Məhkəmə qərarları › İş №2-1(112)-6859/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6859/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6859/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 55 yaşdan təyin edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 01 iyul 2009-cu il tarixdən, 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yenidən hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1954-cü il tarixdə anadan olmuşdur. 20 oktyabr 1969-cu il tarixdən əmək fəaliyyətinə başlayaraq 01 iyul 2011-ci il tarixədək işləmiş və həmin tarixdə güzəştli şərtlərlə əmək pensiyasına çıxmışdır. O, 20 sentyabr 1976-cı il tarixdən 15 noyabr 2011-ci il tarixədək “Mədəngeofizika” İdarəsində qaz karotaj dəstə texnik-operator, qaz karotaj dəstəsində texnik, geofizik və qaz karotaj dəstəsində dəstə rəisi vəzifələrində çalışmışdır. Bununla da, onun 01 yanvar 2006-cı il tarixədək 36 ildən artıq ümumi iş stajı, 30 ildən artıq güzəştli əmək şəraitinə görə əmək stajı olduğuna 01 iyul 2009-cu il tarixdən 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli olduğu halda ona 01 iyun 2011-ci il tarixdən təyin edilmişdir. Ona güzəştli şərtlərlə 55 yaşından, yəni 01 iyul 2009-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 19 yanvar 2022-ci il tarixli məktubu ilə imtina edərək, məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İmtina məktubunu poçt vasitəsi ilə 02 fevral 2022-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Hesab edir ki, cavabdehin imtinası tam əsassız və qanunsuz olmaqla onun Azərbaycan Respublikasının Konstitusiyası və Qanunları ilə nəzərdə tutulmuş pensiya hüququnu pozur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, hal-hazıradək cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər-hansı bir münasibət təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1972-xx.xx.1973-cü illərdə Azərbaycan SSR Ordu sıralarında xidmət etmişdir. İşdə olan iddiaçıya məxsus, onun adına 15 noyabr 1974-cü il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1974-xx.xx.1976-cı il, xx.xx.1976-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2014-cü il, xx.xx.2014xx.xx.2015-ci il tarixlərdə müxtəlif peşələrdə işləmişdir. İşdə olan Azərbayca Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sabirabad meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən verilmiş 112 nömrəli, 14 may 2015-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1969-cu ildə 310 nömrəli əmrlə Sabirabad Meşəbəyliyinə müvəqqəti olaraq fəhlə qəbul edilib və xx.xx.1970-ci ildə 123 nömrəli əmrə əsasən işdən azad edilib. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Geofizika və Geologiya İdarəsi “Mədəngeogizika İdarəsi” tərəfindən verilmiş 07-1209Fİ nömrəli, xx.xx.2011-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən “Mədəngeofizika” İdarəsində xx.xx.1976-cı ildən-xx.xx.1979-cu ilədək qaz karotaj dəstədə texnik-operator, xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixədək qaz karotaj dəstəsində texnik, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək həmin sahədə geofizik, xx.xx.2006-cı il tarixdən hal-hazıra kimi qaz karotaj dəstəsində dəstə rəisi vəzifələrində işləmişdir. Güzəştli əmək şəraitinə görə əmək stajı 34 il 10 ay 10 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhəri 23 yanvar 2007-ci il tarixli, 21 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”da təsdiq edilmiş 10-cu maddəsnin 10.1-ci bölmənin b yarım bölməsində öz əksini tapmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, **********8 nömrəli “Güzəştli şərtlərlə pensiyanın yenidən hesablanmasının mümkün olmaması haqqnda” imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, 1 iyul 2011-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi tərəfindən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə məüyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Ərizəsində qeyd etdiyi əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hsablanması ilə bağlı bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğn güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının ərizəsində göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 22 aprel 2022-ci il tarixli, **********2 nömrəli, “Pensiya işinə dair sənədlərin göndərilməsi haqqında” məktubla təqdim edilmiş pensiya işindən müəyyən edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixli qərarla, xx.xx.2011-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının məbləği “Pensiya miqdarının dəyişdirilməsi haqqında” Sərəncamla xx.xx.2015-ci ildən dəyişdirilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiyanın yenidən hesablanmasının mümkün olmaması haqqında” 19 yanvar 2022-ci il tarixli, **********8 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia tələbindən görünür ki, iddiaçının hazırki tələbinin hüquqi əsasını ona xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin qanunvericiliyin normalarına əsasən əgər iddiaçının ümumi və xüsusi iş stajı imkan verərsə, iddiaçının 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Məhkəmə araşdırması zamanı işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1997-ci il tarixədək ümumi iş stajı 25 ildən, xüsusi iş stajı isə 12 il 6 aydan azdır. Göründüyü kimi, iddiaçının 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar