Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6864/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı ““Şəhid ailəsinin üzvü” kimi mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı ““Şəhid ailəsinin üzvü” kimi mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı oğlu cavabdeh Bakı şəhər Cavabdehnə (bundan sonra mətndə Yasamal RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Yasamal RİH hərəkətlərinin qanunsuz sayılması və ona güzəştli şərtlərlə mənzilin verilməsi öhdəliyinin cavabdeh Yasamal RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Yasamal RİH-nin onu mənzil növbəsinə almamaqla etdiyi hərəkətlərin qanunsuz hesab edilməsini, şəhid ailəsi olaraq mənzil növbəsinə götürülmək hüququnun tanınmasını, Yasamal RİH-nin üzərinə onun mənzil növbəsinə qəbul etmək öhdəliyinin qoyulmasını və əgər zəruri sayılarsa, cavabdeh vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə prokurorluq tərəfindən hüquqi qiymət verilməsi üçün materialların göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X2 xx.xx.2023-cü il tarixdə Xocalı şəhərində şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2023-cü il 4158 nömrəli sərancamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” 1-1747 ordenlə və “Vətən uğrunda” 1-5709 ordenlə nömrəli medallarla təltif olunmuşdur. Digər oğlu isə öz qəhramalığı ilə şəhid olduğu halda bir balasıda X3 qəhrəmancasına və şücaətlə müharibədə iştirak etmişdir. Bundan sonra oğlu X7 müharibəsi veteranı adı verilmişdir. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar alan insanların mənzillə təmin etdiyini öyrənmiş və bununla bağlı Yasamal RİH mənzil növbəsi üçün müraciət etmişdir. Yasamal RİH yaşayış yeri üzrə yaşayış sahəsinə eytiyacı olan qismində uçota alınması üçün müvafiq sənədləri təqdim etmişdir. Lakin, bir müddət sonra o, Yasamal RİH tərəfindən çağırılaraq onu yaşayış yeri üzrə yaşayış sahəsinə eytiyacı olan şəxs qismində uçota alınmasının mümkünsüzlüyünü bildirərək qeyd etmişlər ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına eytiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsinə əsasən yaşayış yerində mənzil şəraitinin yaxşılasdırılmasına eytiyacı olanların uçotuna bu şərtlə götürülər ki, azı 5 (beş) il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayış müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Onun qeydiyyatının 5 ildən az olduğunu səbəb gətirərək onu yaşayış yeri üzrə yaşayış sahəsinə eytiyacı olan qismində uçota alınmasından imtina etmişlər. Hesab edir ki, cavabdehin imtinasının əsasları qanunsuzdur. İPM-nin 54-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Yasamal RİH-nin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçların əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçılar eyni məzmunlu tələblə cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçılar həmin tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ “Ölüm haqqında şəhadətnamə”dən müəyyən olunur ki, X2 “Hərbi əməliyyatlar nəticəsində odlu silah və adi silah törədən zəmədələr” səbəbilə Xocalı rayonu, Dəhrəz rayonunda xx.xx.2023-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 09-cu ayının 23-cü günündə 37 № ilə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə verilmiş № 013127 “Şəhid ailəsi üzvinin vəsiqəsi”ndən müəyyən olunur ki, İddiaçı “Şəhid ailəsi statusuna” malikdir və şəhid ailə üzvü statusu dəyişənə qədər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq verilmiş Yasamal RİH-nin xx.xx.2025-ci il tarixli, 5-21/2-H-224-174/24 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “... mövcud mənzil qanunvericiliyinə əsasən siz son beş il ərzində yaşayış yeriniz üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığınızdan xahişinizin yerinə yetirilməsi mümkün deyildir. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərsiniz.” Məhkəmənin müvafiq sorğusuna əsasən: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-6076 №-li cavab məktubunda göstərilmişdir ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cəlilabad rayonu, Söyüdlü kəndində. xx.xx.2024-cü il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-15925/2025 №-li cavab məktubunda göstərilmişdir ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cəlilabad Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-41/2-777/2025 №-li məktubu ilə təqdim edilmiş Cəlilabad Rayon İcra Hakimiyyətinin “Vətəndaşların mənzil növbəsinə götürülməsi barədə” xx.xx.2024-cü il tarixli, 125 №-li Sərəncamından müəyyən olunur ki, Ləkin kənd sakini, şəhid X1 anası İddiaçı mənzil növbəsinə götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-27779/2025 №-li cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 64 saylı fərdi yaşayış evi X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. TƏTBİQ EDİLƏN HÜQUQ “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.1. mənzil fondunun uçot qaydasını müəyyən etmək; 10.0.2. yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək; 10.0.3. sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını müəyyən etmək; 10.0.4. bələdiyyə mənzil fonduna məxsus yaşayış sahələrinin sosial kirayə müqaviləsi üzrə aztəminatlı vətəndaşlara verilməsi qaydasını müəyyən etmək; 10.0.5. dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi məqsədilə digər kateqoriyalardan olan vətəndaşları müəyyən etmək; 10.0.6. kateqoriyaları qanunvericiliklə müəyyənləşdirilən və yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlara dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; 10.0.7. dövlət və bələdiyyə mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsi əsaslarını müəyyən etmək; 10.0.8. mənzil-tikinti kooperativlərinin təşkili və fəaliyyət qaydasını müəyyən etmək, belə kooperativ üzvlərinin hüquqi vəziyyətini, o cümlədən onlara mənzil-tikinti kooperativlərində yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; 10.0.8-1. çoxmənzilli binanın idarə edilməsi qaydasını müəyyən etmək; 10.0.8-2. çoxmənzilli binanın idarə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etmək; 10.0.9. mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin təşkili və fəaliyyət qaydasını müəyyən etmək, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin üzvlərinin hüquqi vəziyyətini müəyyən etmək; 10.0.10. yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq; 10.0.11. yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək; 10.0.12. mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək; 10.0.13. yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək; 10.0.14. vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək; 10.0.15. yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi; 10.0.16. yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödənişin strukturunu, bu ödənişin hesablanması və ödənilməsi qaydasını müəyyən etmək; 10.0.17. dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək; 10.0.18. müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyriyaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək; 10.0.19. mənzil münasibətləri sahəsində bələdiyyələrin və yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin səlahiyyətlərinə aid edilməmiş digər məsələlər. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51.1 bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2 yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 51.3 vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Maddə 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir Maddə 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə Maddə 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, Maddə 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə MƏHKƏMƏNİN MÖVQEYİ Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi şəhid ailəsinin üzvü kimi mənzil növbəsinə götürülməsi vəzifəsinin Yasmal RİH-nin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın imtinasından görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün onun mövcud mənzil qanunvericiliyinə əsasən siz son beş il ərzində yaşayış yeriniz üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığı əsasına istinad etmişdir. İlkin olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Yerli icra hakimiyyəti orqanları tərəfindən qeyd edilən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər kimi növbəyə alınması isə Mənzil Məcəlləsinin yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması ilə bağlı normalarının tələblərinə uyğun şəkildə aparılır. Məhkəmə ilk öncə cavabdeh inzibati orqanın imtinasının əsası ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Göründüyü kimi maddənin tələbi konkretdir. Uçota alınma məhz yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət əsasında həyata keçirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından irəli gəlir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, “şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.”. Həmin Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Qanunun tələbindən göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İddiaçının şəxsiyyət vəsiqəsi ilə isə müəyyən edilir ki, onun qeydiyyat yeri, yəni yaşadığı yer məhz Bakı şəhəridir. İddiaçı da buna uyğun olaraq məhz yaşadığı yer üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdehə müraciət etmişdir ki, onun müraciəti Mənzil Məcəlləsinin 51.3-cü maddənin tələblərinə uyğun olaraq məhz yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanına edilmişdir. Adıçəkilən Məcəllədə isə yuxarıda adıçəkilən Qaydalarda nəzərdə tutulmuş hər hansı istisna müəyyən edilməmiş, müddətlə bağlı şərtin tətbiqi göstərilməmiş, müraciət üçün tək şərt şəxsin yaşadığı yer üzrə müraciəti ilə əlaqədar olmuşdur ki, iddiaçı da həmin şərtin tələblərinə uyğun olaraq yaşadığı yer üzrə müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-917/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya instansiya məhkəməsi mübahisə üzrə iddiaçının kirayə müqaviləsinə əsasən Bakı şəhərinə qeydiyyata alındığı təqdirdə, faktiki olaraq daimi yaşayış yerinin Azərbaycan Respublikasının digər ərazi vahidi olan Qazax rayonu olmasını nəzərə almış və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə istinad edərək iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı iddianın əsaslı olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi xüsusi ilə vurğulamışdır ki, iddiaçı gələcəkdə Bakı şəhərində faktiki yaşadığı və daimi qeydiyyatda olduğu halda, iddiaçının mənzil Bakı şəhərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına” istinat etməsi yanlışdır, belə ki, həmin qaydalarin müddəaları iddiaçıya tətbiq oluna bilməz. Göründüyü kimi, həmin iş üzrə hər nə qədər iddiaçının faktiki olaraq Bakı şəhərində yaşaması sübut edilməməsi əsası ilə iddianı rədd etsə də, faktiki Bakı şəhərində yaşama ilə bağlı halın mövcud olduğu təqdirdə iddianın təminini mümkün hesab etmiş, mütləq Bakı şəhərində uzun müddət yaşama ilə bağlı şərtin tətbiqi istisna edilmişdir. Belə ki, Ali Məhkəmənin yekun qərar qəbul etdiyi həmin işdən də göründüyü kimi birinci və apellyasiya instansiya məhkəmələri Bakı şəhərində son 5 il ərzində yaşamama ilə bağlı hüquqi fakta istinad etsə də, Ali Məhkəmə həmin hüquqi faktın tətbiqindən imtina etmiş, əsas nəzərə alınmalı olan halın iddiaçının faktiki Bakı şəhərində yaşayış-yaşamaması ilə əlaqələndirmişdir ki, hazırkı iş üzrə iddiaçının Bakı şəhərində faktiki yaşaması sübut olunur, əks hal isə cavabdeh tərəfindən sübut edilməmişdir. Əksinə Mənzil Kommunal İstismar sahəsinin vermiş olduğu arayışla iddiaçının faktiki olaraq Bakı şəhərində yaşaması fakti öz təsditini tapmışdır. Lakin bu hal, iddiaçının iddia tələbinin təmin olunmasına əsas olan hal qismində qiymətləndirilə bilməz. Belə ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Qeyd olunan müddəaların təhlilindən aydın olur ki, mənzil sahəsində dövlətin həyata keçirdiyi vəzifələrdən biri də yaşayış sahəsinə ehtiyacı olan xüsusi qrup şəxslərin mənzil növbəsinə götürülməsi, növbəlilik qaydasına uyğun olaraq mərhələli şəkildə mənzillə təmin edilməsidir ki, iddiaçının da mənzilə ehtiyacı olan şəxs kateqoriyasına aid olduğu istisna edilməmişdir. Belə ki, iş materiallarında olan Cəlilabad Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli Sərəncamından da göründüyü kimi iddiaçı Cəlilabad Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncam qüvvədədir və ləğv edilməmişdir və eyni zamanda məhkəmənin müvafiq sorğusuna əsasən müəyyən olunmuşdur ki, iddiaçının mənzil növbəsinin dəyişdirilməsi ilə bağlı hər hansı sərəncam qəbul edilməmişdir. Bununla da hazırkı iddianın təmininin əsasında duran mənzil sahəsinə ehtiyac adıçəkilən Məcəllənin 10-cu maddəsi ilə nəzərdə tutulmuş vəzifələr çərçivəsində dövlət tərəfindən ödənilmişdir. İddiaçı isə yuxarıda adıçəkilən yerli icra hakimiyyəti orqanının sərəncamın qəbuluna əsas olmuş hallara yenidən istinad etməklə başqa ərazi üzrə müvafiq yerli icra hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş edir ki, məhkəmə bununla bağlı iddianın əsassız olması qənaətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsindən göründüyü kimi səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş yerli icra hakimiyyətləri hakimiyyət bölgüsünə uyğun olaraq icra hakimiyyəti orqanı hesab edilirlər. Hazırkı işin faktiki halları ilə də müəyyən edilir ki, iddiaçının mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam verən və həmin sərəncamın verilməsindən imtina edən inzibati orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu konteksdə aparılan qiymətləndirmə onu deməyə əsas verir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü bəndinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci yarımbəndinə uyğun olaraq öz vəzifəsini icra etmiş və iddiaçının mənzil növbəsinə uçota alınmasını həyata keçirmişdir ki, həmin vəzifənin yenidən eyni əsasla digər yerli icra hakimiyyəti orqanından tələb edilməsi əsassız kimi qiymətləndirilməlidir. Hazırkı işin faktiki hallarına digər bir yanaşma isə onun qeyd edilməsinə zərurət yaradır ki, iddiaçının mənzil növbəsinə götürülməsi gələcəkdə növbə çatdığı vaxt şəxsə mənzil verilməsi ilə nəticələnir ki, hazırkı iddianın təmin ediləcəyi, eyni zamanda iddiaçı yaşayış yerini müəyyən müddətdən bir dəyişəcəyi təqdirdə qeydiyyatda olacağı yer üzrə müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən mənzil növbəsinə eyni əsaslarla götürüləcəyi təqdirdə digər növbəyə götürülmə ilə bağlı sərəncamlar ləğv edilmədən iddiaçının mənzili əldə etməsində özü ilə eyni kateqoriyada olan şəxslərə nəzərən əldə etməsində üstünlük hüququ yaradacaq və ya həmin üstünlük mənzilin verilməsi ilə bağlı olmasa da növbədə dayanma sırası ilə bağlı olacaqdır ki, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası özü ilə eyni kateqoriyada olan şəxslərdən üstünlük hüququnun əldə edilməsinə münasibətdə də təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Cəlilabad Rayon İcra Hakimiyyətində mənzil növbəsində olduğu təqdirdə eyni zamanda sonuncunun mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam qüvvədə olduğu təqdirdə hal-hazırda ünvan 2 ünvanında qeydiyyatda olması əsası Yasamal RİH-də yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi ilə arzuladığı hərəkət, bilavasitə təkcə iddiaçının deyil, ümumiyyətlə həmin əsas ilə mənzil növbəsinə dayanan şəxslərin hüquqlarına toxunur və bilavasitə bərabərlik hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasına və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyana əsasən hər bir vətəndaş qanun və inzibati orqan qarşısında bərabərdir. Bu isə onu deməyə əsas verir ki, əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin heç bir hüquqi əsası olmadığı üçün iddia tələbi təmin olunmamalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı ““Şəhid ailəsinin üzvü” kimi mənzil növbəsinə götürülmə”sinə dair iddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6864/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6864/2025
11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver