Məhkəmə qərarları › İş №2-1(112)-6878/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6878/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6878/2022 22.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********6 №-li qərarının ləğv edilməsi və cavabdeh inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2021-ci il tarixdən etibarən pul məbləğinin tutulması barədə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuşdur. Ona xx.xx.2008-cı il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Xidməti yoxlama zamanı ona xx.xx.2008-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 15 746,62 manat artıq hesablanıb ödənildiyi qeyd edilmişdir. Bunula əlaqədar cavabdehin xx.xx.2021 -ci il tarixli **********6 №-li qərarına əsasən xx.xx.2008 - xx.xx.2020-ci il tarixlərində artıq ödənilmiş 15 746,62 manat vəsaitin ondan tutulması göstərilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən artıq ödəmənin tutulması barədə xx.xx.2021-ci il tarixli **********6 №-li “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” Qərar qəbul edilmişdir. Həmin qərarın ləğv olunmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaya dair yazılı etirazı məhkəmə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı nümayəndəsi və vəkili X6 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi-X10 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən xx.xx.2012-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli **********6 saylı qərarın surətindən müəyyən olunur ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2008-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı 15.746,62 manat məbləğində artıq əmək pensiyasının ödənilməsi məsələsinə baxılaraq xx.xx.1976cı il tarixində doğulmuş ünvan 2 ünvanında yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2008xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 15.746,62 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək, 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı və X1 pensiya işində olan: Pensiyaçının uçot vərəqindən və qərarından görünür ki, xx.xx.2008-ci il tarixli qərarla X3 ailə başçısını itirməyə görə xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi 120,99 manat, 24 dekabr 1978-ci il təvəllüdlü İddiaçı xx.xx.2008-cı il tarixli qərarla ailə başçısını itirməyə görə 120,99 manat, əmək pensiyasının təyin edilməsi qərara alınmışdır. Pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin sərəncamlarından müəyyən olunur ki, X3 xx.xx.2008-ci il tarixdən 163,13 manat, xx.xx.2013-cü il tarixdən xx.xx.2019cu il tarixədək 332,52 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 342,59 manat pensiya hesablanmışdır. Pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin sərəncamından müəyyən olunur ki, İddiaçı xx.xx.2008-ci ildən 163,13 manat, xx.xx.2013-cü il tarixli sərəncamla xx.xx.2013-cü ildən 332,57 manat, iyun 2018-ci il tarixli sərəncamla xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 342,59 manat pensiya hesablanmışdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə X12 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli **********6 saylı qərarının surətindən müəyyən olunur ki, İddiaçı əvvəlki pensiya məbləği 342,16 manat, yenidən hesablanmış pensiya məbləği 435,98 manat hesablanmışdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 14 iyul 2021ci il tarixli **********3 №li məktubda müraciətçiyə bildirilmişdir ki, ona Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən 29 iyun 2008-ci il tarixindən sabiq ədliyyə orqanları əməkdaşlarının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, 1 noyabr 2008-ci il tarixindən mərhum əri X4 vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 266,38 manat, rütbə maaşı 122,00 manat, qulluq stajına görə əlavəsi 46,40 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 93,39 manat olmaqla orta aylıq əmək haqqısı 528,17 manat təşkil etmişdir. Bununla əlaqədar mərhuma ödənilməli olan əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.19.3-cü maddəsinə əsasən 10 il 6 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (528,17 manat) 55 faizi-290,49 manat məbləğində hesablanmışdır. Həmin Qanunun 20.20-ci maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (290,49 manat) 40 faizi (həmçinin X2 ailə başçısını itirməyə görə əmək pensiyası ödənildiyi üçün)-116,20 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2008-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7.088,20 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 11.534,26 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 4446,06 manat artıq pul vəsaitinin-ödənildiyi aşkar edilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən mərhum əri İlham Hüseynovun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 410,00 manat rütbə maaşı 122,00 manat, qulluq stajına görə əlavəsi 65,26 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 143,28 manat olmaqla orta aylıq əmək haqqısı 740,54 manat təşkil etmişdir. Bununla əlaqədar mərhuma ödənilməli olan əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.19.3-cü maddəsinə əsasən 10 il 6 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (740,54 manat) 55 faizi-407,30 manat məbləğində hesablanılmışdır. Həmin Qanunun 20.20-ci maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (407,30 manat) 40 faizi (həmçinin X2 ailə başçısını itirməyə görə əmək pensiyası ödənildiyi üçün)-162,92 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində sizə hər ay 332,57 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində sizə 8652,15 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası’nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar mərhum İ.Hüseynovun 10 il 6 ay 9 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 35 faiz təşkil edir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən mərhum ilham Hüseynovun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 449,38 manat, rütbə maaşı 122,00 manat, qulluq stajına görə əlavəsi 70,42 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 157,02 manat olmaqla orta aylıq əmək haqqısı 798,82 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (740,54 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (798,82 manat) arasındakı fərq məbləğinin (58,28 manat) 35 faizi- 20,40 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (407,30 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 427,70 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.20-ci maddəsinə əsasən əmək pensiyanız mərhuma ödənilməli olan əmək pensiyasının (427,70 manat) 40 faizi (həmçinin X2 ailə başçısını itirməyə görə əmək pensiyası ödənildiyi üçün)-171,08 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 342,59 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində ona 2229,63 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. 01 aprel 2019-cu il tarixdən əmək pensiyasını mərhuma ödənilməli olan əmək pensiyasının 80 faizinə çatdırılaraq (X8 18 yaşına çatması səbəbindən Yeganə Hüseynovaya ailə başçısını itirməyə görə ödənilən əmək pensiyasının dayandırılması ilə əlaqədar) 342.16 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 342,59 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində ona 2,15 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.20-ci maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (544,98 manat) 80 faizi-435,98 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6975,68 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 7392,31 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 416.63 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2008-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15746,62 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət sosial X13 nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 15746,62 manat əsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılğının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Hazırda iddiaçı artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarın ləğv edilməsini tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021-ci il qərarında qeyd olunmuşdur: ““İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri)”. Baxılan iş üzrə iddiaçı etimadının qorunması hüququna malikdir. Belə ki, iş üzrə “İnzibati İcraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilmiş halların mövcul olması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən inzibati orqan tərəfindən qanunverinilik normalarının tələbləri nəzərə alınmamış, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır. Sonda artıq ödənişin geri qaytarılması barədə qərar qəbul edilmişdir. İddiaçı qanunla etimadının qorunması hüququna malik olduğundan, habelə ona artıq ödənişlərin olunması başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığından, eyni zamanda ona verilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı üçün hazırki halda cavabdehin mübahisələndirilən qərarı ləğv edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********6 nömrəli “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərarı ləğv edilsin və həmin qərar üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıdan pul məbləğinin tutulması barədə hərəkətləri qanunsuz hesab edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar