Məhkəmə qərarları › İş №2-1(112)-6860/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6860/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6860/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Birgə iddiaçılar İddiaçı1 və Qanuni nümayəndə, Birgə iddiaçılar İddiaçı2, İddiaçı3 qanuni nümayəndələri kimi İddiaçı1 və Qanuni nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1, Qanuni nümayəndə, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar Qanuni nümayəndə və ailə üzvləri- İddiaçı1 (arvadı), İddiaçı2 (oğlu), İddiaçı3 (qızı) Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 63 ünvanında qeydiyyata alınmağımızla bağlı lazımi hərəkətlərin icra öhdəliyini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişlər.

2. Tələb onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə və ailə üzvləri- İddiaçı1 (arvadı), İddiaçı2 (oğlu), İddiaçı3 (qızı) hazırda Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 63 ünvanında qeydiyyatsız yaşayırlar. Qeyd edilən ünvanda qeydiyyata alınmaqdan ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinə müraciət etmişdilər. Həmin müraciətə xx.xx.2023-cü il tarixli imtina məktubu ilə cavab verilmişdir. Ailə üzvlərilə birgə uzun müddətdir ki, Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 63 ünvanında yaşayırlar. Faktiki olaraq Səbail rayonunda yaşasalar da, İdarəsinin inzibati binasına qeydiyyata alınmışdıq və sonradan həmin ünvandan qeydiyyatdan çıxarıldıq. Hazırda ailə üzvlərimlə birgə Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, ev 63 ünvanında yaşamağımızı təsdiq edən ünvan 2S tərəfindən verilən xx.xx.2023-cü il tarixli 106 saylı yaşayış yeri haqqında arayışı, eyni zamanda həmin ünvana aid olan və tərəfimizdən vaxtı-vaxtında ödənilən kommunal ödənişlərin qəbzlərini iddia ərizəsinə əlavə edirəm. Qeyd etmək istəyirəm ki, Səbail Rayon Polis İdarəsi imtina məktubunda texniki səhv nəticəsində hazırda yaşadığımız ünvanı Litvin Babayev küçəsi, ev 93 kimi qeyd etmişdir. Lakin ailə üzvlərilə yaşadığı ünvan ünvan 4n şəxsiyyət vəsiqəsi hazırda etibarsızdır, buna görə də dövlət orqanlarına müraciət edə bilmirlər, sağlamlıqları ilə bağlı klinikilara müraciət edəndə şəxsiyyət vəsiqələri etibarsız olduğundan onları qəbul etmirlər. Ona görə də yaşadıqları evə qeydiyyata alınmaqıarı ilə bağlı lazımi hərkətlərin icra edilməsi üçün məhkəməyə müraciət edir.

3. Səbail Rayon Polis İdarəsinin iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, iddiaçıların ünvan 6 ünvanında yerləşən mənzilə qeydiyyata alınması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığları ünvana dair mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və ya icarə müqaviləsi, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər sənədləri təqdim etməklə qeydiyyat həyata keçirilə bilər. Qeyd olunan sənədləri təqdim edə bilmədiyi halda məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçılar iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, qeyd edilən ünvan özbaşına tikili olsa da, əvvəllər məhkəmə qətnmasinə əsasən həmin 63 nömrəli evin 4 saylı mənzilinə istifadə hüququ məhkəməqaydasında tanınmışdır. Lakin hazırda həmin ünvanda heç kim qeydiyyatda deyil.

5. Cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cu il tarixli ərizədə iddiaya yazılı etiraz təqdim edilmədən işə cavabdeh qurumun iştirakı olmadan baxılması xahiş edilmişdir.

II. İddianın növü və mümkünlüyü

6. İPM-dən: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.

7. Məhkəmə iddiaçıların mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarında prosessual həmiştirakçılığı yolverilən hesab edir.

8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

11. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, 63 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir.

14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

15. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.

17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıların qeydiyyata alınmalarını tələb etdiyi evə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil.

21. İddiaçıların ona aid olduğunu bildirdikləri evin ünvan göstəricisi yoxdur və odur ki, məhkəmə hesab edir ki, həmin ünvan ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığının (əlaqənin) mövcudluğu müəyyən olunmur.

22. İddiaçı tərəfindən təqdim edilən həmin ünvan üzrə vaxtilə istifadə hüququnun tanınmasına münasibətdə məhkəmə qeyd edir ki, hazırda iddiaçı tərəfindən bildirilən ünvan göstəricisi üzrə etibarlı qeydiyyat mövcud olmadığından iddiaçıya münasibətdə fərqli rəftarın olduğu qənaətinə gəlmək olmaz (təqdm edilən sərəncamın kserosurətində ünvan göstəricisi L.Babayev küçəsi ev 63, mənzil 4 ünvanı kimi göstərilib, yəni iddiaçının bildirdiyi kimi L.Babayev küçəsi ev 63 kimi deyil).

23. Lakin məhkəmə müəyyən edir ki, iddiaçı faktiki olaraq Səbail rayonun inzibati ərazisində qeydiyyatsız yaşayırlar. Belə ki, şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məqsədilə qeydiyyatı zəruridir. Şəxsiyyət vəsiqəsinin deaktiv statusu vətəndaşın dövlət və cəmiyyət qarşısında qeyd edilən vəzifələrini icra etməsi və ya konstitusion hüquqlarını həyata keçirmə imkanını mümkünsüz edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamında qeyd edilir ki, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin. Odur ki, iddiaçıların polisin inzibati binasında qeydiyyata alınmaları hüquqları vardır.

24. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası qanunsuz deyil, bu səbəbdən iddia təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar