Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6866/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı - İddiaçı cavabdehlər - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Bakı şəhəri 19 saylı Şəhər Xəstəxanasının HKM-nın sədri X3 qarşı “əlillik statusunun verilməsi və ziyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Bakı şəhəri 19 saylı Şəhər Xəstəxanasının HKM-nın sədri X3 qarşı 0042003AAB94 saylı və 0042003AACCJ saylı TQS 088 saylı göndərişlərin təsdiq olunması, iddiaçıya əlillik statusunun verilməsi və ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İş üzrə hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 22.09.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “X1 30.000 manat maddi və mənəvi təzminatın tələb edilməsi”nə dair iddia ərizəsinə əlavə barədə ərizəsi icraata qəbul edilmişdir. 25.05.2021-ci il tarixli məktubla İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək cavabdehin və həmin cavabdehə qarşı yönəldilən iddia tələbinin dəqiqləşdirilməsi, həmçinin dəqiqləşdirilmiş iddia tələbi ilə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin (poçt qəbzi və s.) olmasına dair müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından görünür ki, məhkəmə iddiaçıya 25.05.2021-ci il tarixli hüquqi yardım haqqında məktub göndərərək və məhkəmə iclasını 22.09.2021-ci il tarixə təyin edərək, cavabdehin və həmin cavabdehə qarşı yönəldilən iddia tələbinin dəqiqləşdirilməsi, həmçinin dəqiqləşdirilmiş iddia tələbi ilə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin (poçt qəbzi və s.) olmasına dair müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün ona kifayət qədər şərait yaratmışdır. İş materiallarından görünür ki, 14.09.2021-ci il tarixdə iddiaçının iddia ərizəsinə əlavəsi məhkəməyə daxil olmuşdur. İddia ərizəsinə əlavədən görünür ki, iddiaçı hüquqi yardım haqqında məktubda göstərilənlər nöqsanları aradan qaldırmamışdır. Məhkəmə 22.09.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə bir daha İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərərək cavabdehin və həmin cavabdehə qarşı yönəldilən iddia tələbinin dəqiqləşdirilməsini təklif etsə də, iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavənin icraata qəbul edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Odur ki, 22.09.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi hazırkı iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Bakı şəhəri 19 saylı Şəhər Xəstəxanasının HKM-nın sədri X5 göstərilmişdir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı inzibati məhkəmə icraatında iddia tələbi yalnız Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulmuş halda birgə cavabdehlərə qarşı yönəldilə bilərdi. İddiaçı birgə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Bakı şəhəri 19 saylı Şəhər Xəstəxanasının HKM-nın sədri X4 göstərsə də, onlara qarşı yönələn tələbin eyni faktiki və hüquqi hallara söykənməsini əsalandıra bilməmişdir. Belə ki, İPM-nin 30.1-ci maddəsində deyilir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Göründüyü kimi, prosessual həmiştirakçılıq o zaman mümkündür ki, tərəflər mübahisə predmeti üzrə eyni hüquqi maraqlara malik olsunlar və ya eyni faktiki və hüquqi hallara söykənən hüquq və vəzifələrə malik olmaqlarını bildirsinlər. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh kimi göstərilmiş Bakı şəhəri 19 saylı Şəhər Xəstəxanasının HKM-nın sədri X5 inzibati orqan deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda cavabdeh Bakı şəhəri 19 saylı Şəhər Xəstəxanasının HKM-nın sədri X5 inzibati orqan kimi müəyyən olunmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.04.2019-cu il tarixli 163 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda 19 saylı Şəhər Xəstəxanası publik hüquqi şəxs kimi göstərilməmişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə qeyd edir ki, cavabdehin və həmin cavabdehə qarşı yönəldilən iddia tələbinin dəqiqləşdirilməsi, həmçinin dəqiqləşdirilmiş iddia tələbi ilə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin (poçt qəbzi və s.) olmasına dair müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfə kifayət qədər şərait yaradılsa da, cavabdeh və həmin cavabdehə qarşı yönəldilən iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan müvafiq iddia növünə uyğun dəqiqləşdirilmədiyindən, hazırkı iddia tələbi mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-6866/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6866/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver