Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6876/2021 19.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 il əmək şəraiti ağır və zərərli iş sahəsində çalışmağını nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1967-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. Xaçmaz rayon sanapstansiya mərkəzində 01 yanvar 1988-ci il tarixdən profilaktik-dezinfektor, profilaktik-laborant vəzifəsində çalışmışdır. 01 avqust 1990-cı il tarixdən Xaçmaz rayon Profilaktik Dezinfeksiya şöbəsində laborant işləmişdir. İş şəraiti zamanı sağlamlığında yaranan 18 % (anemiya) qan azlığı ilə əlaqədar öz istəyi ilə işdən ayrılmışdır. Hal-hazırda onun başqa yerdən gəlir və qazancı yoxdur. Tənha qadın olmaqla, çətin və məşəqqətli bir vəziyyətdə qardaşının himayəsində qalır. Bu günə qədər heç bir kompensasiyalardan, güzəşt və imtiyazlardan yararlanmamışdır. 03.07.2021-ci il tarixdə Xaçmaz Sosial Müdafiə Fonundan ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 19-cu paraqrafın A bəndinə (Səhiyyə və Sosial təminat) əsasən şöbənin işçiləri güzəştli şərtlərlə pensiya təqaüdünə çıxmaq hüququna malikdir.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. O, 10.05.1988-ci il tarixdən 29.12.2017-ci il tarixədək 29 ildən çox ümumi sığorta, o cümlədən çox zərərli və ağır əmək sahəsində iş stajı toplamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən İnzibati Prosessual Məcəlləyə uyğun təqdim edilmiş yazılı etirazda bildirilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-cı il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilmsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırkı iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan qadınlar – 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının təqdim etdiyi sənədlərə əsasən iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi iş stajı cəmi 17 il 21 gün təşkil edir. Bundan başqa iddiaçının əmək kitabçasında 01.08.1990-05.01.2016-cı illər ərzində “Xaçmaz rayon Profilaktik Dezinfeksiya şöbəsi”ndə laborant vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”nın Səhiyyə idarələri bölməsində (19) rentgen laborantı vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə tələb edilən güzəştli iş stajı yoxdur, tələb edilən ümumi iş stajı olan 20 ili tamamlamamışdır (cəmi 17 il 21 gün). Bu mənada ƏPQnin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər (bənd 2.2). Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir (əlavənin 2.4-cü bəndi). Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yoxdur. İddaçı İddiaçı cavabdeh Filiala qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair iddiasının rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iş üzrə kifayət qədər araşdırmanın aparıldığı üçün işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X3 iddiaya dair etiraz edərək iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1967-ci ildə doğulmuşdur, ünvan 1 ünvanda yaşayır. - Sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumatın surətindən görünür ki, İddiaçı 01.05.1988-ci il tarixdən 01.01.1990-cı il tarixədək Xaçmaz RMK Təmizlik şöbəsində nəzarətçi işində, 01.08.1990-cı il tarixdən 05.01.2016-cı il tarixədək “Xaçmaz rayon Profilaktik Dezinfeksiya şöbəsi”ndə laborant və 01.07.2016-cı il tarixdən 29.12.2017-ci il tarixədək həmin şöbədə dezinfektor vəzifəsində işləmişdir. - Xaçmaz rayon X1 03.07.2020-ci il tarixli 09 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 19-cu paraqrafın (A) bəndinə (Səhiyyə və Sosial təminat) əsasən şöbənin işçiləri güzəştli şərtlərlə pensiya təqaüdünə çıxmaq hüququna malikdir.Ona görə də şöbədə 01 avqust 1990-cı il tarixdən laborant vəzifəsində çalışan əməkdaşları İddiaçı 12 saylı qərarın 19-cu paraqrafının (A) bəndini tətbiq etməklə güzəştli şərtlərlə pensiya təqaüdünə çıxarılması xahiş edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 12 yanvar 2021-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Səhiyyə və sosial təminat idarələri bölməsində (19) rentgen laborantı vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş ******* nömrəli əmək kitabçasında 01.08.1990-05.01 2016-cı il tarixləri arasındakı dövr ərzində “Xaçmaz rayon Profilaktik Dezinfeksiya şöbəsi”ndə laborant vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifə yuxarıda qeyd olunan rentgen laborantı vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Bundan başqa 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı da 20 ildən az (17 il 21 gün) təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 50400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta missəsində qeydə alınan pensiya kapitalı cəmi 19942,20 manat təşkil edir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırki iddia ərizəsi 01 oktyabr 2021-ci il tarixli Qanun qüvvəyə minməsinə qədər verilmiş olduğundan İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır.İddiaçı ilk öncə ərizə ilə inzibati orqana müraciət etmiş, inzibati orqan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddianın mahiyyəti: İddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. “Sığorta stajının hesablanması qaydası”nı 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. -1. Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; -2. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiq edilməsi üçün (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi) Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə vəzifədə işləməklə 01.01.2006-cı il tarixədək 20 il ümumi və 10 il xüsusi iş stajına malik olması tələb olunur. Lakin iş materiallarından görünür ki, iddiaçı əmək fəaliyyətinə 10.05.1988-ci il tarixdən başladığından 01.01.2006-cı il tarixədək onun 17 il 7 ay 21 gün ümumi iş stajı vardır. Göründüyü kimi iddiaçının 01.01.2006-cı il tarixədək 20 il ümumi iş stajı müəyyən olunmadığından, yəni stajla bağlı şərt ödənilmədiyindən ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi tətbiq oluna bilməz. Həmçinin «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması təyin edilməsi üçün onun 01.07.2017-ci il tarixədək 52 yaşına çatması, eyni zamanda həmin tarixədək 20 il ümumi və 10 il ümumi iş stajına malik olması tələb olunur. Lakin iddiaçının şəxsiyyət vəsiqəsindən görünür ki, onun 52 yaşı 10.05.2019-cu il tarixdə tamam olmuşdur. Belə olan halda iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1ci maddəsində nəzərdə tutulmuş yaşla bağlı şərti ödəməmişdir ( 01.07.2017-ci il tarixədək 52 yaşı tamam olmamışdır). Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışansığortaolunanların:kişilər -60yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 ilsığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsavə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmişdir. Şərh ounan normaların tələblərindən görünür ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) İddiaçının 55 yaşına çatması; b) İddiaçının azı 20 il ümumi iş stajının mövcud olması; c) İddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Məhkəmə tərəfindən bu istiqamətdə aparılmış araşdırmalardan müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş şərtləri də ödəməmişdir. Belə ki, iddiaçı ümumiyyətlə, qüvvədə olan qanunla güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 55 yaşına çatmamışdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçının işlədiyi profilaktik dezinfeksiya şöbəsində laborant vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 19cu bölməsində (Tibb və sosial təminat müəssisələri) nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün nə əvvəllər qüvvədə olan, nə də ki hazırda qüvvədə olan qanunvericilik normalarında nəzərdə tutulmuş şərtləri ödəmədiyindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərаrа аldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-6876/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6876/2021
19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver