Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6862/2022 27.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X2) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə X2 üçüncü şəxs qismində inzibati məhkəmə qismində cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. İddiaçı sonradan iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən X1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan mənzildə üçüncü şəxs yaşamır. Oğlunun mənzildə qeydiyyatda qalması onun mülkiyyətçi kimi maraqlarına toxunur. Belə ki, mülkiyyətçi kimi oğlunun qeydiyyatda qalması mənzilə sərəncam hüququnu məhdudlaşdırır. Üçüncü şəxsin etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Bundan əlavə, üçüncü şəxs qeyd edir ki, həmin mənzildə yaşayır. Lakin son bir müddət anasının ona və ailəsinə qarşı pis münasibətdi ilə əlaqədar məcbur qalıb qohumlarında qalır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, mahiyyəti üzrə baxılması nəzərdə tutulan iddia onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması (ümumiyyətlə heç bir zaman mövcud olmaması və ya əvvəllər mövcud olmuş hüququn sonradan itirilməsi) müəyyən edildikdə də münasibət bildirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Vİİİ hissəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin öz səlahiyyətlərinə aid edilən məsələlərə dair Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə qərarları inzibati münasibətlərdə mülki hüquq normalarının tətbiqinə səlahiyyət yaradır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi iddiaçı və üçüncü şəxs arasında qohumluq münasibətlərinin xarakterindən asılı olmayaraq inzibati məhkəmə icraatı qaydasında da Konstitusiya Məhkəməsinin qərarında nəzərdə tutulmuş tələblər çərçivəsində şəxsin yaşayış sahəsində yaşamaması və istifadə hüququnun olmaması və ya itirilmiş hesab edilməsi müəyyən edilməsi mümkün olan səlahiyyət qismində çıxış edir ki, məhkəmə də üçüncü şəxsin iddiaçıya məxsus mənzildə yaşamaması və istifadə hüququnun itirilmiş hesab edilməsini nəzərə alaraq Konstitusiya Məhkəməsinin qərarını də nəzərə almaqla hazırkı iddianın təmin edilməsi qənaətindədir. İddiaçının oğlunun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə iddia tələbinə münasibətdə məhkəmə aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarında hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Həmin qərarda istinad olunan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 –cü Fəslinin (Maddə 75.1 və 80.1) təhlilindən aydın olur ki, valideynlər yetkinlik yaşına çatmayan övladlarını, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludur. Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyinəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Konstitusiya Məhkəməsinin adıçəkilən qərarının hazırkı münasibətdə tətbiqi, yəni şəxsin yaşayış yeri üzrə qeydiyyatının əsaslı olub-olmaması ilə bağlı məhkəmənin qiymətləndirməsi onu deməyə əsas verir ki, üçüncü şəxsin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadəsinə yaranmış əsas hal-hazırda mövcud deyil. Belə ki, tərəflərin izahatlarından və iş materiallarından da aydın olur ki, etibarlı ailə münasibətlərinin mövcudluğu hazırkı halda aşkar edilmir. İddiaçı övladının hazırkı halda mənzilddən istifadəsinin qəti əleyhdarıdır. Üçüncü şəxs isə məhkəmədə verdiyi izahatında Bakı şəhəri Nəsimi rayonu ərazisində kirayədə qaldığını qeyd etsə də, konkret ünvanının iddiaçının öyrənməməsi üçün məhkəməyə təqdim edilməsindən imtina etmiş, sadəcə qeyd olunan rayon üzrə yaşayış sahəsində öz həyat yoldaşı ilə birlikdə yaşadığını qeyd etmişdir. Məhkəmənin verdiyi suala cavabda isə 3 ildən çoxdur yaşamadığı mənzilə üçüncü şəxsin evə köçürülmə ilə bağlı məhkəmədə hər hansı iddia tələbi ilə müraciət edilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, üçüncü şəxs öz valideynindən özünün saxlanılmasını tələb etməyə hüququ olmayan şəxsdir. Bu zaman həmin mənzilə istifadəsinə yaranmış ailə hüququndan irəli gələn hüquqi əsas mövcud olmadığından üçüncü şəxsin istifadə hüququnun mövcudluğundan da söhbət gedə bilməz. Şəxsin mənzilə dair istifadə hüququ mövcud deyilsə, onun 3 ildən çoxdur yaşamadığı mənzilə qeydiyyatda qalması formal hesab edilməlidir. Beləliklə, yuxarıda adıçəkilən mülki hüquq normalarının tələbləri ilə müəyyən edilir ki, üçüncü şəxs yaşayış sahəsinə istifadə hüququ itirilmiş şəxsdir. Ailə hüquq münasibətlərindən başqa, mülki konteksdə də aparılmış qiymətləndirmə üçüncü şəxsin digər əsaslarla da istifadə hüququnun mövcud olmadığı öz təsdiqini tapmışdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubu da həmin şəxsin istifadə hüququna malik olmadığını bir daha təsdiq edir. Belə ki, AR MM-nin 139.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin yaşayış sahəsi ilə bağlı istifadə hüququ ailə müanasibətlərindən yaranmamış, digər əsaslarla yaranmışdırsa qeydiyyata alınmalıdır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmçinin, məhkəmə araşdırması nəticəsində təqdim edilmiş arayış əsasında da müəyyən edilir ki, üçüncü şəxsin faktiki olaraq iddiaçıya məxsus yaşayış sahəsində yaşamaması da nəzərə alınmalıdır. Məhkəmə, həmçinin oxşar işlər, yəni qeydiyyatdan çıxarma işləri üzrə formalaşmış məhkəmə təcrübəsinin hazırkı iş üzrə nəzərə alınmalı olması qənaətindədir. Belə ki, oxşar işlər üzrə iddia tələblərinin təmin olunduğu işlər üzrə iddiaçı və üçüncü şəxslər arasında olan hüquq münasibətlərinin xarakterindən asılı olmayaraq, müəyyən edilən hallar üçüncü şəxslərin yaşayış sahəsində yaşamaması və istifadə hüququnun olmaması ilə bağlıdır. Yəni, məhkəmələr istər iddiaçı və üçüncü şəxs arasında qohumluq münasibətlərinin olubolmaması, istər mülkiyyətçinin mülki əqdlər əsasında dəyişdirilib-dəyişdirilməməsi, istər digər əsaslarla yaşayış sahəsində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması barədə nəticəyə gələrkən məhz həmin şəxslərin istifadə hüququnu olmaması və yaşamamasına əsaslanır. Misal köhnə mülkiyyətçinin qeydiyyatdan çıxarılması tələbinə dair işlərdə də mənzili satan,bağışlayan və digər əsaslarla iddiaçının mülkiyyətinə vermiş şəxsin qeydiyyatının əsassızlığı məhz həmin əqdlər əsasında onun əvvəllər mövcud olmuş istifadə hüququnun itirilməsinə əsaslanmaqla qiymətləndirilir. Başqa sözlə məhkəmələr həmin işlərdə də istifadə hüququnun mövcud olmamasına, yəni ümumiyyətlə yaranmaması və ya yaxud əvvəllər mövcud olmuş, daha sonra isə istifadə hüququnun itirilməsinə istinad edərək iddiaların təmini nəticəsinə gəlirlər. Həmin işlərdən də göründüyü kimi üçüncü şəxslərin istifadə hüququna xitam verilməsi, istifadə hüququnun olmaması və ya itirilməsi ilə bağlı ayrıca məhkəmə qətnamələri qəbul edilmədən, məhz inzibati məhkəmə tərəfindən istifadə hüququnu mövcudluğu ilə bağlı müvafiq qiymətləndirmə aparılır və iddiaya mahiyyəti üzrə baxılır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə də ayrıca məhkəmə qətnaməsinin mövcudluğu tələb edilmir. Belə ki, iddiaçı və üçüncü şəxs arasında qohumluq münasibətlərinin olması üçüncü şəxsin istifadə hüququnun mövcudluğu anlamına gəlmir. Bu zaman, əvvəllər mövcud olmuş istifadə hüququnun hal-hazırda itirilməsini inzibati məhkəmə müəyyən edə bildiyindən qeydiyyatdan çıxarma ilə bağlı tələbə də qiymət verir. Əks halda, inzibati məhkəmə digər analoji işlərdə də istifadə hüququna qarışmamalıdır ki, bu da o deməkdir ki, hər bir halda şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı işlərdə məhkəmə qətnaməsinin mövcudluğu zərurət olacaqdır ki, qeyd olunan hal prosessual qənaət prinsipi ilə uzlaşmır. Başqa ifadə ilə, istifadə hüququnun mövcud olub-olmaması və ya itirilməsinin aşkar müəyyən edilə bilən olması və ya qanunvericiliyin tələblərinin bilinməsi ilə müəyyən edilməli olması fərqli nəticələrə gəlinməsi üçün əsas hesab edilmir. Yəni ki, polis orqanı və ya məhkəmə necə ki, alqı-satqı və digər mülki əqdə əsasən köhnə mülkiyyətçinin, heç bir qohumluq əlaqəsinə malik olmadan iddiaçının razılığı ilə qeydiyyata düşən şəxsin istifadə hüququnun olmadığını və ya əvvəllər mövcud olmuş daha sonra istifadə hüququnun itirilməsini müəyyən edə bilirsə və ya etməlidirisə, iddiaçı və üçüncü şəxslər arasında qohumluq əlaqəsinin mövcudluğunda da istifadə hüququnun olması, olmaması və ya əvvəllər mövcud olmuş istifadə hüququnun itirilməsini müəyyən edə bilməlidir. Bu səbəbdəndir ki, Konstitusiya Məhkəməsi Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında məhz qeydiyyatdan çıxarma ilə bağlı tələblərə baxan məhkəmələrə, yəni inzibati məhkəmələrə səlahiyyət müəyyən etmişdir ki, faktiki yaşayıb-yaşamamanı və istifadə hüququnun mövcud olub-olmadığını yoxlaya bilsin. Burada nəzərə alınmalı olan hüquqi prinsip iura novit curia, məhkəmə hüququ bilir. Hazırkı mübahisə üzrə isə Konstitusiya Məhkəməsi səlahiyyət müəyyən etdiyindən inzibati məhkəmə mülkiyyət və istifadə hüququ ilə bağlı müddəaları bilir başa düşülməlidir. Bu səbəbdəndir ki, həmin hüquqları bilinməsi özündə ehtiva edən əlavə məhkəmə qərarının mövcudluğu tələb edilmir. Hazırkı iş üzrə məhkəmə hər iki istiqamətdə qiymətləndirmə aparmış, həm üçüncü şəxsin mənzildə yaşamadığını müəyyən etmiş, həm də qanunvericiliyin tələbinə əsasən əvvəllər mövcud olmuş istifadə hüququnun hal-hazırda itirildiyini aşkar etmişdir. Əgər inzibati məhkəmə həmin halları müəyyən edə bilirsə, necə ki oxşar digər işlərdə müəyyən edə bilir, bu zaman əlavə məhkəmə qətnaməsinin tələb edilməsi prosessual qənaət prinsiplərinə zidd olmaqla mülkiyyət hüququnun realizəsinin əsassız gecikməsinə səbəb olur. Beləliklə, xx.xx.1960-cı il təvəllüdlü iddiaçının 12.01.1995-ci il təvəllüdlü övladını saxlamağa məcbur olmaması, eyni zamanda sonuncunun öz valideynindən özünün saxlanılmasını qanunvericiliklə tələb edə bilməməsi iddiaçının yaşayış sahəsində üçüncü şəxsin qeydiyyatda saxlanılmasını mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirməyə əsas verir. Budan əlavə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarın qeyd edilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göründüyü kimi istər, üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmaması, yəni itirilmiş hesab edilməsi baxımından, istərsə də şəxsin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxsin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir. Eyni zamanda qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da göstərildiyi kimi şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6862/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6862/2022
27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver