Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6859/2020 30.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Yusifov Rövşən Mahmud oğlunun iştirakı ilə, İddiaçı MMC-nin direktoru X1 cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin direktoru X2 cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Yusifov Rövşən Mahmud oğlu iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin iş üzrə icraata başlanılması haqqında qərarını və tələbin könüllü icrası haqqında Bildirişi aldıqdan sonra onlara məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı MMC-nin direktoru X2 barəsində 1700 (bir min yeddi yüz) manat inzibati cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsində belə bir işin mövcudluğu barədə onlara heç nə məlum olmamış, cavabdeh bu barədə onlara heç bir məlumat verməmiş, tələb olunan zəruri tədbirləri keçirməmiş, lazımi sənədləri götürməmiş, bu barədə cərimə etdiyi vəzifəli şəxsin və digər aidiyyəti şəxslərin izahatlarını almamış və qərəzli olaraq xx xxxx 2020-ci il tarixli MN № ******* saylı Qərar qəbul edərək İddiaçı MMC-nin direktoru X2 barəsində 1700 (bir min yeddi yüz) manat inzibati cərimə inzibati tənbeh növü tətbiq etmişdir. Bundan əlavə cavabdeh bu qərarın surətini qanunla müəyyən edilmiş müddətdə və qaydada onlara verməmiş və bununla da onları bu qanunazidd qərardaddan vaxtında şikayət vermək imkanından məhrum etmişdir. Bakı şəhəri Nərimanov rayon İcıa və Probasiya Şöbəsindən daxil olmuş sənədlər arasında olan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı Qərarında göstərilmişdir ki, İddiaçı MMC-nin işçisi X5 ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbi pozularaq xitam verilməsinə görə İddiaçı MMC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu, tamamilə yanlışdır, Qərarda göstərilənlər həqiqəti əks etdirmir, birtərəfli və qeyri-obyektiv xarakter daşıyır. Belə ki, X5 təqaüdçüdür, bu səbəblərdən də onunla müddətli (6 ay, 1 il) əmək müqavilələri bağlanmışdır. Onunla bağlanmış Əmək Müqaviləsinin müddəti bitdiyindən onunla yeni Əmək Miiqaviləsi bağlanmadığına görə, o, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayətlə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC-ə işlədiyi 10-15 il müddətində ona bir dəfə də olsun məzuniyyət verilməmişdir. Bu şikayətində o, əmək müqaviləsinə qanun pozuntusu ilə xitam verilməsi barədə heç nə göstərməmiş və toxunmamışdır. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi onun bu ərizəsi ilə bağlı yoxlama keçirmiş və müəyyən edilmişdir ki, X3 məzuniyyətlə bağlı şikayəti əsassızdır və işlədiyi dövrdə o, bütün illər üzrə məzuniyyət hüququndan istifadə etmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı heç bir yoxlama və araşdırma aparmadan, lazımı izahatlar almadan, cavabdeh nəyin əsasında belə nəticəyə gəlmişdir? Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilirlər. Şikayət edilən qərarda göstərilsə də İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi pozulmuş, bu pozulmanın nədən ibarət olması, əmək qanunvericiliyinin hansı maddəsinin hansı müddəasının pozulması göstərilməmişdir. Cavabdeh öz münasibətini ümumi sözlərlə, heç bir qanuna əsaslanmadan ifadə etmişdir ki, bu da onun obyektivliyinə və qərəzsizliyinə obyektiv və əsaslı şübhələr yaradır. X5 ilə sonuncu Əmək Müqaviləsi xx xxxx 2019-cu il tarixində bağlanmışdır. Həmin müqavilənin müddəti və xitamına aid 4.1-ci bəndində göstərilmişdir ki, müqavilə imzalandığı andan 6 (altı) ay müddətinə qüvvədədir. Əgər yeni müqavilə imzalanmazsa, həmin günə işçi işdən azad olunmuş hesab edilir. Bu Müqavilə tərəflər, o cümlədər X5 tərəfindən imzalanmışdır. İddiaçı MMC üzrə xx xxxxxxxx 2019-cu il tarixli 23 №-li Əmrin 16-cı bəndi ilə X5 müəssisənin kompresorçusu yaşa görə pensiyada olduğuna, əmək müqaviləsinin müddəti qurtardığına və yenidən pensionerlərlə əmək müqaviləsi bağlanmadığına görə işdən azad edilmiş, işçinin son haqq hesabı hesablanıb ödənilmişdir. Beləliklə sübut olunur ki, X5 işdən əmək qanunvericiliyinə tam riayət edilməklə azad edilmişdir və cavabdehin qəbul etdiyi qərar qanunsuzdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Yusifov Rövşən Mahmud oğlu izahatında əlavə olaraq bildirdi ki, cavabdeh inzibati orqandır və qəbul etdiyi akt da inzibati aktdır. Bu baxımdan onların iddiasına ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbi pozularaq xitam verildiyinə görə İddiaçı MMC-nin direktoru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir və X2 barəsində 1700 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, iddiaçı onun barəsində cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24- 26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Həmin qərarın 2-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini mübahisələndirdiyindən, inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyəti inzibati icraat qaydasında baxılmalı olan işlərin dairəsinə daxil olmadığından, həmçinin səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməli olduğundan, hazırki iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalı və iddiaçıya yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon məhkəməsinə (ümumi məhkəməyə) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-6859/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6859/2020
30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver