Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6857/2025 23.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, nümayəndəsi (vəkili) Vəkil Şahin qızının, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının az olması səbəbi ilə ona pensiyanın təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИТ-1 ******* nömrəli əmək kitabçasında və "Şimşək LTD" firması tərəfindən ona dair verilmiş xx.xx.2022-ci il tarixli 006 nömrəli arayışda'oi.06.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində adıçəkilən firmada işlədiyi qeyd olunmuşdur. “Şimşək LTD” firmasında iş stajına aid məlumatların Mərkəzi Filial tərəfindən yerində dəqiqləşdirilməsi zamanı həmin müəssisədə sözügedən dövrə dair arxiv sənədlərinin saxlanılmadığı, yuxarıda göstərilən iddiaçıya dair verilmiş arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında yazıldığı və həmin müəssisənin plastik məhsulların istehsalı ilə deyil, plastik su çənlərinin satışı ilə məşğul olduğu müəyyən edilmişdir. Bu fakt “Şimşək LTD” firması tərəfindən 23 dekabr 2022-ci il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də, iddiaçı A. Mütəllimovun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 4 ay 17 gün (xx.xx.2010-xx.xx.2011-ci il, xx.xx.2013-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakları və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil Şahin qızı iddia tələbinin təmin edilməsini xahiş etdilər Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-cü il təvəllüdlüdür. Diplomdan görünür ki, iddiaçının peşə təhsil müddəti xx.xx.1983-xx.xx.1983-cü il tarixləri əhatə edir. Hərbi biletdən görünür ki, iddiaçı 1980-1982-ci illərdə orduda xidmət etmişdir. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamışdır. “Şimşək” LTD tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Bakı şəhəri, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov 100 ünvanında yerləçən «Şimşek LTD» firmasında X2 istehsalında fəhlə vəzifəsində işləyib. Bu vəzifə üzrə İddiaçı əmək stajı 1 il 10 ay təşkil edir. Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında" nəzərdə tutulmuşdur (8.2-ci bənd). "xxxx" QSC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri stansiyasında, xx.xx.2013-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək Yük daşımaları departamentinin Biləcəri stansiyasında, xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək İnfrastruktur departamentinin Biləcəri stansiyasında, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları departamentinin Stansiyaların idarə edilməsi xidmətinin Sinifdənkənar Biləcəri stansiyasında vaqonların hərəkət sürətinin tənzimləyicisi peşəsində çalışmışdır. Bu peşə üzrə İddiaçı əmək stajı 10 il 04 ay 18 gün təşkil edir. Hal-hazırda "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları departamentinin Stansiyaların idarə edilməsi xidmətinin Sinifdənkənar Biləcəri stansiyasında çalışır. Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur (21.4-cü bənd). İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. “Şimşək” LTD tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, “Şimşək” LTD xx.xx.1998-ci ildən xx.xx.2016-cı ilədək X2 istehsalı ilə fəaliyyət göstərib. İstehsal sahə Su çənləri, Şüşə lifli plastik kütləli su çənləri, Uşaq oyun parkları, Gözətçi köşkləri olmuşdur. X3 Filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, X3 filialı sorğuya cavab olaraq məlum edir ki, Göyçay Təmir Tikinti Sahəsi sənədlərini Arxivə təhvil verməmişdir. Bundan başqa Göyçayda digər Təsərrüfatlararası Təmir Tikinti İdarəsi də olmuşdur ki, o da sənədlərini Arxivə təhvil verməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür: - Güzəştli iş stajının az olmasıdır. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1961-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin güzəştli iş stajının az olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılmasını aşağıda göstərilən normalar əsasında həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Əvvəla Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin hazırki redaksiyası iddiaçıya münasibətdə tətbiq olunmur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının yaş, ümumi staj və dərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi ilə bağlı şərtlərin ödənilməsi işin mübahisələndirilməyən hallarına aiddir. Tərəflər arasında mübahisə açan məsələ məhz iddiaçının güzəştli iş stajının az olması ilə bağlıdır. Cavabdeh iddiaçının yalnız xx.xx.2010-xx.xx.2011 və xx.xx.2013-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlərini nəzərə alaraq onun güzəştli iş stajının 10 il 04 ay 17 gün olduğu qənaətinə gəlmişdir. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun xx.xx.2010–xx.xx.2011-ci illərdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri stansiyasında, xx.xx.2013– xx.xx.2019-cu illərdə Yük daşımaları departamentinin Biləcəri stansiyasında, xx.xx.2019– xx.xx.2021-ci illərdə İnfrastruktur departamentinin Biləcəri stansiyasında, xx.xx.2021– xx.xx.2021-ci illərdə isə Yük daşımaları departamentinin Stansiyaların idarə edilməsi xidmətinin Sinifdənkənar Biləcəri stansiyasında vaqonların hərəkət sürətinin tənzimləyicisi vəzifəsində işlədiyi müddətləri güzəştli iş stajı kimi nəzərə almış, lakin iddiaçının xx.xx.2007–xx.xx.2009-cu illərdə “Şimşək” LTD firmasında işlədiyi dövrü həmin staja daxil etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin sözügedən dövrün güzəştli iş stajına daxil edilməməsi barədə mövqeyi əsassızdır. İş materiallarından müəyyən olunur ki, iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə tərəfindən onun güzəştli iş stajının mövcudluğu ilə bağlı aparılmış araşdırma nəticəsində təqdim edilmiş arayışda iddiaçının mübahisələndirilən dövrdə icra etdiyi əmək funksiyalarının qüvvədə olan Siyahıda nəzərdə tutulmuş “Məhsul istehsalının texnoloji proseslərində tam iş günü məşğul olan xalq təsərrüfatının və sənayenin başqa sahələri üzrə müəssisələrin ustaları və fəhlələri” kateqoriyasına uyğun gəldiyi açıq şəkildə göstərilmişdir. Qeyd olunmalıdır ki, əmək funksiyalarının konkret məzmunu, işçinin faktiki olaraq hansı istehsal prosesində və hansı şərtlər daxilində çalışması barədə ilkin və etibarlı məlumat məhz işəgötürən müəssisənin səlahiyyət dairəsinə daxildir. Bu baxımdan, müəssisə tərəfindən verilmiş arayış sübutetmə baxımından xüsusi əhəmiyyət kəsb edir və həmin sənədin mötəbərliyini şübhə altına alan hər hansı əks sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh isə etirazını əsaslandırarkən müəssisənin plastik məhsulların istehsalı ilə deyil, plastik su çənlərinin satışı ilə məşğul olduğunu bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı təqdim edilmiş “Uyğunluq və Gigiyenik” sertifikatla təsdiq edilmişdir ki, həmin müəssisə xx.xx.1998-ci ildən xx.xx.2016-cı ilədək sair plastik məmulatların istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Bu isə cavabdehin mövqeyinin faktiki əsasının olmadığını göstərir. Beləliklə, məhkəmə qənaətə gəlir ki, iddiaçının xx.xx.2007–xx.xx.2009-cu illərdə “Şimşək” LTD firmasında işlədiyi müddət ərzində icra etdiyi əmək funksiyaları müvafiq Siyahıda nəzərdə tutulmuş 8.2-ci bəndində göstərilən peşəyə uyğun olmuşdur ki, bu halda göstərilən müddət iddiaçının güzəştli iş stajına daxil edilməlidir. Məhkəmə, iddiaçının xx.xx.1985-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində Göyçay Təmir Tikinti Sahəsində elektrik qaynaqçısı peşəsində işlədiyi müddətidə güzəştli iş stajı kimi qəbul edir. Belə ki, iddiaçının işlədiyi peşənin güzəştli olmasını təsdiq edən güzəştli arayış təqdim olunmasa belə, bu hal hazırki vəziyyəti iddiaçının ziyanına dəyişmir. Ona görə ki, iddiaçının həmin dövrdə işlədiyi müəssisə ilə bağlı sənədlər aşkar olunmasa da, bu hal hər bir halda iddiaçının məsuliyyət sferasına aid olmayan hal olduğundan, onun ziyanına şərh edilməməlidir. Buna baxmayaraq ki, onun işlədiyi peşəsinin adından da göründüyü kimi o, həmin dövrdə elektrik qayanqçısı kimi işləmişdir ki, həmin peşənin zərərli olması ona pensiya hüququnun yaranmasına dəlalət edir. “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na nəzər yetirdikdə görünür ki, 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları pensiya hüququ verən peşələrə aid olmuşdur. Bundan başqa Məhkəmə bildirir ki, ixtisasca məhz qaynaçı olan iddiaçının əmək kitabçasında işlədiyi qeyd olunan peşənin “23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eyni olması, SSRİ və postsovet dövrlərində elektrik qaynaqçılarının tam əksəriyyətinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları olması səbəbindən, inandırıcı, ağlabatan və məntiqlidir, bu işlərin fərqli olması məhkəmə təcrübəsi və iş materialları ilə təsdiqini tapmır, cavabdeh də Məhkəməyə bu barədə və ya təcrübədə ixtisasca qaynaqçı olan şəxslərin əslində əl ilə qaynaq aparan elektrik qaynaqçıları olmamasına dair yaxud ümumiyyətlə faktın əksini sübut edəcək heç bir mötəbər dəlil təqdim etməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində iddiaçını şəxsən tanıdığını, onun Göyçay Təmir-Tikinti Sahəsində əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə əl ilə elektrik qaynaqçısı kimi işlədiyini bildirmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən də müəyyən edilir ki, iddiaçı ilə X1 eyni dövrlərdə həmin müəssisədə əmək fəaliyyəti həyata keçirmişlər. Məhkəmə qeyd edir ki, şahid ifadəsi sübut növlərindən biri olmaqla, digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Hazırkı halda şahidin ifadəsi iş üzrə təqdim olunmuş yazılı sübutlarla, o cümlədən əmək kitabçası ilə uzlaşır, onun qeyri-obyektivliyini, maraqlı şəxs olmasını və ya ifadəsinin etibarlılığını şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə şahid ifadəsini mötəbər və iş üzrə sübut kimi qəbul edir və iddia tələblərinə hüquqi qiymət verərkən həmin ifadəni digər sübutlarla qarşılıqlı əlaqədə nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-241/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında analoji iş üzrə də vətəndaşın elektrik qaynaqçısı işlədiyi illər güzəştli iş stajı kimi nəzərə alınaraq, həmin peşənin Siyahıda nəzərdə tutulmuş əl ilə qaynaq aparan elektrik qaynaqçısı ilə uyğunlaşdırılmışdır. Göstərilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, iddiaçının güzəştli iş stajı 12 il 06 aydan çox təşkil edir (xx.xx.1985-xx.xx.1985+ xx.xx.2007–xx.xx.2009 + 10 il 04 ay 17 gün= 13 il 10 gün ) Beləliklə, qanunvericilikdə tələb olunan ümumi və güzəştli iş stajı ilə bağlı şərtlər iddiaçı tərəfindən ödənildiyindən, ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsini də xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ilk dəfə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil, məhz pensiya hüququ yarandığı xx.xx.2021-ci tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qeyd edilən tarixdən ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6857/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6857/2025
23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver