Məhkəmə qərarları › İş №2-1(112)-6867/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6867/2022

01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6867/2022 01.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “ailə üzvləri ilə birgə mənzil uçotuna götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra –İddiaçı) cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 4 (dörd) nəfər ailə tərkibi ilə hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi, 2021-ci ilin sentyabr ayından indiyədək ödənilməyən ayların müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “İddiaçı 4 nəfər ailə tərkibi (özü, arvadı, qızı və oğlu) ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və 2021-ci ilin sentyabr ayından etibarən mənzil sahəsi alınanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay iddiaçıya və onun ailə üzvlərinə kompensasiya ödənilməsi” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddanın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1990-cı ildən 1992-ci il tarixədək Sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmətini başa vurmuş, xx.xx.1993-cü il tarixindən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmiş, hərbi xidmət müddəti təqvim illəri ilə 29 il 05 ay hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.2021-ci il tarixili 538 ş/h saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 41.0.6cı maddəsi ilə (xidməti uyğunsuzluğa görə) polkovnik-leytenant hərbi rütbəsi ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Hazırda Azərbaycan Respublikası SHXÇ DX-nin Bakı şəhəri Xətai rayon İdarəsində hərbi qeydiyyatdadır. Hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməsi ilə bağlı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ünvanladığı ərizəyə cavab olaraq xx.xx.2021-ci il tarixli, Ə-282068 saylı məktubla xahişini təmin etməyin mümkün olmadığı bildirilmişdir. Bu, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa ziddir. Belə ki, Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Onun Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmasının səbəbi hərbi qulluqçu kimi müvafiq imtiyazlardan istifadə etmək hüququnu məhdudlaşdıra bilməz. İddiaçı hazırda ailə üzvləri ilə birlikdə (2 azyaşlı övladı) ünvan 2 ünvanında kirayədə yaşayır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı münasibətində göstərmişdir ki, İddiaçı ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək ehtiyatda olan zabit kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli, 188 nömrəli arayışına əsasən o, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) əsasən xidmətdən təxris olunmuşdur. Hərbi Qulluqçuların Statusu Haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yaşa, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ilindən az olmayan müddətini Azərbaycan Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq İcra Hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. Cavabdeh qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının tələbi iki hissədən ibarətdir:

1. 4 nəfər ailə tərkibi ilə hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi;

2. 2021-ci ilin sentyabr ayından mənzil sahəsi alınanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay iddiaçıya və onun ailə üzvlərinə kompensasiya İ tələbə münasibətdə Hərbi qulluq dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur. Bu isə öz növbəsində onların sosial təminat hüququnda, o cümlədən mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququnun təsbit edilməsi ilə öz əksini tapmışdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququnu müəyyən edir. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Normanın məzmunundan görünür ki, hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün iki şərt tələb olunur: 1. 15 təqvim ili və daha çox xidmət etməsi; 2. yaşayış sahəsinin olmaması. Qanunverici bununla 15 ildən artıq, yəni kifayət qədər uzun müddət hərbi xidmət keçmiş və sosial müdafiəyə ehtiyacı olan şəxsin layiqli həyat səviyyəsi, onun sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onun həyat şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədi güdür. İşdən görünür ki, iddiaçının 15 ildən artıq hərbi idmət müddəti mövcuddur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsinin 188 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, 1972-ci il təvəllüdlü ehtiyatda olan polkovnik leytenant İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək müdavim, xx.xx.1997-ci ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 41.0.6-cı maddəsinin (xidmətə uyğunsuzluğa görə) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Rəisinin xx.xx.2021-ci il tarixli əmrinə əsasən ehtiyata buraxılmışdır. xx.xx.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq şəxsi heyət üzrə şöbə rəisinin müavini polkovnik-leytenant İddiaçı vəzifəsindən azad olunmaqla hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 29 mart 2021-ci il tarixdən 29 iyun 2021-ci il tarixədək 90 (doxsan) gün müddətinə növbəti məzuniyyət verilməklə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hesab edilmiş, 29 iyun 2021-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün təminat normalarından çıxarılmış hesab edilmiş, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon idarəsinə göndərilməsi qərara alınmışdır. Polkovnik-leytenant İddiaçı 29 mart 2021-ci il tarixə xidmət illəri təqvimi - 29 il, 05 ay, 05 gün, güzəştli - 08 il, 02 ay, 01 gün, cəmi isə 37 il, 11 ay, 04 gün kimi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının ehtiyata buraxıldığı tarixə 29 ildən artıq hərbi xidmət müddəti olmuş, o, birinci şərti ödəmişdir. İddiaçının yaşayış sahəsinin olmaması məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, hərbi qulluq haqqında qanunvericilik nə yaşayış sahəsi olmayan şəxslərə kimlərin aid olmasını, nə də həmin şəxslərin mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi qaydasını tənzimləyir. Bu hallar Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir. Qüvvədə olan Mənzil Məcəlləsinin (bundan sonra –MM): - maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - maddə. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - maddə. 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 51/43 nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən İddiaçı DSX-də xidmət etdiyi müddət ərzində torpaq sahəsi və mənzillə təmin olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı İdarəsinin **********57 nömrəli, xx.xx.2022-ci il tarixli, **********69 nömrəli, xx.xx.2022-ci il tarixli və **********36 nömrəli, xx.xx.2022-ci il tarixli məktublarından müəyyən olunur ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı, xx.xx.1980-ci il təvəllüdlü X4, xx.xx.2000-ci il təvəllüdlü X5 və xx.xx.2003-cü il təvəllüdlü X3 adına Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı adına Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 1P, 64 saylı mənzil xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Şirvan şəhəri 1 saylı DNK-nın 4-Ə-188 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 018-9643-1222 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2021-ci il tarixdən hazıradək isə ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin 04/595 nömrəli, xx.xx.2021-ci il tarixli və 04/673 nömrəli, xx.xx.2021-ci il tarixli arayışlarına əsasən İddiaçı və X1 Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. İşdə olan xx.xx.2021-cu il tarixli, 3M-51 reyestr nömrəli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqaviləsi) görünür ki, X2 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 107.7 kv/m olan mənzili 10 il müddətinə İddiaçı kirayəyə vermişdir. Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Tikinti Kooperativi "xxxx"nın 58 nömrəli, xx.xx.2021-ci il tarixli Arayışına görə İddiaçı ünvan 7 ünvanında "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olan yaşayış binasının 130 saylı mənzilində kirayə müqaviləsinə əsasən yaşayır. Beləliklə, işin sadlanan halları ilə iddiaçının və onunla birlikdə yaşayan ailə üzvlərinin mülkiyyətində hər hansı bir daşınmaz əmlakın olması müəyyən olunmur (iddiaçı mülkiyyətində olan əmlakı 2009-cu ildə satmış, Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən həmin tarixdən 5 ildən artıq müddət keçmişdir). Deməli, iddiaçı yaşayış sahəsi olmayan, yəni yaşayış sahəsinə ehtiyacı olan şəxsə aiddir. Belə olan halda aydın olur ki, iddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilmək üçün qanunla tələb olunan bütün şərtləri ödəmişdir. Cavabdeh iddiaçıya imtina cavabı verərkən onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına istinad etsə də, məhkəmə bu imtinanı qanunsuz hesab edir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qanunverici konkret iradəsini ifadə etmiş və hərbi qulluqçunun mənzillə təmin olunmasının tərxis olunma əsasından asılı olmayaraq bütün hərbi qulluqçulara tətbiqinin mümkünlüyünü vurğulamışdır. İİ tələbə münasibətdə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasının məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. İşin yuxarıda istinad edilən hallarına görə, iddiaçı 15 təqvim ilindən artıq xidmət etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasının məzmunundan göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Beləliklə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsində müəyyən edilmiş müddətlərdə və qaydada ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi almaq hüquqlarını eyni dərəcədə tanımaqla yanaşı, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi ilə ilk növbədə təmin edilməsi tələbini təsbit edir. Eyni ilə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasında həmin maddədə göstərilən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən ödənilməsini təsbit edir və bu zaman, həmin şəxslərin ehtiyata və ya istefaya buraxılma əsaslarını fərqləndirmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 2012-ci il 6 avqust tarixli, 174 nömrəli qərarının 1-ci bəndində yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi təsbit olunmuşdur. Lakin həmin normanın da məzmunu “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasında nəzərdə tutulmuş şəxslərin hüquqlarına təsir etmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, qanunverici Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına münasibətə daha yüksək hüququ qüvvəyə malik olan “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasında həmin maddədə göstərilən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin müvəqqəti mənzil kirayəsi xərclərinin bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən ödənilməsini tənzimləyir və bu zaman, həmin şəxslərin ehtiyata və ya istefaya buraxılma əsaslarını fərqləndirmədən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12ci maddəsinin 2-ci bəndinin 1-ci abzasında nəzərdə tutulmuş şəxslərə də kirayə xərclərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə müəyyən edilmiş qaydalara uyğun ödənilməli olduğunu təsbit edir. Digər tərəfdən, Nazirlər Kabinetinin qərarının tərxis olunma əsası fərqləndirilmədən 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi, lakin 15 təqvim ili və daha çox xidmət etmiş zabitlərə kompensasiya ödənilməsinin yalnız müəyyən hallarla (yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılma) məhdudlaşdırılması kimi şərh edilməsi sonunculara münasibətdə ayrı-seçkilik yaratmaqla normativ hüquqi aktın qəbulu zamanı qarşıya qoyulmuş məqsədə uyğun hesab edilə bilməz. Buna görə də məhkəmə iddiaçının mənzil sahəsi alanadək kirayə haqqı ödənilməsi ilə bağlı tələbini əsaslı hesab edir. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı kirayə haqqının 2021-ci ilin sentyabr ayından ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci hissəsinə əsasən müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş şəxslərə ödənilir. Deməli, iddiaçı ilk növbədə uçota alınmalı, daha sonra ona kompensasiya ödənilməlidir. Məhkəmə qeyd edir ki, mənzil uçotuna götürülmə barədə hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-i n 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi məhkəmə məcburetmə haqqında iddia vasitəsilə özü inzibati orqanın əvəzinə hər hansı bir inzibati akt qəbul etmir və məhkəmə qərarı inzibati aktı əvəz etmir. Məhkəmə inzibati orqanın hərəkətlərini qanunazidd hesab etdiyi halda müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsini cavabdeh orqanın üzərinə qoyur və həmin məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra inzibati orqan iddiaçının xeyrinə müvafiq əlverişli inzibati aktı qəbul etməlidir. Məhz inzibati orqanın həmin qərarı qəbul edildiyi andan iddiaçının müvafiq hüquq və imtiyazları yaranır. Yəni hazırkı halda məhkəmə iddiaçıya verilən imtinanın qanunsuz olduğu qənaətinə gəlsə belə, şəxsin mənzil uçotuna alınması barədə qərar, məcburetmə haqqında iddianın təmin edilməsi ilə bağlı qəbul edilən məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra, inzibati orqanın özü tərəfindən qəbul edilməli və yalnız bundan sonra iddiaçıya kompensasiya ödənişi həyata keçirilməlidir. Buna görə də iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 4 (dörd) nəfər ailə tərkibi (özü, arvadı, oğlu və qızı) ilə birlikdə hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək həy ay iddiaçıya və onun ailə üzvlərinə kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar