Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-686/2023 25.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 11 yanvar 2021-ci il tarixdə hərbi xidmətə çağrılmış, hərbi xidmətə çağrılan zaman cavabdeh tərəfindən hərbi xidmətə yararlı hesab edilməsi barədə qərar verilmişdir. Ayaqlarında yastıayaqlığla bağlı şişkinlik halı olmasına baxmayaraq yararlı hesab edilərək hərbi xidmətə göndərilmişdir ki, nəticədə hərbi xidmətdə olduğu dövrdə yenidən şəhadətləndirilmiş və hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı olması barədə qərar verilmişdir. Xidmət etdiyi dövrdə xəstəliyi ilə əlaqədar mənəvi-psixoloji sarsıntı keçirməsi ilə əlaqədar iddiaçı hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər dəymişdir. Bu səbəbdən də ona vurulan mənəvi zərərin ödənilməli olması qənaətindədir. Cavabdehin etirazı: ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin imtina məktubundan görünür ki, iddiaçı 2021-ci ilin yanvar çağrışına cəlb edilmiş, rayon çağırış komissiyasının qərarı əsasında tibib şəhadətləndirilərək hərbi xidmətə yararlı hesab edilmiş, lakin xidmət dövründə 10 iyun 2021-ci il tarixli Mərkəzi Hərbi Poliklinikasının müayinəsi əsasında dinc dövrdə xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Cavabdeh qeyd etmişdir ki, 8580 manat kompensasiyanın ödənilməsi qanunvricilikdə nəzərdə tutulmamışdır. 14 iyun 2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı dinc dövrdə xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Xəstəlik aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoatrozu ilə fəsadlaşmış sağ ayağının üçüncü, sol ayağının ikinci dərəcəli boylama yastıayaqlılığı ilə bağlı olmuşdur. Məhkəməyə daxil olmuş ilkin tibbi ekspert rəyindən görünür ki, şəhadətnamədə göstərilən diaqnoz müayinə zamanı müəyyən edilmişdir ki, o, hazırda həqiqətən də adıçəkilən xəstəlikdən əziyyət çəkir. Yastıpəncəlik adətən uşaq yaşlarından yaranır, uşaq böyüyüb inkişaf etdikdə xəstəlik özünü aydın göstərir. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən təqdim edilmiş əlavə ekspert rəyindən görünür ki, iddiaçıda adıçəkilən xəstəliklərin mövcud olması qənaətinə gəlinsə də, 11 yanvar 2021-ci il tarixdə hərbi xidmətə çağrılan zaman onda olmuş “yastıayaqlılığın” dərəcəsinin hansı mərhələdə olması və hərbi xidmətə yararlılıq dərəcəsi barədə mövqe nümayiş etdirilməsinin cavabdeh tərəfindən hərbi xidmətə çağırış zamanı tərtib edilən sənədlər, eləcə də sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı və hər iki ayağın rentgenoloji müayinəsinə dair rentgenoqrammalar ekspertizaya təqdimm edilmədiyindən mümkün olmaması bildirilmişdir. Lakin, həmin rəydə yastıayaqlılığın anadangəlmə patologiya olması ehtimalı öz təsbitini tapmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəllənin: -21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut edilməmiş, iddiaçı isə iddianın təmini barədə faktiki şərtlərin mövcudluğu sübut etmişdir. Belə ki, hazırkı iş üzrə də iddiaçının şəxsi qeyri-əmlak hüquqlarının pozulması, iddiaçının mənəvi sarsıntı və iztirab keçməsi, bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması aşkar müəyyən olunur. İşin faktiki hallarından, eləcə də ekspert rəyindən görünür ki, iddiaçıda anadan gəlmə olması istisna edilməyən yastıayaqlılıqla bağlı xəstəlik mövcud olmuş, çağırış komissiyası tərəfindən isə mürəkkəb tibbi müayinəyə zərurət olmadığına istinad edilməklə həkim-cərrah mütəxəssi tərəfindən müayinə edilməklə iddiaçı hərbi xidmətə yararlı sayılmış, lakin hərbi xidmət dövründə şəxsin diaqnozunun hərbi xidmətə yararsız olması barədə mötəbər əsaslar müəyyən edilməklə, iddiaçı şəhadətləndirilərək hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə yararlı hesab edilmişdir. Nəzərə alınmalıdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun: 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi hərbi xidmətkeçmə ilə bağlı fəaliyyətin subyekti kimi şəxsin tibbi qiymətləndirilməsinin aparılması və xidmətkeçmə baxımından yararlılıq kateqoriyasının müəyyən edilməsi zəruridir. Cavabdeh isə həmin hala əhəmiyyət vermədən yastıayaqlılıq xəstəliyinə anadangəlmə duçar olmuş şəxs barəsində hər hansı əsaslı yoxlama aparmadan, xidmətə yararlılığı barədə qərar qəbul edərək hərbi xidmətə göndərilməsini təmin etmiş, lakin hərbi xidmət dövründə həmin şəxsin hərbi xidmətə yararsız olması barədə qənaətə gəlinmişdir ki, 2021-ci ilin yanvar ayından 2021-ci ilin iyun ayına kimi hərbi xidmətə yararsızlığına əsas mövcud olsa da, həmin xəstəliklə hərbi xidmətin həyata keçirilməsinə məcbur qalmış şəxsə münasibətdə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinin, bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olunmasının istisna edilməsi halı müəyyən edilmir. İddiaçı iddia ərizəsində mənəvi zərərə dair iddiasını onunla əsaslandırır ki, onun xidmət etdiyi dövrdə ayağındakı şişkinlik dözülməz həddə çatmış, hərbi xidmət geyimi geyinməsində ciddi problemlər yaranmışdır. İddiaçı qeyd edir ki, hərbi xidmət müddətində hərbi təlimlərə (məşq, addımlama və s) onda olan xəstəlikdən ciddi əziyyət çəkmişdir. Hərbi xidmət müddətində hərbi xidmətlə bağlı ayaq geyimi əvəzinə alternativ geyimlərdən istifadə etməsi xidmət etdiyi hərbi hissənin xüsusiyyətləri də nəzərə alınmaqla onun emosional vəziyyətinə təsir etmişdir. Qeyd olunmalıdır ki, adıçəkilən xəstəliyin məhz xidmətdən öncə olması barədə ekspert rəyində ümumi xarakterli məlumat olsa da, həmin halın tam dəqiqləşdirilməsi barədə əlavə ekspert rəyi də alınmışdır ki, hər iki rəydə konkret olaraq həmin növ xəstəliyin anadangəlmə olması istisna edilməmiş, iş üzrə verilmiş ikinci rəydə həmin halın yoxlanılması üçün mütləq qaydada çağırışçıların uçot kartası, rentgenoloji müayinənin rentgenoqramlarla birgə sağlamlıq vəziyyətinin müayinə aktının verilməsi olması müəyyən edilmişdir ki, həmin sənədlərin cavabdehdən alınaraq yenidən ekspertizaya göndərilməsi ilə əlaqədar aparılan araşdırma zamanı isə, ümumiyyətlə iddiaçının sağlamlıq vəziyyəti barədə yoxlama zamanı tibbi materialların mövcud olmadığı əyani müayinə edilməklə xidmətə yararlılığının yoxlanıldığı aşkar edilmişdir ki, məhkəmə hesab edir ki, hərbi xidmətə yararlılıq kimi mürəkkəb yoxlamanın tələb edildiyi halda yoxlamanın göstərilən formada keçirilməsinin nəticəsi kimi də hərbi xidmətə yararsız olan şəxsin xidmətə göndərilməsi kimi halla rastlaşılmış, nəticədə də iddiaçıya mənəvi zərərin vurulmasına əsaslar müəyyən edilmişdir. Yuxarıda tətbiq olunan hüquq normaları əsasında müəyyən olunur ki, cavabdeh tərəfindən edilmiş hərəkətlər nəticəsində iddiaçı sarsıntı və iztirab keçirmiş, bununla da mənəvi zərərə məruz qalmışdır. Nəzərə alınmalıdır ki, mənəvi zərərin tutulması varlaşma vasitəsi deyil, hazırki mübahisə üzrə cavabdehin hərəkətlərinin qanunsuzluğunun nəticəsini əks etdirən simvolik ifadə vasitəsidir. Başqa sözlə desək, mənəvi zərər bilavasitə zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Bu hallarda məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən hər iki tərəfin konstitusiya ilə qorunan hüquq və marağlarını nəzərə alaraq məbləğin ağlabatan olmasını nəzərə almalıdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq tutulacaq pul vəsaitinin məbləği 8590 manat məbləğində yox, məhz 2.000 manat məbləğində müəyyən edilməlidir ki, həmin məbləğin hər iki tərəf üçün ədalətli olması hüquqi yanaşma prizmasından əsaslıdır. Bu səbəbdən də məhkəmə iddianın qismən təmin edilməli olması qənaətinə gəlir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 7 nömrəli 3 noyabr 2008-ci il Qərarının 10-cu bəndinə görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə də Plenum Qərarının 10-cu bəndində nəzərdə tutulan fərdi xüsusiyyətlər nəzərə alınmaqla rəhbər tutaraq, hesab edir ki, 2000 manat məbləğ müəyyən edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı işin faktiki halları Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1635/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarının tələblərinə də uyğun olmuşdur. Adıçəkilən işdən də göründüyü kimi iddiaçı Xidmətin aidiyyəti ərazi idarəsinə qarşı iddia irəli sürərək həm maddi, həm də mənəvi zərərin ödənilməsini tələb etmişdir. İddianın məzmunundan görünür ki, iddiaçı hərbi xidmətə çağrılarkən böyrəyindən əziyyət çəksə də yoxlanılma aparılmadan hərbi xidmətə cəlb edilmişdir. İddianın rədd edilməsi barədə apellyasiya məhkəməsinin qərarını ləğv edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(102)- 1605/2021 saylı qərarında məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, ilk növbədə cavabdeh (onun hüquq sələfi) tərəfindən iddiaçının hərbi xidmətə çağırıldığı vaxtda qüvvədə olan “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunubolunmadığını müəyyən etməli idi. Həmin normaların tələbinə görə, kişi cinsli vətəndaşlar 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilməlidirlər... Vətəndaşlar çağırış məntəqələrinə təhkim edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə mütəxəssishəkimlər tərəfindən hökmən tibbi müayinə edilməli, habelə xidmət prosesində onlardan daha məqsədəuyğun istifadə etmək yolunu müəyyənləşdirmək üçün psixoloji müayinə edilməlidirlər (Qanunun 7-ci maddəsi). Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına aşağıdakı vəzifələr tapşırılır: çağırış məntəqələrinə təhkim edilən vətəndaşların tibbi müayinəsini təşkil etmək və hərbi xidmətdə istifadə üçün ilkin təyinatı müəyyən etmək; ...çağırışçıların tibbi müayinəsini təşkil etmək (Qanunun 10-cu maddəsi). Müddətli hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər—cərrah, can həkimi, nevropatoloq, psixiatr, köz həkimi, qulaq—burun—boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir (Qanunun 13-cü maddəsi). Normaların tələbindən göründüyü kimi, vətəndaşlar təkcə müddətli hərbi xidmətə çağırılan zaman deyil, həm də buna qədər – onların 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilərkən hökmən tibbi müayinədən keçirilməlidirlər. Bu müayinə isə, yalnız cərrah, can həkimi, nevropatoloq, psixiatr, göz həkimi, qulaq—burun—boğaz həkimi, diş həkimi tərəfindən deyil, həm də zərurət olduqda müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən həyata keçirilir. İddiaçının sağlamlığından şikayətinin olmadığı barədə cavabdehin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əgər hər hansı orqanın (hazırkı halda, böyrəyin birinin) olmaması şəxsin hərbi xidmətə yararsızlığının əsası (səbəbi) kimi çıxış edirsə, çağırış komissiyasının təşkilinin əsas məqsədi də məhz şəxsin hərbi xidmətə yararlılığının müəyyən edilməsindən ibarətdirsə, deməli, həmin komissiya qanunda şəxsin hərbi xidmətə yararsızlığının səbəbi kimi təsbit olunan bütün halları yoxlamaq vəzifəsi daşıyır. Həmin qərar əsasında qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1635/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarında analoji mövqedən çıxış edilərək hərbi xidmətə yararsız şəxsin hərbi xidmətə yararlı hesab edilərək hərbi xidmətə cəlb edilməsinə münasibətdə cavabdehin hərəkətləri qanunsuz hesab edilərək mənəvi zərərin ödənilməsi barədə qərar qüvvədə saxlanılmışdır. Hazırkı iş üzrə də hər nə qədər maddi zərərin ödənilməsi barədə tələb olmasa da, mənəvi zərərin ödənilməsi barədə həmin işdəki mövqeyin nəzərə alınmalı olması barədə məhkəmə mövqe nümayiş etdiriri ki, məhkəmə adıçəkilən qərarlarda əksini tapan mənəvi zərərin 1000 manat olması barədə gəldiyi mövqeni, həmin işdən fərqli olaraq hazırda maddi zərərin ödənilməsinin tələb edilməməsinə münasibətdə 2000 manat olması qənaətinə gəlir və təkrar olaraq vurğulamağı zəruri hesab edir ki, mənəvi zərəri müəyyən edən məbləğ varlaşma vasitəsi olmayıb, məhz cavabdehin qanunsuz hərəkətlərinin maddi baxımından ifadəsi xarakterlidir. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı dəymiş 2000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-686/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-686/2023
25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver