Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6865/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X1 adına Bakı şəhəri Əzizbəyov rayonunun Buzovna ərazisində 0.10 ha torpaq sahəsi olan 66b nömrəli bağ sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi və ona aid plan və ölçünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım haqqında məktub təqdim edilərək iddia tələbinin dəqiqləşdirilməsi və dəqiqləşdirilmiş iddia tələbində göstərilən tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin olmasına dair müvafiq sübutların təqdim edilməsi təklif edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin 12.10.2021-ci il tarixli qərardadı ilə iddiaçının “Bakı şəhəri Əzizbəyov rayonunun Buzovna ərazisində 0,10 hektar torpaq sahəsi olan 66b nömrəli bağ sahəsinə mülkiyyət hüquqlarının atası X2 məxsus olması barədə arayışın verilməsi, X1 adına Bakı şəhəri, Əzizbəyov rayonunun Buzovna ərazisində 0,10 hektar torpaq sahəsi olan 66b nömrəli bağ sahəsinə mülkiyyət hüquqularının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi və ona aid plan və ölçünün tərtib edilməsi vəzifəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia ərizəsinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə 26.10.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçıya bir daha İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərərək iddia tələbinin dəqiqləşdirilməsi və dəqiqləşdirilmiş iddia tələbi ilə əvvəlcə inzibati orqana müraciətinin olmasına dair müvafiq sübutların məhkəməyə təqdim edilməsini təklif etsə də, iddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Odur ki, 26.10.2021-ci il tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı iddia tələbi iki hissədən ibarətdir: - Bakı şəhəri Əzizbəyov rayonunun Buzovna ərazisində 0,10 hektar torpaq sahəsi olan 66b nömrəli bağ sahəsinə mülkiyyət hüquqlarının atası X2 məxsus olması barədə arayışın verilməsi; - X1 adına Bakı şəhəri, Əzizbəyov rayonunun Buzovna ərazisində 0,10 hektar torpaq sahəsi olan 66b nömrəli bağ sahəsinə mülkiyyət hüquqularının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi və ona aid plan və ölçünün tərtib edilməsi vəzifəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi. Məhkəmə “Bakı şəhəri Əzizbəyov rayonunun Buzovna ərazisində 0,10 hektar torpaq sahəsi olan 66b nömrəli bağ sahəsinə mülkiyyət hüquqlarının atası X2 məxsus olması barədə arayışın verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası iddia növünə aiddir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə öhdəliyin icrası haqqında iddia növü üçün xüsusi mümkünlük şərtlərindən birinə, yəni müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilib-edilməməsinə hüquqi qiymət verərək hesab edir ki, iddia qeyd edilən mümkünlük şərtlərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” İş materiallarından görünür ki, iddiaçı “Bakı şəhəri Əzizbəyov rayonunun Buzovna ərazisində 0,10 hektar torpaq sahəsi olan 66b nömrəli bağ sahəsinə mülkiyyət hüquqlarının atası X2 məxsus olması barədə arayışın verilməsi” tələbi ilə əvvəlcə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməsinə dair hər hansı sübut (poçt qəbzi və s.) təqdim etməmişdir və həmçinin məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili həmin tələblə müraciət etmədiklərini və buna lüzum olmadığını bildirmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdeh inzibati orqana müraciət etməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, iddia tələbi həmin hissədə mümkün sayılmamalıdır. Məhkəmə iddia tələbinin “X1 adına Bakı şəhəri, Əzizbəyov rayonunun Buzovna ərazisində 0,10 hektar torpaq sahəsi olan 66b nömrəli bağ sahəsinə mülkiyyət hüquqularının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi və ona aid plan və ölçünün tərtib edilməsi vəzifəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, qanunvericilik daşınmaz əmlak üzərində mülkiyyət hüququnu əldə etmiş şəxs, həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda həmin daşınmaz əmlak üzərində onun varisi tərəfindən mülkiyyət hüququnun qeydiyyata alınmasını fərqli, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə tənzimlədiyindən, İPM-in 13-cü maddəsini rəhbər tutaraq məhkəmə iddiaçıya iddia tələbini müvafiq arayışın verilməsi kimi dəyişdirilməsini və həmin tələblə cavabdeh inzibati orqana müraciətini təsdiq edən sübutun təqdim edilməsini təklif etsə də, iddiaçı hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi “X1 adına Bakı şəhəri, Əzizbəyov rayonunun Buzovna ərazisində 0,10 hektar torpaq sahəsi olan 66b nömrəli bağ sahəsinə mülkiyyət hüquqularının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi və ona aid plan və ölçünün tərtib edilməsi vəzifəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” hissədə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-6865/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6865/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver