icra aparatına tapşırılmış, qərarın təsdiq edilmiş nüsxələri vətəndaşa, məlumat üçün ərazi polis bölməsinə təqdim edilmişdir. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, X4 tərəfindən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 250 kv.m torpaq sahəsinin alınması müqabilində Binəqədi rayonu Kapital Bankın 1 saylı hesabına əvvəlcədən 200 manat məbləğində pul ödənilmişdir. Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən təqdim edilmiş 02/Ə- 121 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı1 və İddiaçı2 həqiqətən də ünvan 5 ünvanında qonşuların imzaladığı akta əsasən qeydiyyatsız yaşayırlar. X4 (isteklakçı) və Binəqədi qəsəbə bələdiyyəsi (paylayıcı) arasında bağlanmış 8384 saylı xx.xx.2013-cü il tarixli qaz paylayıcısı və istehlakçı arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən paylayıcı istehlakçını minimal təzyiqdən aşağı olmamaqla keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməyi öhdəsinə götürmüşdür. Abonent kitabçasında ünvan kimi ünvan 6Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti və X4 arasında 029880 saylı xx.xx.2012-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 12531/2023 **********31 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. IV. Məhkəmənin mövqeyi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, birgə iddiaçıların qeydiyyata alınmalarını tələb etdikləri evə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Məhkəmə eyni zamanda nəzərə alır ki, “torpaq sahəsi” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilmiş yaşayış yerlərinin siyahısında qeyd edilməmişdir. Məhkəmənin araşdırması zamanı ünvan 7 ünvanının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası qanunsuz deyil, bu səbəbdən iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar