Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6860/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və yaranmış fərqin pensiya məbləğinə əlavə olunmaqla ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və yaranmış fərqin pensiya məbləğinə əlavə olunmaqla ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1962-ci il təvəllüdlüdür. xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur (2 il, 21 gün). Qusar Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv çıxarışa əsasən iddiaçı 04 yanvar 1980-ci il tarixli 08 №-li əmrlə Sabir adına sovxozun 2 №-li təsərrüfat briqadasına fəhlə qəbul edilmiş, son əmək haqqı 1980-ci ilin avqust ayında qeyd edilmişdir. AТ-İİİ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək relssiz nəqliyyat sexində dördüncü dərəcəli yükləmə maşınlarının təmiri üzrə çilingər işləmişdir (6 ay); xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək X1 11 saylı mexanika sexində mexaniki yığma işləri üzrə çilingər şagirdi işləmişdir (5 ay 3 gün); xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək İxtisaslaşmış təsərrüfat ştatında mövsümi inşaatçı peşəsində işləmişdir (5 ay 28 gün); xx.xx.1985-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsi İstehsalat xidməti bazasının quyularının əsaslı təmir sahəsinin qazma qrupunda, H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində qazmaçı köməkçisi işləmişdir (xx.xx.2006-cı il tarixədək 20 il 10 ay 26 gün, cəmi 24 il 4 ay 18 gün); xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixədək H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların əsaslı təmiri üzrə qazmaçı işləmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz Milli Arxiv İdarəsi Qusar rayon dövlət arxivinin 22 iyul 2024-cü il tarixli 3-48-30RA/2-M 3xx-xx/2024 nömrəli arayışında 1980-ci ildə “Sabir” sovxozunda fəhlə vəzifəsində işlədiyiniz qeyd olunub. Həmin ildəki iş stajınızın Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, Qusar rayon Dövlət Arxivində mühafizə olunan məlumatlara əsasən “Sabir” sovxozunda işlədiyiniz 1980-ci ilin yanvar ayında 16 gün, fevral ayında 18 gün, mart ayında 1 gün, aprel ayında 18 gün, may ayında 9 gün, iyun ayında 1 gün, iyul ayında 1 gün, avqust ayında 1 gün işlədiyiniz müəyyən edilib. Bu fakt “Qusar rayon arxivi” tərəfindən xx.xx.2024-cü il tarixli birgə akt ilə təsdiq edilmişdir. Buna görə də sizə əmək haqqı ödənilməyən, işləmədiyiniz müddətləri iş stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajınız 25 ildən az (24 il 6 ay 14 gün (1980-ci ilin yanvar ayında 16 gün, fevral ayında 18 gün, mart ayında 1 gün, aprel ayında 18 gün, may ayında 9 gün, iyun ayında 1 gün, iyul ayında 1 gün, avqust ayında 1 gün (ümumilikdə 2 ay 5 gün), xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizənizdə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2021-ci il tarixdən yaranmış fərqin aylıq pensiya məbləğinə əlavə olunmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir) İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh düzgün olmayaraq 1980-ci ilin yanvar-avqust aylarındakı iş stajını 8 ay hesablamaq əvəzinə 2 ay 5 gün hesablamışdır. Belə ki, iddia ərizəsinə əlavə olunan Qusar Rayon Dövlət Arxivinin 04 yanvar 1980-ci il tarixli əmrindən arxiv çıxarışından görünür ki, “Sabir” adına sovxozun 2 nömrəli təsərrüfat briqadasına fəhlə qəbul edilmişdir. İşdən azad edilməyi haqqında əmrin qeydiyyatı aşkar olunmamış, son əmək haqqı 1980-ci ilin avqust ayında qeyd edilmişdir. Belə olan halda “Sabir” sovxozunda işlədiyi 1980-ci ilin yanvar-avqust aylarının 8 ay nəzərə alınmaq əvəzinə 2 ay 5 gün kimi hesablanması düzgün olmamışdır. Cavabdeh özünün imtinasında 1980-ci ilin yanvaravqust aylarında 8 ay ərzində “Sabir” sovxozunda fəhlə işlədiyi müddəti 2 ay 5 gün hesablamaqla ümumi iş stajının 24 il 6 ay 14 gün olduğunu qeyd etmişdir. 1980-ci ilin yanvar-avqust aylarında 8 ay ərzində “Sabir sovxozunda fəhlə işlədiyi müddəti 8 ay hesablanmalıdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı xx.xx.1962-ci ildə doğulmuş, onun 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. İddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla ümumi iş stajı 25 ildən çoxdur. Belə ki, Qusar Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv çıxarışa əsasən iddiaçı 04 yanvar 1980-ci il tarixli 08 №-li əmrlə Sabir adına sovxozun 2 №-li təsərrüfat briqadasına fəhlə qəbul edilmiş, son əmək haqqı 1980-ci ilin avqust ayında qeyd edilmişdir (1980-ci ilin yanvar ayından avqust ayınadək 8 ay); xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək relssiz nəqliyyat sexində dördüncü dərəcəli yükləmə maşınlarının təmiri üzrə çilingər işləmişdir (6 ay); xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək X1 11 saylı mexanika sexində mexaniki yığma işləri üzrə çilingər şagirdi işləmişdir (5 ay 3 gün); xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək İxtisaslaşmış təsərrüfat ştatında mövsümi inşaatçı peşəsində işləmişdir (5 ay 28 gün); xx.xx.1985-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsi İstehsalat xidməti bazasının quyularının əsaslı təmir sahəsinin qazma qrupunda, H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində qazmaçı köməkçisi işləmişdir (xx.xx.2006-cı il tarixədək 20 il 10 ay 26 gün, cəmi 25 il 18 gün) Beləliklə iddiaçının təhsil müddəti, hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun ümumi iş stajı 25 il, 18 gün təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Cavabdehin hesalamasına görə, iddiaçının mübahisələndirilməyən stajı 24 il, 6ay 14 gündür. Cavabdeh iddiaçının “Sabir” sovxozunda 1980-ci ilin yanvar ayından avqust ayınadək 8 ay stajını günlərlə hesablayaraq, yanvar ayında 16 gün, fevral ayında 18 gün, mart ayında 1 gün, aprel ayında 18 gün, may ayında 9 gün, iyun ayında 1 gün, iyul ayında 1 gün, avqust ayında 1 gün işlədiyi dövrü sosial sığorta stajına daxil etmişdir ki, nəticədə iddiaçının ümumi əmək stajı 25 ildən az olmuşdur. Məhkəmə cavabdehin mövqeyini əsaslı hesab etməyərək qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir. Məhkəmə qeyd edir ki, Qusar Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından müəyyən olunur ki, iddiaçı 1980-ci ildə Sabir adına sovxozda işləyərkən əmək haqqı almış və aylar üzrə əmək haqqı aşağıdakı kimi qeyd olunmuşdur: Yanvar-66,51, fevral-54,16, mart-5,52, aprel-51,91, may-37,58, iyun-3,05, iyul-2,35, avqust-6,66. Göründüyü kimi iddiaçı 1980-ci ilin yanvar-avqust aylarında işləyərək hər ay əmək haqqı olmuşdur. Buna görə də həmin dövr iddiaçının əmək stajına əmək haqqı aldığı aylar üzrə hesablanmalıdır. Belə olan halda iddiaçının “Sabir” adına sovxozda 1980-ci ilin yanvar ayından avqust ayınadək (avqust ayı daxil olmaqla) 8 ay əmək stajı müəyyən olunur. Bununla da iddiaçının 25 ildən artıq ümumi əmək stajı müəyyən olunur ki, bu da iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Məhkəmə qeyd edir, pensiya təyinatı ilə bağlı hər hansı qanunvericilikdə sovxozda iş müddətinin günlərlə hesablanmasına dair norma nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Bu mənada, iddiaçının ümumi və xüsusi iş stajı barədə məlumatlar həm onun əmək kitabçasında, həm də güzəştli stajla bağlı verilmiş arayışda təsdiq edilmişdir. Cavabdeh sözügedən sənədlərin mötəbərliyini istisna edəcək hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, əmək kitabçasındakı müvafiq qeydlərin həqiqiliyinin ciddi şübhə doğurduğuna dair cavabdeh tərəfindən bildirilənlər anlaşılmaz olmaqla əsaslı görünmür. Nəzərə alınmalıdır ki, məhkəmənin yalnız cavabdehin şübhəsini əsaslı hesab etdiyi hallarda həmin məsələləri xidməti vəzifəsinə görə aydınlaşdırmaq borcu vardır. Müvafiq olaraq cavabdeh istinad etdiyi şübhənin əsaslılığına dair sübutlar təqdim etməlidir. Lakin hazırkı işdə bu, baş verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyiasının 2-1(102)- 2264/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-582/2023 nömrəli iş üzrə, 2-1(102)-473/2023 nömrəli iş üzrə, 2- 1(102)-1728/2022 nömrəli iş üzrə, 2-1(102)-1476/2022 nömrəli iş üzrə, 2-1(102)- 1180/2022 nömrəli iş üzrə, 2-1(102)-1431/2020 nömrəli iş üzrə) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır”. Beləliklə, sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının hərbi xidmət dövrü nəzərə alınmaqla təqvim illəri üzrə ümumi iş stajı 25 ildən çoxdur. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Cavabdeh tərəfindən iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olmasını mübahisələndirməsə də, məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Neft və Qazçıxarma İdarəsində qazmaçı işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “kod 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin 2130200a—11292 - quyuların əsaslı təmirinin qazmaçıları” vəzifəsi olaraq yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamdır, hərbi xidmət keçdiyi dövrlər və təhsil aldığı dövr daxil olmaqla xx.xx.2006-cı ilədək ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdehin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının az olması ilə bağlı imtina dəlili də əsaslı deyildir. Ona görə də, 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən pensiya təyin olunmalıdır. İddiaçı 57 yaşdan pensiya təyin edilməsi ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət etdiyinə görə, müraciət etdiyi tarixdən əvvəlki 3 il üzrə pensiya fərqi hesablanaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2021-ci il tarixdən yaranmış fərqin aylıq pensiya məbləğinə əlavə olunmaqla ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6860/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6860/2025
24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver