Məhkəmə qərarları › İş №2-1(112)-6863/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6863/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6863/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı X4 və X5 üçüncü şəxs qismində cəlb olunmaqla yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati iş materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 və X3 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmasının bir vəzifə olaraq cavabdehin öhdəsinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 11.03.2022-ci il tarixli, 2-1(112)-6863/2022 nömrəli qərardadı ilə X4 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzil onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16.03.2013-cü il tarixdə qeydiyyatdan keçirilərək müvafiq olaraq çıxarış verilmişdir. 3-cü şəxslər mənzili ona satdıqdan sonra daimi yaşamaq üçün başqa ünvana köçüb getmişlər. Həmçinin mənzili ona satdıqdan sonra qısa müddətdə pasport qeydiyyatından çıxmaları barədə öhdəlik götürmüşlər. Lakin onların formal pasport qeydiyyatında qalması onun mənzillə bağlı mülkiyyət hüquqlarırın həyata keçirlməsinə maneçilik törədir, hüquqlarını məhdudlaşdırır. 3-cü şəxslər bu mənzildə yaşamırlar, harada yaşamaları ona məlum deyildir və onlara aid bu mənzildə heç bir əşya və əmlak qalmamışdırlar. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə məktub ünvanlayaraq onların iştirakları olmadan şifahi məhkəmə baxışı və şifahi dinləmələr keçirmədən qərar çıxarılmasını xahiş etmiş, iddiaçı və üçüncü şəxslər isə hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının vəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Naxçıvan Muxtar Respublikasına doğulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak 16.02.2013-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 06.01.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı, X4, X5 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 29.03.2022-ci il tarixli, 018-5691- 1222 №-li məktubdan görünür ki, X4 11.10.2007-ci il tarixdən 30.06.2019-cu il tarixədək, X5 29.05.2012-ci il tarixdən 08.08.2021-ci il tarixədək ünvan 3 ünvanında qeydiyyatda olmuşlar. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15.04.2022-ci il tarixli, **********91 №-li məktuba əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı (satıcı) ilə X9 (alıcı) arasında 10.02.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, satıcı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 19 kvm. olan 1 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcının mülkiyyətinə vermişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 14.01.2022-ci il tarixli, 059-819S-3122 №-li məktubun surətindən görünür ki, iddiaçının Binəqədi RPİ-yə ünvanladığı müraciətə QMB-də baxılmış və məhkəməyə müraciət etməyi tövsiyyət olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak 16.03.2013-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətində olmuş, sonuncu həmin əmlakı 10.02.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X1. İddiaçının qeydiyyatdan çıxarılmalarını tələb etdiyi X4 11.10.2007-ci il tarixdən 30.06.2019-cu il tarixədək, X5 29.05.2012-ci il tarixdən 08.08.2021-ci il tarixədək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarının qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edən zaman (16.02.2022-ci il) mübahisəli daşınmaz əmlak üzərində olan hüquqları 10.02.2022ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən digər şəxsə keçmişdir. Başqa sözlə İddiaçı iddia ilə məhkəməyə müraciət edən zaman daşınmaz əmlaka münasibətdə hüquqları mövcud olmamışdır. Bundan əlavə qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər isə həmin yaşayış sahəsi üzərində hazırda qeydiyyatda deyillər. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ olmadığından, həmçinin cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hər hansı hallara yol verilmədiyindən, bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar