Məhkəmə qərarları › İş №2-1(112)-6875/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6875/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6875/2020 24.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1, üçüncü şəxs Talıbov Mövlud Əhməd oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Talıbov Mövlud Əhməd oğlu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı Talıbov Mövlud Əhməd oğlu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Elman Əhmədov (Aydınbəyov) küçəsi, 54 saylı fərdi yaşayış evinə Talıbov Mövlud Əhməd oğlunun adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli **********96-10302 reyestr nömrəli texniki pasportun və qeydiyyat nömrəsi ********** olan, xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Elman Əhmədov (Aydınbəyov) küçəsi, 48 saylı fərdi yaşayış evi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir və şəxsi mülkiyyətindədir. Talıbov Mövlud Əhməd oğlunun yaşadığı M.Ə.Rəsulzadə qəsəbəsi, Elman Əhmədov (Aydınbəyov) küçəsi, 54 saylı fərdi yaşayış evi evinin onun mülkiyyətində olan fərdi yaşayış evinə tərəf olan hissəsində, evinin 1 və 2-ci mərtəbəsinə, məhəllə daxili yola tərəf hissəsində pəncərə olmamışdır və 25 il ərzində həmin vəziyyətdə yaşamışdır. Bu fərdi yaşayış evlərinin arasından 1,5 metr enində ümumi məhəllə daxili yol keçir. Ona məxsus fərdi yaşayış evinin həmin məhəllə daxili yola 1 və 2-ci mərtəbələrdə pəncərələr mövcuddur. Həmin fərdi yaşayış evinin əvvəlki texniki pasportunda hal-hazırda açılmış pəncərə yeri və pəncərə olmamışdır. Üçüncü şəxs 2016-cı ildə Binəqədi rayon İcra hakimiyyətinin şifahi razılığı ilə evi sökərək yenidən tikmişdir və həmin vaxt ona məxsus fərdi yaşayış evində yerləşən pəncərə ilə üzbəüz hissədə pəncərə yeri açmışdır və pəncərə quraşdırmışdır. Həmin vaxt o, bu barədə Binəqədi rayon İcra hakimiyyətinə müraciət etmiş, M.Ə.Rəsulzadə qəsəbə nümayəndəliyinin əməkdaşları baxış keçirmiş, pənəcərə yeri bağlatdırılmışdır. Talıbov Mövlud Əhməd oğluna məxsus M.Ə.Rəsulzadə qəsəbəsi, Elman Əhmədov (Aydınbəyov) küçəsi, 54 saylı fərdi yaşayış evinə dair texniki pasportu xx.xx.2017-ci il tarixdə işlənib hazırlanmışdır, texniki pasport hazırlanarkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, şəhərsalma və tikinti qaydalarına riayət edilməmişdir. Belə ki, fərdi yaşayış evinin əvvəlki texniki göstəricilərində ona məxsus hissəsində pəncərə nəzərdə tutulmadığı halda pəncərə qəfəsi göstərilmişdir, fərdi yaşayış evi arasındakı məsafə, pəncərənin bir mülkiyyətçi kimi ona maneçilik törətməsi, hüquqlarını pozacağı və digər hallar nəzərə alınmamışdır. Halbuki texniki pasport hazırlanarkən bu amillər nəzərə alınmalı idi. Həmçinin Talıbov Mövlud Əhməd oğluna verilmiş ******* nömrəli, 394 nömrəli reyestr kitabının 36908 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2017-ci il tarixli çıxarış da qanunvericliyin tələblərinə zidd olaraq verilmişdir. Belə ki, bu çıxarışın verilməsi üçün əsaslar, sərəncam, order və yaxud digər hüquqmüəyyənedici sənəd olmadığı halda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır, həmçinin texniki göstəricilər qanunsuz olaraq tərtib edildiyindən bu çıxarış da özlüyündə qanuni qüvvəsini itirmiş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, mübahisələndirilən çıxarışın və texniki pasportun rayon icra hakimiyyəti tərəfindən üçüncü şəxs Talıbov Mövlud Əhməd oğluna məxsus evin razılaşdırılmış layihəsi əsasında verildiyini, bu zaman qanunvericiliyin tələblərinə tam əməl olunduğunu göstərərək, məhkəmədən iddianın çıxarışın ləğv olunması hissəsində qanunsuz və əsassız olduğu üçün təmin olunmamasını, texniki paspotun ləğv olunması hissəsində isə mümkün sayılmamasını xahiş etdi. Üçüncü şəxs Talıbov Mövlud Əhməd oğlu məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, ona məxsus evin tam qanuni əsaslarla daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını, evin texniki pasportunda qeyd olunmuş iddiaçı tərəfindən mübahisələndirilən pəncərənin həmin evdə yaşayan onun və ailə üzvləri üçün həyati əhəmiyyətli olduğunu, həmin pəncərənin iddiaçıya heç bir maneçilik yaratmadığının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də müəyyən olunduğunu bildirdi və məhkəmədən iddianın çıxarışın ləğv olunması hissəsində qanunsuz və əsassız olduğu üçün təmin olunmamasını, texniki paspotun ləğv olunması hissəsində isə mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı 18546928 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 3 saylı sərəncamından müəyyən edilir ki, qeyd olunan sərəncamla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən şəxsi mülkiyyət kimi vətəndaş İddiaçı məxsus 48 saylı fərdi yaşayış evinin həyətində sonradan əlavə inşa edilmiş, sahəsi 54,6 kv. metr olan 4 yaşayış otağından, sahəsi 51,3 kv. metr olan zaldan, sahəsi 13,2 kv. metr olan mətbəxdən, sahəsi 10,4 kv. metr olan giriş otağından və sahəsi 5,7 kv. metr olan hamam–ayaqyolundan ibarət yaşayış evinin qanuniləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 018410 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində, 2 otaqdan ibarət, yaşayış sahəsi 32,7 kv. metr, ümumi sahəsi 41,9 kv. metr olan 54 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2003-cü il tarixdə Talıbov Mövlud Əhməd oğlunun adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində 47,6 kv. metr ümumi sahəsi olan 54 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Talıbov Mövlud Əhməd oğlunun adına xx.xx.2017-ci il tarixdə qeydə alınmış və xx.xx.2017-ci il tarixdə sonuncunun adına əmlakın **********96-10302 reyestr nömrəli texniki pasportu tərtib olunmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-5412/2019 №li qətnaməsi ilə İddiaçı cavabdeh Talıbov Mövlud Əhməd oğluna qarşı Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Aydınbəyov küçəsi 54 saylı fərdi yaşayış evində ona aid evn 1-ci mərtəbəsindəki məhəllə daxili yola tərəfdə inşa edilmiş pəncərənin sökülməsinə və pəncərə yerinin mişar daşı ilə cavabdehin hesabına hörülməsinə dair iddiası təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2516/2020 №li xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(001)-5412/2019 №li qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd olunan mülki iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 17968 saylı ekspert rəyindən müəyyən olunur ki, ekspert belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 54 saylı evin İddiaçı tərəfindən mübahisələndirilən pəncərəsi Mövlud Talıbovun mülkiyyətində olan fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasport üzrə nəzərdə tutularaq sahəsi 17,6 kv. m olan 3 saylı yaşayış otağının pəncərəsi olduğu müəyyən olunmuşdur. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 54 saylı evin İddiaçı tərəfindən mübahisələndirilən pəncərəsi cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasport üzrə nəzərdə tutulduğuna görə, həmin pəncərənin iddiaçının mülkiyyətində olan evdən istifadə edilməsində maneə yaradıb-yaratmaması məsələsi son nəticədə məhkəmə tərəfindən həll oluna bilər. “İnşaat Norma və Qaydalarının” 2.08.01.89*-un 1.3* bəndinin tələbinə əsasən, ictimai təyinatlı otaqlar, dəhliz tipli yaşayış binalarında, yataqxanalarda, yaşayış evlərində, həmçinin qocalar üçün, əlil olan ailələrin yaşayış otaqları, mətbəx, ayaqyolu, pilləkən qəfəsi, ümumi dəhlizləri təbii işıqla işıqlanmalıdır. Odur ki, mübahisəli pəncərə bağlanılacağı təqdirdə, M.Ə.Talıbovun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Aydınbəyov küçəsi 54 saylı evdən istifadə edilməsində məhdudiyyətlər yarana bilər. Mübahisəli pəncərənin yerləşiyi yaşayış otağının digər yaşayış otağı (texniki pasport üzrə sahəsi 19,4 m2 olan 4 saylı yaşayış otağı) və evin köməkçi sahələri ilə əhatə olunduğunu, eyni zamanda həmin otağın mübahisəli pəncərənin yerləşdiyi divar ilə üzbəüz olan divarın qonşunun həyətyanı sahəsi ilə bitişik vəziyyətdə olduğunu nəzərə alaraq, mübahisəli pəncərənin yerinin dəyişməsi texniki cəhətdən mümkün deyildir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən Talıbov Mövlud Əhməd oğlunun adına fərdi yaşayış evinə dair verilmiş çıxarışın ləğv edilməsinin cavabdehə həvalə olunmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş materiallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin hüquqları qeydiyyata alınarkən, qanunvericiliyin tələblərinə əməl olunmuş və bu zaman iddiaçının hər hansı hüquqlarının pozulmasına səbəb olacaq heç bir hərəkətə (və ya hərəkətsizliyə) yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tərəflərin və üçüncü şəxsin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Elman Əhmədov (Aydınbəyov) küçəsi, 54 saylı fərdi yaşayış evinə dair üçüncü şəxs Talıbov Mövlud Əhməd oğlunun adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması hissəsində təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar