Məhkəmə qərarları › İş №2-1(112)-6872/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6872/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6872/2024 04.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması və onun yerləşdiyi torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən nömrəsiz mənzilin (Yeni Qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi, 59, M1, m1) fərdi yaşayış evi olaraq qeydiyyata alınması; həmin əmlakın yerləşdiyi torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququna dair reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin ikinci bəndinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1, mənzil - (Yeni Qaydalarla: ünvan 2 ünvanında yerləşən sahəsi 163 kv.metr olan mənzilin (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla həm həmin mənzilə (fərdi yaşayış evinə), həm də torpaq sahəsinə münasibətdə vahid əmlaka dair İddiaçı çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi icraata qəbul edilmişdir: İddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən nömrəsiz mənzilin (Yeni Qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi, 59, M1, m1) fərdi yaşayış evi olaraq qeydiyyata alınması və mənzilin (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla həm həmin mənzilə (fərdi yaşayış evinə), həm də torpaq sahəsinə münasibətdə vahid əmlaka dair İddiaçı çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilsin. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1, mənzil - (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 7/79 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonununda 12-ci Xrebtovı küçəsinin adı dəyişdirilməklə Rahib Tağıyev adlandırılmışdır və Yasamal rayonu, Ümid Əkbərov küçəsi, ev 16 ünvanında yerləşən nömrəsiz mənzil sahəsinə Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi, 59, M1, m 1 ünvan rekviziti təyin edilmişdir. Lakin çıxarışda əmlakın olduğu yer ünvan 1 nömrəsiz mənzil kimi göstərilmişdir. Çıxarışda ünvan kimi yeni qaydalarla ünvan 5d edilmişdir. Halbuki, qeyd edilən əmlak mənzil deyil, fərdi yaşayış evidir. Həmçinin, cavabdeh tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışda həmin əmlakın yerləşdiyi torpaq sahəsi barəsində məlumatlar da qeyd edilməmişdir. İddiaçı hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi, 59, M1, m 1 ünvanında yerləşən əmlak mənzil yox, fərdi yaşayış evidir və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqları cavabdeh inzibati orqan tərəfindən qeydə alınmalıdır. Bu barədə iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** daxilolma nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********61 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilmişdir ki, qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin fərdi yaşayış evi kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, sözügedən daşınmaz əmlakın faktiki sahəsi 246.6 kv.m təşkil etməklə 8 otaqdan ibarətdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar göstərilmişdir. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 526 saylı Sərəncamına əsasən Yasamal rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2- 1089/2004-6 saylı qətnaməsi icra edilmiş, İddiaçı yaşadığı 12-ci Xrebtovı küçəsi, 11 b saylı evin yaşayış sahəsi 163,1 kv.metr olan 8 otaqlı mənzili və 116 kv.metr qeyri-yaşayış sahəsi yaşayış fondu balansına götürülmüş və ona order verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1, mənzil – (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi, 59, M 1, m 1) iddiaçının xüsusi mülkiyyətindədir. “X1 və Ekspertiza Mərkəzi” MMC-nin 90 saylı, 29 aprel 2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 (Yeni qaydalarla: ünvan 2 –də yerləşən fərdi yaşayış evinin konfiqurasiyası, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti naturaya uyğundur, tikililərin mövqeyində hər hansı uyğunsuzluq və sahə fərqi yoxdur. İddia olunan 0,540 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla dövlət mülkiyyətidir. Cavabdehin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən göstərilən mənzil ümumi sahəsi 163.0 kv.m (4 otaq yaşayış sahəsi 101.0 kv.m, köməkçi sahə 62.0 kv.m) olmaqla **********77-05101-093001 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil birmərtəbəli ayrı tikilidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə 210.0 kv.m təşkil edir. Torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Sözügedən sahənin yarıdan çox hissəsi yeraltı su xəttinin mühafizə zolağında yerləşir. Sahə Dövlət mülkiyyəti torpağıdır. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 19 mart 2024-cü il tarixli məktubuna əsasən ünvan 1 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 59, M1, m 1) yaşayış sahəsində yenidənqurma işlərinin aparılmasına Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilməsinə dair hər hansı bir məlumat aşkar edilmədiyindən xahişin icra edilməsi mümkün deyildir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində edərək ona məxsus olan mənzilin fərdi yaşayış evi kimi qeydə alınması və fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur (139-1.1.11.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.4 və 8.0.11.). İddiaçı hazırkı tələbində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin səhvən daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydə alındığını, əslində həmin yaşayış sahəsinin fərdi yaşayış evi olduğunu bildirərək, həmin yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi qeydə alınmasını, yaşayış sahəsinin yerləşdiyi və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun qeydə alınmaqla, evə və torpaq sahəsinə vahid əmlak kimi çıxarış verilməsini xahiş edir. Öncə qeyd edilməlidir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, 12-ci Xrebtovı küçəsində yerləşən, yaşayış sahəsi 163,1 kv.metr, köməkçi sahə 116 kv.metr olan səkkiz otaqlı 11B saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsi bağlanması öhdəliyi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qətnaməyə əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli sərəncamı əsasında iddiaçıya order verilməsi qərara alınmışdır. İddiaçı bundan sonra həmin ünvana dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İddiaçının həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərdən də görünür ki, həmin yaşayış sahəsi mənzil kimi göstərilmişdir. Həmin yaşayış sahəsinin fərdi yaşayış evi olmasına dair hər hansı bir qeyd mövcud deyildir. Mənzilin yerləşdiyi torpaq sahəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əldə edilməsinə əsas olan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıya əsasən torpaq sahəsi üzərində hüquqların əldə edilməsi üçün əsas kimi aşağıdakı sənədlər öz əksini tapmışdır: Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1.). Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2.). Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (8.0.3.) Qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4.). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5.) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8.). Göründüyü kimi iddiaçı tərəfindən yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəbdən iddia tələbi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə aid hissədə də təmin edilməməlidir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə uyğundur və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması və onun yerləşdiyi torpaq sahəsinə çıxarışın verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar