Məhkəmə qərarları › İş №2-1(112)-6861/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6861/2022

13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6861/2022 13.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mərhumun adına arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun mərhum X6 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, yaşayış sahəsinə münasibətdə mərhum Əhmədova oğlunun adına 1982-ci ildə tərtib edilən şəxsi mülkiyyət hüququ ilə evlərin texnikki inventarizasiya və qiymətləndirilməsinə aid pasport mövcud olduğundan, hazırki mərhələdə onun fərdi yaşayış evinə mülkiyyət hüququnun mərhum X6 məxsus olması haqqında arayışın verilməsini tələb etmək hüququ yaranır. İddiaçı iddia tələbi üzrə eyniməzmunla ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinanı onunla əsaslandırmışdır ki, yaşayış sahəsinə münasibətdə iddiaçının mərhum həyat yoldaşının adına tərtib olunan texniki pasport aşkar olunmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqların pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş X5 adına 1982-ci ildə tərtib edilmiş texniki pasporta dair məlumat İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin, həmin texniki pasport Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas hesab edilmir. Əlavə olaraq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyəti ilə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasportda qeyd olunmuş sahə arasında yerləşmə, konfiqurasiya və perimetrik ölçülərdə uyğunsuzluq mövcuddur. Texniki pasportda qeyd olunan sahənin bir hissəsi qonşunun istifadəsindədir. İdarənin arxivində qeyd olunan fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 1962-ci ildə X2 adına verilmiş texniki pasportun nüsxəsi mövcuddur. Odur ki, X2 vərəsələrinin dairəsini müəyyənləşdirilməsi ilə bağlı notariatdan məktub təqdim edilməlidir. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış əsasında tərtib edilmiş müayinə aktına əsasən torpaq sahəsinin faktiki ölçüsü faktiki oalraq 1.271 kv.m təşkil edir. Əlavə olaraq iddiaçı tərəfindən göstərilən torpaq sahəsində ölçüsü 200 kv.molan fərdi yaayış evi inşa edilmişdir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məkəmə iclasında iştirak edən idiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, imtina məktubunun və iddiaya münasibətdə cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün dörd əsas gətirir:

1. X1 adına 1982-ci ildə tərtib edilmiş texniki pasportun aşkar olunmaması;

2. Texniki pasportun aşkar olunduğu təqdirdə belə hüquqmüəyyənedici sənəd qismində çıxış etməməsi;

3. İddiaçının mərhum atası X2 adına verilmiş texniki pasport İdarənin arxivində aşkar olunsa da, mərhumun vərəsələrinin dairəsində iddiaçının olmaması;

4. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyəti mərhum X2 adına verilmiş texniki pasportda qeyd olunmuş sahəsi arasında yerləşmə, konfiqurasiya və perimetrik ölçülərdə uyğunsuzluğun mövcud olmasıdır. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlaka dair mərhumun adına arayışın verilməsinə maneənin yaradıbyaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı ilə əhatə olunur ki, fərdi yaşayış evlərinə münasibətdə bu hüquqların yaranmasını təsdiq edən sənədlərdən biri olaraq Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar çıxış edir. Hazırkı iş üzrə mülkiyyət hüququnun mərhum X6 məxsus olması haqqında arayışın verilməsi üçün nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı iddia edir ki, mübahisə predmetini təşkil edən yaşayış sahəsi üzərində X1 mülkiyyət hüquqları 1982-ci ildə tərtib olunmuş texniki pasport əsasında yaranmış, lakin o, həmin hüquqların qeydiyyata alınmasını reallaşdıra bilməmişdir. Məhkəmə tərəfindən ünvan 1 ünvanına dair X1 adına tərtib edilmiş 1982-ci il tarixli texniki pasportun və onun verilməsinə əsas olunmuş sənədlərin surətlərinin təqdim edilməsi ilə bağlı aidiyyəti orqanlara sorğular ünvanlansa da, mərhum X6 münasibətdə tərtib olunmuş texniki pasport aşkar edilməmişdir. Baxmayaraq ki, fərdi yaşayış evinə münasibətdə iddiaçının mərhum həyata yoldaşının adına texniki pasport aşkar olunmamış, həmin yaşayış sahəsinə dair onun mərhum atasının adına 1962-ci il tarixli texniki pasport movcud olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mərhum atası X2 adına 1962-ci ildə tərtib edilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport (arxivdə aşkar olunan) blank formasında olmaqla üz qabığında (birinci səhifədə) Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin adı qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən təqdim olunan mərhum Əhmədova oğlunun adına 1982-ci ildə tərtib edilən şəxsi mülkiyyət hüququ ilə evlərin texnikki inventarizasiya və qiymətləndirilməsinə aid pasport (arxivdə aşkar olunmayan) blank formasında olmaqla üz qabığında (birinci səhifədə) yalnız Bakı Sovetinin Texniki İnventarlaşdırma Bürosunun İcraiyyə Komitəsinin adı qeyd edilmişdir ki, bununla da pasportun (mövcud olduğu halda) Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi, yaxud ona tabe qurumlar tərəfindən verilməsi təsdiq olunmur. Göründüyü kimi iddiaçı mübahisə predmetini təşkil edən yaşayış sahəsi üzərində mərhum həyata yoldaşının mülkiyyət hüquqlarının yarandığını iddia etsə də, bu halı təsdiq edən mötəbər dəlillərin mövcudluğu müəyyən olunmamışdır. Digər tərəfdən, 1982-ci il tarixdə X1 adına tərtib olunduğu iddia edilən texniki pasportun İdarənin arxivində aşkar olunmamasını iddiaçının və ya mərhumun iradə ifadəsindən asılı olmadığını nəzərə alsaq belə, bu hal vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, ümumiyyətlə şəxsi mülkiyyət hüququ ilə evlərin texnikki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi, yaxud ona tabe qurumlar tərəfindən verilməsi təsdiq olunmur. Belə olan halda həmin sənəd Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı”sının əhatə dairəsinə düşmədiyindən, X1 yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqlarının yaranmasından söhbət ola bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-850/2019 saylı iş üzrə qəbul etdiyi 16.04.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Siyahının 1.11-ci bəndində qeyd edilir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar müvafiq əmlaka hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. İddiaçının anasının adına tərtib edilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport 1983-cü ildə tərtib edilmişdir. Pasport blank formasında olmaqla üz qabığında (birinci səhifədə) Bakı Sovetinin Texniki İnventarlaşdırma Bürosunun İcraiyyə Komitəsinin adı qeyd edilmişdir. Pasportun Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi, yaxud ona tabe qurumlar tərəfindən verilməsi təsdiq olunmur.” Məhkəmə qeyd etmək istəyir ki, yaşayış sahəsinə münasibətdə iddiaçının mərhum həyat yoldaşının mülkiyyət hüquqları yaranmasa da, onun mərhum atası X2 adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport (Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı”sının 1.11-ci yarımbəndində nəzərdə tutulan) aşkar olunmuşdur. Baxmayaraq ki, iddiaçının mərhum atasının yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqlarının yaranması üçün hüquqmüəyyənedici sənəd müəyyən olunsa da, hazırki halda iddiaçı mərhum atasını adına bu hüquqların rəsmiləşdirilməsini (mərhumun adına arayışın verilməsini) tələb etmək hüququna malik deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1172. Əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs (iddiaçının atası) həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri (vərəsəlik şəhadətnaməsi) onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, başqa sözlə, sonuncuya bu barədə vərəsəlik şəhadətnaməsi verilməli, bundan sonra həmin vərəsə vərəsəlik şəhadətnaməsini qeydiyyat orqanına (cavabdehə) təqdim etməli və daşınmaz əmlak üzərində hüquq ölmüş şəxsin (iddiaçının atasına) deyil, artıq onun adına dövlət qeydiyyatına alınmalıdır. Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının vərəsəlik şəhadətnaməsinə malik olması mərhum atasının adına arayışın verilməsində mühüm rol oynayır. Çünki, Qanunverici Mülki Məcəllənin 1267-ci maddəsinin müddəasını məcburi qayda kimi müəyyən etməklə, vərəsənin üzərinə miras əmlak bölüşdürülənədək, vərəsələr arasında hər hansı bir çəkişməkdən çəkinmək vəzifəsi qoymuş olur. Ərizəni verməklə vərəsə, öz hüququnu bəyan edir. Onun hüququnu, dövlətin adından çıxış edən notariat orqanı vərəsəlik şəhadətnaməsi verməklə təsdiq edir və vərəsəni öz ərizəsini geri götürmək imkanından məhrum edir. Nəzərə alınmalıdır ki, bu nəinki fərd barəsində, eləcə də, eyni zamanda vərəsə sayılan dövlət barəsində də müəyyənləşdirilən qaydadır. Məhkəmə icraatı zamanı təqdim olunmuş X2 adına açılmış vərəsəlik işindən isə görünür ki, hazırki mübahisə predmetini təşkil edən yaşayış sahəsi miras əmlaka daxil edilməmiş, miras əmlaka digər yaşayış sahəsi daxil edilmişdir ki, həmin miras əmlak ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mərhumun vərəsəsi olan X4 verilmişdir. Göründüyü kimi, iddia olunan yaşayış sahəsi vəsiyyətnamədən kənarda qalmış əmlak qismində çıxış edir. Nəzərə alınmalıdır ki, bu halda qanunvericilik vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilməsinə nəzərdə tutmuşdur. Belə ki, bir daha qeyd olunur ki, Mülki Məcəllənin 1172-ci maddəsində qeyd olunur ki, əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Məhkəmə hazırki işin faktiki hallarını qanunvericiliyin normaları ilə təhlil etdikdə belə nəticəyə gəlir ki, yaşayış sahəsi münasibətdə X1 hüquqlarının yaranması təsdiq olunmasa da, həmin yaşayış sahəsi ilə bağlı iddiaçının mərhum atası X2 hüquqları yaranmış, lakin yaşayış sahəsi vəsiyyətnamədən kənarda qalmış əmlak hesab olunduğundan və vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilmədiyindən, iddiaçı hazırki mərhələdə mərhum atası X2 adına arayışın verilməsini tələb etmək hüququna malik deyildir. Göründüyü kimi hazırki mübahisə ilə bağlı oxşar iş üzrə yuxarı instansiya məhkəməsinin mövqeyi o istiqamətdə olmuşdur ki, əgər şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi, yaxud ona tabe qurumlar tərəfindən verilməsi təsdiq olunmasa, həmin sənəd müvafiq əmlaka hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Son olaraq Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki mərhələdə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyəti mərhum X2 adına verilmiş texniki pasportda qeyd olunmuş sahəsi arasında yerləşmə, konfiqurasiya və perimetrik ölçülərdə uyğunsuzluğun olub-olmaması istiqamətdə hər hansı əlavə araşdırmanın (məhkəmə ekspertizasının təyin edilməsi, mütəxəssis rəyinin verilməsi) aparılmasına zərurət yaranmamışdır. Belə ki, bu haldan asılı olmayaraq, hazırki mərhələdə fərdi yaşayış evinə mülkiyyət hüququnun mərhum X6 və ya X3 məxsus olması haqqında arayışın verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar