Məhkəmə qərarları › İş №2-1(112)-6867/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6867/2023

01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6867/2023 01.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçılar İddiaçı və digərlərinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Binəqədi rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçılar İddiaçı, X6, X11, X14, X5, X7, X9, X8 və X3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi evə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçılar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Həmin fərdi yaşayış evi onların faktiki istifadəsində olduğundan, iddiaçıların həmin yaşayış yerinə qeydiyyata düşmək hüququ yaranır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 1885 nömrəli sərəncamından görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X12 ayrılmışdır. X17 (etibar edən) tərəfindən X2 (etibar edilən) adına verilmiş etibarnamənin surətindən görünür ki, həmin etibarnamə əsasında Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi xx.xx.2007-ci il tarixli, 1885 nömrəli Sərəncamına əsasən verilmiş fərdi yaşayış evinin tikintisi üçün Binəqədi qəsəbə bələdiyyəsi ərazisində yerləşən 200 kv.m torpaq sahəsinə və üzərində olan tikilini özəlləşdirməyi, kadastr planı, sənədləşdirmə işləri aparmağı, həbsdə və girovda olması barədə arayışı aldıqda sərəncam verməyi və digər səlahiyyətləri X4 etibar edilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, qeyd olunan ünvan qeyri-dəqiq olduğundan araşdırma aparılması mümkün olmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qanunvericiliyin tələbindən də göründüyü kimi özbaşına tikintiyə şəxsin mülkiyyət hüququ yalnız müəyyən şərtlərdən asılı olaraq tanına bilər. Nəzərə alınmalıdır ki, hazırki iddia tələbi üzrə iddiaçıların cavabdehin üzərinə qoyulmasını arzuladığı öhdəlik məhz özbaşına tikintiyə qeydiyyata alınması ilə bağlı olmuşdur ki, bu mübahisənin tənzimlənməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları əsasında həyata keçirilir. Sözügedən Qanunun 2-ci maddəsinə əsasən 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi (1) icarə və kirayə müqaviləsi (2) üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla (3) daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; Qanunun 5-ci maddəsinin 1-ci və 2-ci abzasına əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göztərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: -yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd (1); -yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi (2); -yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər (3). Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Sadalanmış maddələrin təhlili nəticəsində müəyyən olunur ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir ki, bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır. Hazırki işin araşdırılmış hallarından məlum olur ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən daşınmaz əmlak üzərində iddiaçıların hər hansı bir hüququ, yəni mülkiyyət, icarə və ya istifadə hüquqları əmələ gəlməmişdir. Başqa sözlə desək, iddiaçılar sözügedən əmlaka qeydiyyata alınması üçün hər hansı üç hüquqdan birinə (mülkiyyə, icarə, istifadə), yəni qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) yalnız birinə malik olmalı olduğu halda, iddiaçıların həmin hüquqlarının olması və ya hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçılar hal-hazırda həmin sənədləri təqdim etmək iqtidarında deyillər. Çünki, yaşadıqları ev özbaşına tikilidir, nə evə, nə də onun yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyən edici sənədləri mövcud deyil. Bununla da, onların “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərədə tutulmuş “yaşayış sahəsinə köçmək üçün sənəd” əsasında qeydiyyata alınması ilə bağlı şərt aradan qalxmışdır. Digər şərt ilə bağlı isə Məhkəmə qeyd edir ki, mübahisə predmetini təşkil edən daşınmaz əmlakın mülkiyyətçisi məlum olmadığından, Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərədə tutulmuş “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” əsasında qeydiyyata alınması ilə bağlı şərti də aradan qalxmışdır. Məhkəmə qeyd edir ki, iddiaçıların yaşayış sahəsində faktiki yaşaması, kommunal, işıq, qaz və s xidmətlərindən istifadəyə görə çəkdiyi xərcləri ödəməsi, mübahisəli ünvana qeydiyyata alınma üçün əsas verə bilməz. Qeyd olunmalıdır ki, sadalanan xərclər qarşılıqlı müqavilə üzrə göstərilən xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlərdir ki, bu ödənişləri ehtiva edən sənədlər evin qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməsini əks etdirən hüquqmüəyyənedici sənədi ifadə etmir. Məhkəmə qeyd edir ki, hazırki iddia predmetini təşkil edən əmlak üzərində iddiaçıların hüquqlarının olmaması ilə yanaşı, həmçinin əmlakın “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydaları baxımından fərdiləşməni təmin edən rekzvit məlumatlarının olmaması da nəzərə alınmalıdır. Belə ki, iddiaçıların qeydiyyata düşmək istədikləri əmlakın yalnız yerləşdiyi rayon və küçəsi məlumdur. Fərdi yaşayış evinin və onun altında yerləşən torpaq sahəsi ilə bağlı isə hər hansı bir məlumat olmamış, bu isə bir mənalı olaraq qeydiyyatın aparılmasını mümkünsüz edən haldır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığı halda, şəxsin əmlaka qeydiyyata alınması mümkün deyildir. (Azərbaycan Respublikası Ali Məhkəmənin 2-1(102)-2392/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı; 2-1(102)-53/2020 saylı qərarı, Apellyasiya Məhkəməsinin 2-1(103)-348//2021 və 2-1(103)-1237/2021 saylı qərarları) Məhkəmə, torpaq sahəsinin X12 ayrılması ilə bağlı bələdiyyə qərarının mövcudluğuna münasibətdə qeyd edir ki, həmin qərarın olması mübahisə predmetini təşkil edən əmlakın özbaşına tikili hesab olunmamasını təsdiq etmir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində özbaşına tikintinin anlayışı, vətəndaşların həmin tikililərə hüquqları, eyni zamandı hansı hallarda tikintinin özbaşına tikinti hesab olunmamasının əsasları təsbit olunmuşdur. Nəzərə alınmalıdır ki, əgər tikinti aparılmış torpaq sahəsi vətəndaşın mülkiyyətində olarsa, bu zaman məhkəmə tərəfindən vətəndaşın özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilər. Məhkəmə ilk növbədə diqqətə çatdırır ki, bələdiyyə qərarı əsasında torpaq sahəsi iddiaçılara deyil, digər fiziki şəxs X12 ayrılmışdır. X17 tərəfindən iddiaçıya verilmiş etibarnamə isə iddiaçının iddia olunan torpaq sahəsinə istifadə, sahiblik və sərəncam hüquqlarına malik olmasını təsdiq etmir. Həmin sənəd X1 müəyyən edilmiş müddətdə iddiaçıya etibar edilməsinin göstəricisidir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, ümumiyyətlə həmin torpaq sahəsi üzərində hər hansı şəxsin (iddiaçının və ya X10) mülkiyyət hüquqları qeydə alınmadığından, torpaq sahəsi üzərində inşa olunmuş özbaşına tikili üzərində mülkiyyət hüquqlarının tanınmasından söhbət gedə bilməz. Çünki, qanunvericiliyin norması konkret olaraq özbaşına tikili üzərində vətəndaşın mülkiyyət hüquqlarını yalnız altında olan torpaq sahəsinin onun mülkiyyətində olması ilə şərtləndirir ki, hazırda torpaq sahəsinin iddiaçının mülkiyyətində olması müəyyən olunmur. Eyni zamanda Məhkəmə onu da diqqətə çatdırır ki, ümumiyyətlə bərabərlik prinsipi baxımından da iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınması mümkün deyildir. Belə ki, iddiaçıların iddia etdikləri yaşayış sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınması üçün hər hansı digər şəxsin həmin yaşayış sahəsində qeydiyyatda olması zəruridir. Məhkəmə araşdırılması zamanı yaşayış sahəsində hər hansı şəxsin qeydiyyata alınıb-alınmaması ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanmış, lakin bununla bağlı hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Göründüyü kimi hazırki mərhələdə yaşayış sahəsində yaşayış yeri üzrə hər hansı şəxsin qeydiyyatda olması müəyyən olunmur. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçıların, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar